news-inner
clock11:19 calendar-gray 14 Sentyabr 2017 view-gray349 dəfə oxunub
view-gray349 dəfə oxunub

Alçaqlar, düşün yola! - Artur Rembonun şeiri

Kulis.az dahi Artur Rembonun şeirini Zahid Sarıtorpağın tərcüməsində təqdim edir.

Paris orgiyası, yaxud, Paris təzədən məskunlaşır

Alçaqlar, düşün yola! Vağzallardan adlayın,

Günəş şüalarıyla yuyulub indi bulvar.

Bir vaxt varvarlar keçib, indi siz axın, keçin,

Önünüzdə sərilmiş bir müqəddəs şəhər var!

İrəli! Yanğın sönüb, tufansa qalxmayacaq,

Bu – sahil işıqları, bu isə – küçələrdi.

Bu isə bu yaxında ulduzlar halay vuran

Bombalar xor oxuyan göylərin lacivərdi.

Siz ölü sarayları basdırın meşəlikdə

Qorxu-hürkü yerinə baxışınız nur çilər.

Burcudub keçir indi kürənlərin sürüsü,

Siz də oxşayın daha təlxəklərə bir qədər!

Siz ey kürsək vaxtının çılğın qancıq sürüsü!

Cırın o sarğıları! Evlər sizinkidir, bax!

Pozğunluq gecəsidi. Onun ekstazından,

küçələr də sıxılır. Tıxın! Yetişibdi vaxt!

İçin! İşıqlar axıb dəbdəbələr içində

qaynayıb qarışanda nuş edin hər şeyi siz.

Yoxsa ki, dan yerinə baxa-baxa eləcə

Masaların üstünə sinib-çökəcəksiniz?

Bir sağlıq sallaq dallı kraliça eşqinə!

Od saçan gecələrdə siz yaxşı qulaq verin;

Hıçqırıq sinəsini gör necə cırmaqlayır,

Görün o əyyaşları, o sarsaq nökərləri!

Siz ey murdar qəlblilər! Bətni çirkin olanlar!

İyrənc istəyinizi keçiriniz həyata!

Bu qəzəb bayramının eşqinə sağlıq deyin,

Xəcalətli qaliblər, siz olun şərab dadan!

Bənzərsiz üfunətlə yaxşıca nəfəs alın,

Acı dillərinizi yaxşı basın zəhərə!

“Dəlilik eləyin siz, alçaqlar!” deyir indi,

Qulaq asın əlləri qoynundakı şairə!

Qadının bətnindədi sizin əliniz axı,

Onun qıcolmasından qorxu yağır hələ də!

O halsız çabalayır, gücsüzdü, neyləsin ki,

Axı siz özünüz də boğulursuz belədə.

Ey təlxəklər, dəlilər, siflislər, hökümlülər!

Bax bu qıza – Parisə, bu azğın sürüylə siz,

biz isə ruhumuzla, neyləyə billik axı?

Çirkab kimi atacaq kənara, görərsiniz.

Rəzilə çevrilərək yıxılıb ulayanda,

Qorxub pulqabınızı geriyə istəmək var.

Savaş adlı dilxoşluq yaxalayacaq onda,

Başınızın üstündə düyüləcək yumruqlar!”

Ey Paris! O zaman ki, ayaqların şəst ilən

rəqs edib çılğın-çılğn oynayacaq durmadan;

Bıçaq yaralarından doğram-doğram olaraq,

İşıqlı bəbəklərin geniş açılsa müdam,

Və parlasa onlarda mərhəmət alovları,

Sən ey yarıölülər, əzabkeşlər şəhəri!

Gələcəyə tuşlanar yenə də baxışların,

Keçmişin zülmətiylə salamlarsan səhəri!

Sən vücudu əzablar içində dirilənsən,

Sən dəhşətli həyatı içdikcə içirsən hey!

Soyuq əllər toxunur yenə də sənə, neynək,

Qurd-quşun günahından sən yenə keçirsən hey!

Onlardan gələn acı nəfəsini kəsəmməz,

Necə ki, Striks hər an Katiatidaya qarşı

Neyləsə də söndürə bilməz baxışlarını,

O baxışlar yağdırar göydən qızıl yağışı.

Qoy heç zaman təbiət qoynundakı şəhərlər

Üfunətli yara tək görünməsin beləcə.

Sən dəhşətlər içində görünsən də nə qədər,

Şair söyləyəcək ki: “Gözəlsən!” gündüz-gecə!

Səni ildırımlarla uca misralar tikər,

Ali Gücün oyunu yardımçı olar sənə.

Ölüm gurlasa da lap, zamanını gözləyir,

Şeypur çağırır, şəhər! Ey seçkin, eşitsənə!

Lənətlilər hönkürər, şairə bir yük olar,

Sürgünlərdən ucalar nifrətlərin tufanı.

Sevginin şüaları qadınları yaralar,

“Quldurlar! Vaxt yetişib!” deyər sözün mizanı!

– Qanunlar qüvvədədir... – Yenə köhnə evlərdə,

Eşq tufanından sonra xırıltılı səs gəlir.

Qəzəblə ucalara, boz havaya can atır,

yorğun fənərdən göyə buxar qalxır, dikəlir.

May 1871

Tərcümə edən: Zahid Sarıtorpaq

news-inner-user

17126 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020
Onsuz yaşaya bilmərəm - Bircənin romanı
09:00 27 Noyabr 2020
Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020