Ey özünü bilməz adam... - SEÇMƏ DÜNYA ŞEİRİ

Ey özünü bilməz adam... - <span style="color:red;">SEÇMƏ DÜNYA ŞEİRİ
6 sentyabr 2017
# 16:26

Kulis.az Qismətin tərcümsində dünya poeziyasından seçmələri təqdim edir.

Cefri Çoser. (1343-1400)

Pul kisəsinə giley

Ey əziz pul kisəsi, gileyim tək sənədir,

Sənsən axı sevgilim, başqasına baxmaram!

Nə gizlədim, kefsizəm, yüngüllüyün nədəndir?

Ağırlaşsan o saat duaya bel bağlaram,

Baxmaram ki, ağırsan, tez səni qucaqlaram;

Sığınıram tək sənə, gözlərimi qoyma yaş,

Qatilim olma mənim, yalvarıram ağırlaş.

Mənə bir az kömək ol, dolu görünsün için,

Gözəl səslər eşitsin yenidən qulaqlarım,

Günəş kimi parlasın iki gözümdə çin-çin,

Çoxdandır görmədiyim qızıl-qızıl dostlarım;

Qəlbimin sükanı ol, ay dövlətim, ay varım,

Ay rahatlığın şahı, ay doğma, yaxşı qardaş,

Qatilim olma mənim, yalvarıram ağırlaş.

Sənin kimi kisəni heç yerdə görməmişəm,

Kisələr işıq saçar, köməklik eləyərdi.

Məni xilas etmədin, borca-xərcə düşmüşəm,

Havadarım olmadın, indi halım betərdi,

Pulum yaman azalıb, keşiş saçı qədərdi.

Yetər, ağzın açılsın, comərd ol yavaş-yavaş.

Qatilim olma mənim, yalvarıram ağırlaş.

Vilyam Batler Yeyts. (1865-1939)

İnsanın dörd çağı

Əvvəlcə bədəniylə cəngi-cidala girdi,

Amma bədən qazandı, dik gəzir indi.

Sonradan ürəyiylə bir savaşa girişdi;

Məsumluq və rahatlıq tez aradan sivişdi.

Sonra ağlıyla möhkəm döyüşə çıxdı;

Məğrur ürəyini bir kənara buraxdı.

İndi isə Allaha qarşı döyüşəcək;

Gecə düşən kimi, Allah qalib gələcək.

Ejen Montale. (1896-1981)

Dəyərlərin düşüşü

Dəyərlərin düşməyi barəsində

bir elmi iş oxuyuram

düşən şəxs yüksəkdəymiş əvvəllər

müdafiə olunmalı bu imiş sən demə

Görəsən kim ağlını itirib bu qədər?

Nə yuxarıda, nə də aşağıdadır həyat

ortada heç deyil

o nə yuxarını, aşağını, dolunu, boşu tanıyır,

nə də sonranı,

indi haqqında heç nə bilmir

Cır kağızları, at lağıma,

ey özünü bilməz adam

bəlkə yalnız bu zaman

deyə bildin bir az yaşamışam.

Salvatore Qvazimodo. (1901-1968)

Əsrimin insanı

Hələ də əlində daş, xəyalında sapand var

əsrimin insanının. Təyyarədəydin,

qanadlarında ölüm və şər daşıyan,

gördüm səni, atəş arabasında, dar ağaclarında,

işgəncə çarxlarında, gördüm: sən idin,

soyqırıma inanan elminlə, səhvsiz,

sevgisiz, İsasız. Öldürdün yenə

həmişə babalarının öldürdüyü kimi

insanı ilk görən heyvanları.

Və bu “Dağa gedək” dediyi günkü

qoxudur qardaşın qardaşa, qan qoxusu.

Və sənə qədər gəlib çatan

o soyuq, inadkar əks-səda.

Unudun, ey oğullar, torpaqdan yüksələn

qan buludlarını, unudun babalarınızı:

kül altda qalıb onların məzarları,

rüzgar ürəklərini qara quşlar aparıb.

/sim-sim.az/

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər