Getsəm, ahın titrədər göyün yeddi qatını – YENİ ŞEİRLƏR

Getsəm, ahın titrədər göyün yeddi qatını – <span style="color:red;">YENİ ŞEİRLƏR
5 sentyabr 2017
# 17:23

Kulis.az Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Getsəm...

Nə qədər yanındayam,
əlimdən möhkəm yapış.
Boynumdan, kürəyimdən,
belimdən möhkəm yapış.

Sev hər şeyə hirslənən
səbirsiz xislətimi.
Dırnağını çeynəyən
uşaq təbiətimi.

Bir döşəyə sığmayan
narahat yuxumu sev.
Hər nəfəs ciyərinə
çək, mənim qoxumu sev.

Sev tökülən saçımı,
dodağımın çatını.
Getsəm, ahın titrədər
göyün yeddi qatını.

Qoyma ki, çıxıb gedim,
getsəm, dəli olarsan.
Xarabaya çevrilər,
bayquşlara qalarsan.

Sarılarsan hər gecə
məndən qalan köynəyə.
Getsəm, sinən alışar,
ömrün-günün göynəyər.

Ətrafa dərd püskürər
hər sözün, hər şeirin.
Getsəm, ölərsən, amma
açıq qalar gözlərin...

Özünə ölüm düzəldən

Sənin mənə gücün çatmaz,
bütün dərdlərdən ağıram.
Bir can kimi gəldim sənə,
bir can kimi də çıxaram.

Gəzib məscidi, kilsəni,
dualarda bükül səni!
Çəkib şəkil-şəkil səni,
ölən günəcən baxaram.

Bir ağacam, adım tutdu...
məni barama qurutdu.
Elə bilərsən unutdum,
amma hər gün darıxaram.

Qəhqəhə çəkib güləcəm...
gülə-gülə də öləcəm.
Yarpaq-yarpaq töküləcəm,
yanaqlarından axaram.

Ruhum boşluqlara enər,
enər-enər, çiliklənər.
İçib, içib köpüklənər,
bir şüşə zəhər qoxaram.

Qoymaram qocalıb ölüm,
dərdimə alçalıb ölüm.
Göylərə ucalıb ölüm,
bir gün buluddan yağaram.

Qarışma haqqın işinə...
gəlişimə, gedişimə...
Baxma yaraşıq nəşimə,
birdən yandırıb-yaxaram.

Əl çəkər sən tək gözəldən,
özünə ölüm düzəldən.
Demişdim axı əzəldən,
mənim bəlliydi axırım.

Rəngi narıncı qürub

Dünya öz ətrafında dolandı, döndü, gəldi:
o üzü işıqlandı, bu üzü söndü, gəldi.
Daha məni qorxudur rəngi narıncı qürub,
o sevdiyim gecələr indi qəsdimə durub!


Düşüb dizlərim üstə yorğun-yorğun əllərim,
saçlarını axtarır sənə vurğun əllərim.
Günahım kabus olur, gözlərimə görünür,
evimin hər küncündə boz ilanlar sürünür.


Gözlərim də yük olur kirpiyimə, qaşıma,
ilan sancır dizimi, duman dolur başıma.
Qarışır yuxularım, yastıq yolur saçımı,
bir yol göstər, birdənəm: dayanımmı, qaçımmı?


Bax, gör necə qalmışam ağrıların cəngində.
Nə vaxtdır oxuyuram, bitmir “Əcəl zəngi” də.
Bu dünyanın uzağı havasızdır, ay adam,
indi məni başa düş: havam çatmır e, havam.


Mən ki, sənin çiyninə çəkilməyən yükəm, yük.
Baxma bəstə boyuma, dərdim özümdən böyük...
Apar, boz sahillərin qumlarına qat məni,
tikə-tikə parçala, balıqlara at məni!


Bir az ağla dalımca, bir az ağı de, hönkür,
boz qumlara çırpılan dalğalardan su götür,
çilə göyün üzünə, qoy içim udum-udum,
sərinlənsin dünyaya enə bilməyən ruhum.


Tanrının yaratdığı o adam ölsün, amma
sən öz yaratdığını göydə tənha buraxma.
Çiynin üstə çürüyən bir yük bil bədənimi,
balıqlara yem olan o səfil bədənimi.


Sonra hər şey düzələr, heç vaxt olmamış kimi...
bu dəniz də gizlədər balıqlarda nəşimi.
Dünya öz ətrafında dolanar, dönər, gələr:
bir üzü işıqlanar, bir üzü sönər gələr.
Daha səni qorxutmaz rəngi narıncı qürub,
görərsən gecələr də göydə bir günəş durub.

Özümə

Demədiyi sözləri tökülər əllərindən,
içində yanar, yanar... tanınar küllərindən.
İp çəkər taleyinə dünyanın illərindən,
günü günə calayıb, yaşayar hələ adam.

Bir ilana çiyələk, birinə yarpız olar.
Zahiri adam dolu, daxili yalnız olar.
Çıxıb göyün üzündə ən böyük ulduz olar,
sönərsə yer üzünü zülmətə bələr adam.

Gündüzlər yuxulayar, gecələri oyanar...
bir xoş sözə uğunar, bir ümidə inanar.
Öz dərdinə yazdığı şeirlərdən tanınar,
bir kiçik nəvazişdən gözləri gülən adam.

Ha çalışdı, vuruşdu, neçə arzuya çatdı...
neçə yerdə yıxıldı, neçə çuxurda batdı...
Min ildi ağrı çəkir, min ildi narahatdı,
bircə anın içində səssizcə ölər adam.

Baxma bəstə boyuna, böyüklükdə divdi o.
Bu dünyada hər kəsə yuvadı o, evdi o.
Sevdi, hamını sevdi, usanmadan sevdi o.
Bir də bu yer üzünə gəlməz ki, elə adam.

Ay tutulması

Gecə Ay da tutuldu,
gecəni gördünmü sən?
Evimə kölgə düşdü,
elə bildim, dönmüsən!

Gecə bir ulduz axdı,
axdı bu yer üzünə.
Axdı məndən uzağa,
Aralıq dənizinə...

Nə bəd xəbər gətirdi,
nə şad xəbər gətirdi.
Mən bir ümid itirdim,
göy bir ulduz itirdi.

Hələ də gözləyişim
tükənmir e, ay adam.
Mən də bir ayrılığam,
mən də bir Aralığam.

Sən də bir ulduz kimi,
ax göy üzündən mənə.
Dur başımın üstündə,
bax göy üzündən mənə.

Yoxsa bir ulduz olub
öz içimə çökərəm.
Elə ağırlaşaram,
fəzanı da bükərəm.

İşıq da qaça bilməz
zülmətimin gücündən.
Bükülüb zaman-məkan
gəlib keçər içimdən!

Gecə Ay da tutuldu,
gecəni gördünmü sən?
Evimə kölgə düşdü,
elə bildim, dönmüsən!

Mən elə tutuldum ki,
Ayın dərdi heç nədi!
Gecəni gördünmü sən?
Nə ölməli gecədi!?

Şikayət

Özümə gücüm çatmır, tutulub əl-ayağım.
Üstümə qarmı yağıb bu tavandan, bu damdan?
İlahi, bir yuxuluq yer tuturam gecəndə,
onun da kabusundan ayılıram qorxumdan.

Bütün əzablarının qürub yeriyəmmi mən?
İndi bu boyda yüklə durub, yeriyəmmi mən?
Özümü öz dalımca tutub, sürüyəmmi mən?
Sənə lələkmi uçsun qırılmış qanadımdan?

Tənhalıqla suvayıb, il üstə il hörmüsən!
Bu dərd üçün canımda div gücümü görmüsən?
İçimdə od qalayıb, üstümə buz sərmisən,
qussam bu cəhənnəmi dünya yanar odumdan.

Üfunətə çevrilir yavaş-yavaş gül iyim.
Çürüyür gündən günə dərim, qanım, iliyim.
Varsa təsəlli üçün bir-iki xoşbəxtliyim,
o da ki, keçmiş olub, daha çıxıb yadımdan.

Qaç, ey varlığı məchul, əlimdən qaç uzağa!
Sevmə, ay atam-anam, balandan qaç uzağa!
Saçı dərdli sevgilim, bəlamdan qaç uzağa!
O getdiyin yerlərə salam yetir adımdan.

Məni buza bələyib, qışına saxlamağa...
bir dirək də verməyib söykənib, ağlamağa!
Əlim sığal üçündü, qolum qucaqlamağa,
bilmirəm, nə istəyir bu zərərsiz adamdan!

# 2857 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #