[b]Ərzaq siyahısında şeir tapan şair - ALİYƏ YAZIR[/b]

[b]Ərzaq siyahısında şeir tapan şair - ALİYƏ YAZIR[/b]
23 avqust 2017
# 16:30

Biz şeirlərimizə qarşı çox diqqətsizik. Sevinc Elsevərin şeirlərini oxuyanda bunu başa düşdüm. Biz şeirləri, əlimizdən salır, yerə tökür, hətta tapdayırıq. Sevincsə ana qayğıkeşliyilə bu şeirləri yığır, toplayır və görə biləcəyimiz yerə qoyur.

Sevinc şeiri görür – bir dibçək gülündə, axşam xəbərlərində, uşaq ovcunda, kirli pəncərədə, ərzaq siyahısında, əhli-kef qonaqların közün içində unutduğu kösövə dönmüş kartofda - ağlımıza belə gəlməyən hər şeydə. Və bizə də göstərir. Onun şairliyi budur. O, sözün əsiri deyil, sözdən xüsusi asılılığı yoxdur. Onun sözlərində söz nə özündən böyük, nə də kiçikdir. Olsa-olsa, söz yanından ötdüklərimizi, tökdüklərimizi, görmədiklərimizi görmək üçün bizi saxlayan maneədir. Ona görə də şeir küçədə rastladığımız elan da ola bilər, çağırış da (məsələn, qaziyə həsr olunmuş şeir):

“qadınlar qoruyun

çocuqlarınızın atalarını

ölüm gəldi şəhərə

kimi bir az ipiboş

kimi bir az sevgisiz

kimi bir az yalqız gördü

götürüb aparır

qadınlar, gözdə-qulaqda olun

tez-tez zəng eləyin mobil telefonlarına

onları sevdiyinizi yada salın...

mən ciddiyəm

sözü elə-belə demirəm

xəbəriniz olsun ki,

içi alışıb yanan bir qazi

çölünə özü od vurdu əliylə

kimsə görmürdü çünki

içinin köz-köz olduğunu

o qazi öldü bu gecə

əgər bacarmırsınızsa

bu həftə, bu ayı

birtəhər yola verin

biz nələrə dözdük ki, bu şəhərdə

bu da keçər, əlbəttə...”

Qonşunun hekayəti də, xatirə dəftərindən qopan vərəq də, alınacaq ərzaq siyahısı da, oxuduğun səhifəni göstərən əlfəcin də, yanından ötdüyümüz pəncərə də.

“Axşamkı yağışdan sonra

bu səhər də

qadınlar əllərində dəsmallarla

silməyə qoşmuş

sevgili pəncərələrinin göz yaşlarını

qadının yoxmu

anan yoxmu

bacın yoxmu

qarşı küçədən baxan pəncərə

nə kədərlisən...”

Bu şeirlərdə ritm taktdan, misradan, hecadan asılı deyil, orada sözügedən hadisənin narahatlıq ritmi var. Bu ritm formal-zahiri yox, daxilidir. Dram əsərlərində olduğu kimi janra sadiqdir. Əgər bir Word xətası üzündən bu şeirlərdən birinin sətir bölgüsü itibsə, asanlıqla onu yazıldığı varianta, orijinal sintaksisə gətirə bilirsiniz.

“Xəbər izləmək üçün baxır ancaq televizora

maraq dairəsində ölümlərdi yalnız

oğlu əsgər gedəndən bəri

hər yeni xəbərə qulaq verir ürəyi əsə-əsə:

"şükür Allaha, oğlum salamatdı" deyir

inanmazdı dünyada

kiminsə ölüm xəbərini

şükürlə qarşılaya nə vaxtsa

hər gün kimsə ölməyə borcludu sanki...”

Sevincin şeirlərinə çoxlarının etiket kimi yapışdırdığı feminizm sosial kontekstdən qopuq deyil. Onlarda pafos görə bilərsiz, üsyan da. Amma populizmə hesablanan hədəflər yoxdur. Yaxşı ki, yoxdur. Onun son dövr yaradıcılığının müsbətlərindəndir bu.

“daha sənə qışqırmayacaq

acıqlanmayacaqlar

nə kötək, nə danlaq

izin almadan gedəcəksən

oğlunun, qızının evinə

sevin nənə,

babam öldü!”

Bir özəlliksə bütün yaradıcılıq boyu (ilk kitabındakı şeirlərdən bəziləri istisna olmaqla) davam edir: şifahi ədəbiyyata xas təhkiyə dili.

“əlini sol döşünə qoyub

kompüterin siçanı kimi gəzdirirsənsə

axtarırsansa döyüntülərini

ürəyin heç ağrımadı demək

dəqiq bilmirsən yerini

anlamazsan məni

boşuna danışdım indi...”

Daha bir özəllik də var: bu şeirlər tanış sentimental qatlarda instinktlərə toxunub duyğu dilənmir, amma onun yanından bir dilənçinin yanından keçdiyiniz kimi rahat ötüb keçə də bilmirsən:

“əl-ayağı salamatdı, gedib işləsin” deyə deyinməyin

bəlkə görünməyən yaraları

üzdə olmayan dərdləri vardır...

bəlkə insan olmaqdan yorulmuşlar sadəcə

bir pişik

həyatını yaşamağı seçmişlər

əllərə baxmaları

bir dilim çörəyə möhtac olmaları ondandır...”

Oxucunun reallıq hissini makrodünya hissi ilə qarşı-qarşıya qoymaq Sevincin şeirlərinin əsas müstəvisidir. Bu şeirlərdə yaşamağın bütün ağırlığı insanın çiyninə artıq yük yox, öz yükünü qoyur: insan olmanın məsuliyyəti.

“uşaqlar qorxmayın qaranlıqlardan

günəş var göylərdə

işığımızı kəsə bilməzlər

ömrümüzün sonunacan çatar!”

Bu şeirlər reallıqla əzilən günün adamına daha dərinlərdə gizlənən həyatı göstərir.

“sən sevgisən

utanmazın biri

çılım-çılpaq soyunmaqdan belə çəkinməzsən

yad baxışlar altında

sən sevgisən

ağlamaqdan, yalvarmaqdan arlanmazsan

bir dilənçi kimi də

yapışa bilərsən birinin ətəyindən

buraxmazsan... “

Özün də bilmədən bu şeirləri oxuyub onlardan gerçək bir güc alırsan. Çünki,

“şeirlər oxuyub kədərlənmək üçün deyil

oturub ağlamaq üçün deyil

güzgüdə özünə baxmaq kimi

baxmalısan şeirdəki özünə

güzgüyə baxanda ağlamazlar...”

Qazandığı məna çalarlarıyla poeziya sözü bu şeirləri ümumiləşdirmək üçün saxta görünür. Buna heç vaxt Sevincin poeziya dünyası deyə bilmərik. Belə bir dünya yoxdur və onun hansısa açar sözləri yoxdur. O, burada bir addımımızda, əlimizin altında, yediyimiz çörəkdə, baxdığımız pəncərədədir. Çox ola bilər ki, bu yazı çabasında da görə bilmədiyimiz bir şeir gizlənib.

“əl-ələ tutaq dostlar

dünya adlı

bu şeir oxunsun!...”

# 2009 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #