Darıxanda zəng elə - Afaq Şıxlıdan Mövlud üçün

Darıxanda zəng elə - Afaq Şıxlıdan Mövlud üçün
15 avqust 2017
# 13:26

“Darıxsan səng elə”

Darıxanda zəng elə,

Səbəb oldu, olmadı.

Dolub-boşaldı ürək,

Sənin yerin dolmadı!

Yazıq sən uçan bina

Donub qaldı yerində.

O gündən yoxdu adın

Evsizlər dəftərində.

Yazmadığın kitab da

Kölgəsini sürüyür...

Dərd böyüdür oğlunu -

Uşaqlar tez böyüyür.

Hələ istidi yerin,

Arada bir güman var,

Bir gün üşüyəcəklər

Səndən tez soyuyanlar.

Bir də, unutdum deyəm,

Borcların da silindi.

Daha azadsan yəqin,

Öz başın, öz əlindi.

Xəbər almaq istəsən

Mən də ki, elə-belə...

Darıxıram, bilirsən,

Arada-bir zəng elə!

16.03.17.

Kimə qalacaq?

Mövludun əziz xatirəsinə...

Bu yurda can deyən canından olur!

Ömürlər puç olur, gözlər qan olur!

Bəxti gətirməmək nə yaman olur!

Bu zaman hələ çox canlar alacaq!

Bu vətən sonunda kimə qalacaq?

Kişilər evinə boş gəlirsə də,

Cavanlar ölümə tuş gəlirsə də,

Ölüm yaşamaqdan xoş gəlirsə də

Demək sönəsidir bu od, bu ocaq!

Bu vətən sonunda kimə qalacaq??

Var nədir – üstündə yatanlar bilir,

Dünyanı dörd əllə tutanlar bilir...

Vicdanı ucuza satanlar bilir

Şərin qapısını kimlər çalacaq.

Bu vətən sonunda kimə qalacaq...

Yaman özümüzü öyürük amma,

Hələ xəyalplov yeyirik amma...

Gənclərə Gələcək deyirik, amma

Kürsülü qocalar üzə salacaq!..

Bu vətən sonunda kimə qalacaq?..

Varlı ocağında tüstü də qızıl,

Divarı-daşı da, büstü də qızıl...

Torpağın altı da, üstü də qızıl -

Kimlər talan edib... kimin olacaq...

Falçı dünyasıdır, fal açaq bəlkə:

Bu vətən sonunda kimə qalacaq?

Kimə qalacaq?..

16.03.17.

MÖVLUDA

Bu baharda payız çöküb sən sevdiyin mahala,

Şeir olub yazılmısan məzarların birinə.

Bayram gəlib, amma sənsiz yas saxlayır havalar,

Sətirlərin haray çəkir buludların yerinə.

Bu baharda payız çöküb sən sevdiyin mahala,

Yeri-yurdu al qan edib əllərinin xınası.

Bu torpağın yaraları bir də çətin sağala,

Məzarına pir deyənlər Mövlud deyib yanası...

16.03.17

# 2365 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

10:00 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər