Bakının mərkəzindəki nizəli adamlar

Bakının mərkəzindəki nizəli adamlar
4 avqust 2017
# 12:55

Mirmehdi Ağaoğlu

Turizm ən gəlirli sahələrdən biridir. Bunu bilmək üçün elə dərin savada da gərək yox. Təəssüf, bu dəqiqə heç bir statistik məlumat təqdim etmək imkanım yoxdur, ancaq görünən dağa nə bələdçi. Rəqəmlərsiz də məlum ki, turizm hər bir ölkənin iqtisadiyyatında vacib yer tutur.

Məsələn, Rusiya ilə Türkiyə arasında böhran yaşanan zaman türklər rus turistlərin ayağının Antalyadan, Bodrumdan kəsiləcəyindən narahat idilər. Və ya Gürcüstan iqtisadiyyatında turizmin təsiri göz önündə. Elə bizim ölkədə də turizmin inkişafı üçün bir çox inzibati tədbirlər həyata keçirilməsi bu sahənin perspektivləri ilə bağlıdır. Düzdür, hələ ki, uğurlu nəticə yoxdur, iaşə obyektlərində, istirahət məkanlarında münasibətlər daha çox “xamlayım, şotu beş-on manat artıq yazım” ladındadı, ancaq bununla belə gələcəkdə nələrinsə qaydasına düşəcəyinə ümid edək. Ümid edək ki, o boyda Azərbaycan Turizm və Menecment Universitetinin bir faydası toxunacaq.

Nəsə, qayıdaq sözümüzün “Mustafa”sına. İndi belə bir məqamda bizim ölkəyə yoxdan bu qədər turist gəlir, bəyənmirik.

Xüsusən sosial şəbəkələrdə tez-tez qarşıma çıxır: ərəb turistlərin şəhəri bürüməsindən narahat olanlar var. Onları bəyənməyənlər, gəlişlərini şişirdib-şişirdib ikinci ərəb işğalı adlandıranlar var. Heç kəs sevinmir, sevinmək istəmir ki, nə yaxşı ərəb turistlər bizim ölkəyə gəlir, burada dincəlir, pul xərcləyir, xeyir verirlər.

Bakının mərkəzi küçələrində bircə saat gəzmək kifayətdir ki, restoranların, mağazaların, ticarət, əyləncə mərkəzlərinin turistlərlə aşıb-daşmasının şahidi olasan. Ərəb turistlərlə dolub-daşan şəhər həm də burda xərclənən pullardı, ölkə vətəndaşlarının əldə etdiyi qazancdı, gəlirdi.

(Düzdür, bunun qadın ticarətinin genişlənməsi kimi neqativ tərəfləri də var. Amma daha nə edəsən, küçə fahişəliyi deyilən bu nəsnə də qaçılmazdır, eyni şeyi İstanbulda da turistlərə təklif edən olur, başqa şəhərlərdə də. Yəni küçə fahişəliyi də turizmin ayrılmaz elementidir.)

Belə olan təqdirdə ərəb turistlərin gəlmələrinin nəyi pisdir?

Biz nədən şikayət edirik? Kimlərinsə gəlib burda pul xərcləməsindən, bizə qazanc verməsindən? Yaxşı, nə qədər irqçi səslənsə də ərəbi bəyənməyib, ölkəmizə gəlməyini istəmiriksə bəs kim gəlsin?

Böyük Fransa İnqilabını həyata keçirmiş ölkənin nümayəndələri gəlsin?

Neçə əsrdir parlamentə sahib olan, dünyanın digər xalqlarının nümunə götürəcəyi uzun və nümunəvi siyasi təcrübəsi olan bir ölkənin vətəndaşlarımı gəlsin?

İki dəfə dünya müharibəsi eləyib az qala Yer kürəsinin gələcəyini dəyişən bir xalqın nümayəndələrimi gəlsin?

Ən müasir elmi-texniki nailiyyətlərə yiyələnmiş yaponlarmı gəlsin?

Kim gəlsin axı?

Yoxsa Dostoyevskinin, Tolstoyun varislərimi gəlsin (hərçənd onlar da gəlir)?

Bakıdan on addım kənarda normal infrastrukturumuz yoxdur, deyirik, bizə ərəb gəlməsin. Bizə elə ərəb gəlməlidir də, bəs kim gəlməlidir?

Şükür edək ki, heç olmasa ərəblər gəlir, yoxsa “Tarqovı”da başdan-ayağa qaraya bürünmüş, bircə gözü görünən ərəb qadınları yerinə iki yarpaqla ayıbını örtmüş nizəli buşmenləri görərdik.

Ancaq nə yalan deyim, məndən olsa ikinci daha yaxşıdı :)

# 1318 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #