Qızı Rusiyada girov götürülən ata Azərbaycanda nəyi satdı? – “Nar bağı” RESENZİYASI

<b>Qızı Rusiyada girov götürülən ata Azərbaycanda nəyi satdı? – <span style="color:red;">“Nar bağı” RESENZİYASI </b>
3 avqust 2017
# 16:17

Kulis.az Sevda Sulatnovanın "Nar bağı" filmi haqqında yazısını təqdm edir.

Dünən Nizami Kino Mərkəzində rejissor İlqar Nəcəfin “Nar bağı” filminin premyerası keçirildi. Filmin dünya premyerası iyulda Karlovı Varı film festivalının “Qərbin Şərqi” müsabiqəsində baş tutub. Bir neçə gün əvvəl isə film Avrasiya Beynəlxalq Film Festivalında üç mükafata layiq görülüb.

İlqar Nəcəf “Nar bağı”nda cəmiyyətdəki mövcud gerçəkliyi bədii məkana fiksələyir və tamaşaçını bu kobud gerçəkliyə bir də kinonun diliylə baxmağa dəvət edir: Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır. Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb. Bu pul ona qızının xilası üçün lazımdır...

Gündəlik həyatımızdan götürülmüş, hər gün mediada oxuduğumuz, realda müxtəlif traktovkalarla rastlaşdığımız əhvalatdır. Hətta oxşar əhvalatı Xoşqədəm Hidayətqızının şoulaşdıraraq kor-koranə ittihamlar üzərində qurulmuş verilişlərində də görürük.

Amma bu əhvalatın sənətdə proyeksiya edilməsinin mühüm cəhəti var. O, mühakimə eləmir, bizə ortada olan faktın arxasındakı görünməyən həqiqətləri, detalları göstərir və intimliklə - təklif olunan vəziyyətlə, qəhrəmanlarla baş-başa buraxır. Televiziya tamaşaçısını film (sənət) tamaşaçısı səviyyəsinə qaldıraraq suallar qoyur: Mühakimə etməyə haqqın varmı? Həmin situasiyada özün necə davranardın?

Çox sadə strukturlu süjetdə mürəkkəb nəsnələrə toxunan müəllif bizi bu və digər suallarla üzləşdirir, daha doğrusu, bu, müəyyən mənada bizim hər birimizin özümüzün-özümüzlə qarşılaşdığı andır.

O, sosial-məişət problemlərinin fonunda insan münasibətlərinin çətinliyini, gərginliyini, ünsiyyətdəki qırılma nöqtələrini, çatları göstərir, sadalanan sorunların nəticəsində meydana gələn mənəvi böhrana toxunur, ağrıları incələyir.

Üstəlik əhvalatın içindəki detallar - adi infrastruktur, sadə insanların özəl mülkiyyətini maddi imkanları olanların asanlıqla ələ keçirməsi, sosial ədalət, qadının şəxsiyyət kimi özünü realizə etmək imkanlarının məhdudluğu və s. aktual məsələlər ana xətti dolğunlaşdırır, əhvalatı bütünləşdirir. Paralel olaraq Şamillə Qabilin, Qabillə Cəlalın timsalında ata-oğul münasibətlərinin çətinliyi də yer alır. Müəllif detalların içində itib batmır, xırdalıqları nizamla, təmkinlə vahid dramaturji xətdə düzməyi bacarır.

Film təsirli səhnəylə başlayır. Uşaq göz həkimində lövhədəki hərfləri deyir, həkimin (İlqarə Tosova) suallarını cavablayır. Təmkinli kamera hərəkətiylə həmin səhnədə uşaq və həkim görünür. Onları kənardan izləyən ana isə fokusdan kənardadır. Amma qəribədir ki, səhnə boyu ekranın sərhədlərindən kənarda qalan ananın kədərini, enerjisini duyuruq və onu daha çox mərkəzdə hiss eləyirik.

Filmin böyük hissəsində isə belə bir atmosfer hakimiydi ki, qəhrəmanlar kadrda görünsələr də onlar elə bil mərkəzdə deyillər, hüdudları konkretləşmiş ekran məkanının hardasa periferiyasındadılar, bir növ fiziki yox, sanki kölgə kimi mövcuddular. Personajların real yox, kölgə kimi mövcud olmaq hissi ümumilikdə həyatımızı zorən imitasiya edərək yaşamasına metafor kimi görünür. Və bu öz yaşantılarını yarıqapalı yaşayan personajların vəziyyətinə adekvatdır.

Hərçənd bır sıra səhnələrin detallı, yaxın planlarla işlənməsinə ehtiyac vardı və rejissor əvəzində birplanlı səhnələrə çox yer verərək daha asan yola qaçıb. Məsələn, yemək, qəbiristanlıq səhnələrində ümumi, orta çəkiliş nöqtələrindən istifadə olunması səbəbindən zəruri dramatizm duyulmur.

Digər səhnələrdə isə operator Ayhan Saların interyerdən açıq məkana fasiləsiz planla keçidləri (məsələn, notariusdakı imzalanma prosesindən Şamilin küçədə ağrıyla, əzablı yerişinə fokuslanması) dramatizmi yaşamaq imkanını verir.

Dini motivlərdən qaynaqlan Qabil-Habil qarşıdurması sadəlövh, klişe görünsə də, yaxşı ki, qabardılmır. Ümumiyyətlə, minimal, funksional dialoqlardan istifadə olunub, danışan təsvir ağır basır, musiqi naturada səslənir və seçilən musiqilərin ruhu, ritmi təsvirlə tamamən ayaqlaşır.

Aktyor oyununa gəlincə, ağırlıq mərkəzi əsasən Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülən Qurban İsmayılovun və İlahə Həsənovanın çiyinlərinə düşür. Səmimi Fərhad personajının durumunu bəzi məqamlarda hiss etdirə bilməsə də, sondakı oyunuyla avtobusda qəhrəmanın davranışına verdiyi bəraətə inandırır. Onun tərəf müqabili, Rasim rolunun ifaçısı Rövşən Kərimduxtun ifası S.Fərhadın oyununu kölgədə qoyurdu.

Doğrusunu deyim ki, mənim üçün ən yadda qalan ifa İlahə Həsənovanın oldu. İlahə yadımda Emin Əfəndiyevin “Hədiyyə” filmindən qalmışdı: xüsusən, kamera qarşısındakı əminliyi, şərti, dar kino məkanı çərçivəsində sərbəst hərəkət trayektoriyasıyla.

“Nar bağı”nda İlahə bədən diliylə oynayır. Əri tərəfindən tərk edilmiş, monoton həyat tərzi sürən əyalət qadınının bütün duyğularını vücudunun mətniylə, ikinci planla ustaca ifa edir. Uzun illərdən sonra qayıdan ərinin kürəyində zərif və ehtiyatla gəzən barmaqlarda onun seksual aclığı duyulur, növbəti kadrda solğun qadın dirçəlir və o, xoşbəxtliyini zərrə qədər ifrata varmadan, üz ifadəsi mübaliğəsinə, qrimasaya yol vermədən təmkinlə, ötürür, eyni zamanda açıq və qapalı olmağı bacarır.

Yəni aktrisa qəhrəmanının gərilmiş emosiyalarını mütəvazi bir qapalılıqla açığa ötürə, iç proseslərinə seyrçini qoşa, məharətlə bu ziddiyyəti - qadınının zahiri soyuqluğunu və xoşbəxt olmaq ehtirasını orqanikləşdirə bilir.

Kənd işlərini elə kənd qadınına xas çevikliklə, yüngüllüklə yerinə yetirir, yerişində, duruşunda, çayı süzməsində, paltarları zivədən yığmasında, narları təmizləməsində onun kimliyi oxunur.

Final səhnələrindən birində ərinin səssiz gedişini öyrəndiyi anda onun bu vəziyyəti necə həll edəcəyini maraqla gözləyirdim. O, asan yola getmir, acısını içində çəkərək sakit ağlayır və birdən emosional partlayış baş verir. Partlayış ani görünsə də, onu tamlıqla yaşamaq olur. Və bu səhnələrin effektli alınması, doğru rakurs seçilməsi, doğru montajın edilməsi sözsüz ki, həm də rejissorun əməyidir.

Əminliklə, bu sözlərin altını çizərək deyirəm: İlahənin simasında mili kinomuza yeni keyfiyyətdə, peşəkar aktrisalarımıza güclü rəqib və parlaq kinoaktrisa gəlir.

İlahə bu filmdə həm də başqa aktrisaların cəsarət edə bilmədiyi - açıq səhnəyə çəkilib.

“Nar bağı” Çexovun “Albalı bağı” əsərindən təsirlənərək ərsəyə gəlib. Film bir az da “Rembrandtın azmış oğulun qayıtması” əsərinin təəssüratını xatırladır.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyevdir.

# 1772 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #