Dodağıma üç öpüş sıxdı italiyalı Lorella – Yeni ŞEİRLƏR

Dodağıma üç öpüş sıxdı italiyalı Lorella – <span style="color:red;">Yeni ŞEİRLƏR
11 iyul 2017
# 12:20

Kulis.az gənc şair Tural Turanın yeni şeirlərini təqdim edir.

Adam ölür, ev tikilir...

Maqnit tərkiblidir

müharibə dövrü uşaqlarının alın yazısı.

Ya gülləni özünə çəkər, ya günəşi –

Hansı qarşılarına daha tez çıxarsa.

Axşama Heynrix Bölldən bir kitab oğurla gətir –

Ürəyim pomidor qayğanağı istədi,

Qorxma, onun balaban ürəkli sahibi

Daha sənə heç nə deməyəcək – dedim

Buyurduğum balaca Milnerə.

“O illərin çörəyi” elə indi də eyni dadır...

Fərqi yoxdur ya acından, ya içindən

Uşaqların öldüyü müharibədə.

Arxa cəbhə olmur, güllə Ata!

Bütün savaşların formulu eyni –

Adam ölür, ev tikilir...

Bunkerdəki ümid dolu nağıllar öldürür adamı;

“Bom-bom” səsləri yox.

Gurultularla uşaq qığıltıları

Necə gözəl simfoniyasıymış, İlahi!

Adına layiq düşünübsən...

İlahi, ayağım yoxdur

Qalxıb baxa bilmirəm.

Kitab oğurluğuna göndərdiyim

Uşaq geri dönmədi.

Sən yuxarıdasan, bir bax;

Gör hansı gurultuda ilişib qalıb.

Söyüd bürcündə doğulanlar

Yaradanın yer üzünə səpələdiyi

taykeşik ayaqqabılarıdır

müharibə uşaqları.

Gül əmdikləri yerdə

ağızlarına bir “lə” şəkilçisi də dürtdülər.

Dəmir ləbləbi deyib

mədələrindən, başlarından uddurdular

metal noxudları.

Üzərlərindəki “asfalt örtükləri” deşib

cücərdilər, böyüdülər yavaş-yavaş.

Axtarmadan, aramadan

yenə bir-birlərini tapdı bu uşaqlar.

Kimisi müştüklərinin ucunu öpüşdürüb

ocaq qalayırdı, kötük-kötük,

kimisi də...

ağ saçlarından kəsib gəlinciyinə saç tikirdi

iynə-sapla...

Onlar,

söyüd bürcündən idilər,

növbəti savaşlarda doğulacaqdı uşaqları.

Qopmuş qollarında,

şikəst ayaqlarında itmişdi alın yazıları.

Çöl-çöl quruyan yerişlər

Bu gecə soyuq keçəcək tanrı,

yaylama,

yorğanı çək başına.

Bilməzsiniz,

bütün ölümsüz tanrılar,

donub ölür öz qışına.

...Sənə baxınca Allah haqqı,

yorğanda düşüm quruyur.

Önümə basdırdığım

çöl-çöl yerişim quruyur.

Dodağından iplədiyin

edamlıq

öpüşüm quruyur...

Bu gecə ayrı gecədi,

bilirəm,

yatmayır döşünə...

Tanrı, tanrı balasısan,

baş ucundakı bir pencəklik ulduzunu

bürələ, yaxşı-yaxşı bük

açıqda qalan başına.

Sazağı keyitmir heç kimi,

Soyuğu diri gecədi...

Çöl – çöl yerişim quruyur,

Nəfəsi quru gecədi.

Narıncı gülüş

Əzrailin eniş meydançasıdır bütün insan sinələri.

Ekvatordan aşağıda döyünür bütün son mənzillər...

Tanrı da üstünə qurğuşun əridir,

kəm-kəsir yaratdıqlarının.

Hər səhər keşişlər təşəkkür alır

müsəlman başdaşlarından.

Təşəkkür məktublarına narıncı gülümsəyir

Bütün kilsələrin “Xaç atası”.

Ömür nərgiz qoxusudur, bir meh dirijorluğunda.

Hər qoxunu canına çəkdikcə

qabıq qoyur ölülərin ruhları.

Ölülər ittiham olunur naqil oğurluğunda.

Başdaşları təqvimində təkcə nərgiz qoxusu bayramı var.

Qurğuşun əridir ölülər də

hər il öz ad günlərində.

***

Dodağıma üç öpüş sıxdı italiyalı Lorella,

Bu dəfə dodağımdan vuruldum, türk qızı.

Anla ki, italyanlar köksdən nişan almağı bacarmır.

“Çəkməçi”lər Odlar ölkəsinə də alovlu gəlmişdilər.

İsti gilizləri belə üzümü sıyırmışdı bu “güllələrin”,

Hədəfə olan məsafələr ikinci cəbhə açmışdılar;

Kimin dişi kimin ağzındaydı, bilinmirdi...

“On ikincilər”sə oyuna kəşfiyyatsız başlamışdılar.

90+3-də ayrıldı dodaqlarımız: -

Azərbaycan – İtaliya – 1:3.

Savaş ulduzları

Bütün zabit rütbələri

sabahın alın yazılarına duzlu qəhvə hazırlayan

gümüş çay qaşıqlarıdır.

Səmaya qucaq açanlar

Yalnız və yalnız onların çiynində

“qızıl ulduz”a çevrilir;

Nəfəsli dəyirman çarxının çiyinlərində.

Ulduzlar insan çiyninə qonmağı xoşlamaz,

“ulduz sahibi”.

Eşitməmisənmi, göydən bir ulduz əksiləndə

Yerdə birininki sönür?!

Və ya əksinə;

Torpaq üstündə

insan buxarladanda da aqibət eynidir...

Hazırki əsas şəkil

# 1523 dəfə oxunub

Oxşar xəbərlər

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər