news-inner
clock15:00 calendar-gray 06 İyul 2017 view-gray120 dəfə oxunub
view-gray120 dəfə oxunub

Bədii tərcümə: real mənzərə və problemlər - MÜZAKİRƏ

Kulis.az bədii tərcümə məsələləri ilə bağlı "Ədəbiyyat qəzeti" redaksiyasında keçirilən geniş müzakirəni təqdim edir.

Elnarə Akimova: - Əvvəla, hər kəsi salamlayırıq, xoş gəldiniz. Bu gün bədii tərcümənin problemlərindən danışmağa qərar verdik. Hazırda ən çox dartışılan problemdi bədii tərcümə. İstənilən saytda, qəzetdə daim aktuallanır. Və daha çox şikayət, narazılıq kontekstindən, neqativ yöndən. İstədim biləm, bir tərcüməçi olaraq bu narazılıqlar sizlərə necə təsir edir? Haqlı narazılıqdımı, yoxsa kənardan danışmaq asan görünür? İlqar müəllim, istərdim sizdən başlayaq.

İlqar Əlfi: - Bilirsiniz, irad eləmək, qüsur tutmaq yer üzündə ən asan şeydir.

Elnarə Akimova: - Bəli, həm də iş olan yerdə mütləq qüsur da olacaq.

İlqar Əlfi: - Bəli, bəli. Tərcüməni mən xüsusi qüsurlu sahələr sırasına aid eləmirəm. Mövcud imkanlar çərçivəsində nə tərcümə olunursa, tərcüməçilərə eşq olsun! Konkret problemlərə keçmək istəyirəm. Bir - tərcümənin layiq olduğu maddi qiyməti verilmir. İki - tərcümə tərcüməçinin istedadına yox, adına verilir. Üç - yaxşı tərcüməçi qala-qala pisə də verə bilirlər. Bunlar hamısı qüsurlardır. Amma bununla belə, bizim dünyaya açılan pənəcərəmizdir tərcümə. Əgər kimsə əsər tərcümə edirsə və o kitabı ərsəyə gətirirsə, bu özü böyük işdir.

Elnarə Akimova: - İlqar müəllim, siz Tərcümə Mərkəzini təmsil edirsiniz də.

İlqar Əlfi: - Yox, təmsil eləmirəm. Mən tərcüməçi kimi gəlmişəm.

Elnarə Akimova: - Orada işləyirsiniz amma.

İlqar Əlfi: - Bəli, orada işləyirəm, amma oranı təmsil eləmirəm.

Elnarə Akimova: - Bilirsiniz, niyə soruşuram? Əvvəllər şikayət səslənəndə tez-tez belə bir fikir vurğulanırdı ki, müəyyən tərcümə qurumumuzun, mərkəzimizin olmaması tərcümə sahəsində özbaşınalığın olmasına gətirib çıxarır. İndi bu qurum yaranandan sonra konkret hansı dəyişikliklər oldu, bədii tərcümə sahəsində aparılan islahatlar hansı istiqamətlərdə həyata keçirilir?

İlqar Əlfi: - Bilirsiniz, qurumun yaranması ən azından ən bəsit şəkildə götürsək, bir uşağın dünyaya gəlməsi kimi bir şeydir: doqquz ay bətndə yatır, sonra dünyaya gəlir, sonra başlayır dünyanı tanımağa, özünü tanımağa, ata-anasını tanımağa, danışmağa, öyrənməyə, filan. Ondan sonra 6-7 yaşına çatanda sən o uşaqdan verdiyin suala cavab ala bilirsən. Tərcümə təsərrüfatı sovet dövründə müəyyən ənənələri, çox bəsit ənənələri olmuş bir təsərrüfatdır. Demərəm ki, sovet dövründə xüsusi tərcüməçilik institutu vardı, xüsusi bir struktur vardı. Yox, yazıçılar tərcümə eləyirdi. İndi də təxminən elə bir şeydir. Amma indi bir balaca ixtisaslı tərcüməçilər, peşəkar tərcüməçilər var. Bu prosesi, yəni qurum şəklində bu prosesi nəzarətə götürmək çox çətin məsələdir, özünüz bilirsiniz. Çünki bir tərəfdən kimlərinsə azadlığını məhdudlaşdırmalı olarsan,yəni mənə bir qurum olaraq desələr ki, biz lisenziya veririk, naşirlə piyada tərcüməçi danışacaq, naşirin haqqıdır, tərcüməçinin də haqqıdır, çap eləyəcək, qurtarıb gedəcək, səndən lisenziya da istəməyəcək. Ona görə də bunlara nəzarət eləmək yox, sadəcə normal nümunələr ortaya qoymaq lazımdır ki, yəni bir örnək kimi. Bu camaat da ona uzlaşsın, ona yaxınlaşsın, ona can atsın. Mən təbii ki, tərcümə mərkəzini burada təmsil eləmirəm, məni buraya tərcüməçi kimi çağırıblar. Sırf tərcüməçilərə aid olan problemlərlə bağlı nə sualınız olsa, cavab verə bilərəm.

Elnarə Akimova: - Vilayət müəllim, belə fikir formalaşıb ki, müasir Azərbaycan bədii tərcümə məktəbi sosrealizmin bəhrəsidir. Yəni XX əsrin 39-40-cı illərindən başlayır. Ümumiyyətlə, tərcüməşünaslığın bir elm kimi təsbit olunması istiqamətində hansı addımlar atılıb, yəni, bir halda ki, tərcümə də digər sənət sahələri kimi yaradıcılıq işidir, özü də bəlkə digərlərindən daha artıq məsuliyyət və gərgin əmək tələb edən yaradıcılıqdır, o zaman bir sənət növü kimi elmi cəhətdən əsaslandırılmış nəzəri bazaya malik olması üçün ümumi tərcümə nəzəriyyəsi yaranıbmı? Bizdə nəzəri bazaya malik olan bir tərcümə nəzəriyyəsi formalaşıbmı, sizcə?

Vilayət Hacıyev: - Bu nəzəriyyənin yaranması üçün məktəb lazımdır. Tərcümə məktəbinin fəaliyyəti əsasında müəyyən nəzəri hissə işləmək olardı. Ancaq təəssüf ki, mən fikrimdə ola bilsin səhv edirəm, bizdə tərcümə məktəbi hələ yeni-yeni formalaşmağa başlayıb. Bizdə olmayıb. Ruslardakı kimi, lap elə götürək gürcüləri. Gürcülərdə bu məktəb artıq formalaşıb. Ona görə də o məktəbin fəaliyyəti sayəsində müəyyən nəzəri problemləri də işləmək olar. Ümumiyyətlə, nəzəriyyə nəzəriyyədir. İstər rus məktəbində olsun, gürcü məktəbində olsun, Azərbaycan məktəbində olsun. Ona görə də demək olmaz ki, bizdə tərcümə nəzəriyyəsi yoxdur. Ümumi şəkildə qəbul olunmuş nəzəriyyədən biz də istifadə edirik. Sadəcə olaraq mən deyərdim ki, bizdə tərcümə məktəbi yoxdur. Və yavaş-yavaş mənə belə gəlir ki, bu yaranmağa başlayır. Mən bir dəfə də "Aydın yol" qəzetində müsahibədə demişdim ki, bizdə tərcümə tənqidi yoxdur. Tərcümə tənqidi olmadığı üçün də tərcümə məktəbinin fəaliyyətini tənzimləmək mümkün deyil. Mən İradə xanımın bu sahədə fikirlərini həmişə oxuyuram, Kamran müəllim hərdənbir, görürsən ki, bu məsələyə münasibətini bildirir və s. Bunlar konkret bir müəyyən istiqamətə yönəlməmiş yazılardır.

Elnarə Akimova: - Düzdür. Seyfəddin müəllim də yazmışdı silsilə yazılar... Amma sistemli xarakter daşımır bu istiqamətdəki fəaliyyət.

Vilayət Hacıyev: - Və sistemli xarakter daşımadığı üçün bizim tərcümə təsərrüfatımızın özündə də sistemsizlik var. Bayaq İlqar müəllim dedi. Düzdür, mən də bu fikirlə razıyam ki, burada nəyisə tənzimləmək bir qədər çətindir, çünki biz kiminsə hüququna girmiş olarıq. Nəşriyyatdır, nəşriyyatın necə deyərlər, biznes maraqları var, kommersiya maraqları var, o istəyir ki, kitabları çıxsın və bizə lazım olmayan kitabları o verə bilər, tutaq ki, bulvar ədəbiyyatı daha tez alınır, dedektiv ədəbiyyat daha tez satılır. Və onun da maraqları var. Burada da kim ucuz tərcümə eləyir, tez tərcümə eləyir, şübhəsiz, onlarla müqavilə bağlayır ki, sərfəli olsun. Ona görə də kiməsə irad tutmaq çətindir ki, niyə belə eləmisən? Ancaq bir şey də var ki, bu sistemsizliyin özündə də mənə belə gəlir ki, nə isə bir xeyir var, heç olmasa tədricən, ələnə-ələnə bu məktəb yaranmağa başlayır. Ən azından məni sevindirən budur ki, vaxtilə ad ilə konkret demək olar ki, kimlər tərcümə ilə məşğul olurdu. Tanınmış yazıçılar tərcümə ilə məşğul olurdu. Ancaq indi, məsələn, cavanlarımızın çoxu tərcümə ilə məşğul olur. Mənə belə gəlir ki, bəzilərində çox uğurlu alınır. Elə adi bir şeyi deyim ki, məsələn, Fərid, yadındadırsa, o tərcümə müsabiqəsi təşkil olunanda tərcümə mərkəzində birinci mükafatı 4-cü kurs tələbəsi almışdı - Təvəkkül Zeynallı. Hələ mən yadıma düşənlərdən deyirəm. Məsələn, Kifayət xanım var, Haqverdiyeva, yəqin ki, tanıyırsınız, Hessenin "Muncuq oyunu"nu deməzdim, o bir az mürəkkəb əsərdir, amma başqa tərcümələri uğurludur.

Bilirsinizmi, biz hamıdan o səviyyəni mənə belə gəlir ki, tələb edə bilmərik. Çünki bu sırf fərdi qabiliyyətlə bağlıdır, yaradıcılıq psixologiyası ilə bağlıdır.

İradə Musayeva: - Vilayət müəllim, bir az məsələyə çox yumşaq yanaşırsınız. Niyə? Bir-iki cümlə ilə istəyirəm fikrimi bildirim. Deyirsiniz ki, nəşriyyatlar tərcümələrə girişir, biznes işidir və biz onlara bir söz deyə bilmərik, yəni onların sahəsidir, təxminən fikriniz belə oldu.

Vilayət Hacıyev: - Hə, təxminən belə oldu. Ancaq, üzr istəyirəm, İradə xanım, bir söz deyə bilmərik, yəni əlbəttə biz öz fikrimizi bildirməliyik. O mənada yox, yəni çəpərləyə bilmərik onu. İradə Musayeva: - Tutaq ki, ədəbiyyat adına Knut Hamsun tərcümə olunursa, mən bir oxucu kimi gedib onu oradan alıb, onu dünya ədəbiyyatı nümunəsi kimi (fərqi yoxdur, mən maraqlanmıram ki, onu "Qanun" nəşriyyatı çap eləyib, yoxsa Tərcümə Mərkəzinin işidir, yoxsa Yazıçılar Birliyinin Tərcümə şöbəsinin işidir), oxuyur və heç bir məna-məzmun ya estetik yararlılıq hiss etmirəmsə, yəni oxucu kimi mənim zövqüm korlanırsa, düzdürmü, mənim dünya ədəbiyyatı ilə tanışlığımda bu problemi kimsə yaradırsa, deməli, mütləq burada bir günahkar var. Yəni söhbət ondan getmir ki, hansısa bir qanun məcəlləsi ilə gedilə o adamın üstünə ki, sən bunu niyə çap eləmisən və niyə bu şəkildə çap eləmisən? Amma hər halda, ədəbiyyat adına, tutaq ki, siz də və ya başqa tərcüməçilər də gözəl bilirsiniz ki, bu tərcümə yararsızdır - amma əhəmiyyət verilmir… Çox düz dediniz ki, tərcümə tənqidçiliyi bir peşə kimi formalaşmalıdır. Bu yoxdur. Sözün yaxşı mənasında, senzura da yoxdur, sonra… redaktor məsələsi də yox kimidir, çünki çox vaxt şərti, simvolik xarakter daşıyır, bu redaktorluq məsələsi… Tərcüməçilər bilir ki, münasibət bildirilməyəcək, çünki hamı susur. Oxucunu isə tərcümənin, fərqi yoxdur, kitabın problemləri, cəfası yox, səfası düşündürür. Tərcümənin nəzəriyyəsi ilə praktikası arasında böyük bir uçurum var. Siz tədrisdə işləyirsiniz, çox gözəl bilirsiniz ki, yəni o nəzəri cəhətdən tədris metodik vəsaitlər nə vəziyyətdədir, dövlət standartları nə vəziyyətdədir, kurs işlərinin, diplom işlərinin yazılması vəziyyəti hansı keyfiyyət göstəriciləri əsasında aparılır... Tədris sahəsinə az-çox bələd bir adam kimi mən də çox görmüşəm ki, ingilis dili və ya tərcüməçilik fakültəsində oxuyan tələbə ingilis dilində bir kitab oxumadan belə o diplomu alır. Yəni orada, o sahədə - nəzəriyyə məsələsi sahəsində də vəziyyət bəllidir. Üstəgəl onların bir qismi, böyük əksəriyyəti xaricdə oxumağa gedir, bir qismi biznes tərcüməçiliyi ilə məşğul olur. Yəni o ədəbiyyat sevgisi ilə gələn adamlar ki, "mən dünya ədəbiyyatını çox gözəl şəkildə tərcümə edib gətirəcəyəm ərsəyə" - deyib gəlirlər tərcüməyə, bu çox tək-tük hallarda ola bilər. Yəni tədris də nəzəri cəhətdən belədir. Bununla da praktika arasında çox böyük boşluq var. Bu gün ədəbi qurumların çoxunda, istər Tərcümə Mərkəzində, istər Yazıçılar Birliyində, ya hansısa universitetdə və ya saytlarda tez-tez tərcümə müzakirələri gedir. Amma hər dəfə də eyni adamlar elə eyni problemləri sayır. Demək olar ki, eyni adamlar eyni problemlərdən danışırlar. Eyni problem: Birinci dil məsələsi, ikinci dil məsələsi, tərcümədəki özbaşınalıqlar - filan... Amma bunun həlli üçün, məsələn, nələr etmək olar, bu gün müzakirədə də yəqin ki, buna toxunacağıq. Çox arzu edirəm ki, nəticəli bir müzakirə olsun, professional tərcüməçilər dəvət olunub buraya, yəni inandığımız adamları dəvət ediblər ki, bir çıxış yolu tapılsın. Yəni təkcə eyibləri göstərmək üçün yox, eyiblər - ən azından tərcümələrdən götürdüyüm, hətta əfsanəviləşdirdiyimiz tərcüməçilərdən götürdüyüm eybəcər tərcümə nümunələridir ki, bunları saymaq asandır. Amma inkişafın və tərcümə intibahımızın yolunu bu mütəxəssislər nədə görür? Hansı addımlar atılsa, nələr eləmək olar? O müzakirələrdə, məsələn, Tərcümə Mərkəzinin tərcümə söhbətlərindən, müzakirələrindən sonra hansı nəzəri qanunlar toplusu ərsəyə gəlib? Bayaq İlqar müəllim dedi ki, mən oranı təmsil eləmirəm, tərcüməçi kimi gəlmişəm. Amma biz çox arzu edərdik ki, Tərcümə Mərkəzini təmsil eləyən, yəni təmsil eləyən o mənada ki, bizim suallarımıza cavab verə biləcək, yaxşı mənada məsul bir adam olardı ki, tutaq ki, o Tərcümə Mərkəzinin nəşrləri ilə bağlı olan problemləri kimə səsləndirmək məsələsi var. Biz bunu mətbuatda yaza bilərik, özümüzə danışa bilərik, amma hər halda, haradasa bütün sahələrdə məsul, istər Yazıçılar Birliyi olsun, istər Akademiya olsun, mənə elə gəlir ki, məsul biri mütləq olmalıdır. İttiham mənasında yox, istinad mənasında…

İlqar Əlfi: - - Başa düşürəm.

İradə Musayeva: - Məsələn, Tərcümə Mərkəzində bu son vaxtlarda on Kolumbiya şairinin tərcüməsini Əlisəmid Kür tərcümə edib. Yaxşı da tərcümə edib, məncə. Bir oxucu kimi deyirəm. Amma kitabın ön sözü... Orada yazılıb proloq, sonra ön söz. Ön söz nədir, proloq nədir?

İlqar Əlfi: - Ön söz ön sözdür, proloq proloqdur.

İradə Musayeva: - Ayrı-ayrı şeylərdir.

İlqar Əlfi: - Əlbəttə.

İradə Musayeva: - Amma oradakı mətnin mahiyyəti eyni şeyi deyir.

İlqar Əlfi: - - Ola bilər. Üzr istəyirəm, proloq əsərin girişidir.

İradə Musayeva: - Mətnin girişi tamam başqa bir şeydir. Mətnin girişi ekspozisiyadır.

İlqar Əlfi: - Ön sözü başqa adam da yaza bilər, müəllif özü də yaza bilər.

İradə Musayeva: - O ön sözün tərcüməsində də hətta çoxlu qüsurlu ifadələr var. Məsələn, mən birini burada yazmışam: "Kolumbiya poeziyasına xəyal əhval-ruhiyyəsi bəxş etdi". Xəyal əhval-ruhiyyəsi necə olur?

İlqar Əlfi: - Mənasız cümlədir.

İradə Musayeva: - Bəli, belə şeylər çoxdur bu nəşrlərdə, düzdür?

İlqar Əlfi: - Ola bilər. Oxumamışam mən, bir söz deyə bilmirəm.

İradə Musayeva: - Yəni nə mənada deyirəm. Deyirəm ki, biz tutaq ki, indi bu özfəaliyyət tərcüməçilərini qoyuruq kənara. Ən ciddi bir nəşrdə də belə şeylər çox sıx-sıx qarşımıza çıxırsa, deməli, tərcümə tənqidçiliyində belə bir şey olmalıdır ki, bunları izləsin, bunları mütəmadi olaraq təhlilə cəlb eləsin. Nəcib Məhzunla Kamyu eyni intonasiya ilə tərcümə olunursa, deməli, yenə tərcümə problemi həll edilməyib…

İlqar Əlfi: - Sizə məsələnin canını deyim?

İradə Musayeva: - Deyin.

İlqar Əlfi: - Məsələnin canı bundadır ki, bizdə redaktor institutu yoxdur. "Redaktoram" deyə bilən adam yoxdur. 20 ildir redaktə edirəm, amma redaktor deyiləm. Heç bundan sonra da ola bilmərəm. Tərcüməçi istər-istəməz tərcümə elədyi mətnin təsiri altında olur. O redaktor deyil, o tərcüməçidir.

Elnarə Akimova: - Niyə hər şeyi redaktorun boynuna atırıq?

İlqar Əlfi: - Mütləq! Redaktorun boynuna atılmalıdır.

Elnarə Akimova: - Axı niyə tərcüməçi redaktora arxayın olub öz mətninə məsuliyyətlə yanaşmamalıdır?

İlqar Əlfi: - - Məsuliyyətlə yanaşmalıdır.

Elnarə Akimova: - Məsələn, mən bu yaxınlarda Etimad Başkeçidin müsahibəsində bir məqamı oxudum. Deyir, mən bir əsəri tərcümə eləmişdim və atmışdım bir kənara. Bir aydan sonra yenidən ona qayıtdım və gördüm ki, zay bir gündədir, mən bunu bu şəkildə çıxarda bilmərəm ortaya.

İlqar Əlfi: - Bəli.

Elnarə Akimova: - Dediyim budur ki, bir insanın, bir tərcüməçinin içində bir etalon, bir meyar olmalıdır.

İlqar Əlfi: - Tərcüməçi 3 aydan sonra eyni əsəri götürsə, redaktə eləsə, məsələn, mənim etdiyim tərcümə Saramanqo çıxıb "Dünya ədəbiyyatı"nda, hamı da bəyənib guya. Mən indi oxuyuram, dəhşətə gəlirəm özüm. Bəli, özüm dəhşətə gəlirəm, çünki mən onda tərcüməçi idim, redaktor deyildim. Onu redaktor tutmalı idi. Ki, a bala, bu adam dilində deyil, bunu niyə yazmısan?

İradə Musayeva: - İndi redaktor kimi baxırsınız.

İlqar Əlfi: - İndi götürürəm oxucu kimi baxıram görürəm ki, narahat edir adamı, görürəm ki, ləzzət eləmir də.

İradə Musayeva: - Deməli, problemlərdən biri redaktor problemidir.

İlqar Əlfi: - Bəli.

Elnarə Akimova: - Əsərlə birbaşa kontakta siz girirsiz axı. Redaktorluq tərcüməçidən sonrakı məsuliyyətdir. Təbii ki, tərcümə əsərinin redaktoru həm orijinal, həm də tərcümə dilini və tərcümə texnikasını tərcüməçidən də yaxşı bilməlidir. Bu sahədə mütəxəssis tapmağın çətinliyi də məlumdur. Çünki çox vaxt mütəxəssis işinin maddi cəhətdən lazımi səviyyədə dəyərləndirilmədiyi üçün yaxşı redaktə etməyin marağında olmur. Çox vaxt nəşriyyatlar redaktorun adını elə-belə qeyd edirlər - gözdən pərdə asmaq üçün. Yaxud bəzən tərcümə əsərlərinin redaktoru sadəcə korrektə ilə işini bitmiş sayır. Bu mənada, tərcüməni yalnız redaktorların vicdanına buraxmaq olmaz. Çünki əsərin tərcüməçisi kimi yazılan şəxsin məsuliyyəti ayrıdı.

İradə Musayeva: - İlqar müəllim problem kimi birinci tərcümə tənqidçiliyi, ikinci redaktor problemini qabartdı. Yəni ən azından bu iki sahənin mütəxəssisinin real, obyektiv və məsuliyyətli fəaliyyəti və mövcud olması, simvolik yox, doğrudan bu işin içində olması zəruridir, demək... "Redaktor" anlayışı o qədər saxtalaşıb ki bizdə... Bir də görürsən, kitab nəşriyyata gedəndə kimsə kiməsə zəng edir ki, filankəs, istəyirəm sənin adını redaktor kimi kitabıma yazım, nə deyirsən? O da kitabın üzünü görmədən, məsuliyyətsizcəsinə deyir ki, "yaz, yaz, kitab çıxanda birini də mənə göndər". Bəzən heç kitabın adını da soruşmurlar...

Elnarə Akimova: - Biz nə qədər qəbul etməsək də, bu cür ciddi işləri yalnız redaktorların vicdanına buraxmaq olmaz - mütəxəssis stimul olmadan, əməyinin dəyərini yetərincə almadan ondan mükəmməl iş də gözləmək olmur. Üstəlik, siz deyən kimi, nəşriyyatlar üçün tərcümə əsərlərinin keyfiyyətindən daha çox, kəmiyyəti maraqlıdır - kommersiya maraqları ədəbiyyatın maraqlarını üstələyir. Odur ki, onlar bu işlərə çox da ciddi yanaşmırlar.

Azər Turan: - Məsələ tərcüməçilikdən də, redaktorluqdan da, korrektorluqdan da daha ciddi bir mahiyyətdədir. Bu məsələdə daha önəmli olan tərcüməçinin elmi şəxsiyyətidir. Bilirsiniz ki, Əli bəy Hüseynzadə dünya poeziyasından, məsələn, yunancadan "Zəncirlənmiş Prometey"i, ingiliscədən "İtirilmiş cənnət"i və s. türkcəyə çevirib. Eyni zamanda Türkiyənin o zamankı Tərcümə Mərkəzi Adam Smitin dünya çapında mühüm iqtisadi əsərini, dünya iqtisadiyyatının idarə olunmasına güclü təsir göstərmiş "Sərvəti-miləl"in tərcüməsini də Hüseynzadəyə tapşırıb. Yeri gəlmişkən, bir dəfə mən İstanbulda Feyzavər xanımın evində Əli bəyin istifadə etdiyi müxtəlif lüğətlərdəki qeydləri görüb heyrətləndim. Almanca-fransızca lüğətin hər iki səmtində həm almancasında, həm də fransızcada düzəlişlər və redaktələr etmişdi...

Vilayət Hacıyev: - Mən redaktorun olmasını, özü də çox ciddi ampulada olmasını vacib sayıram. Gəlin prosesin özünü bir qədər təsəvvür eləyək. Xarici dildir - biz orada oxuyuruq cümləni. Tərcüməçinin əsas məqsədi ilk dəfə fikri tutmaqdır. Lap birinci fikri tutmaqdır ki, burada nə demək istəyib. Və fikri tutandan sonra onu ifadə vasitəsinə növbə gəlir, bunu necə ifadə eləyib, söz seçimidir və s. İndi təsəvvür eləyin ki, Markesdən və ya başqasından, Hessedən hər hansı bir cümləni tərcümə eləmək üçün tərcüməçi onu 10 dəfə, 15 dəfə oxumalı olur. Və istər-istəməz o fikir öz ana dilində onda öz-özünə doğmalaşır. Bu elə bilir ki, bu fikri başa düşübsə, onu düz də ifadə eləyir.

İlqar Əlfi: - Ay sağ ol! Ürəyimdən xəbər verirsiniz...

Vilayət Hacıyev: - Mən bir dəfə də demişəm, tərcüməçi bir cümləni on dəfə oxuya bilər, burada problem yoxdur. Əsas odur ki, elə çatdırmalıdır ki, oxucu bircə dəfə oxusun, təzədən bir də qayıdıb oxumasın. Ən böyük problem buradadır. Redaktor neyləyə bilər? Redaktor tərcüməçinin əvəzinə tərcümə eləməməlidir. Ancaq elə məsələlər var ki, doğrudan da, orada redaktor lazımdır. Çünki hər bir tərcümə olunmuş mətn tərcüməçinin özünə o qədər doğmalaşır ki, o elə bilir ki, düzdür. Ən azı onun beynində o fikir formalaşıb. Onu bir yad adam, yəni bu hadisələrdən, prosesdən uzaq olan adam oxuyanda o dəqiqə başa düşür ki, bu düz eləməyib. Məsələn. Günel Mövlud - "Yüz ilin tənhalığı". Tərcüməçi işi normaldır. Amma orada belə bir cümlə var ki, "onu vəhşi heyvanların ağzından qurtardım". Redaktor o dəqiqə bilərdi ki, burada ağızdan söhbət getmir, "cəngindən" demək istəyir. Adi bir şeydir ha. Yaxşı redaktor olsaydı, deməliydi ki, ay əzizim, Günel xanım, Azərbaycan dilində heç vaxt deyilmir ki, "vəhşi heyvanın ağzından qurtardım". Olmalıdır "cəngindən qurtardım".

İlqar Əlfi: - Bəli. Amma tərcüməçi işi normaldır.

İradə Musayeva: - Doğrudur. Günel Mövludun "Yüz illik tənhalıq" əsərini tərcüməsi ilə bağlı mən də bir məqaləmdə yazmışam. O, Markesi anlayaraq tərcümə edib. Özü də elə çətin bir əsərini...

Vilayət Hacıyev: - Sonra. Məsələn, haqqında xoş söz dediyim Kifayətin tərcüməsini götürək. "Demyan"da belə bir şey var ki, qapının ağzında gerb var, bu gerbdə qırğı təsvir olunub. Əzizim, heç vaxt Azərbaycan dilində "qırğı" demirlər, orada qartaldan gedir söhbət. Yəni bu sırf redaktor işidir. Tərcüməçi bunu başa düşməyə bilər. Çünki o proses elədir ki, inanın, mən təsəvvür eləmirəm ki, orada nəyisə bir-birindən ayırmaq ola. Doğrudan, çətin olur. Amma bunu redaktor o dəqiqə tapa bilərdi. Daha sonra. Elə fikirlər var ki, onları ifadə eləmək, azərbaycanlaşdırmaq üçün mütləq redaktor lazımdır. Azərbaycan dilini gözəl bilən adam lazımdır.

Elnarə Akimova: - Vilayət müəllim, belə çıxır ki, tərcümənin bu gün sintaktik konstruksiya problemi var daha çox.

Vilayət Hacıyev: - Əlbəttə, var

İradə Musayeva: - Vilayət müəllim, indi ki yeri düşdü, bir söz deyim. Mən oxucu kimi deyirəm, doğrudan da, Remarkın "Zəfər tağı" əsərini çox gözəl tərcümə eləmisiniz. Belə tərcümələri oxuyanda doğrudan adam qürur hissi keçirir. Çox zövqlə oxudum və əsər haqqında məqalə yazmışam, Ümumiyyətlə, Remark və remarkizm haqqında. "Ədəbiyat qəzeti" üçün, böyük, ikihissəli məqalədir. 16-17 səhifə. "Remark və remarkizm". Yox, sizlə bağlı deyil, yəni, tərcümə məsələsi təhlil edilmir. Edilsə də yalnız minnətdarlıq hissi ilə nəsə yazıla bilər... Mən oxuyanda həmişə qeydlər götürürəm, indi yeri gəldi deyirəm. İcazə versəniz, bəzi qeyri-dəqiq hesab etdiyim məqamları birlikdə açardıq. Çünki bu ortam bir də çətin yarana, bu müzakirə tarixi bir fürsətdir məncə...

Vilayət Hacıyev: - Buyurun, buyurun! Xoş olar mənimçün.

İradə Musayeva: - Yəni redaktor olsa, sizin bu cümlələrə necə baxar. Çox az qüsurlar var.

Vilayət Hacıyev: - Çox maraqlıdır ki, üç dəfə çap olunub, üçündə də hamı eyni şəkildə verib. Bir adam onu oxuyub bitirmir. Qüsurları demir, amma mənim üçün vacib və maraqlıdır, həqiqətən...

İradə Musayeva: - Baxın, məsələn, belə bir cümlə var: "Veberin qəbul otağı ağzına kimi qədimi, qızıl haşiyəli, kövrək mebellə dolu idi".

Vilayət Hacıyev: - "Kövrək" gülüncdür, gülünc...

İradə Musayeva: - Görürsünüz, indi redaktor olsaydınız, durub deyərdiniz. Yəni bu ifadənin yalnışlığını daha tez tapardınız.

Vilayət Hacıyev: - Mən "kövrək" deyəndə nəyi nəzərdə tutmuşam, yəni "zərif".

İradə Musayeva: - Sonra belə bir cümlə var: "Hələ yox, beyninin harasısa hələ oyaqdır, həm oyaq, həm də buz kimi". Daha sonra deyir ki, "xəstələr həkimə böyük qonorar verirdi".

Vilayət Hacıyev: - Bunlar ikisi də normaldır.

İradə Musayeva: - Qonorar. Biz deyirik ki, həkim xəstədən pul alır. Qonorar burada, məncə, düzgün deyil.

Vilayət Hacıyev: - Düzdür, düzdür. Orada qonorar görülən işə görə haqdır.

İlqar Əlfi: - Bizim mənamızdakı kimi yazıya görə deyil. Futbol oynamağa görə də qonorar ala bilərsən.

İradə Musayeva: - Bu çox qəribə gəldi. Məsələn, biz mühəndisə haqq vermək istəyəndə, şəxsi işimizlə bağlı - deyə bilərik ki, mühəndisə qonorar verdim? Adətən deyirik ki, haqqın verdim, pulunu verdim. Dövlətin yox, şəxslərin verdiyi haqq - qonorar ola bilər? Yenə deyirəm, mənə oxu prosesində qəribə gəldi və həyatda heç vaxt eşitmədiyim sözdür, yəni həkim-xəstə münasibətindəki pul məqamında.... İnanmıram bizlərdən, elə burdakılardan kimsə desin ki, "gedim həkimin qonorarını verim gəlim". Desə də istehzalı, kinayəli kimi görünəcək. Hər halda, Azərbaycan danışıq dili, məişət dili mənzərəsi, hətta ədəbi dilimiz də, məncə, bunu qəbul etməyib hələ... Sonra, daha bir cümlə: "Gülümsəyərək süni buxarının yanındakı divanda oturdu".

Vilayət Hacıyev: - Yəni qondarma, maketidir, özü deyil. Hə, tapmaq lazımdır o sözü.

İradə Musayeva: - Amma düzgün deyil də "süni buxarı".

Vilayət Hacıyev: - Mənim indi özümə də gülünc gəlir. Düzdür.

İradə Musayeva: - Çoxdur burada. "O qız Ravik üçün tilsiməbənzər bir şey idi". Yəni oxucu qayıdır da bunun üstünə. Təxəyyül həzm eləmir, havadan asılı qalır. Belə istisnalar o cür mükəmməl tərcümə mətnində yad görünür.

İlqar Əlfi: - Bunlar sırf redaktorluqdur, tərcüməçilik deyil.

İradə Musayeva: - Yəni belə şeylər burada var. Oxucu mətnlə üz-üzə qalanda redaktor, yoxsa tərcüməçi? - dilemması haqda düşünmür, onu zövq və təsir maraqlandırır…

İlqar Əlfi: - İradə xanım, o qeydlərinizdə mənim tərcümələrimdən də bir şey var?

İradə Musayeva: - Var, hamınızdan götürmüşəm, Zahid Sarıtorpaqdan da götürmüşəm, Coysu tərcüməsindən. "Uliss"dən… Təəssüf ki gələ bilmədi bu gün müzakirəyə, amma imkan eləyib onun da tərcüməsinə toxunacam…

Elnarə Akimova: - Seyfəddin müəllimə söz verək. Seyfəddin müəllim, bir neçə il əvvəl siz "oxu zalı"nda silsilə yazılarla çıxış etdiniz. O yazıların bir effekti oldumu, sizcə? Bu günün prizmasından Seyfəddin Hüseynli yenidən tərcümə problemləri ilə bağlı məqalə yazmağa çalışsa, yenə həmin boşluqlar qalırmı?

Seyfəddin Hüseynli: Effekt oldu. Birinci ona görə oldu ki, mən oradan yaxşı qonorar aldım. Həqiqətən də.

İlqar Əlfi: - Ən böyük effekt...

Seyfəddin Hüseynli: - Və o məsələ gündəmə gəldi, ən azı ictimai müzakirəyə çıxdı. Sonra bir çox debatlar təşkil olundu, müzakirələr keçirildi, istər radionun özündə, istər başqa media qurumlarında, İradə xanım yazılar yazdı, elə bil ki, həqiqətən, müəyyən bir pəncərə açıldı, o pəncərədən biz baxdıq gördük ki, artıq xeyli fəallaşmış tərcümə industriyasında bizim nə qədər çatışmazlıqlarımız var. Amma çox təəssüf ki, bu çatışmazlıqlarla bağlı biz əsasən elə həmin nöqtədə qalmışıq. Əsasən bunu dil problemi ilə əlaqələndiririk. Amma bu dil problemində məncə, biz 4-5 il əvvəldən artıq o məsələ ki, gəldi gündəmə, müzakirə olundu, onda başa düşdük səbəblər nədir, yəni bütün bu məsələlərə orada toxunulmuşdu. Ondan sonra da toxunuldu başqa-başqa müəlliflər tərəfindən ki, bu dil qüsurlarının oxucuya qədər gəlib çıxması əslində bu industriyanın bütün digər sahələrində təkərcik və vintciklərin düz işləməməyindəndir. Yəni bu nədir. Birincisi, bizdə təxminən deyək, bəzi eksperimentləri çıxaq, amma sistemli bu işə başladığımız Abbas Səhhət dövründən bəri bu məsələdə ki, entuziazm rol oynayırdı, o entuziazm o vaxt yəni qonorarsız, filansız nəyin hesabına, hansı mənəvi gücün hesabına o kişilər o işi görürdülər, bu heyrətamiz bir şey idi. O mərhələ getdi. Sonra sovet dövründə ki, bu məsələ, belə deyək də, məktəb filan yaranmadısa da, ən azı bir entuziazma ehtiyac yox idi, çünki sifarişlər verilirdi, çox da yaxşı qonorarlar verilirdi, bir çox yazıçılar hətta ifadə eləyə bilmədikləri mətləbləri orada tapırdılar, o cür ifadə edirdilər. Beləcə müəyyən bir enerjinin xərclənməsi və bir çox bədii əsərlərin Azərbaycan dilinə qazandırılması prosesi baş verdi. Amma sonra 90-cı illərdə o mənəvi ehtiyacdanmı, filanmı görülən təzədən şövqlə görülən işlər vardı, bir müddət keçəndən sonra çevrildi sözün mənfi mənasında özfəaliyyətə. Məsələ özfəaliyyətə döndü və burada sistem anlayışı meydana gəlmədi. Niyə gəlmədi? Çünki bayaq dediyim kimi, bu istər qurum halında özfəaliyyətə çevrilmişdi, nəşriyyatdan alınmışdı, istər ayrı-ayrı tərcüməçilər halında. Və çox təəssüf ki, bizim oxucu da özfəaliyyətə meylli oxucudur. Yəni birplanlı, müəyyən bir məsləhətlər əsasında ki, biz indi görürük tez-tez kitab siyahıları, roman siyahıları verilir, nə oxuyaq. Əvvəl 90-cı illərdə sifariş edirdin kaset, mahnılar siyahısı olurdu ki, bunları mənimçün yığ. İndi təzə-təzə bizdə roman məsələsində mütaliədə bu sistem gəlir öz yerinə oturur. Amma oxucumuz da keyfiyyətli məhsul istəmədi. Məsələ bundadır. Ələ nə düşdü, kasıbın olanından oxundu. Və burada qəribə bir konveyer üsuluna keçid yarandı. O nəşriyyatlar ki, sağ olsunlar xeyli əsərlər bizə qazandırdılar, amma orada müəyyən bir mərhələdən sonra filtrasiya olmalı idi, bir çox tərcümələr süzgəcdən keçirilməli idi, ən azı ədalətli qonorar sistemi qurulmalı idi. Hələ bir çox yerlərdə redaksiya şurası yaradılmayıb. Nəinki hökumət qurumlarında, hətta özəl nəşriyyatlar da heç olmasa öz prestiji üçün, müəyyən işlərinə xeyir-dua almaq üçün, ictimai rəyi öz xeyrinə dəyişmək üçün o redaksiya şuralarını yaratmalı idi, orada bir neçə sanballı və heç olmasa bizim reallıqda aşağı əmək haqqı ilə o işləri, o nəzarət mexanizmini həyata keçirən insanlar oturdulmalı idi. Bu olmadı. Bu olmayanda nə gəldi axırda oxucunun əlinə? Bizim bu gün belə deyək də "pinsetlə" axtarıb nələrsə tapmağımız hələ də davam edir, ona görə ki, bizim real gördüyümüz budur. Biz nəşriyyatların bu işi necə qurduğuna gedib baxa bilmirik. Bizi oraya ya buraxmırlar, ya da biz marağında deyilik. Bir çox hallarda qərəzli görünməkdən qorxuruq. Nəticədə nə var əldə? Əldə var İradə xanımın əlindəki o nöqsanlar ki, biz bu gün Azərbaycanda almandilli ədəbiyyatdan kitabxana yaratmış bir kişini məcburuq yenə kimlərinsə günahı ucbatından, bu sənayenin düzgün qurulmaması ucbatından suçlamağa. Mən belə deyim də, Türkiyədə almandilli ədəbiyyatda Ahmet Cemaldı, burada bu kişidir. Bizsə bunu bir cümləyə görə çəkirik məhşər ayağına.

İradə Musayeva: - Allah eləməsin, qətiyyən...

Seyfəddin Hüseynli: - Yox, ola bilsin mən də olsam, eləyərəm onu. Bilirsiniz, bu tərcümə tənqidinin dil ilə bağlı xüsusi bir yeridir. Hələ orada ilişmişik, günah da heç kəsdə deyil. Tərcümə, Rüstəm müəllim, elm ola bilmir. Amma tərcümənin prinsipləri ki, var, biz o prinsipləri də yeri gələndə ümumi panoram halında görmürük, onları işimizdə əvvəldən tətbiq eləmirik. Bütün məsələlər gəlib çıxır artıq konyunkturlaşmış, demaqoqlaşmış ana dilimizin namusunu çəkmək məsələsinə. Bir dənə qalır bizim son sığınacaq yerimiz ki, ana dilimiz əldən gedir. Amma məsələ nədir? Məsələ odur ki, tərcümə olunanları artıq müəyyən baxışdan keçirməliyik, kimlər tərcümə olunmalıdır.

İradə Musayeva: - Doğrudan, qəribədir. Tərcümə sırf dil məsələsidir, dildən danışanda ki, filan tərcümənin dilində filan cümlə, filan ifadə, filan fikir düz işlədilməyib, hətta bütün kitab zay tərcümə nümunəsidir, belə iradla rastlaşmalı oluruq. Yəni, sanki "dil sonranın söhbətidir!" - anlamında. Məncə, əksinə, dillə başlanır bütün tərcümə söhbətləri… Siz maddi dəstək, yaxşı redaktor, əla tərtibat və reklam və s. - hər şeyi qazana bilərsiniz, bu təmtəraqlı, gözəl dizaynlı kitabı açıb onun mahiyyətinə üz tutanda diksinib çəkiləcəksinizsə, bayaqdan saydıqlarım əridi getdi… Bütün tərcümələrdə mahiyyət dildədir, dillə başlanıb dillə də bitir. Vilayət Hacıyev kimi mükəmməl tərcüməçiləri, gördüyümüz kimi, bircə sözün, bircə sətirin qeyri-dəqiq tərcüməsi də narahat edir və bu iradı deyən olanda təşəkkür edir, qəzəblənmir. Çünki işin, ümumi ədəbiyyat, tərcümə işinin xeyrinədir, bu qarşılıqlı anlaşma mədəniyyəti...

Elnarə Akimova: - Bəlkə biz kimlər tərcümə olunmalıdır məsələsinə də nəzər yetirək? Oxucuya, Azərbaycan oxucusuna kimi ötürək, məsələn?

Seyfəddin Hüseynli: - Üzr istəyirəm. Bəlkə dünya ədəbiyyatını regionlar üzrə bölək. Bir diferensiallaşma getsin orada.

Rüstəm Kamal: - Bəlkə heç bizə, məsələn, Kafka lazım deyil, bizim mədəniyyətimiz üçün. Ola bilsin. Məsələn, mən düşünürəm də belə. Yəni mədəniyyətin dövriyyəsi üçün, milli mədəniyyətin formalaşması üçün ola bilsin ki, Kafka çox önəmli deyil, məsələn, Çin poeziyasından tərcümələr, məsələn deyirəm, daha təsirli ola bilər. Orta əsrlərdə Qurani-Kərim tərcümə olundu, Uzun Həsən dövründə. Hətta Dədə Qorquda da yansıdı, onun mətninə yansıdı, içinə girdi. Böyük bir mədəniyyət yaratdı. Yəni bir dənə sakral mətnin tərcüməsi nə yaratdı.

İradə Musayeva: - Martin Lüterin "Bibliya"nı tərcüməsi XVI əsrdə, bütün alman cəmiyyətinin dilində və dünyagörüşündə çevriliş etdi. Sonra bu oyanış qığılcımları Avropaya yayıldı. Deməli, tərcümə təkcə dil və ədəbiyyat məsələsi, hadisəsi deyil, həm də ictimai-siyasi, sosial hərəkətlilikdir...

Rüstəm Kamal: - Bəli, həm də ideoloji məsələdir...

Seyfəddin Hüseynli: - Üzr istəyirəm, Rüstəm müəllim. Olar mən davam edim? Fikirlərimi deyim. Çıxış yolundan söhbət getdi. Bilirsiniz, dünyanı bəlkə dillər üzrə qruplaşdırmalıyıq. Tutaq ki, Latın Amerikası ədəbiyyatı, ispandilli ədəbiyyat bir qruplaşdırılıb tərcümə olunmalıdır, sistemli şəkildə, ingilisdilli ədəbiyyat, Şərq dilləri, yapon, bizim özümüzə yaxın olan bu ərəb-fars dilləri mühiti tərcümə olunmalıdır. Yaxud deyək ki, skandinav ədəbiyyatı. Bəlkə belə yanaşaq. Rüstəm müəllim deyən məsələ mənə belə gəlir ki, bir az ideoloji yanaşmadır. Yəni ki, artıq bəsdir bu Kafka həzinliyi, hüznlüyü - filanı. Dünyada bu başda böyük ədəbiyyat yaranıb, qulağımızın dibində. Rəhmətlik Arif Abdullazadə demiş, bu boyda XX əsr yanımızdan ötdü getdi, xəbərimiz olmadı. Mən bir detallaşdırım bunu. Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzi - biz "Dünya ədəbiyyatı" jurnalının yenidən nəşrinə başlayanda fikirləşdik ki, imkan olan qədər bir ölkənin ədəbiyyatı halında ki, bunu dünyada aparıcı elədilər jurnallar, məsələn, böyrümüzdəki "İnastranka" bunu eləyir, dünya ölkələrinin ədəbiyyatını ayrı-ayrı buraxılışlar halında verək ki, qoy mənzərəni bütöv görmək olsun. Ən azı bir 60 faiz görmək olsun.

Elnarə Akimova: - Bəli, mən xatırlayıram, "Kitabçı" jurnalında "Serbiya xüsusi əlavəsi" hazırlanıb təqdim olunmuşdu. Ən azı, çağdaş Azərbaycan oxucusuna müasir Serbiya ədəbiyyatı ilə bağlı zəngin məlumat ötürülürdü.

Seyfəddin Hüseynli: - Təxminən elə bir şeyi biz "Dünya ədəbiyyatı"nda eləyirik. Artıq Rusiya sayı çıxıb, birinci Ukrayna sayı çıxmışdı. Yəni biz böyük həcmdə üç yüz neçə səhifəlik jurnal buraxırıq, tam halda bir ölkədən verə bilmirik. Həm də bir balaca, bilirsiniz, material sarıdan da müəyyən sıxıntılar olur. Amma son nömrəmiz oldu, bu yaxınlarda işıq üzü gördü - İran ədəbiyyatı. İndi öyünmək kimi çıxmasın, bir məsələni deyim ki, sırf orijinaldan tərcümə olunmuş və özünü fars ədəbiyyatı, farsdilli yazıçı kimi identifikasiya edən müəlliflərdir. İstisnasız olaraq. Və bu 80 ilin fars ədəbiyyatıdır. Bu nəyə hesablanıb? Yəni bizim özümüzün iş prosesinə nə verdi? Bizim hörmətli şərqşünasımız Məsiağa müəllim, mərkəzin sədri Səlim Babullaoğlu və mən bir qrup halında müəyyən axtarışa çıxandan sonra məlum oldu ki, Azərbaycanda bir 5 nəfər fars dilini və ana dilini çox gözəl şəkildə və rahat kommunikasiya qura biləcək şəkildə, yazılı kommunikasiyadan gedir söhbət, bilir. Belə tərcüməçilərimiz var. Yaşca kiçiyinin 22 yaşı var və nisbətən yaşlı nəsil Ağabala müəllim var, Məsiağa müəllim var. Bunlar üzə çıxdı.

Elnarə Akimova: - Bunlar mütərəqqi işlərdir təbii, dəstəkləmək və davam etdirmək lazımdı.

Seyfəddin Hüseynli: - Yəni elementar bir cəhddə tərcümə işinin nə qədər müsbət tərəfləri ortaya çıxdı. Və onlara şükürlər olsun ki, bizim öz büdcəmizin imkanı ilə, belə deyək də, bir balaca sirr deyim, bir ədəbiyyat həvəskarının ianəsi ilə bizim mühit üçün normal da qonorar verdik. Nəticədə nə oldu? Hamı qazandı. Üzr istəyirəm bu işi dediyim üçün. Bilirəm ki, bizim mühitdə belə informasiyalar yayılmır. Biz jurnalları da çətinliklə satırıq, oxucu toplamaq filan da və s. Bu iş görüldü.

Vilayət Hacıyev: - Nə vaxt çıxıb?

Seyfəddin Hüseynli: - Bu jurnal artıq il yarımdır çıxıb və fars ədəbiyyatı sayı 15-20 gün bundan qabaq çıxıb. Bilirsiniz, mən tərcümə tənqidi ilə məşğul olmuşam epizodik halda, amma artıq tərcümə işinin funksioneriyəm. Ona görə məcbur oldum öz işimdən danışam və əyani şəkildə göstərəm ki, sadəcə ümumi bir düz xətt, ana xətt götürüləndə heç olmasa nisbi düzlüklə götürüləndə onun ətrafında çoxlu şaxələr də o səmtə yönəlir, nəticədə tərcümə işi bütöv bir sistem halında bir çırpınışla irəli gedir. Amma o mətnlərin içərisindən götürüb, bəli, ümumi mənim redaktəmdən keçib bütün mətnlər, müəlliflərlə, orijinalla, tutuşdurmaqla filan, biz bunları eləmişik. Amma əlbəttə ki, oradakı mübahisəli məsələlər, müəyyən ifadələr, cümlə tipləri, orijinala necə yanaşılıb, sərbəstmi yanaşılıb, fikirmi əsas götürülüb, ana dilimizmi əsas götürülüb, orijinalmı əsas götürülüb - bunları biz o məqamda dartışmalıyıq ki, biz bu məsələdə böyük bir yol qət eləmiş olaq. Amma biz hələ də başlayan kimi yerimizdə eyni şeyləri təkrarlayırıq. Üzr istəyirəm, bir az uzun danışdım.

Elnarə Akimova: - Rüstəm müəllim, Seyfəddin müəllim sovet dövrünün tərcümə nəşrlərinə toxundu. Sizcə, birmənalı şəkildə sovet dövründə tərcümə olunanların yenidən tərcümə olunmasına ehtiyac var? Ən azı, mənə elə gəlir ki, ortada dil faktoru var.

Rüstəm Kamal: - Mən sualınıza o saat bir replika ilə cavab vermək istəyirəm ki, heç bir tərcümə müqəddəs deyil. Bir dəfə tərcümə olunmuş mətn artıq müqəddəs mətn deyil. O yenidən hər vaxt tərcüməyə gələ bilər.

Elnarə Akimova: - Yox, qutsal olmaması öz yerində, amma əgər bir əsər uğurlu tərcümə olunubsa, onu təkrar-təkrar tərcüməyə ehtiyac varmı? Axı elə əsərlər var ki, doğrudan da, öz tərcüməsini gözləyir. Tutaq ki, ədəbiyyata daxil olmaq üçün "Faust" vacibdir. Uğurlu bir tərcüməsi varmı ortada?

Vilayət Hacıyev: - Var.

Elnarə Akimova: - Kimdir? Əhməd Cəmil?

Vilayət Hacıyev: - Bəli.

Elnarə Akimova: - Amma o sovet dövrü tərcüməsidir. Bəs deyirsiz, o dövrün nəşrləri təkrar tərcümə olunmalıdır?

Azər Turan: - "Faust"un tərcüməsi ilə bağlı bir məqama toxunum. Höte Azərbaycan türkcəsində şərqanə ahənglə belə danışmağa başlayırdı: "Eyvah ki, dünyaları fikrim dolaşırkən, /Təqibə nə at var, nə qanad var, nə də yelkən./ /Sərbəst uçuşub fövqü çəmənzarda quşlar, /Əlhan ilə ihtar qılarlarsa baharı". 1932-ci ildə Əli bəyin tərcüməsində nəşr olunan kitab Hötenin Türkiyədə çıxan ilk kitabıydı. Və dilinin ağırlığına görə qınanan tərcüməni Əbdülhəq Hamid yüksək dəyərləndirirdi: "Əsli nəfis olan bu əsərin tərcüməsi də ənfəs olmuş". Müqayisə həqiqətləri aydınlaşdırmaq üçün bəs edər. Əhməd Cəmilin tərcüməsində Mefistofel Allah haqqında: "Hərdən xoşum gəlir lap bu qocadan, /Onunla aranı vurmamaq şərtdir. /Şeytanın özüylə belə mehriban/ Danışmaq, özü də bir kəramətdir". Əli bəy Hüseynzadənin tərcüməsində Mefistofel Rəbbi-aləm haqqında: "Bəzən də ziyarət xoş olur Zati-qədimi; / Heç istəməm etmək Ona izhari-ədavət./Bunca əzəmət, heyrətə şayəstə deyilmi! /Şeytana belə göstəriyor rıfkı-nəzakət!.." ... Professor Nəzakət xanım Ağazadənin belə fikirləri vardı: "Əli bəy Hüseynzadənin əruz vəznində "Faust"dan etdiyi tərcümə əvəzedilməzdir. Əgər bu gün həmin tərcüməni alman dilinə çevirsək, eynilə Hötenin "Faust"unu alarıq". Amma biz Əli bəyin tərcüməsindəki "Faust"u "dövriyyədən çıxardıq. Nə var ki, dili qəlizdir. Amma mənim indi dediklərim ki var, özünüz də şahidsiiniz ki, bunların heç birinin dili qəliz deyildi.

Rüstəm Kamal: - İndiki dövr üçün bir qədər qəlizdir.

Azər Turan: - "Bədbəxt o qədər olmaz idi bir zaman insan, / Etsəydin əgər nuri-səmanı ona pünhan; / Əql ismini vermiş bəşər ol nura dilində, / Heyvanlığı lakin gözəl alətdir əlində". Nəyi qəlizdir ki bunun?

Seyfəddin Hüseynli: - Azər müəllim, burada bir məsələ var. Başqa tərcümə varsa, qoyaq ortaya, amma bu elə bir lokal bir hadisə olacaq ki. Əli bəy Hüseynzadə onu tutaq ki, kütlə üçün, geniş auditoriya üçün nəzərdə tutmamışdı. Ona görə də onun həm də ifadə tərzi idi, cümlə quruluşu idi - filan. Amma sovet dövründəki tərcümə bir az partiya-ideoloji cəhətdən, bir az da elə doğrudan, o ədəbiyyatın xalq işi olması baxımından, sözün yaxşı mənasında, daha anlaşıqlıdır. Bu əsərlə ünsiyyət qurmaq daha asan gəlir. Qoy orada alman dilinin müəyyən prinsipləri gözlənilməsin və s. Yadınızdadır, orada məşhur hissə var: "Ənzari-şəbabımda pədidar olan ey zill, /Ey zilli-tüluat oluyorsın yenə peyda". Vallah, təzədən tərcüməyə ehtiyacı var. Amma Azər Turan üçün, əlbəttə, o daha yaxşıdır. Əvvəla intonasiyası ...

Azər Turan: - Seyfəddin müəllim, Hüseyn Cavid də bu intonasiyanı təqdir edirdi, Cavid eyni misraların Mikayıl Rəfili tərəfindən tərcüməsini Əli bəyin qəliz dedikləri tərcüməsi ilə qiyaslandırmışdı. Rəfilidə belə idi:"Gəncliyimdə gördüyüm ey dumanlı kölgələr! /Yenə peyda oldunuz bu tutqun nəzərimdə". Hüseyn Cavid hər iki tərcümə misralarını yanaşı gətirib, Əli bəyin yorumunu şerin musiqisinə, misra vəzninə, fəlsəfi siqlətinə görə təqdir edib. Rəfilinin çevirisindəki təfəkkür tərzinin isə Höteyə və "Faust"a müvafiq olmadığını söyləyib.

Seyfəddin Hüseynli: - O ki qaldı təzədən tərcüməyə, biz elə həddə gəlməliyik ki, çoxvariantlılığa keçə bilək.

Vilayət Hacıyev: - "Faust" almanların özü üçün də çətindir. Ümumiyyətlə, başadüşülməzdir. Hamı üçün başa düşülməzdir "Faust". Ola bilsin özü yaxşı başa düşüb müəllif, həqiqətən...

Azər Turan: - Əhməd Cəmil "Faust"u ruscadan tərcümə edib də.

Vilayət Hacıyev: - Birinci hissə Nəzakət xanımın orijinaldan sətri tərcüməsi əsasında çevirilib. Rüstəm Kamal: - Ümumiyyətlə, poetik tərcümə prinsipcə mümkünsüzdür. O tərcümənin yazılmış və yazılmamış qanunudur.

Vilayət Hacıyev: - Bəli, bəli.

Rüstəm Kamal: - Dünyada tərcümədə iki yol var. Buna ruslar "bukvalistiy", yəni hərfi, bir də "tvorçeskiy", yəni yaradıcı, azad tərcümə deyirlər. Və hərfi tərcümədə də belə, yenə tərcüməçi özündən oraya nəyisə artırır. İstər-istəməz bədii tərcümədə mətnin əslinə qarşı həmişə bir zorakılıq olur. Çünki tərcüməçi milli ədəbiyyatın ənənəsinin içindən gəlir, istər-istəməz milli ədəbiyyatın həmin dövrün üslub ənənəsini nəzərə alır. Xüsusən, poeziyada nəzərə alırsan. Bu qaçılmazdır. Məsələn, mən oxumuşam Marşakın ingilis ədəbiyyatından tərcümələrini. Deyirlər ki, Marşak mükəmməl tərcüməçidir. Mən sizə açıq deyirəm, tutaq ki, Bernsin oynaq folklor üslubu onun tərcümələrində yoxdur. Gedin başqa tərcümələri də oxuyun, sanki bir adamın əlindən çıxıb.

Seyfəddin Hüseynli: - Marşak kimi yazıb hamısını.

Rüstəm Kamal: - Marşak kimi yazıb. İtalyancada tərcüməçi sözü ilə "traduttor" - "satqın" sözü oxşardır. Tərcüməçi həm də sanki bir satqındır. Sanki əsl mətnə qarşı bir satqınlıq eləyib. Tərcümə məktəblərilə bağlı da bir-iki söz deyim. Əvvəla, biz kiçik xalqıq. Bizdə müəyyən tərcümə ənənəsi olub. Əgər Orta əsrlərdən üzü bəri o ənənənin tarixi yazılsaydı, həmin ənənənin obrazını bərpa etmək olardı. Sadəcə bütün elmi informasiyalar Azərbaycan tərcüməsi ilə bağlı sistemləşdirilməyib, öyrənilməyib. Bizdə tərcümə nəzəriyyəsi ilə bağlı araşdırmalar rus nəzəriyyəsinin təsiri altındadır. Mən düşünürəm ki, tərcümə dövlət əhəmiyyətli məsələdir. Təhlükəsizlik baxımından əhəmiyyətli məsələdir. Və dövlətin öz kulturoloji istiqaməti olmalıdır ki, hansı tərcümələr bu xalqın mədəniyyətinin formalaşması üçün lazımdır. Mühüm mətnlər, yazıçılar var ki, ilk növbədə onlar mütləq tərcümə olunub dövriyyəyə buraxılmalıdır. Və zaman keçməməlidir. Elə əsərlər, elə müəlliflər var ki, artıq kimsə həmin müəllifin Nobel mükafatı laureatı olduğunu da yadına salmır. Məsələn, ki, Zaks adlı şair vardı, yaxud ilk nobelçiləri kim xatırlayır? Biz indi-indi onları tərcümə edirik və kitab bazarına çıxardırıq. Elə şeylər var ki, mən fikirləşirəm ki, türk dili bizə yaxın olduğuna görə, türk tərcümələri ilə əvəz etmək də olar. Amma o əsərlər ki, dilimizin fəlsəfəsini formalaşdırmalıdır, bizdə yeni yazıçı elitasının yaranmasına səbəb ola bilər, o mətnlər də seçilib ilk növbədə tərcümə olunmalıdır. Ondan ötrü qapını açıq qoymaq lazımdır. Nəşriyyatlar var-dövlətdən kənar. İndi kim sifariş edirsə, qoy eləsin. Qoy bazar tərcümə romanları ilə dolsun.

Seyfəddin Hüseynli: - Bazar da barı bir bazar ola...

İradə Musayeva: - Biz artıq ədəbiyyatı, doğrudan, bazarlaşdırmış olduq. Hamı, kim istəyir çap eləsin, kim istəyir gəlsin tərcümə eləsin. Yəni biznes işi deyil bu tərcümə, ən azından. Oxucu zövqünün birdəfəlik korlanması məsuliyyəti haqqında düşünən yoxdur deyəsən. "Qoy bazar dolsun" - hökmü ədəbi yaradıcılıq prinsiplərinə uyğun gəlmir axı...

Rüstəm Kamal: - Y.V.Çəmənzəminli 1929-cu ildə L.Tolstoyun "Dirilmə" romanını tərcümə edib. Roman arxivdə yatır. Onu Tolstoy sanki Azərbaycan dilində yazıb. Sonra həmin romanı bir başqası tərcümə edib. Nəyə görə ikisini də buraxmayaq?

İradə Musayeva: - Yaxşıdırsa, olsun. Bir sizin kimi ədəbi məsuliyyəti olan şəxs təsdiqləyəndən sonra qoy o da olsun, amma "kimin nəyi var, gətirin "bazara"- kimi ədəbiyyatda "açıq qapı" mərhələsi elan etmək düz deyil...

Azər Turan: - Yeri gəlmişkən, keçən Müzakirə Saatında Elnarə xanım, söhbətin sonunda Mahmud Kaşqarlı Divanınını xatırlatdı, "Divani-luğat it-türk" niyə bizim ədəbi-nəzəri fikrin mənbəyinə və tərkibinə çevrilə bilmir?" deyə ciddi bir məsələ qaldırdı. İndi də Rüstəm müəllim Çəmənzəminlinin arxivdə qalan tərcüməsini xatırlatdı. Söz-sözü çəkdi deyə bir neçə kəlmə demək istəyirəm. Məncə, bu, bütün Azərbaycan humanitar fikrinin diqqət mərkəzində olmalıdır. Uzun-uzadı müzakirə deyil, konkret şəkildə həll olunmalıdır. Türkiyədə Kaşqarlı Divanının tərcüməsi üzərində 1939-1941-ci illərdə çalışmış Besim Atalay Divanın ilk nəşrinin birinci cildində yazırdı ki, "Divani-luğat-it türk" Türkiyə dışındakı türkləri də ilgiləndirmişdir. Sovetlər Akademiyasının Azərbaycan qolu bir komissiya quraraq başqanlığına Xalid Səidi... gətirmiş və işə başlamış"dı. Milli türkşünaslıq tariximizdə belə bir nadir hadisənin - Xalid Səidin tərcümə etdiyi "Divani-luğat-it türk"ün bu günəcən nəşr edilməməsini düşünüb kim etiraf etməz ki, dünyada yalnız bu kitaba görə həyatı dərbədər olmuş, bu kitaba görə qanına qəltan edilmiş bir insanın - türk elminin nakam şəhidi Xocayevin çiləli ruhu hələ də 1937-ci ilin qanlı çarmıxından endirilməyib. Elə buna görə (həm də buna görə) Xalid Səidin tərcümə etdiyi mətn tədqiqatçıların xatırlatdığı kimi, hətta əgər "tərcümənin dili müasir dilimizin leksikası" ilə səsləşməsə belə, tarixi həqiqət və elmi ədalət və fakt naminə mütləq meydana çıxarılıb nəşr olunmalıdır...

Şübhə doğurmur ki, 1935-1937-ci illərdə Azərbaycanda tərcümə olunmuş "Divan"ın üzə çıxarılması Bakının dünya türkologiyasındakı nüfuzuna əsaslı təsir göstərə bilərdi. Çünki bu tərcümə dünyadakı ilk Divan tərcüməsidir. Amma biz bunu qoymuşuq bir tərəfə və ortaya çıxarmırıq. Mən bu barədə kitab da yazmışam. Xalid Səidin indi Kanadada yaşayan qızı Bəhicə xanımla da, professor Nizami Cəfərovla da bu barədə ətraflı söhbətimiz olub. Tapılması, ortaya çıxarılması üçün ehtimal çox böyükdür. İpucları əldədir. Məncə, hərəkətə keçməyin zamanıdır. İndi isə konkret olaraq Azərbaycan Yazıçılar Birliyi, Akademiyanın Ədəbiyyat İnstitutu, Nazirlər Kabinetinin Tərcümə Mərkəzi vaxt itirmədən bu tarixi işlə rəsmən məşğul olmalıdırlar.

Seyfəddin Hüseynli: - Bilirsiniz, bu bizim tərcümə işi tariximizin müəyyən yaralı epizodlarıdır. Sadəcə, doğrudan, maraqlı və faydalı faktlardır. Azər müəllim, çox sağ olun buna görə. Amma biz fikirləşməliyik, mənə elə gəlir bu dəqiqə ki, bu tərcümə işində bizim konsepsiyamız nədir? Mən də açığı pərakəndə sifarişlər və yaxud öz seçimim əsasında çoxlu xırda və iri materiallar tərcümə eləmişəm. Yaxud müəyyən konyunkturaya uymuşuq, kimsə buker mükafatı alıb, keçən ilin və ya bu ilin bukeridir, götürüb vermişik ki, maraqlı olsun. Bütün dünyada bu praktika var. Amma bizim tərcümə dərgilərimiz, yaxud mətbuatda tərcüməyə necə yanaşılır? Çox təəssüf ki, orada da konsepsiya bir xeyli uzaqda görünür. Yenə də özfəaliyyət, yenə də hansısa marağa qulluq. Ancaq ümumi axına nəzarət mümkündür, məncə...

Elnarə Akimova: - Kamran müəllim, istərdim siz bildirəsiniz fikrinizi. Konkret iradlar göstərildi burda, bir tərcüməçi kimi siz nələri təklif edirsiniz?

Kamran Nəzirli: - Düzgün qeyd elədiniz: bunu heç bir qanunla, heç bir qadağa ilə yoluna qoymaq mümkün deyil indiki zamanda. Amma belə müzakirələr təbii ki, o təsərrüfatsızlığın qarşısını ala bilər. Yəni, bu da ictimai qınağın bir formasıdır. Çox böyük təşəbbüsdür bu. Eşitdim İradə xanımdan, böyük məmnuniyyətlə razılıq verdim ki, bu məsələni müzakirə eləyək. Tərcümə sahəsindəki təsərrüfatsızlığın, xaotik mənzərənin müzakirəsi təkan verəcək ki, siz dediyiniz o ictimai nəzarət, o idarəolunma həyata keçirilsin.

Seyfəddin Hüseynli: - Mən inzibati idarəçilikdən danışmıram. Üzr istəyirəm, işlə bağlı praktik olaraq bir məsələni deyim. Bu özfəaliyyətçilik bir az da üzdən keçməmək, kiminsə xahişini-filan nəzərə almaq və s.ilə bağlıdır. Bunun da normal yolu var. Biz bu "Dünya ədəbiyyatı" jurnalının ki, ayrı-ayrı ölkələrə həsr olunmuş nömrələrini buraxırıq, burada maraqlı cəhdlər görürük. Yazırlar ki, qonorar verirsinizmi? Məsələn, jurnalist xanım tanışım var, vaxtilə bir yerdə işləmişik. Qardaşının rusca xatirələrini mənə verib ki, bəs sizin jurnalda çıxsın, filan. "Yox" demək olmur. Sadəcə yaxşı bir çarəsi var. Dedim ki, biz axı Ukrayna nömrəsini buraxırıq. Mən bunu necə çap eləyim? Müəyyən bir əlaqə yarada bilərsənsə, verək. O, avtomatik getdi. Bilirsiniz, adam öz işini müəyyən bir sistemli axına salıb görəndə oraya özfəaliyyət yol tapa bilmir. Daha sonra əyalətdən bir şair yazıb ki, mənim oğlumun ingiliscədən, özümün də ruscadan tərcümələrim var, çox xahiş edirəm, mən gələcəyəm, Yazıçılar Birliyinin rəhbərliyinə deyəcəyəm və s. Dedim indi biz fars nömrəsi hazırlayırıq. Farscadan bir şey varsa, gətirin. Bununla da mən öz adımı xilas edirəm.

Kamran Nəzirli: - Bu yaxınlarda bizim hörmətli professorlardan biri mənim hələ sovet dövründə tərcümə elədiyim Cek Londonun povestini olduğu kimi götürüb öz nəşriyyatında çap eləyib, üstündə də yazıb: işlədi professor filankəs filankəsov. Belə problemlər də var. Bizim dünyadan köçmüş tərcüməçilərimiz var. Mən hələ Bakıxanovdan, Axundzadədən danışmıram. Mən danışıram 70-80-ci illərin tərcüməçilərindən: Ənvər Rzadan, Zeydulla Ağayevdən... Bunlar bizim son 30-40 ildə tərcümə ədəbiyyatımızda önəmli rol oynamış şəxslərdir. Deməli, bunların tərcümə olunmuş əsərləri təzədən nəşr olunur, görürsən ki, heç bir yerdə adları getmir, familiyası verilmir. Sizin bayaqkı sözünüzə qüvvət, bəlkə biz bir tərcüməçilər İttifaqı yaradaq. Bəlkə elə tərcüməçilər haqqında kodeks, ya bir Tərcüməçinin peşə etikası barədə bir kodeks hazırlayaq? Maarifçilik baxımından faydalı olardı. Dünyada bu praktika var axı...

İradə Musayeva: - Senzura, komissiya kimi bir şey.

Kamran Nəzirli: - Tərçüməçinin peşə etikası...Ümumiyyətlə, tərcüməçi nəyi edə bilər, nəyi edə bilməz... Prosesdə hansı rolu oynayır... Hansı mövqedə dayanmalıdır... Müəlliflə tərcüməçi əlaqələri, yaxud iki tərəfin arasında duran körpüdə... özünü necə aparmalıdır və s. Əlbəttə, tərcümə fakültələrində bu məsələlər bəlkə də öyrədilir... Mən sırf məsələnin təşkilati-texniki tərəfini nəzərdə tuturam. İkinci bir mühüm məsələ: biz indi orijinal dildən, yaxud da rus dilindən (üçüncü dildən) dilimizə tərcümələr edirik. Amma bizim indiki durumumuz, ölkənin indiki iqtisadi vəziyyəti bunu deməyə əsas verir ki, indi öz ədəbiyyatımızın tərcümə olunmasına vəsait qoymalıyıq. Bu sahəyə daha çox diqqət yetirməliyik. Özümüzü rus dilinə, ingilis dilinə, fransız dilinə və sair dillərə tərcümə eləmək lazımdır. Axı nə qədər "ölü əsərlər"i, "ölü müəlliflər"i tərcümə eləmək olar? Sözüm ondadır ki, indi öz irsimizi tərcümə eləməliyik. Türkiyədə bildiyimə görə Mədəniyyət Nazirliyinin nəzdində Tərcümə Komissiyaları fəaliyyət göstərir. Misal üçün, bu xüsusi komissiyalar Yunus Əmrənin, yaxud Oraxan Kamalın, ya Orxan Pamukun əsərlərinin fransız, rus, ingilis və s. dillərə tərcümə edilməsi üzrə ayrı-ayrı işçi qruplarından ibarətdir. İşçi qruplarının hər birinə tanınmış, peşəkar tərcüməçilər (hətta xaricdən də mütəxəssislər cəlb edilir!) daxildir...

Seyfəddin Hüseynli: - Bizdə belə bir təşəbbüs varmı?

Kamran Nəzirli: - Bilmirəm. Amma elə bu da bir təşəbbüsdü də. Qaldıraq da... Elə bu müzakirədə...

Seyfəddin Hüseynli: - Qrup halında qoyulmalıdır da yəqin ki. Kamran Nəzirli: - Bəli, bu təşəbbüsü biz qaldırmalıyıq... Yeri gəlmişkən, bir vacib problemi də qaldırmaq istəyirəm... Hər zaman imkan olmur danışmağa... daha çox ad və toponimlərin təqdim edilməsində baş verən "xaotik" mənzərə və təsərrüfatsızlıqdan. Təəssüf ki, bu problem nəinki bədii tərcümə sahəsini, eləcə də bütün növ tərcümə mətnlərini və sənədlərini əhatə edir. Hətta klassik tərcümələr də bu qüsurlardan xali deyil. Təkrar edirəm: bu, xüsusi problemdir və belə "xaotik" axının qarşısını almaq üçün bir çox dövlətlərdə xüsusi komissiyyalar da fəaliyyət göstərir. Əlbəttə, bu problemin aradan qaldırlmasında təkcə komissiyaların, yaxud da yenicə yaradılmış bizim Tərcümə Mərkəzinin məqsədyönlü fəaliyyəti ilə də kifayətlənmək olmaz. Düşünürəm ki, burada əhalinin xüsusi kateqoriyalarının, məsələn, televiziyalarda, qəzet və jurnallarda, saytlarda, nəşriyyatlarda və s. çalışan jurnalistlərin, tərcüməçilərin, redaktorların, korrektorların, elmi-tədqiqat işləriylə məşğul olan mütəxəssislərin də maariflənməsi vacib şərtdir...

İradə Musayeva: - Əlbəttə, mənim oxuduğum tərcümə əsərlərində də bu sahədə qüsurlar yetərincədir...

Kamran Nəzirli: - Əvvəla, xüsusi adların (şəxs və yer adlarının) həm xarici dillərə, həm də xarici dillərdən Azərbaycan dilinə düzgün transliterasiyası və transkripsiyası istər ədəbi dil normalarına riayət etmək baxımından, istərsə də orijinalın ruhunu əks etdirmək baxımından böyük önəm daşıyır. Bunu təkcə tərcüməçilər yox, həm də bayaq qeyd etdiyim xüsusi kateqoriyadan olan sənət adamları da nəzərə almalıdı.

Vahid prinsip gözlənilməlidir də...Təəssüf ki, indiyədək nə elmi-nəzəri mənbələrdə, nə dillə bağlı yaradılmış komissiyalarda xüsusi adların, toponimlərin düzgün təqdim edilməsiylə bağlı tədbirlər görülür, nə də nəzarət mexanizmi var. Əlbəttə, nəzərə almalıyıq ki, transliterasiya sözlərin uyğun qaydalara əsasən başqa dilə çevrilməsidir. Linqvistikada bu, mətnin, yaxud sözün bir yazı sistemindən digərinə sözbəsöz, ya da hərfbəhərf çevrilməsidir. Söhbət fonoloji transkripsiyadan gedəndə sözün fonemlərlə verilməsində səslərin qarşılıqlı təsiri nəzərə alınmır. Buna baxmayaraq, tərcümə mətnlərində linqvistik baxımdan həm transliterasiya, həm də transkripsiya qaydaları kobud şəkildə pozulur və ədəbi dil normalarına xələl gəlir. Qeyd edim ki, bu xüsusi problem nəinki bədii tərcümə mətnlərini, habelə tarixi, elmi, siyasi, iqtisadi mətnləri də əhatə edir, nəticədə xüsusi adların daşıdığı informativ məna yükü oxucuya yanlış çatdırılır. Bir-iki misal çəkəcəyəm: götürək Azərbaycan-ingilis, ingilis-Azərbaycan xüsusi adlarının transliterasiya və transkripsiyasını və onlar arasındakı fərqləri. İngilis dilindəki "Robin Hood" Azərbaycan dilinə Robin Qud kimi yox, Robin Hud kimi transliterasiya olunmalıdır. Bu ad uzun illər bütün tərcümə mətnlərində "Qud" kimi təqdim olunub, halbuki məhz "hood" (hud) kimi transliterasiya olunmalıydı. Çünki Orta əsrlərdə əfsanəvi ingilis Robin Hud bütün mənbələrdə qarətçi-cəngavər, varlı adamlardan qarət etdiklərini kasıblara paylayan şəxs kimi göstərilir və əslində onun soyadındakı "Hood" sözünün çoxsaylı mənaları olsa da, əfsanəvi qəhrəmana yaraşan mənası "dəbilqədir", yəni cəngavərlərin başa qoyduğu dəmir dəbilqə. Göründüyü kimi, onu "Qud" kimi transliterasiya etməklə həm sözün, həm də personaj kimi qəhrəmanın pafoslu semantik xüsusiyyəti itib. Yaxud "Hemingway" Azərbaycan dilinə Heminqvey kimi transliterasiya olunmalıdır. Hemingway- İngiltərədə Yorkşir şəhəri yaxınlığındakı kiçik bir yaşayış məntəqəsinin adıyla bağlıdır, bir mənası da yaxşı yol, uğurlu yol deməkdir, vaxtilə Heminqveylərin nəsli də həmin ərazidən çıxıb, müqəddəs kilsə olan ərazidən, yaxşı yol adlanırmış və s. İndiyə kimi tərcümə olunan bütün mətnlərdə yazıçının familyası transliterasiyada yox, transkripsiyada verilir, yəni "Heminquey" kimi. İngilis dilində "double-u" (w) hərfi transliterasiyada "v" kimi, transkripsiyada isə müxtəlif vəziyyətlərdən asılı olaraq v, ua, ue, ui kimi tələffüz olunur. Transkripsiya onların hamısını (ue, ui, yaxud ua) diftonqlar şəklində yazır. Transliterasiya isə onları ayırır. Nəzərə alaq ki, Azərbaycan dilində cütavazlı səs-diftonq yoxdur, yalnız bəzi fonetik hadisələr zamanı xalq danışıq dilində diftonqlaşma hadisəsi baş verir. Digər tərəfdən sonrakı səsdən asılı olaraq ingilis dilindəki "w" hərfi bəzən v kimi, bəzən ue kimi, bəzən də ua və ui kimi tələffüz olunur. Bütün bunlar transkripsiyanın işidir, lakin xüsusilə şəxs adlarının və toponimlərin transliterasiyasında bu məcburiyyət yoxdur. Buna görə də tələffüz zamanı Azərbaycan dilinə zor işlətməyə ehtiyac qalmır. Düşünürəm ki, xüsusi adlar çevrilməməlidir. İngilis dilində "William", "Wilde" və b. adları da bu qəbildəndir, Azərbaycan dilinə transliterasiyada "Vilyam" və "Vayld" kimi təqdim olunmalıdır. Təəssüf ki, yuxarıda qeyd etdiyim təsərrüfatsızlıq sovet dönəmindən bəri davam etməkdədir. Orijinal dildəki ad və toponimlər orijinal dildəki kimi yazılmalı və oxunmalıdır. Belə olan halda heç kim cürət edib əcnəbiyə Qarabağı "Karabakh", yaxud da "Naqorniy Karabakh" formasında təqdim etməz. Bəzi tərcüməçilər ad və soyadların Azərbaycan dilindən ingilis dilinə transliterasiyası zamanı şəxsi adlara daxil olmayan ayamaları da tərcümə edərkən yanlışlıqlara yol verirlər. Məsələn, Qoç Koroğlu, Tülkü Qasım, Keçəl Həmzə, yaxud da Qara Tofiq, Dəli Domrul adlarındakı ləqəb və ayamaların hərfi tərcüməsini verirlər. "qoç" deyəndə "igid, cəsur" anlamını vermək əvəzinə yazırlar ki, "ram", yaxud "dəli" sözünü "crazy, mad" kimi, "tülkü" sözünü isə "fox" kimi verirlər. Əslində isə hər üç sözün məna çalarına, müsbət, yaxud mənfi mənada işlənməsinə diqqət yetirilməlidir. "Qoçaq, igid, mərd, cəsur" mənalarında olan sözləri ingilis dilinə tərcümə edərkən, yaxud əksinə təqdim edərkən ehtiyatlı olmaq lazımdır. "Qara Tofiq" deyəndə də onu sözün həqiqi mənasında "Black", yəni rəng mənasında yox, "böyük", "başçı" mənalarında izahını vermək lazımdır. Bu barədə tərcüməçilərlə, redaktor və korrektorlarla maarifləndirici söhbətlər aparılmalı, bəlkə də xüsusi kurslar təşkil edilməlidir...

Rüstəm Kamal: - Gənc tərcüməçilərlə "master klaslar" keçirilməlidir, Kamran müəllim. Ustad dərsləri olmalıdır. Tərcüməçilər bəs harada yetişməlidir? Bəzən universitetdə tərcümədən dərs deyən müəllimlərin özləri ömründə bir cümlə tərcümə etməyiblər. Bu adamlar gəlib bədii tərcümədən dərs deyirlər. Yəni tərcümə nəzəriyyəsindən mövzu götürüb, pis-yaxşı müdafiə edib, indi gəlir tərcümədən dərs deyir. Ona görə də araşdırılmalıdır ki, son illərdə, məsələn, bizim universitetlərdən neçə tərcüməçi çıxıb. Fərqi yoxdur, texniki tərcüməçi, elmi tərcüməçi, bədii tərcüməçi, biznes tərcüməçisi və s. Bunlar özləri - Vilayət müəllim, İlqar müəllim artıq klassiklərdir.Yəni onları tərifləmək üçün demirəm, masterdilər. Bunlar dəsrlər keçməlidirlər. Tərcümə mərkəzinin nəzdində ayda bir dəfə, həftədə bir dəfə ustad dərsləri olmalıdır.

Seyfəddin Hüseynli: - Masterdilər, amma "klass"ları yoxdur, doğrudan da...

İlqar Əlfi: - Bilirsiniz, bax, mən tərcümə nəzəriyyəsini oxumuşam, ixtisasca tərcüməçiyəm. Fars dili tərcüməçisiyəm. Amma ondan bir şey yadımda qalmayıb. Və mənim tərcüməmdə kara gələcək bir şey bilmirəm. Hamısını fəhmlə eləyirəm. Çünki yoxdur ortada bir kitab. Tərcümədə müəllif, ana dili və ortada tərcüməçi - bu dilemma var. Hansı neçə faiz olmalıdır? Mən həmişə deyirdim ki, tutaq ki, mən indiyə qədər 40 müəllif tərcümə eləmişəm. Hərdən görürsən ki, bizim öz yoldaşlarımız oxuyub deyir, "a bax, bunu nə gözəl tərcümə eləmisən". Bu biri deyir "ay İlqar, bu yaman bekara tərcümədir". Bunun hamısını İlqar eləyibsə, İlqar bacardığını onsuz da qoyur. Sadəcə, bu müəllif sənə yaxındır, bu yox. Mən Tomas Manı necə "südlü sıyıq" eləyim verim sənə qaşıqla yeyəsən?

Kamran Nəzirli: - Bizim bəzi klassik yazıçılarımızın sətri tərcümələri kimi... Yəni o cür əsərləri yenidən tərcümə etməyə dəyər.

Elnarə Akimova: -Bu yaxınlarda 100 cildlik "Fikir antologiyası" seriyasından tərcümə edilmiş Nitsşenin "Hakimiyyət əzmi" kitabını oxumaq istədim. İnandırım sizi ki, ordakı Nitsşe deyildi. Olduqca bəsit şəkildə tərcümə olunmuşdu Nitsşe. Yaxud "Dünya ədəbiyyatı" seriyasından tərcümə olunmuş nümunələrdə hətta fəhmsiz oxucunun belə sezə biləcəyi qüsurlar var. Y.Əmrəni elə təqdim ediblər ki. Yəni, Əmrəni tərcüməyə nə ehtiyac var?

Rüstəm Kamal: - Tam razıyam sizinlə, o Əmrə deyil.

İradə Musayeva: - Doğrudur, tərcüməçi müəllifin izini itirirsə çox pisdir, sevdirəndə isə özü də hörmətlə xatırlanır. Və oxucu sonda iki adama minnətdarlıq duyğusu ilə ayrılır. Müəllifə və tərcüməçiyə. Mən məsələn, Kamran müəllimin Svetlana Aleksieviçlə bağlı "Müharibənin qadın üzü yoxdur" əsərinin tərcüməsini oxudum. Kamran müəllimi şəxsən tanımırdım, birinci dəfədir ki, görürəm. Amma əsəri oxudum və əsərin tərcüməsi o qədər yaxşı təsir elədi ki, Svetlana Aleksieviçin bu əsəri ilə bağlı yazdığım "Müharibə qadınının ədəbiyyatı" adlı məqaləmin sonunda da olsa, yazdım: "P.S. Bu əsəri Kamran Nəzirli çox böyük məhəbbət və sevgi ilə dilimizə tərcümə edib". Doğrudan da, əsərin ruhunu ötürüb bizə. Biz söz, cümlə düz olanda şükür edirik bəzən, amma yaxşı tərcümələrdə ruh, ovqat, sevgi və nifrət də tərcümə oluna bilir. Korney Çukovski yazırdı ki, yaxşı tərcümələrdə təbəssüm və səmimiyyətin də tərcüməsini hiss etmək olur. Bir cümlə ilə də olsa özümə borc bildim bu zəhməti, özü də keyfiyyətli zəhməti qiymətləndirməyi. Markes tərcüməçilərindən nə qədər narazı olsa da, insafən deyirdi ki, "tərcüməçilik haqqı ən pis şəkildə ödənilən peşədir". Çünki yazıçı ilə bərabər tərcüməçinin də zəhməti paralel gedir. Həmin şeyi Vilayət müəllimə də dedim ürəyimdə... Vilayət Hacıyevə... "Zəfər tağı"nı təzə qurtarmışam, oxuya-oxuya Vilayət müəllimə təşəkkür etdim, ürəyimdə. "1984" romanını oxuyanda həmin o "ürəyində", "dodaqaltı" təşəkkürü, səmimi minnətdarlığı Vilayət Quliyevin də ünvanına səsləndirdim... Elə tərcümələr də var ki, oxuya-oxuya axtarırsan ki, görüm bunun tərcüməçisi kimdir. Sanki "cinayətkar" axtarırsan...

Elnarə Akimova: - Haynenin maraqlı bir fikri var: "Orijinalın hərfini, hətta dəqiq fikrini qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs tərcümə edə bilər. Lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi deyil". Bədii tərcümə sahəsində günümüzdə bir çox problemlər və çatışmayan cəhətlər var. Zənnimcə, əsərin ruhu daha çox ikinci dildən tərcümə zamanı ölür. Ona görə nəzərə alaq ki, Vilayət müəllim ikinci dildən tərcümə eləmir, birbaşa birinci dildən tərcümə edir. Bu amil isə əsərin əsl mahiyyətini, ruhunu, forma və məzmun keyfiyyətini qorumağa, ondakı bədiilik məziyyətlərinin orijinala uyğun səviyyədə alınmasına təsir göstərir. Mən də Svayqın "Bəşəriyyətin bəxt ulduzları" kitabını Vilayət müəllimin tərcüməsində oxumuşdum, uğurlu tərcümə idi.

Fərid Hüseyn: - Elnarə xanım, birinci dil, ikinci dil məsələsi ilə bağlı qısaca deyim. Məşhur bir tərcümə nəzəriyyəçisi var - Hans Vermer adında. Bunun məşhur bir nəzəriyyəsi var. Dünyanın təxminən 60 ölkəsində bunun nəzəriyyəsi keçirilir. Skopos nəzəriyyəsi deyilir. O, orada nə yazır? Məsələn, maraqlı bir fakt kimi. Bizdə o yoxdur. Ona görə mən bunu vurğulamaq istəyirəm. Yazır ki, ana dili var və əlavə dil var. Tərcümə təbii ki, bu iki dilin arasında gedir. Və burada norma belə olmalıdır ki, tərcümə elədiyin dil ana dili - əsas dildir. İkinci dil öz dilin köməkçi dili olmalıdır. Amma bizdə tərcümədə bunun yeri qarışıq düşüb. Bizdə əsas dil kimi götürürük öz dilimizi. Yəni öz dilimizdə necə səslənir bu tərcümə. Və heç bir tərcüməçinin, demək olar ki, Azərbaycanda elədiyi tərcümədə orijinalla yoxlanılma deyilən bir şey yoxdur. Bu yaxınlarda mən Türkiyədə TEDA-da oldum. Can yayımları var. Onlarda ayrıca dillər üzrə ekspert fəaliyyət göstərir. O ancaq oturub cümləbəcümlə yoxlayır ki, nə isə düşməsin.

Seyfəddin Hüseynli: - Şura, komissiya kimi də.

Fərid Hüseyn: - Bizdə məsələn, Mahir Qarayev demişdi ki, "Qoca və dəniz"dən yerlər düşüb. Baxdım ki, doğrudan antalogiyada o əsərin bəzi yerləri düşüb.

İlqar Əlfi: - Düşüb deyəndə, çıxarıblar də...

Fərid Hüseyn: - Dünya ədəbiyyatının çoxcildliyi çıxıb Azərbaycanda. Mən onun demək olar ki, axır 3-4-ündən başqa hamısını oxumuşam. Və bu tərcümələrin, istisnaları çıxmaq şərtilə, çoxu topa təsiri bağışlayır. Məsələn, oxuyan kimi bilirsən ki, 15-i bir adamın yazısıdır, 20-si bir adamın yazısıdır. Tərcüməçilərdə üslub duyumu yoxdur. Konkret oxuyursan tərcüməçiləri, görürsən ki, tərcüməçilərin əksəriyyətində bu var. Müxtəlif müəllifləri eyni cür tərcümə edirlər. Bədii dil ilə bağlı normalar bizdə eyni dərəcədə kalkalaşıb ki, bu sözü bu cür işlədə bilməzsən bu səhvdir. Dilin imkanlarına elə bil ki, qadağa qoyulub. Görürsünüz, müxtəlif tərcümələrlə bağlı yazılara baxın. APİ-də də bir neçə kitab buraxıblar. Mən onlara baxdım. Biz yalnız tərcüməni Azərbaycan dili səviyyəsində qiymətləndiririk. Bu Azərbaycan dilində necə səslənir. Görmüsünüzmü ki, hansısa yazıda orijinal variantda olmasına baxıla? Məsələn, mən bir şey deyim ki, İlqar müəllim eləyib, hesab edirəm ki, yaxşı da eləyib, Saramaqonu baxmayaraq ki, bəyənmir. Türkiyə ilə bağlı deyim. Orada "Qırmızı kedi" nəşriyyatı var. Saramaqonun bütün setini eləyib. Oradan mən oxuyanda Azərbaycanca "İsanın "İncil"ində vur-tut olsun 50 snoska. Amma türkcədə 250-300 snoska var. Necə ola bilər ki, Azərbaycan tərcüməçisi 50 snoska ilə izah edir onu, türk tərcüməçisi isə 250? Deməli, bizim mətnlər nə redaktor tərəfindən, nə də tərcüməçinin özü tərəfindən şərh edilmir. Adlar tərcümə olunur, adların heç bir izahatı verilmir. Burada bir bəlli məqam da var, mən istəyirəm onu deyim. Tərcümənin yaradıcı sahə olması dönə-dönə vurğulanır. Amma burada bir məsələ var və o kitabdan mən sizə deyirəm. Yaradıcı sahə ifadəsi əslində burada çox da yerinə oturan və əl-qola imkan verən məsələ deyil. Nə mənada? Ona görə ki, birinci orijinal tekst var və deyək ki, Bethovenin əsərini bir dirijor idarə eləyirsə, orada da o təbii ki, çalışır ki, kimisə təkrarlamasın. Və yaxud da Qoqolu 200 dəfə səhnəyə qoyan rejissor çalışır ki, hər dəfə öz üslubunu qoysun. Amma tərcüməçiyə bu imkan verilmir. qoymalısan.

İradə Musayeva: - Azərbaycan tərcüməçisinin bir böyük problemi də var. Tutaq ki, bir milyondan yuxarı lüğət fondu olan ingilis dilini 80 000-lik sözün içinə gətirmək istəyir. Bizim 80 000 sözümüz var. İndi akademiya qərar qəbul edib ki, gəlin bunu 100 000-ə çatdıraq, lüğət fondumuzu. O da şəkilçilərin, dialekt sözlərin köməyilə. Tutaq ki, 500 000-lik rus dili lüğəti, bir milyondan yuxarı ingilis dili lüğəti...

İlqar Əlfi: - İki milyon ərəb dili lüğəti fondu...

İradə Musayeva: - İki milyon? O qədər böyük bir dil materialını kiçik lüğət imkanları ilə uzlaşdırmaq da çətindir. Üç litrlik suyu bir stəkana yerləşdirmək absurdluğu var burada... Həm də istəyirik ki, xoşumuza gəlsin...

Fərid Hüseyn: - Dillərin imkanları təbii ki, bir-birinə bab ola bilməz. Çünki dil təfəkkür hadisəsidir. Məsələn, Dədə Qorqudu ərəb dili təfəkkürünə çevirmək mümkün deyil. Deyək ki, "Min bir gecə"ni də tam olaraq bizim təfəkkürə çevirmək mümkün deyil. Ona görə ki, biri kök dildir - ərəb dili, ona görə də onun məntiqindən doğur. Görürsünüz, əhvalatlar bir-birinin içindən çıxır. Bizim dil də iltisaqi dildir. Dədə Qorqudda əsas hissə var, sonrakı hissələr ona birləşir. Boy da o məntiqlə çıxır. Əsas iki hadisə var: İç oğuz, Dış oğuz məsələsi var. Yerdə qalan hissələr ona birləşir. Bu təfəkkürdən yaranmış dil hadisəsidir. Bunu bir-birinə çevirmək olmaz. Edqar Allan Podan məşhur bir şeri var: "Quzğun". Onunla bağlı özünün şerinə kommentariyası var. Orada o bütün sözlərin mənasını göstərir. Elə bil ki, öz şerinin lüğətini hazırlayıb. Çünki o göstərir ki, məsələn, mən "əsla" sözünü siz duyduğunuz anlamda işlətməmişəm. Və onun tərcüməsi yalnız o halda mümkündür. Bu da təbii ki, dünyada mümkün deyil ki, bütün yazıçılar otura, özünün izahlı lüğətini hazırlaya. Və yaxud Orxan Pamukun əsərində elə söz var ki, əsər boyu romanın içərisində gəzinir o söz. Amma bizim dildə belə bir şey var ki, xoşagəlməz haldır ki, bir cümlədə, bir abzasda bir söz bir neçə dəfə təkrarlansın. Bax o sözü qəsdən çox işlədə-işlədə axırıncı məntiqlə gətirib bağlayır. Amma sən onu o şəkildə versən, Azərbaycan oxucusu, Azərbaycan redaktoru, bir sözlə, hamı ağız əyəcək.

Kamran Nəzirli: - Fərid bəzi məsələlərə toxundu, mən də müdaxilə eləmək istəyirəm. Həm klassik Amerika ədəbiyyatında, həm ingilis klassikasında, ümumiyyətlə, klassik yazıçılarda belə bir üslub vardı. Onlar öz əsərlərinə çoxlu futnotlar (izahatlar) verirdilər. Bu izahatlardan qaçmaq ya qorxmaq da lazım deyil. Misal üçün Melvilin "Mobi Dik" əsərini mən tərcümə eləmişəm Azərbaycan dilinə. Dünyanın 10 ən ağır və çətin əsərlərindən biridir. Bu əsərdə 200-dən çox futnot-izahat var, özü də yazıçının öz izahatları. Və məncə, bunları da tərcümə edib vermək lazımdı.

İlqar Əlfi: - Amma Melvil indi yazsa, oraya üç dənə də snoska qoymazdı. Çünki oxuyan olmazdı snoskaları.

Kamran Nəzirli: - Bunlar həm də informasiyadır, oxuyan oxuyacaq...

Rüstəm Kamal: - Tərcümədə sitilizasiyadan da qaçmaq olmur. "İqor polku haqqında dastan"ı kimi verilib. "Slova o polku İqroveye". Halbuki, "slovo" sözünün rus dilində 18 mənası var. Təkcə bu sözün... Amma bizdə "dastan" kimi veriblər. Mətn təxminən 500 misradan ibarətdir, adını dastan qoymusunuz, bu hara, o biri mənalar hara... "Polk" sözünün də bir neçə mənası var, biri də "poaxod"dur - yürüş... Onlarda "yürüş"dür, bizdə "polk" kimi işlədiblər. O əsərin az qala 70 faizi xristian kilsə-ilahiyyat mətnlərindən allüziyalar, gizli sitatlar, (axı Orta əsrlər rus mətnləri belədir...) məsələn, "qara buludlar", - "İncil"dən gələn metaforadır.

Kamran Nəzirli: - Düzdür, məsələn, bizim ekvivalent kimi qəbul elədiyimiz sözlər müxtəlif xalqların leksikonunda müxtəlif təsəvvür, müxtəlif assosiasiyalar yaradır. Tutaq ki, hər bir dildə "ev", yaşayış məskəni mənasını verən söz var, amma onun xarici görkəmi, daxili quruluşu barədə təsəvvürlər müxtəlifdir: istər ingilisin, istərsə də uzaq Afrika cəngəlliklərində yaşayan tayfaların təsəvvüründə "ev" anlayışı müxtəlif assosiasiyalar doğurur...

Rüstəm Kamal: - Elə tərcümə var ki, orda poeziya var, müəllifin özü yoxdur, eləsi də var ki, müəllif var, poeziya, şeriyyət yoxdur. Qalırsan belə... Dünya ədəbiyyatından tərcümələr çox olmalıdır və onun tənqidi də olmalıdır. Dili, üslubu və başqa problemləri ilə bağlı. Milli tərcümə nəzəriyyəsi yaranmalıdır. Düzdür, yaxşı tərcüməçilər var. Amma onların özlərinin tərcümə ilə bağlı nəzəri qeydləri yoxdur. "Tərcüməçinin dəftəri", "Tərcüməçinin qeydləri", varmı bizim tərcüməçilərdə?

Vilayət Hacıyev: - Düzdür, məsələn, mənim yoxdur...

İlqar Əlfi: - Heç, təəssüf ki, məndə də yoxdur...

Rüstəm Kamal: - Kamran müəllim bilər, o vaxtlar, sovet dövründə rus dilində kitablar çıxardı: "Tetrad perevodçika"... Orda nəzəriyyəçilərin, alimlərin dəyərli fikirləri olurdu. Onlar öz laboratoriyasından çıxış edərək, bəzi mətləbləri aydınlaşdırırdılar. Bizdə də Tərcümə mərkəzi ildə bir dəfə belə "Dəftərlər" buraxa bilər. Orda İradə xanımın da, Elnarə xanımın da, Vilayət müəllimin də tərcümə ilə bağlı yazıları, esseləri, tərcüməçi etüdləri çap oluna bilər. Bu qeydlərin tərcüməçilərə köməyi ola bilər. Məktəb nə cür yarana bilər? Praktika ilə nəzəriyyə birləşəndə.

Kamran Nəzirli: - Elmi-tədqiqat işi yazan var tərcüməçiliklə bağlı?

Elnarə Akimova: - M.Rəfilinin, B.Nəbiyevin, K.Talıbzadənin, N.Babayevin, F.Qasımzadənin, A.Hacıyevin və b. əsərlərində tərcümə bu və ya digər yöndə işıqlandırılıb.

Rüstəm Kamal: - Bir məsələyə də toxunmaq istəyirəm. Eşitdiyimə görə Türkiyədə, məsələn, tərcümə ilə məşğul olan tələbələrin də kitablarını çap edirlər. Bizdə bir var, özəl nəşriyyatlar, cüzi qonorarla tərcüməçini işlədir, bir də var, dövlətin nəzarəti, qayğısı və dəstəyi. Bu zaman - dövlət təşkilatında mənə elə gəlir ki, aidiyyəti adamlar cəmlənməli və araşdırmalıdır ki, bu dəqiqə bu millətə son onildə hansı mətnlər daha çox gərəklidir. Elə mətnlər var ki, gecikmişik, zamanı keçib, daha onları tərcümə eləməməliyik. Geniş oxucu kütləsi qoy nəyi oxuyur-oxusun. Onsuz da keçidlərdə, çoxlu türk müəlliflərinin kitablarını bəh-bəhlə alıb oxuyurlar. Beşinci dərəcəli türk yazıçısının kitabını oxuyurlar.

Elnarə Akimova: - Bəzən də hansısa yazıçının üçüncü sort araşdırmaçısının əsərini tərcümə edib dövriyyəyə ötürürlər. Nəyə yarayır bu tərcümələr? Əvəzində dünya səviyyəsində tanınan elm adamları var, məsələn, Duqin, Sidorov, Qraçeva, Devid Ayk və b. bizim çağdaş oxucuya adı bəlli deyil.

İradə Musayeva: - Düz deyir Elnarə xanım, bizdə elmi əsərlərin tərcümə prosesi demək olar ki, yoxdu.

Rüstəm Kamal: - Əcnəbi kitablara bir axın var. Mənim tələbə qızım da o kitabları alıb oxuyur. Yaxşı tərcümələrin reklamı olmalıdır. Yaxşı işlərə qiymət də verilməlidir, yaxşı mətnlərin təbliğatı olmalıdır. Bayaq İradə xanım Remarkın tərcüməsindən danışdı, Vilayət müəllimin gözəl tərcüməsindən. Mən də oxumuşam Remarkı. "Mənim dostum Remark" adlı bir yazı yazırdım.

İradə Musayeva: - Siz də yazmısınız Remarkdan?

Rüstəm Kamal: - Bəli. Tələbə vaxtı Remarkı çox sevirdim, onun əsərlərində o qədər içki adları sadalanır ki... Üzr istəyirəm, bir dostumu heyrətləndirmək üçün o içkilərdən birini almaq istədim. Remarkın kitabındakı bütün içki adlarının siyahısını tutmuşdum. Sovet dövründə gəzdim bütün maqazinləri, soruşdum, tapmadım.... Sonra o əhvalat haqqında yazı yazmaq istəyəndə Remarkı bir də oxudum. Doğrudan da gözəl tərcümədir, Vilayət müəllimin tərcüməsi.

Kamran Nəzirli: - Məncə, xalq içində geniş yayılmış sözlərin də, coğrafi mühitə, mədəniyyətə, maddi məişətə, yaxud millətə, ölkəyə aid əşya, anlayış və hadisələrin adlarını da tərcümə, yaxud transliterasiya edərkən yerli və tarixi koloriti nəzərə almaq lazımdır, çünki belə leksik vahidlərin başqa dillərdə qarşılığı yoxdur. Bu tip sözlərə dilçilikdə realilər, yaxud da ekzotik sözlər deyilir, onların milli mənsubiyyəti olur. "Xan", "bəy", "kələm dolması", "lülə kabab", "kəndxuda", "şəkərbura", "xurd-xəşil" və s. yüzlərlə söz və ifadə vardır ki, bunların tərcüməsi, yaxud transliterasiyası zamanı çox vaxt çətinliklər yaranır. Tərcüməçi hər iki dildə müvafiq qaydalara riayət etməklə yanaşı, çətin anlaşılan sözlərin, coğrafi adların, ayama və ləqəblərin, ekzotik sözlərin də tərcümə və transliterasiyasında izahlar verməli, yaxud da köməkçi materiallardan istifadə etməlidir.

Elnarə Akimova: -Bəli, çox olur ki, tərcüməçi məhz həmin xalqın hansısa adəti, ya yalnız onlara məxsus olan frazeoloji birləşməsi, qanadlı ifadələri ilə bağlı bilgisizliyindən səhvlərə yol verir.

Vilayət Hacıyev: - Fərid müəllim tərcümənin bir qlobal probleminə toxundu. Əslində söhbət bu ətrafda olmalıydı. Yəni tərcümə əslində, ana dili üçün olmalıdır məsələsi... Hər hansı bir əsəri məhz, Azərbaycan oxucusu üçün tərcümə edirik. Məsələn, vaxtilə bu üsuldan istifadə edirdilər: Tutaq ki, Kafkanı bir zalda 20 adama oxuyurdular. Sonra onun tərcüməsini o zalda oxuyurdular və ondan alınan təsiri, effekti testlər vasitəsilə müəyyənləşdirib tərcüməyə qiymət verirdilər.

Ümumiyyətlə, əsas ana dil götürülməlidir. Ana dilində necə səsləndirmək məsələsi əsasdır. Artıq bir neçə müəllifin eyni cür səslənməsi isə başqa problemdir.... Amma bilməliyik ki, məsələn, Hesse, Kafka Remark deyil. Mən istəsəm də, Remarkın lirik-psixoloji anlarını Hesseyə yeridə bilmərəm. Kafkanın bədii ifadə vasitələrindən "kasıb" olan nəsrini obrazlı deyim tərzi ilə ifadə etmək mümkünsüzdür...

Rüstəm Kamal: - Bütün dünyada belədir. Hətta Rusiya kimi oturuşmuş, təmərküzləşmiş, tərcümə mədəniyyəti olan ölkədə də bəzən elə mətnləri tərcümə edirlər ki, adam təəccüb edir.

Elnarə Akimova: - "Patriarxın payızı"nı mən də 2-3 il əvvəl olar aldım, oxuya bilməyib, yarımçıq qoydum. Sonra rus dilində oxumağa çalışdım, gördüm bu dildəki tərcümə də uğursuzdu.

Seyfəddin Hüseynli: - Hələ "İnostrannıy"a elə mətnlər yol tapır ki... Bu vicdan məsələsidir. Ümumi prosesdə qarşısıalınmaz problemdir.

Rüstəm Kamal: - Özlərinə hörmət qoymurlar...

İradə Musayeva: - Seyfəddin müəllim, bayaq mən dedim ki, ən yaxşı tərcümədə belə nöqsanlar olur və biz o nöqsanları deməkdən, yazmaqdan çəkinməməliyik. Vilayət müəllimin tərcüməsi ilə bağlı... Bu, əslində işin xeyrinədir. Amma bəzi adamlar düşünür ki, məsələn, filankəs yaxşı tərcüməçidirsə, o qüsurlara "xırda" deyib üstündən keçmək olar. Mən isə belə düşünmürəm... Biz çox vaxt ideallaşdırdığımız, əfsanələşdirdiyimiz tərcüməçilərin əslində ədəbiyyata ziyanını unuduruq. Mən indi sizə eksperiment üçün bir balaça tərcümə nümunəsi oxuyacam. Tərcümənin müəllifini elan etmədən. Fikrinizi bildirərsiniz.

"... orada yuxarıda atası çönəndə, ulduzların işığında onun çöhrəsiz, cisimsiz, ətsiz-qansız, sanki tənəkdən kəsilmiş yastı qaraltısını, əynindən tökülən uzun ətəkli pencəyini, dəmir bükülülərini gördü. Səsi təbəqə kimi bərk və yastıydı" (U. Folkner. "Yanğın" s. 16). "Çöhrəsiz, cisimsiz, ətsiz-qansız qaraltı", "tənəkdən kəsilmiş qaraltı", "pəncə kimi irəli uzanmış əl", "quduz gərginlik", "təbəqə kimi bərk və yastı səs" - bu ifadələri anlamaq üçün təxəyyülə nə qədər güc versək də, baş ağrısından başqa bir nəticə hasil olmur. "... indi isə zərbənin özü də, zərbənin ardınca atasının təhqiredici dərəcədə rəvan, sakit səsi ilə uşağın qulaqlarında cingildəyir, lakin ona heç nə izah eləmirdi; bu zərbə və atasının səsi olsa-olsa, bir şeyi - uşağın köməksizliyini, yaşadığı illərin çəkisinin cüziliyini izah edə bilərdi, bu çəki kifayətdir ki, qoynunda çapaladığı dünyadan qopub ayrılmağa qoymasın onu, ancaq kifayət deyildi ki, ona öz ayaqları üstündə möhkəm dayanmaq, bu dünyaya müqavimət göstərərək, onun axırında nəyisə dəyişmək imkanı versin" (s. 19), " - bax, belə evdə yaşayasan! - və bunu qibtəsiz-filansız, özünə dərd eləmədən, əlbəttə ki, uzun ətəkli qara pencəyin dəmir bükülülərin addımlayan o kor hikkədən, paxıllıqdan doğan qəzəbdən xali düşündü" (s.20 -21) - Bəmbəyaz! Gözəl! - dedi). - Nolsun. Bu ki, tərdi. Zənci təri idi. Yəqin bu ev üçün zənci təri kifayət qədər ağ deyil. Onlara həm də bizim tərimiz gərəkdi..." (s 23); "Onların qalın və sönük səslərində ümidsiz tənbəllik duyulurdu"(s 23).

Kamran Nəzirli: - Mən şəxsən heç nə başa düşmədim.

İlqar Əlfi: - Yox, mən başa düşdüm, başa düşdüm ki, tərcüməçi heç nə başa düşməyib...

Seyfəddin Hüseynli: - Nadir Əbdürrəhmanlının tərcüməsidir?

İradə Musayeva: - Deməli, bu əlimdəki qovluqda 6-7 tərcüməçinin ayrı-ayrı kitablarından konkret səhifələrinə qədər göstərilən misallar var.

Rüstəm Kamal: - İradə xanım, o qeydlərinizi, misallarınızı versəydiniz mən bununla bağlı məqalə yazardım...

İradə Musayeva: - Bu oxuduğum parça bizim əfsanələşdirdiyimiz, mifləşdirdiyimiz Natiq Səfərovun tərcüməsindən idi. U.Folknerin hekayələrinin tərcüməsindən. Bu faktlar tərcüməçinin Azərbaycan dilini bilməsinə şübhə oyadır bizdə. Görürsünüz, burda konkret fakt var. Mənim topladığım qeydlər bir tərcüməçiyə aid deyil, yalnız. Burda Tehran Vəliyevin tərcüməsindən, məsələn, Folknerin "Avqust işığı" romanının tərcüməsindən, Zahid Sarıtorpağın "Uliss"i tərcüməsindən, Əlisa Nicatın və başqalarının...

İlqar Əlfi: - Məndən də var, İradə xanım?

İradə Musayeva: - Var, əlbəttə imkan olsa oxuyacam. Çak Palanikin Amerika həyatından bəhs edən "Döyüşçü klubu" əsərini rus dilindən Firzə Heydərli tərcümə edib. 256 səhifəlik kitabdır. Kitabı oxumaq "əsrdən uzun gün" müsibətinə çevrilib. Mən bu barədə məqalə də yazmışam. Ümumiyyətlə, tərcümə problemləri ilə bağlı konkret faktların təhlilinə əsaslanan 5-6 məqalə yazmışam və çap olunub. Diqqət edək: " Böyük yaş sifət mənim təpəmə sıxılır, məhz bu vaxt, adətən, mən ağlamağa başlayıram. Mən təkəm və ətrafda qaranlıqdır. Özgə hərarətlə əhatələnib, heç nə görməyəndə ağlamaq asandır, onda başa düşürsən: bu həyatda nəyə nail olursan ol, hər şey gec, ya tez heç olacaq." (s 13) "Təpəyə sıxılan böyük yaş sifət" hansı obrazlılıq, məcazlılıq prinsiplərinə uyğundur? "Onun arxasında şalvar qəmli torba kimi sallanıb" (s 16) "Kloi mənim boynuma nəfəs alırdı. İstənilən kişi ilə. Maraqlıdır, onların yanına kimləri buraxırdılar? " (s.17). "Ancaq yenə də o haqlıdır - birinci mən simulyantlıq etməyə başladım. Əlbəttə ki, əgər bütün bu adamlar öz şişlərini, əzablarını simulyasiya etmirsə. Hətta Böyük Bob, bu nəhəng sığır, bu piy parçası - simulyantlıq edir." (s. 22) "Kinomexaniklər, ümumiyyətlə, özlərinə çox şeyi imkan verə bilər. Bəzən göstərən bobinda siqnal olmur. " (s. 28) və s... Nöqsanları qabardanda adamlar inciyir, axı özünüz də görürsünüz ki, bu tərcümələr ədəbiyyat adına yazıla bilməz.

Vilayət Hacıyev: - Qətiyyən, İradə xanım! İnciməməliyik. Bu işin xeyrinədir.

İradə Musayeva: - Biz üstünü vurmadıqca, ört-basdır etdikcə, hələ oxucu zövqünə vurulan zərbəni qoyuram bir kənara, həmin kitablar təkrar-təkrar çap olunur həmin bərbad vəziyyətdə. Oturuşmuş, təsqiqlənmiş tərcümələr kimi... Baxın, burda hamınız, professional tərcüməçilərsiniz. Yəni, həqiqətən, inandığımız... Bu misallara reaksiyanız da göstərdi ki, fakt ən yaxşı, ən düz meyardır. Tehran Vəliyev, Allah rəhmət eləsin, Folknerin ən yaxşı tərcüməçisi kimi tanıdılır.

İlqar Əlfi: - Selencerin...

İradə Musayeva: - Yox. Folknerin "Avqust işığı" romanının tərcüməsindən gedir söhbət. İstəyirsiz, misallar göstərim.

Seyfəddin Hüseynli: - İradə xanım, vallah bu ümumi mexanizmin düz qurulmamağındandır.

İradə Musayeva: - Biz hər şeyə "ümumi mexanizm" prizmasından baxmamalıyıq. Söhbət ədəbiyyat və onun problemli sahəsi olan tərcümədən gedir, zərgər dəqiqliyi tələb edən bir yaradıçılıq sahəsindən. Mən deyirəm ki, əksinə, biz bu tərcümələri söz-söz, cümlə-cümlə, səhifə-səhifə aydınlaşdırmalı, qiymətləndirməliyik. Tərcümə tənqidi yoxdur, qoy ədəbiyyatşünaslar, yazıçılar etsin bu işi. Tənqidçilər etsin və onlara maneçilik olmasın heç olmasa... Mən, məsələn, lap bir oxucu kimi niyə bu kitabları, bu tərcümələri qəbul etməliyəm? Niyə mənim ədəbi-estetik zövqümü, dünya ədəbiyyatına olan marağımı korlayırlar?

Kamran Nəzirli: - İradə xanımın misallarında çox ciddi əsaslar var.

Seyfəddin Hüseynli: - Folkner elə öz dilində də çətindir.

İradə Musayeva: - Diqqət etdinizsə, mənim misallarımda problem yüksək meyarlar deyildi, yəni, əsərin üslubunu, ruhunu, estetikasını tərcümə etmək və s. Sadəcə adi cümlə qurmaq, fikri ibtidai formada da olsa çatdırmaq qabiliyyətindən gedir söhbət.

Seyfəddin Hüseynli: - İradə xanım, sizin, mənim o tərcümələrlə bağlı "Oxu zalı"nda çıxan yazılarımızdan sonra "Qanun" nəşriyyatının direktoru Şahbaz bəy həmin 6 kitabı qaytardı geri, tərcümə müəlliflərinə, yenidən tərcüməyə... Mənə də dedi.

İradə Musayeva: - Siz bu tənqidləri dəstəkləməlisiniz, etiraz etməməlisiniz...

Seyfəddin Hüseynli: - İradə xanım, mən tənqidləri təqdir edirəm, çünki tərcümə də tənqidin bir sahəsidir. Amma ümumi çıxış yolu deyil...

İradə Musayeva: - Yeganə çıxış yolu deyil. Amma yollardan biri də budur.

Elnarə Akimova: - Biz bu gün məsələyə daha çox birtərəfli yanaşdıq. Yəni, başqa dildən bizim dilə tərcümə məsələsindən danışdıq, daha çox. Bəs bizim öz əsərlərimiz necə? Məsələn, hamımızın yolu düşür başqa ölkələrə. Elə bir toplularımuz varmı ki, biz onu ürəklə aparaq, ədəbiyyatımızı təbliğ edək? Yəni, öz məhsulumuzun dünya bazarına çıxışı hansı şəkildə reallaşmalıdır. Bəzi imkanlı yazarlar öz qayğılarına qalırlar, yaxşı-pis tərcümə etdirirlər öz əsərlərini. Bəs, o zaman Mikayıl Müşfiqi, Əhməd Cavadı, Üzeyir Hacıbəylini, C.Məmmədquluzadəni, Molla Pənah Vaqifi və digər milli ruhda yazan klassiklərimizin əsərlərini kim tərcümə edib dünyada tanıdacaq?! Məhz, bu sahəyə dövlət tərəfindən ciddi diqqət və dəstək göstərilməlidir.

İlqar Əlfi: - Maqsud İbrahimbəyovun oğlu Murad rejissordur. O gün gəlib, bir povestin tərcümə eləmişəm onun. "Azərbaycan" jurnalında çıxacaq. Bu adam azərbaycanca bilmir, amma görürəm ki, ürəyi yanır, istəyir ki, rusca oxusun. Deyir, İlqar müəllim, kimləri oxuya bilərəm? Dedim, Nəriman Nərimanovu oxuyun, Çəmənzəminlini, Haqverdiyevi oxuyun. Deyir "onlar rusca var?" Deyirəm, vallah, bilmirəm, sovet dövründə yəqin olub. Deyir bəs indi niyə yoxdu? Hüseyn Cavid niyə yoxdu? Deyirəm, Hüseyn Cavid tərcüməyə gəlmir. Onu qoyaq bir qırağa.

Azər Turan: - Qırağa niyə qoyaq ki. Cavidin "İblis"inin ruscaya tərcüməsi vardı. Özü də kim tərcümə etməyə başlamışdı? Lev Nikolayeviç Qumilyov...

Elnarə Akimova: - Bəs Müşfiq, Vaqif...

İlqar Əlfi: - Yox e, şairləri də qoyaq bir qırağa. Biz hətta Çəmənzəminlinin yaradıçılığını başqa dildə qoya bilməmişik ortaya... Tərcümə çox çətin şeydir. Respublikanın yarısı rusca bilir, biz bu gün 10 nəfər fərli-başlı tərcüməçi tapa bilmirik ruscadan. Mən əlimi qoyum ürəyimin üstünə deyim ki, tapacam, mümkün deyil. Siz indi bizim ədəbiyyatın xarici dilə tərcüməsindən danışırsınız. 200 il var ona.

Rüstəm Kamal: - Etimad tərcümə edib Jirmunskinin "Tyurkskiy qeroyoskiy epos" kitabını. Yaxşı tərcümə eləyib. Ancaq orada o qədər terminlər, yer adları var ki, dəqiqləşməliydi.

Azər Turan: - Biz Türk ədəbiyyatından məsələn Nəcib Fazil Qısakürəyi tamam təhrif edib veririk Azərbaycan oxucusuna. Bu məsələ barədə ayrıca məqalə yazmışam. Təkrar o məsələyə qayıtmaq istəmirəm. Yaxud Azərbaycanın görkəmli bir şairinin şerini Türkiyə türkcəsinə çevirib gəlib burda onu bəh-bəhlə bizə sırıyanlar da bizim şairimizin Türkiyə oxucusu üçün bəsitdən bəsit hala saldıqlarının fərqində olmur. Bu elə ciddi məsələdir ki, bir az da maddi yönlərini kənara qoymaq gərəkdir bu işlərin. Maddi qazanc önəmli olmamalıdır.

Elnarə Akimova: - Bəs klassik ədəbiyyatın tərcümə problemlərini necə reallaşdırmaq olar?.

Seyfəddin Hüseynli: - Tərcümə ilə bağlı qrant müsabiqələri təşkil etmək lazımdır. Biz təzə bir qitə kəşf eləmirik. Ruslar, türklər, iranlılar, bizə yaxın olanları deyirəm, hər yerdə bunu eləyirlər. Müsabiqə elan olunur, dünya səviyyəsində heç olmasa ən prestijli tərcüməçilər, əlbəttə, daha çox pul istəyirlər. Amma orta səviyyədə, ən azı bizi qane edəcək səviyyədə müsabiqələrdə iştirak edə bilərik.

İradə Musayeva: - Seyfəddin müəllim, bayaq da ianədən dediniz. Bu elə işdir ki, buna dövlətin köməyi, diqqəti, marağı lazımdır. Niyə xırda köməklərə bel bağlayaq? Qoy dövlət dəstəyini biz arzu edək... Düzdür, deyə bilərlər ki, dövlət Tərcümə Mərkəzini yaratdı. Amma görürük ki, bu prosesin ağırlığı və idarəolunmazlığı bu Mərkəzin sədlərini dağıdır. Mərkəz nə qədər yaxşı işləsə də, bu böyük prosesi nəzarətdə saxlaya biməz.

Seyfəddin Hüseynli: - Dövlət xətti ilə olur də. Dövlət xətti ilə müsabiqələr təşkil edilir. Qrant müsabiqələrini təkcə QHT-lər deyil, həm də dövlət səviyyəsində təşkil edilir.

İlqar Əlfi: - Ümumiyyətlə, tərcümə əslində, ikinci dil deməkdir. Bax, Azərbaycan ədəbiyyatının Rusiyaya çıxması həmişə necə olub. Həmişə "padstroçnıy perevod" olub, rus dilini gözəl bilən adam sətri tərcümə edib, rus yazıçısı onun üzərində işləyib. Elə olmalıdır. İdeal tərcümə yoxdur.

Rüstəm Kamal: - Bəzən tərcümə orijinaldan gözəl olub. Məsələn, Yuri Kazakov Nurpeisovun məşhur "Tər və qan" romanını möhtəşəm tərcümə edib. Bunu kazaxlar da deyir, ruslar da deyir, Kazakov da deyib ömrümün neçə ilini ona verdim.

İradə Musayeva: - İlqar müəllim, çox təəssüf ki, klassik ədəbiyyatla bağlı mütəxəssis gəlməyib. Siz fars dilini bilirsiniz də. Əslində biz istəyərdik ki, klassik ədəbiyyat tərcüməçilərindən kimsə olsun. Məsələn, Nizami ilə bağlı poetik tərcümə olsun, filoloji tərcümə olsun və s. Hətta Xəlil Yusifov Nizami Gəncəvini əruzla tərcümə edib. Və izahlar da verib. Mən demirəm ki, o yaxşı, ya pis eləyib. Mən variantları deyirəm.

İlqar Əlfi: - Nizami Gəncəvini Ərdəbil universitetində bir professor var, bəlkə də indi rəhmətə gedib. Burada Nizami ilə bağlı Mövlananın tədbiri keçiriləndə o da gəlmişdi. Klassik alimlərdəndir. Bu insan 40 ildir Nizaminin təfsirini yazır. Hələ təfsirini yazır haa! 35 cild yazıb qurtarıb, deyir Allah ömür versə, 5 cild də yazacam. Deyir İlqar ağa, sizdə bu qədər professor var, Nizamidən bunlar necə alimdirlər, fars dilini bilmirlər axı. Bunu başa düşmürlər.

Fərid Hüseyn: - Burada iki adam eyni məqama toxundu, ona görə bunu deyirəm. Mənə sovet dövründən bəri absurd gəlib, sonra da müasirlərimizdə də bəzən görmüşük. Bu sətri tərcümə, Rüstəm müəllim bayaq dedi, bizdə Azərbaycanda bu necə olur. Konkretləşdirək. Deməli, sətri tərcüməni dili bilənə ona görə verirlər ki, o poeziyanı bilmir, amma dili bilir. Mənanı başa düşür və verir. Təzədən onu şair çevirir şerə. Yəni dili bilməyəndə şerə çevrilir. İndi poeziyanı bilməyənlə dili bilməyənin müttəfiqliyindən hansı uğurlu iş yarana bilər?

İlqar Əlfi: - Ona görə də müzakirənin əvvəlindən dedik ki, poetik tərcümə, şeir tərcüməsi məsələsi absurd bir şeydir.

Azər Turan: - Mən dəqiq bilmirəm, "İrşad" qəzetində 1905-cı ildə Azədbaycanda Hafizi kim tərcümə edib. Amma kimdirsə, tərcüməçinin imzası M.Ə.R. kimi təqdim olunub. Bu tərcümə qəzetin felyeton qismində "Hafizdən tərcümə" adı ilə təqdim edilmişdi. M.Ə.R. Hafizin gözəl və mənalı şerini hərc-mərc etmişdi. Azərbaycanda buna böyük təpkilər oldu. "Dövre qəmər"lə"dövri-qəmər" sözləri qarışıq salınaraq qəzəl, qəzəldəki fikir viran qoyulmuşdu. Dövrlə, zamanla dairə qarışıq salınmışdı. O dövrdə mətbuatda Əbülhafiz imzası ilə tənqidçilik edən müəllifin kimliyini ədəbiyyatşünaslar bilir. Mən indi bunu təkrarlamaq istəmirəm. Əbülhafiz deyirdi ki, Hafiz divanını tərcümə edənin ən azı ya Seyid Əzim Şirvani, ya da Molla Pənah Vaqif qədər bir şairlik istedadı olmalıdır. İngiliscədən Şekspiri almancaya Şiller tərcümə edirdi. Farscadan Hafizi alman dilinə Höte tərcümə edirdi. Əbülhafiz xatırladırdı ki, Höte alman dilində yazmış olduğu "Hafiznamə"sinin başında öz kəlamından olan bir rubailə deyir ki: "Kəlamı bəy və mənanı gəlin fərz etsək, bunların toyunu, izdivacını ancaq o adam dərk edə bilər ki, Hafizi-Şirazinin qədr-qiymətini bilmiş ola!.." M.Ə.R. toyu matəmə çevirmişdi. Dərk etdiyi bu qədər olmuşdu yəni.

Elnarə Akimova: - Çox sağ olun. Bu gün çox böyük bir ədəbiyyat məsələsinin, probleminin çözülməsi üçün zəhmət çəkib gəldiniz. Bütün dəyərli fikirlərinizə və təkliflərinizə görə təşəkkür edirik. Şekspirin alman dilinə məşhur tərcüməçisi Avqust Şleqelin tərcüməylə bağlı belə bir fikri var ki, "tərcümə - ölüm-dirim savaşıdır. Və bu savaşın sonunda ya tərcümə edən, ya da tərcümə olunan uduzur". Arzu edək ki, heç kim uduzmasın. Nə yazar, nə də onu tərcümə edən. Çünki keyfiyyət məhz, bu halda baş tutur. /“Ədəbiyyat qəzeti”/

news-inner-user

12902 məqalə

Paylaş

Oxşar xəbərlər