“Kitab sayəsində evləndim” - OXUCU

“Kitab sayəsində evləndim” - OXUCU
13 iyun 2017
# 12:00

Kulis.azın “Oxucu” layihəsinin qonağı jurnalist Zaur Xudiyevdir.

- Neçə yaşından kitaba marağınız var?

- İndi mən durub desəm ki, məsələn, 6 yaşımdan kitab oxuyuram, bu, bir az səmimilikdən uzaq olar. Və yaxud, iddia etsəm ki, evin hər yeri kitablarla dolu bir ailədə böyümüşəm, gözümü açandan kitab görmüşəm, bu da yalan olar. Valideynlərimin ali təhsil almaq imkanları olmayıb, ancaq təhsilə həmişə önəm veriblər. Hətta kənddən (Borçalıdan) Bakıya köçməklərinin əsas səbəbi də mənim və bacımın normal təhsil almasına şərait yaratmaq olub. Mən də oxumağı bacarandan, özümü biləndən oxuyuram. Hər uşaq kimi nağıllarla, xırda hekayələrlə başlamışıq. Bir də yadıma gəlir, nənəm bizdə olanda mənə “Koroğlu” dastanını oxutdurub qulaq asırdı. Onda artıq təxminən 5 ya, 6-cı sinifdə oxuyurdum. Daha sonra orta məktəbdəki ədəbiyyat müəllimim Elmira xanım çox təsir edib ədəbiyyatı sevməyimə. Bu gün də çox minnətdaram ona ki, məndə məhz ədəbiyyata maraq yaratdı.

- Əsasən hansı kitabları oxuyursunuz?

- Daha çox tarixi romanları oxumağı sevirəm. Belə deyək, tarixi hadisələrə ədəbiyyatçıların gözü ilə baxmaq xoşuma gəlir. Tənbəl oxucuyam, özümü çox çətinə salmağı sevmirəm. Təhkiyəsi rahat, dili asan, daha çox hadisə, hərəkət olan romanları oxumağa üstünlük verirəm.

- Müasir yazarlarımızı mütaliə edirsinizmi? Kimləri bəyənirsiniz?

- Müasir Azərbaycan ədəbiyyatını çox diqqətlə izləyirəm. Demək olar ki, hamını oxumuşam. Bir az böyük nəsildən – Əjdər Ol, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Salam Sarvandan tutmuş, Şərif Ağayara, Kənan Hacıya, onlardan da üzübəri yaşıdlarım və daha gənc yazarlara – Qan Turalı, Kəramət, Mövlud, Ayxan Ayvaz, Seymur Baycan, Qismət, Mirmehdi Ağaoğlu, Aqşin Yenisey, Aqşin Evrən və adlarını qeyd etmədiyim digərləri, yəni hamıdan mütləq nəsə, bəzilərinin hətta bütün əsərlərini oxumuşam. Bu siyahıya bilərəkdən bu gün də yazıb-yaradan daha qocamanları – Əkrəm Əylislini, Anarı, Səfər Alışarlını, Elçini, Vaqif Nəsibi və digərlərini daxil etməmişəm.

Qaldı ki bəyənməyə, bəyəndiklərim də olur, bəyənmədiklərim də. Əsas odu ki, nəsə yazılsın, çox yazılsın. Zaman keçdikcə təbii ələnmə prosesi olacaq. Ən yaxşılar gələcəyə gedəcək, pislər də zamanla aradan çıxacaq.

- Sizcə kitab insanları dəyişir? Elə isə sizi götürək.

- Məncə, kitaba bu qədər böyük məsuliyyət yükləməyək. Kitab insanı dəyişəcək vasitələrdən sadəcə biridir. İnsan hansısa digər insanla tanış olub dəyişə də bilər, bir filmə baxıb, bir məclisə düşüb, qəza keçirib, varlanıb, kasıblayıb və s. digər hallarda da dəyişə bilər. Kitab oxumaq su içmək, yemək yemək, tualet ehtiyacı qədər təbii proses olmalıdı. Onu rituallaşdırmaq, ilahi mərasim halına gətirmək, kitab fetişizmi mənə görə qəbul olunmazdır. Belə deyək də, kitab oxumuram deyib bunu fəxrlə təqdim edən adam nə qədər cahildirsə, kitab oxuduğunu reklam edən, elə-aləmə car edən adam da o qədər cahildi. Oxuyursan, yaxşı edirsən, özünə xeyirdi, oxu da.

Gələk mənə. Kitab şəxsən mənim həyatımı çox dəyişib. Ancaq bir az fərqli şəkildə. Bir az uzundu, ancaq danışım. Deməli kənddə bir qızı sevirdim. Bunun da anası ədəbiyyat müəllimidi, yaxşı da kitabxanası var. Tətildə kənddə olanda boş vaxtlarım çox olurdu deyə ara-sıra onlardan kitab götürüb oxuyurdum. Bir dəfə də Əzizə Cəfərzadənin “Bakı 1501” romanını götürdüm. Bu aralar da qıza ürəyimi açmaq istəyirəm. O vaxtlar indiki kimi cürbəcür messencerlər, əlaqə vasitələri yox idi. Bir mesaj var idi ki, o da cəmi 160 simvol. Dərdimi ifadə edənə qədər gərək 25 mesaj yazaydım ki, o da olan iş deyil. Belə olan halda mən də dədə-baba qaydası ilə məktub yazmağa qərar verdim. Xülasə, yazdım məktubu, qoydum “Bakı 1501”in arasına qıza dedim ki, ananın kitabını gətirmişəm. Verdim, çıxanda da bir mesaj atdım ki, kitabın arasında məktub var, baxarsan. Elə həmin gün də dayımoğluna qoşulub getdim yaylağa. Hardasa, bir həftə 10 gündən sonra qayıtdım gəldim, məktubu oxumuşdu. Münasibətimiz başladı, indi də evliyik. Demək olar, kitab sayəsində evləndim. Yəni bu və ya digər şəkildə kitab mənim həyatımın mühüm “qırılma nöqtəsi” oldu.

- Evdə kitabxananız var? Nə qədər kitab olar?

- Kitabxana demək olmaz. 150-170 dənə kitabım var. Bir az məsuliyyətsizəm bu işlərdə. Kitab məsələsində tapdığıma sevinsəm də, itirdiyimə heyfsilənən adam deyiləm. O qədər olub ki, kiməsə verdiyim kitabı ümumiyyətlə unutmuşam, geri almamışam. Və ya kimdənsə gətirmişəm, sonra qaytarmağı unutmuşam.

- Əsasən, hansı dildə oxuyursunuz və Azərbaycan dilinə tərcümələri bəyənirsinizmi?

- Xarici ədəbiyyatı türkcə oxumağı sevirəm. Sürətli oxuya bilirəm türk dilində, anlama problemim də yoxdu. Tərcümələr haqqında isə birmənalı fikir bildirmək çətindir. Bu barədə dəfələrlə müzakirələr də olub, danışılıb da. Sanki nəsə çatışmır bizdə bu sahədə. Bir az da zövq məsələsidi. Mən, məsələn, Nəriman Əbdülrəhmanlının tərcümələrini bəyənirəm. Bir başqası Nadir müəllimi daha üstün tutur. Yaxşı redaktədən də çox şey asılıdır.

- Daha çox roman oxuyursunuz, ya hekayə kitabları, ya şeir?

- Daha çox tarixi roman oxumağa üstünlük versəm də, hekayə və şeiri də görəndə “pas keçmirəm”.

- Deyirlər, indi kitab oxunmur, sizcə doğrudur?

- Mənim ətrafım, tanışlarım, dostlarım elə adamlardı ki, tanıdığım hamı oxuyur.

- Ən çox sevdiyiniz roman, hekayə, şeir.

- Bəlkə də ən çətin sual budu. Kafkadan, Hüqodan, Dostoyevskidən və ya Tolstoydan danışmalıyam da indi. Onları onsuz da hamı sevir, həmçinin də mən.

Ancaq mənim xüsusi seçimim də var. Xarici ədəbiyyatdan danışırqsa, Amin Maalufun “Səmərqənd”ini qeyd etməliyəm. Mövzu və texnika baxımından çox xoşuma gəlib. Türkcə oxumuşdum. Yerli ədəbiyyatdan isə Yusif Səmədoğlunun “Qətl günü” və Nəriman Əbdülrəhmanlının “Yolçu” romanını deyərdim. Deyəsən hamısı tarixi mövzuda oldu.

Vaqif Nəsibin “Omaroğlunun qayıtması” yerli hekayələrdən ən sevdiklərimdəndi.

Ən sevdiyim şeiri demək çox çətindi. Şeir elədi ki, ovqat məsələsidir. O andakı vəziyyətə görə dəyişər fikrin. Ancaq Əlisəmid Kürün “Alo, mən səni görürəm, qızım” şeirini hər dəfə oxuyanda, eşidəndə belə birtəhər oluram. Hər halımda təsir edir mənə.

- Şairlərimizdən kimləri bəyənirsiz?

- Şeir zövqüm çox qarışıqdı. Həm klassika sevənəm, hecaçıyam. Xalq şeir üslubu – qoşma, gəraylı ruhuma daha yaxındı. Vaqifdən üzübəri Dədə Ələsgər, Səməd Vurğun, Bəhmən Vətənoğlu, Sücaət, Akif Səməd, Zəlimxana qədər hamısını sevirəm, oxuyuram, əzbərləyirəm.

Həm də sərbəst şeiri – Əli Kərimi sevirəm. Mikayıl Müşfiqi bir ayrı sevirəm. Sabir bir başqa doğmadı. Səhərə qədər saymaq, uzatmaq olar siyahını.

Müasirlərimizdən Bəxtiyar Hidayəti çox həvəslə, sevərək oxuyuram. Salam Sarvanı, Zahir Əzəməti, Elnur Astanbəylini, Rasim Qaracanı, Aqşin Yeniseyi, Qisməti, Aqşin Evrəni və digərləri, çoxdu bəyənərək oxuduqlarım.

Yuxarıda da dediyim kimi, ovqat məsələsidi bu bir az da.

- Özünüz nəsə yazmaq istəmisiniz nə vaxtsa?

- Hətta yazmışam da. Klassik Borçalı kökənli, saza bağlı adam olaraq, yeniyetmə vaxtı qaraladığımız 1-2 qoşma, gəraylı olub. Ancaq çox tez anladım ki, üzə çıxası iş deyil, elə də davam etdirmədim. Məncə, oxucu olmaq, yazıçı olmaqdan daha yaxşıdır.

- Saytlarda bədii əsərlər oxuyursunuz?

- Hekayələr və şeirləri oxuyuram. “Kulis”in ən yaxşı hekayəmiz rubrikasından yayımladığı bütün hekayələri oxumuşam. Ümumiyyətlə, ədəbiyyat saytlarını daim izləyirəm, nəzarətdə saxlamağa çalışıram. Nə yazılır oxuyuram.

- Son olaraq kitab sizin üçün nədir?

- Günlük ehtiyacın bir parçası. Oyanırıq, yuyunuruq, yemək yeyirik, işə gedirik, danışırıq, kitab oxuyuruq, yeyib-içirik, futbola baxırıq, yatırıq. Xüsusi bir şey deyil.

# 918 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #