Azər Məmmədli: “Rəsm çəkməyimizə görə bizi bölməyə apardılar”

Azər Məmmədli: <span style="color:red;">“Rəsm çəkməyimizə görə bizi bölməyə apardılar”
7 iyun 2017
# 09:00

Kulis.az rəssam-illüstrator Azər Məmmədli ilə söhbəti təqdim edir.

- Azər bəy, bildiyim qədəri ilə rəssamlıq üzrə təhsil almamısız.

- Bəli. Mən Bakı Dövlət Universitetinin tarix fakültəsini “Qafqazşünaslıq” ixtisası üzrə bitirmişəm. Amma bu sahədə çalışmadım. Çünki uşaqlıqdan rəssamlıqla məşğulam. İstədim ki, mənə daha yaxın olan sənətlə məşğul olum. Rəssamlıqla yanaşı 2009-cu ildən qrafiti ilə də məşğul oluram. Qrafitinin bütün xüsusiyyətlərini mənimsəmişəm. Professional şəkildə isə artıq beş-altı ildi bu işlə məşğulam.

- Qrafiti ciddi sənət kimi qəbul olunurmu?

- Baxır qrafitinin hansı növü ilə məşğul olursan. Biri var küçədə, özün istədiyin kimi şəkil çəkirsən, bir də var ictimaiyyət üçün böyük fasadlara rəsm çəkirsən. Yəni işə ciddi yanaşıb-yanaşmamağından asılıdır.

- Qrafitistlər küçələrə, divarlara rəsm çəkməklə cəmiyyətə mesaj yollayırlar, ya sırf sənət üçün edirlər?

- Qrafiti özü incəsənətdi. İncəsənət də öz daxilini əks etdirməkdi. Qrafitirayterlər də öz hisslərini divara köçürürlər. Messaj verənlər də var, amma hamısının məqsədi mesaj vermək deyil. Son vaxtlar bəzi Şərq ölkələrində münaqişələr baş alıb gedir. Həmin ölkələrdəki qrafitirayterlər diqqəti sırf bu mövzuya yönəltməyə çalışırlar. Rayterin özündən asılı olaraq mövzu dəyişə bilər. O, sosial, siyasi, ictimai mövzularda qrafitilər çəkə bilər.

- Siz hansı mövzulara üstünlük verirsiz?

- Mən qrafitiyə sırf incəsənət prizmasından yanaşıram. Buna görə də çalışıram ki, qrafitilərim mesaj verməkdən çox estetik baxımdan insanları qane etsin.

- Qrafitistlər təkcə fasada deyil, interyerə də rəsm çəkirlər?

- Əlbəttə, ümumi götürsək interyer rəssamlığı da qrafiti kimi sənət növüdür, freskaya çox oxşayır, adına müral deyilir. Texnika baxımından da oxşarlıqları çoxdur.

- Qrafitinin freska və başqalarından fərqi ondadır ki, bir az çaparaqdır, elə deyil? Ona görə də iş tez başa gəlsin deyə sprey balonlardan istifadə olunur.

- Aha, doğrudur. Spreylə işləmək fırça ilə işləməkdən daha asan başa gəlir. Amma elə yer olur ki, orda artıq fırçasız keçinmək mümkün deyil.

- Bir də əvvəldən rəsmin trafaretini hazırlayan rəssamlar var.

- Ona stensl-art deyirlər. Qabaqcadan rəsmin trafaretini hazırlayanda iş də tez başa gəlir. Bu üsuldan adətən qeyri-leqal qrafiti çəkən, polisdən qaçan qrafitirayterlər istifadə edirlər.

- Qrafitistləri adətən hər yerdə qovur, şəhər meriyaları onlara qadağalar qoyurlar. Bəs bizdə vəziyyət necədi?

- Biz çalışırıq ki, daha çox dağılmış, tərk olunmuş yerlərdə çəkək. İnanmırıq ki, orda kiməsə mane olaq. Amma yenə də irad tutanlar, mane olursuz deyənlər tapılır. Halbuki bizim rəsm çəkdiyimiz yer mülk deyil, dağılıb-tökülmüş yerdir. Biz şəhərdə boş divarlar görəndə icra hakimiyyətinə layihə veririk ki, həmin divar bizim üçün ayrılsın. Onlar da sağ olsunlar, adətən layihələrimizə laqeyd yanaşırlar.

- Amma dünyada qrafitirayterlər üçün xüsusi ayrılmış divarlar, məhəllələr olur.

- Əlbəttə. Xüsusilə Avropada qrafitistlərin xüsusi əraziləri, məhəllələri mövcuddur. Onlar burada festivallar keçirirlər. Yəni hər cür şəraitləri var.

- Bir ara indiki “28 Mall”ın yerində divar vardı, qrafitistlər orda işləyirdilər.

- Həmən yerdə qrafiti festivalı təşkil olunmuşdu. Hardasa 33 iş təqdim olunmuşdu.

- Siz də orda yer alırdız?

- Yox, mən o vaxtı qrafiti çəkməyi öyrənirdim.

- Bakı Şəhər İcra Hakimiyyətinin sizin üçün ayırdığı ərazilər var?

- Xeyr, yoxdu. Biz çox vaxt icra hakimiyyəti və ya bələdiyyələrdən icazə almağa çalışırıq. Müraciətlərimizə çox az hallarda pozitiv cavab alırıq.

- Heç olubmu ki, qrafiti çəkdiyiniz zaman polis yaxınlaşıb irad bildirsin, ya da polisdən qaçmağa cəhd göstərəsiz? Qrafitistlərin başına adətən bu cür macəralar çox gəlir.

- Hə, çox olub. Hətta dəqiqləşdirmə üçün bölməyə də dəvət ediblər. Orda da məlum olub ki, biz sadəcə rəsm çəkirik. Bundan sonra bizi azad ediblər.

- Qrafitistin belə bir arzusu olurmu? Bir divar və ya bir bina görür, həmişə düşünür ki, həmin yerə mütləq rəsm çəkməlidir.

- Əlbəttə. Mən həmişə maşınla şəhəri gəzəndə baxıram, harda maraqlı divar görürəmsə deyirəm bax bura rəsm çəkmək əla olar.

- Şəhərin divarlarına kətan kimi baxırsız, düzdümü?

- Aha... (gülür) Uyğun divar görən kimi düşünürəm ki, burda filan rəsmi çəkmək olar. Çünki bizim işimiz arxitektura ilə də vəhdət təşkil edir. Tutalım divardakı pəncərələrə uyğun olaraq elə manevrlər edərsən ki, bu rəsmlə kompozisiya yaradar.

- Qrafitistlər adətən gecə işləyirlər, hə?

- Çox vaxt gecə işləyirlər. Çünki qrafiti qeyri-leqal olduğu üçün gecə işləməyə məcburdurlar ki, görən olmasın. Amma biz çalışırıq leqal işlər görək.

- Bildiyim qədəri ilə qrafitistlər tarixi abidələrin divarlarına rəsm çəkmirlər.

- Aha, çox vaxt elədir. Çünki tarixi abidələr də incəsənətdir. Bu abidələr artıq var və onları dəyişmək olmaz.

- İşlərinin müvəqqəti olması, rəsm çəkdikləri divarların hər an uçurulma ehtimalı qrafitistləri narahat etmir?

- Yox, qrafiti dünyası budur, biz çoxdan işimizin uzunmüddətli olmadığını qəbul etmişik.

- Qrafitistlərin əksəriyyəti skeyt sürür. Bunun nəsə mənası var, yoxsa?

- Yox. Bildim nəyə işarə vurursuz: Yəni polis, ya kimsə qovanda qaçıb canlarını qurtara bilsinlər deyə skeyt sürürlər. Deməzdim. Sadəcə qrafiti də hip-hop mədəniyyətinin bir hissəsidir. Hip-hopa skeyt sürmək də daxildir, qrafiti çəkmək də, rəqs etmək də.

- Mart ayında sizin “Urban art” adlı layihəniz oldu. Bu barədə məlumat verərdiz.

- “Urban art Azerbaujan” komandası 2010-cu ildən var. Bu layihə Bakıdakı bir çox rayterləri özündə birləşdirir. Bizim Bakıda çoxlu layihələrimiz olub. Bu da onlardan biri idi. Bizə Azadlıq prospekti tərəfdə üstündə sadəcə sarmaşıq gülü olan divar ayrılmışdı.

- Bu rəsmi icazə idi?

- Bəli. Biz həmən divara elə rəsm çəkməli idik ki, sarmaşıqlara toxunmayaq, onlar da rəsmin bir hissəsi olsunlar. Müqavilədə də belə şərt var idi. Sonradan bizi ideyanı xaricilərdən oğurlamaqda ittiham etdilər. Qətiyyən belə deyil. Sadəcə bu geniş yayılmış üsuldur. Bu layihə “Sprinq mood” adlanırdı. Sırf baharın gəlişi, təbiətin oyanmağı ilə əlaqədar idi.

- Bu layihədən olan digər işiniz nədən ibarət idi?

- Digər işimizdə qız əlində susəpən sarmaşıqları sulayır. Bu iş hələ tam bitməyib. Çünki rəsmin daha canlı alınması üçün gərək sarmaşıqlar boy atsın.

- Divar orda əvvəlcədən var idi, ya sizə görə tikmişdilər?

- Bəli, əvvəldən var idi.

- Bu işləri sonradan restavrasiya edirsiz?

- Adətən eləmirik.

- “Urban Art” komandası hələ yaşayır?

- Bəli. Gələcəkdə də bizim işlərimiz olacaq. Biz çalışırıq ki, öz qrafitilərimizlə şəhəri gözəlləşdirək.

- Buna görə qonorar ödənilir?

- Bəzən hə, bəzən yox.

- “Spring mood” layihəsinə münasibət necə oldu?

- Mən elə gəlirdi ki, insanlar pis qarşılayacaqlar. Amma işlərimi hələ tamamlamamış camaat gəlib maraqlanmağa, şəkil çəkdirməyə başladılar. Sosial şəbəkələr də ciddi maraq yaratdı.

- Rəssamlar İttifaqının üzvüsüz?

- Yox.

- Qrafiti daha çox andeqraund sənət növüdür, ona görə?

- Belə də demək olar. Amma qrafitini müasir incəsənətlə də birləşdirənlər olur.

- Bildiyim qədəri ilə sizə interyer sifarişləri də verirlər.

- Bəli. Düzdür, bu sifarişlər qrafiti olmur. Əsasən 3D şəkil və ya rəsm sifarişləri verirlər. Sifarişçilərin zövqündən asılı olaraq üslub da dəyişir.

- Dünyada qrafitistlərin əsərlərini almaq təcrübəsi var? Bildiyim qədəri ilə Benskinin işlərini xüsusi şəkildə divardan söküb hərraca çıxarırlar.

- Bu cür istisnalar var, amma qrafitiyə çox da dəyər verilmir. Onlara alıcı tələbatı yoxdu. Benski isə daha çox sosial mövzuda işləyir. Buna görə dünyada məşhurdur. Mənsə qrafitinin daha çox estetik tərəflərinə önəm verirəm. Benski ilə mənim tərzim bir-birindən çox fərqlidir.

- Benski kimliyini ictimaiyyətdən gizləyir. Sanki bunu kimlərsə qəsdən edir ki, onun ətrafında əfsanələr dolaşsın.

- Bildiyim qədəri ilə Benski bir adam deyil, müəyyən qrupdur.

- Sizin “Qaqaş” adı altında silsilə rəsmləriniz var. Onları çəkmək ideyası necə yarandı?

- Bakılı qaqaşların ümumi obrazını yaratmaq istəyirdim. Qaqaş deyəndə ağla gələn bir konsept var: aerodrom kepka, boş köynək, boş şalvar, şəpik. Mən həmin bu görünüşü götürdüm, bir az dəyişdim, həmin obrazın üzünün yerinə kəllə yerləşdirdim. Belə deyim, ənənə ilə müasirliyi birləşdirmək istədim və bakılı qaqaşları skelet formasında çəkdim. Bu tərzdə silsilə rəsmlər təqdim olunacaq.

- Reaksiya necədi?

- “Qaqaş” rəsmlərimin bir hissəsini İnstaqramda paylaşmışam, maraqla qarşılanır. Bu qədər diqqət gözləməzdim. Ümid edirəm qaqaşlar tərəfindən də seviləcək (gülür).

- Bığ da Salvador Dali stilidir?

- Özümü Salvardor Daliyə oxşatmıram. Mənim ötən əsrin iyirminci illərinin dəbindən çox xoşum gəlir. O dövrdə belə bığ dəb idi. Mənə də maraqlı gəlirdi ki, görəsən bu cür bığı necə saxlayırlar. O maraqla da bığ saxlamağa başladım.

- Bığın gün boyu bu formada qalması üçün yəqin xüsusi yağlar gərək olur.

- Bəli, xüsusi yağlardır, onlardan istifadə edirəm.

- İnsanların reaksiyası necədi?

- Bəyənən də var, bəyənməyən də. Bığıma görə kənardakıların münasibətinə önəm vermirəm.

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #