news-inner
clock14:30 calendar-gray 06 İyun 2017 view-gray887 dəfə oxunub
view-gray887 dəfə oxunub

Kinomuzun başıqapazlısı - Aliyə yazır...

“Münəccimin şagirdi” filmi haqqında

1983-cü ildə Azərbaycanda, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Münəccimin şagirdi” adlı qısametrajlı bir animasiya filmi istehsal olunub. Ssenarisi xalq nağılı əsasında yazılmış pritçavari sosial faciə komik planda təqdim olunur. Bu janr müxtəlifliyi bir kontrast yaradır.

Ulduzları seyr edən bir münəccim bir gün özünü qəribə aparan daha düzü, par-par yanan ulduz görür və o ulduzun altında bir bəla olduğunu düşünür. Münəccim tənbəl şagirdi ilə birlikdə o ulduzun altında yerləşən şəhərə yola düşür. Şəhər ilk baxışdan abad, necə deyərlər “ictimai asayişli” görünsə də, nəticə ağlagəlməz istiqamətə dəyişir. Şəhərə girməkdən tutmuş, gözünlə gördüyün və görmədiyin hər bir şeyin qiyməti bir qapaza satılır. Bu şəhərin həyat qaydalarının öz tənbəl xisləti ilə tam uyğunlaşdığını görən şagird özünü xoşbəxt hiss edir;

“Bir qapaz artıq, bir qapaz əskik, qalıb burda yaşayar, bir gün görərəm”, düşünür. Başını qapazın altına qoyub gözəl bir bağ da alır. Amma bir gün bağına girən oğrunu tutub ədalət tələb edəndə şəhər rəhbəri onun özünü dar ağacına çəkir. Sadə bir səbəbdən, şagirdin boynu kəndirə başqalarınkından daha çox uyğundur. Yalnız münəccimin ağıllı tədbiri sayəsində şagirdin canı qurtarır.

Totalitarizm modeli bir antiutopik cizgi filmində (ssenari müəllifi Mailə Muradxanlı) nağıl kimi təqdim olunur və filmin rejissoru Arif Məhərrəmovun dediyinə görə, belə ciddi bir mövzuya toxunan film senzuranın diqqətindən yayınır, ona əhəmiyyət verilmir: “Buna bir nağıl kimi yanaşdılar. Hərçənd mən bunu dissident əsər hesab edirəm. Mərkəzdə də, Moskvada (o zaman filmlər ittifaqın mərkəzi sayılan Moskvada təsdiq olunurdu) elə əhəmiyyət vermədilər. Orada yalnız finalı dəyişdilər. Orijinalda tənbəl şagird dar ağacından asılırdı, mərkəzsə belə bədbin sonluğu olan finalla razılaşmadı, biz də münəccimin köməyilə şagirdi “xilas etdik”.

Film xalq nağılından daha başqa bir detalla da fərqlənirmiş. Orijinal adı “Loğman ilə şəyirdi” (http://www.nagillar.az/article/a-225.html) nağılında hər şey bir manatadır, filmdə onu bir qapazla əvəz ediblər.

“Bu dəyişikliklə biz həm də şəxsiyyətin aşağılanması mövzusunu qabartmaq istədik” - deyə filmin rejissoru şərh edir. Rəssam Yelena Qolubeva rejissor Arif Məhərrəmov filmdə yarıqabarıq kuklalardan istifadə edir, bu, həm də Azərbaycan animasiyasında belə texnikadan istifadə olunan ilk filmdir.

“Yarıqabarıq kuklalar həcmli görünür, bütövdən fərqlənmir, həm də dekorativ səthə yaxşı yerləşir. Hətta bunun kukla yox, yarıqabarıq kukla olduğu da hiss olunmur” – rejissor seçimini izah edir.

Şəhər sakinləri kuklalarının küt və xoşbəxt ifadəsi münəccimin müdrik və kədərli siması ilə kontrast yaradır və bunlar artıq müəllif mövqeyini ifadə edir.

Kuklaların hərəkət mexanikası (əvəzlənən statik-çevik vəziyyət) sırf texniki səbəblə bağlı olsa belə, bu real hərəkət tezliyindən fərqlənmə üçüncü gözün müşahidəsi, konservə olunmuş zaman təəssüratı yaradır.

Mətnin “Qədim zamanlarda, bir vilayətdə…” sözləri ilə başlaması isə məmurlar və tamaşaçılar üçün bir aldanışdır.

“Münəccimin şagirdi” antiutopik nağıldır - sovet kommunizmi ideyasının absurdluğunu göstərir, şəxsiyyəti tapdamaqdan keçən bir modelin xoşbəxtlik yox, faciə gətirəcəyini eyhamlaşdırır. Bu film düşünməkdən məhrum olan (daha düzü, sistemli şəkildə məhrum edilən) bir başın salamat olması kimi klişe fikrin (“başını aşağı sal, yaşa” kimi) xülya olduğunu söyləyir. Amma əlbəttə ki, nağıl-folklor çərçivəsində. Və əlbəttə ki, bu ideya-problematika tək Sovet kommunizmi deyil, bütün dövrlər üçün xarakterik ola bilər.

“Bu mənim ilk işim idi. İstəyirdim yeniliklər olsun. Dovşan, keçi obrazlarından (o dövr cizgi filmləri üçün ənənəvi obrazlar) fərqli obraz istəyirdim. Elə yarıqabarıq kukla kimi çətin texnikanı da bu həvəslə seçmişdik” –deyə animasiya rejissoru, rəssam Arif Məhərrəmov söyləyir.

“Münəccimin şagirdi” ciddi mövzular qoysa da, pritçavari yüngüllüklə təqdim olunur, müəlliflər buna musiqinin, təhkiyə tərzinin, rəng həllinin köməyi ilə nail olur. Məhz ona görə şəxsiyyət aşağılanması, cahillik, totalitarizm kimi sosial faciə faktorları xronometrajı 10 dəqiqə olan bir cizgi filminə ağırlıq etmir.

Filmin daxili məzmunu, komik, lətifə danışar kimi təhkiyə tərzi (mətni aktyor Şahmar Ələkbərov səsləndirirb), musiqi (bəstəkar Nazim Əliverdibəyov), mozaik kompozisiya (quruluşçu rəssam : Arif Məhərrəmov, Yelena Qolubeva ) ilə absurd komediya bütövləşir, sosial faciə məzmunlu əhvalat mahiyyətini dəyişmədən absurd komediyaya çevrilir.

Filmdə emosiyalar müxtəlif deyil, 3-4 emosional hal - müdrik donuq hal, tənbəl küt ifadə və ya xoşbəxtcə gülən simalar var. Bu vizual baxımdan tamaşaçıya yorucu ola bilər. Teatr rejissoru Qordon Kreqin bir vaxtlar dediyi kimi “gözün qavrayış üçün ən iti orqan olduğunu” nəzərə alsaq, hər bir audiovizual məhsulda olduğu kimi cizgi filmində də vizual dinamiklik vacibdir.

“Münəccimin şagirdi” cizgi filmi dinamizmi vizual təsvirdən çox mətndə, təhkiyədə görür – hadisələr də, ona münasibət də, mətnlə, təhkiyə tərziylə izah olunur. Bu texniki imkansızlıq və ya məhdudiyyətlərdən ola bilər. Amma həm də ola bilər ki, təsvirdən çox, səsə, sözə bağlanan Yaxın Şərq mədəniyyəti ənənələrinə sadiqlikdən olsun. /“Azərbaycan animasiyası”. Praqa, 2017/

news-inner-user
Aliyə

1000 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021
Nənəsi şal örtən, qızı şort geyinən dostum – Şərif Ağayar yazır...
11:44 05 Mart 2021
Lal deyil, amma ömrü boyu danışmır...
11:01 05 Mart 2021
Berlin Film Festivalında Azərbaycan düzəlişi
10:14 05 Mart 2021
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
09:00 05 Mart 2021
Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir Yusifli yazır…
18:11 04 Mart 2021
İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir
17:34 04 Mart 2021
Xalça Muzeyi fəaliyyətini dayandırır
16:47 04 Mart 2021
Milli Dram Teatrının mart repertuarı
16:08 04 Mart 2021
Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021