news-inner
clock16:47 calendar-gray 05 İyun 2017 view-gray278 dəfə oxunub
view-gray278 dəfə oxunub

Türk sahibkarın zorladığı azərbaycanlı qadın - RESENZİYA

Fahişə

İncidərəm qorxusuyla

çimdirərkən

necə də ehmallıca

gəzdirərdi əllərini

bədənində anan

Sunay Akın

Müştərilərin ağlagəlməz zorakılıqlarla davrandığı, təhqir etdiyi fahişə bədənində ana sevgisini görmək hər adamın, özəlliklə hər kişinin işi deyil... Bu şeiri yazan türk şairi Sunay Akın bunu bacarıb. Sənətin özəlliyi budur – görünməyəni görə bilmək. Həm də göstərə bilmək. Cəmiyyətin asdığı etiketləri qoparıb qəlb həyatını axtarmaq. Deyəsən bir də Yuğ teatrında Günay Səttarova dünən bunu bacardı. Bir kitabdan parçalar, 10-a yaxın musiqi, 3 çətir, 3 iri rezin şar və 3 aktyorla...

Səidə Haqverdiyevanın əsərləri əsasında işlənən bu tamaşanın qəhrəmanı qadındır. Zümrüd Qasımovanın qəhrəmanı fahişə olmasa belə ona məhz belə yanaşırlar. Səhnənin ortasında örtüyü tamamən qara olan bir çarpayı qoyulub. Çarpayının ortası bir adam boyu dərinləşdirilib. Qəbirə də oxşayır, bu balaca dərinlik asanlıqla çıxmaq olmayan qablaşmaya da oxşayır. Elgün Həmidov və Oqtay Mehdiyev qadını ara-sıra bu dərinliyə gömürlər. Onlar hər hansı adla, xarakterlə konkretləşdirilmir, iş konbinzonundadırlar, işləri obrazdan-obraza dəyişməkdir. Zümrüdün qadınları da dəyişir ola bilsin, amma onlara münasibət dəyişmir.

Tamaşanın ekspozisiyası qadını sosial-psixoloji fenomen kimi təqdim edir; zamanla minimalistcə boşaldılmış səhnə bizə çıxılmaz sosial labirint kimi görünəcək. Hansısa tam süjet yoxdur, tamaşanın janr təyini da bunu bəraətləndirir-somnanbulist reportaj (hərçənd reportaj sözü uyğunsuz görünür). Yəni, tamaşa müəllifləri qəhrəmanın şüuraltından qopan mövzu və epizodları bizə təqdim edəcək. Burada süjet axtarmaq lazım deyil; biz bir qadının anası ilə münasibətlərindən kiçik bir hissəni (ananın özü də yoxdur), onun maddi sıxıntılar çəkdiyini, hər addımında isə ona göstərilən seks obyekti münasibəti üzündən subyektləşə bilmədiyini görürük. Bir türklə tanış olub ondan pul aldığını və bunun qarşılığını zorlanma ilə ödəməli olduğunu, onu zorlamaq istəyən kişini ola bilsin ki, bir otel otağında bıçaqladığını, cəza gözlədiyini görürük.

Bu adda-budda epizodlar birləşib tam bir qəhrəman yaradır. Qəhrəman sözü şərtidir, individ də deyə bilərik. Tamaşa iki narrativ təklif edir - bunlardan biri aşkar, biri gizlidir. Aşkar qatda biz olaraq anasını yalanlarla ovunduran, sonunu düşünmədiyi hərəkətlər edən, daha düzü səhvlər edən qadının mühakimə olunacağını görürük.

Gizli qatda biz qadının özü oluruq, onun yaşantılarını duyuruq; o yalanlar ananı ovutmaq, xoşbəxt etmək üçündür, o türklə tanış olmaq ölüm qərarından üz çevirməkdir, arzular xəyallar dünyasıdır. Amma bütün arzular xəyallar qadını o məşum qara çarpayıya yıxır.

Biz qadının başının havasını duyuruq. Məsələn, türklə tanış olduğu andan başında türk hitləri çalır, Tarkanın, Sezenin hitlərinin arasından xəyallar arasında bir həqiqət kimi Azərbaycan mahnısı eşidilir və tez də batır: “Qoca kaftar sənə on beş yaşı olan qız nə gərək?” Zümrüdün qəhrəmanı bunu görməzdən gəlir, çünki sevgiyə, arzuya xəyala ehtiyacı var. Ümumiyyətlə, tamaşada tərtib olunan musiqilər tez-tez dəyişsə belə yormur, o qəhrəmanın daxili əhvalını dəqiqliklə ötürməyə xidmət edir. Hərçənd bütün səhnələr texniki dəqiqliyə deyil, psixoloji köklənməyə möhtacdır, bu mənada tamaşa aktyor oyunundan həddən çox asılıdır.

Elgün və Oqtayın personajları individuallığa (biz onları yaxşı tanımırıq) can atmır və bu şəxssizlik əsas qəhrəmanın-Zümrüdün toqquşduğu qütbləri, divarları, daha tanınmaz, daha nəhəng edir. Yalnız bircə dəfə Elgünün atılmış kişi qəhrəmanı fokusa gətirilir. Amma bunun özü də Qadına fərqli münasibəti vurğulamaq üçün.

Tamaşa sözün hərfi və məcazi mənasında zorlanan qadını təqdim edir: qadın rastlaşdığı kişilər tərəfindən fiziki zorlanır, qadın sosial məngənədə zorlanır, anası ilə münasibət də ona zordur. Amma ən pisi xəyalların puça çıxmasıdır.

Günay Səttarova bütün tamaşalarında olduğu kimi finalda bir aydınlanma, yüngülləşmə nöqtəsi tapır. Bayaqdan gah sosial yükü simvollaşdıran, gah cinsi eqo, gah qapsadığı boşluqla adambaşı tənhalıq payı olan iri rezin toplar nəhayət ilk dəfə məişət təyinatı üzrə istifadə olunur: Zümrüdün simasında yetkin qadın yox, balaca qız uşağı görürük. Top-top oynayan qız uşağı... Bu, Günayın özünəxas yüngülləşdirmə üsuludur. Tamaşaçıya bir sevgi eynəyi təklif etməkdir. Görünməyəni görmək, tamaşadan sevgi dolu çıxmaq üçün. Qadına xas fənddir. O qədər qadınaxas ki, fənd olduğu belə şübhəlidir.

Qadın və kişi psixologiyası məsələsində psixoloqların razılaşdığı ümumi bir mülahizə var: Qadınlar məsələyə hisslərlə kişilər məntiqlə və analitik düşüncəylə yanaşır. Anlamaq üçün məntiq yetmir. Və sənət bu baxımdan bəzən daha çox qadınyanadır. O, tamaşaçıya hiss etməyi, duymağı təklif edir.

Hələ qaldı ki, hər 3 müəllifinin – yazıçı, rejissor, aktrisa – qadın olduğu “Metamarfoza” tamaşası aktual, maraq doğuran fenomendir. Amma bu silsilənin davam etməsini, yəni tamaşadan yazanların da yalnız qadınlar olmasını arzulamıram.

news-inner-user
Aliyə

997 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020