Rənglərin sehri

Rənglərin sehri
22 may 2017
# 15:08

Təranə Fazilqızı

Balaca olanda şəkil çəkməyi çox sevərdim. Rəngli boyalarım, qələmlərim, fırçam vardı. Ağ kağızlara nə gəldi çəkərdim. Təki çəkməyə bir şey olsun. Barmaqlarım bir yana, çox vaxt ağız-burnum da rəngə bulaşırdı. İndiki kimi yadımdadı. İlk çəkdiyim qaranquş və dəniz olub. Dəniz deyəndə ki, dalğa-dalğa xətlər…

Həə, dəhliz, mətbəxin divarları, gül-çiçək qağayı, göyərçin şəkilləri ilə dolu olardı. Bunların hamısı təbii ki, mənim yaradıcılığım idi. Danlamaq heç, anam məni bunun üstündə hətta bir-iki dəfə yaxşıca kötəkləmişdi də. Arada bu vərdişimdən əl çəksəm də, rənglərin sehri yenə də ahən-rüba kimi məni özünə çəkirdi. Məktəb bu həvəsimi bir az da artırdı. Rəsm dərslərində uşaqlar üçün şəkillərin çoxunu mən çəkirdim. Rəssamlığım uşaqların içində məni əməlli-başlı hörmətə mindirmişdi. Elə çəkdiklərimin hesabına axsadığım riyaziyyatı yola verirdim. Yəni, uşaqlar misal, məsələ həllində mənə kömək edərdilər. Lakin, anam qəti qoymurdu mən rəssamlığa baş qoşum. Elə hey danlayıb deyərdi: “Qızdan da rəssam olar!?” Mən isə, anamdan bəzən inciyib küssəm də, əslində rəsm çəkməyimlə çox fəxr edirdim. Getdikcə gül-çiçək, dəniz, quş şəkillərindən soyumağa başladım. Bu bəlkə də yaşla bağlı idi. Nədənsə, daha çox adamların şəkilini çəkmək istəyirdim. Təvözəkarlıqdan uzaq olsa da, deyim ki, çəkdiyim bu portretlər pis alınmırdı. Bütün bunlara baxmayaraq, mən rəssam yox, jurnalist oldum. Rənglərə olan o böyük sevgi isə ürəyimdə bir parça işıq kimi yaşamaqdadır. İndi mən bir sənətşünas kimi yox, sadəcə həvəskar rəssam kimi düşüncələrimi sizinlə bölüşmək istəyirəm.

Hər hansı bədii fikri sözə, musiqiyə çevirməyin çətinliyi çox olsa da bəstəkar musiqisi, şair sözü ilə hiss və duyğularını ifadə edir. Rəssamların bir xoşbəxtliyi də ondadır ki, onların şair və yazıçılar kimi tərcüməyə ehtiyacı olmur. Onlar hissləriylə yaşayıb, rəngləri ağ kətana köçürürlər. Qəribəlikləri də olur. Qapalı, əsəbi, dalğın…

Belə rəssamlardan Leonardo da Vinçi, Van Qoq, Rafael Santi, Səttar Bəhlulzadə və bir çoxları... Seçilən, cəmiyyətin diqqətini çəkən bu insanlara nə xoş gəlibsə, onu da ediblər. Onların sərbəstliyi, insanları heyrətə gətirəcək əməlləri söz-söhbətə səbəb olsa da, ümumilikdə bu dahi rəssamlar dünyanın hər yerində sevilib, şöhrət və uğur qazanıblar. Qəribəlikləri, tərslikləri isə, istedadlarına bağışlanıb.

Təsəvvür edin ki, həyatımız ağ və qara rənglərdən ibarətdir. Yoox, bunu təsəvvür etmək belə adamı qorxudur. Hətta musiqinin özündə belə rənglər var, ritmə uyğun rənglər.

İnsanın ruhunu oxşayan təbiətin min bir rəng çalarıdı. Fəsillər bir-birini əvəz etdikcə rənglər də dəyişir. Ətrafımızda nə görürüksə ağac, torpaq, dəniz, meşə, bulud, yer-göy hər şeyin öz rəngi var. Rəng tək maddi yox, mənəvi dünyaya da aiddi. Sevginin, nifrətin, gülüşün, kədərin, sevincin də öz rəngi var. Hətta, hətta sükutun da. Sadəcə bunları görə bilən, duya bilən qəlbin ola.

Bir rəssamın danışdığı hekayət.

Qızılgüllər çəkirdim. Güllərdən biri çox açıldığından məni narahat edirdi. Ləçəkləri hər an tökülə bilərdi. Nə olar, olar deyib, çəkməyə başladım. Düşündüm ki, işim yarımçıq qalsa belə, fərq etməz. Səhər şehli, tər qönçələr alıb yenidən çəkərəm. Bunları düşünərkən fırçam sürətlə işləyirdi. Bir neçə saat da keçdi. Dünyada iz qoyacaqmış kimi, sona qədər mübarizə aparan gül elə bil mənə işləməkdə kömək edirdi. Nəhayət, fırçamı yerə qoydum. Bu anda sanki möcüzə baş verdi. Güllər bir andaca bütün ləçəklərini yerə tökdü...

***

Gecənin bir aləmində əl işimə baxıb nəyinsə çatmadığını hiss etdim. Düşündüm ki, kaş burda bir kəpənək olaydı, güllərə qonaydı. Mən də onu çəkəydim. Birdən hardansa peyda olan iri bir kəpənək güllərin ətrafında dövrə vurmağa başladı. Həyəcanla, fırçanı əlimə alıb kəpənəyi çəkməyə başladım. İşimi qurtarıb əllərimi yumağa getdim. Geri döndükdə kəpənəyi görmədim. Hər yanı axtardımsa da onu tapmadım. Gecə vaxtı hardan gələ bilərdi bu kəpənək. Fikirləşdim ki, o Allahın mənə verdiyi mükafatdı. Sənətimə olan məhəbbətin qarşılığında onu mənə ulu yaradan göndərmişdi. Bəli, pərvanə şam oduna yanan kimi, gərək sənətinin vurğunu olasan, işləyib çalışasan. Bu tək rəssamlıqda yox, bütün sənətlərdə uğur gətirən yoldur. Onda sən mütləq mükafatını alacaqsan....

2014

# 1631 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #