Günah eləmə, zinadan insest doğulur- Mirmehdinin yazısı

Günah eləmə, zinadan insest doğulur- <span style="color:red;">Mirmehdinin yazısı
19 may 2017
# 11:49

Qədim miflərin, Bibliya mətnlərində keçən əhvalatların tarixdə olub-olmaması zaman-zaman elm adamlarını düşündürüb. Ekspedisiyalar təşkil olunub, elmin nailiyyətlərindən Bibliya mətnlərinin düzgünlüyünün araşdırılmasında istifadə olunub. Elm təkmilləşdikcə ən yeni texnologiyalarla silahlanan alimlər təkrar-təkrar bu araşdırmalara qayıdırlar; səfərbər olan tarixçilər, arxeoloqlar, geoloqlar, bioloqlar, fiziklər qazıntılar apararaq, təcrübələr həyata keçirərək müqəddəs mətnlərdə yazılmış hadisələrin gerçəkdən baş verib-vermədiyini dəqiqləşdirməyə çalışırlar.

Sadom və Hamorra şəhərlərinin mövcud olub-olmadığını öyrənmək istəyən alimlər indi də Ölü dənizin dibinə ekspedisiya göndərmək niyyətindirlər. Bəlkə bu “cansız” dənizin dibi onlara axtardıqları “xəzinə”ni tapmaqda yardımçı ola. Sadom və Hamorra şəhərlərinin qalıntıları Ölü dənizin altından çıxacaqmı? Alimlər hələ ki, araşdırırlar. Onların bu marağı da anlaşılandır. Amma nəticə nəyi dəyişəcək, əsas məsələ Sadom və Hamorranın tarixdə olub-olmadığını isbat etməkdən çox, onun mənəvi tərəflərinə diqqət kəsilmək deyilmi?

Müqəddəs mətnlərdəki əhvalatlar hər şeydən əvvəl metaforadır. Ordakı hadisələrin gerçək həyatda baş verib-verməməsi böyük əhəmiyyət daşımır. Önəmli olan mifin verdiyi mesaja əməl edərək yaşamaqdır. Onun tarixiliyini düşünmədən. Miflərin bizə təqdim etdiyi “xəritə”dən düzgün istifadə edərək getdiyimiz yolda azmamaq, yoldan çıxmamaq üçün onlar bizə gərəklidir.

Olsun ki, Sadom və Hamorra tarixdə mövcud olmayıb, amma ətrafımıza dönüb baxsaq nə qədər Sadom və Hamorra görərik, üstlərinə hələ ki, göydən odlu yağışlar yağmayıbsa bu onların Sadom və Hamorraya bənzəməməsi anlamına gəlməz. Və biz o miflərin mesajlarına düzgün əməl etməyənə qədər də onlar dünya durduqca özlərini təkrar-təkrar göstərəcəklər, tarixçilər bu hadisələrin gerçəkdə olmadığını nə qədər iddia etsələr belə.

***

Mübariz Örənin “Ağ buludlar” povesti də elə bu haqdadır. Hardasa uzaq Sibirdə Sodomor (Sadom və Hamorra sözlərinin birləşməsindən yaranmayıbmı bu ad?) deyilən bir qəsəbə var, bu qəsəbənin yuxarısındakı meşəlikdə də Müqəddəs göl. Nə vaxtsa bu göldə qayıqla gəzən bacı və qardaş arasında insest hadisəsi yaşanıb. O vaxtdan onun mavi suları lənətlənib. Oranın əhalisi nəinki gölün suyundan içmək-çimmək üçün istifadə etmir, heç onun şüşə sularında əkslərinin görünməsinə belə cəsarət etmirlər. Gölün suyunun bircə damcısı ilə lənətin onlara da sıçrayacağından qorxurlar.

Bəs “Ağ buludlar”ın qəhrəmanını bu hadisə ilə nə bağlayır? Əsərin Sadomorda doğulan adsız qəhrəmanını ailəsi uşaq evinə verib. Böyüyüb təhsil alandan sonra biznesdə uğur əldə edən qəhrəman bir gün doğulduğu şəhərə gəlir və burada ailəsinin izlərini axtarır. Lakin qəhrəman heç də xoş şeylə qarşılaşmır. Öyrənir ki, atası nə vaxtsa ailəsini atıb gedib, “dalnoboyşik” olub, ömrü sükan arxasında keçib və yolqırağı “çəngəl-bıçaq” yerlərində gördüyü heç bir gözəlçədən “dadmamış” əl çəkməyib. Anası isə uşaqlarını saxlaya bilmədiyi üçün oğlunu uşaq evinə verib, qızını da götürüb gedib.

Qəhrəmanımızın Sadomorda Tatar adlı bir dostu da var ki, yəqin Sadom və Hamorroda yaşasaydı, elə bircə onun günahları şəhəri viran qoymağa bəs edərdi. Bəs ancaq Tatarmı bu qədər günahkardır? Bəs Sadomorun digər sakinləri necə, Tatardan azmı günah işləyiblər? Əlbəttə yox. Elə bil Sibirin soyuq qoynunda məskən salmış şəhərlərin sakinləri günah etməyə məhkumdurlar. Buranın sərt iqlimi bunu diqtə edir. Yaşamaq uğrunda mübarizə kəskinləşdikcə, ölüm anbaan onları izlədikcə insani münasibətlər də, əxlaq qaydaları da unudulur. Və geriyə yalnız bir şey qalır: Nəyin bahasına olursa-olsun bu soyuqda yaşamaq. Donub ölməmək üçün yaşamaq, insanlığı unutsan belə. Burada həyat şərtləri bizim normalda qəbul etdiyimiz kimi deyil, heç iqtisadi müqavilələr də biz bildiyimiz kimi bağlanmır. Məsələn, burada şirkətlə müqavilə bağlayan uzaq məsafə sürücüsü qarla-buzla örtülü yollarda maşını xarab olanda ölməmək üçün onu yandıra da bilər və şirkət ona heç nə deməz. Çünki müqavilələrdə belə “punkt” olur. Təkcə bu fakt Sibirdə həyatın nə qədər fərqli və ağır olduğunu görməyə bəs edir.

Əgər tarixi-mifik Sadom və Hamorra qızmar günəşin altındaydısa, onun ədəbi varisi Sadomor şaxtanın-buzun içindədir. Bu dəfə göydən od yağmır amma, müqəddəs gölün başının üstünü alan qara buludlar da göylərin bu günahkar şəhərə qəzəbinin göstəricisidir. O qara buludlar öz yerini ağ buludlara verənə qədər göylərin Sadomora qəzəbi davam edəcək.

Bizim qəhrəmanımız belə bir şəhərə qədəm qoyur. Burda atasının axtarışına çıxan qəhrəman onun öz qızı ilə yatdığını öyrənir və bir də öyrənir ki, “göl” əfsanəsi ilə özünün də bağlılığı var. Gölün yanındakı oteldə gördüyü kahinsifət qocanın mesajı da ona bu cür düşünməyə əsas verir.

Çünki qəhrəman bir zamanlar gölü murdarlayanların nəslindəndir. Və gölün tilsiminin qırılması üçün gərək çevrə qapana, yəni qəhrəman da eyni şeyi təkrar edə. Bu onun taleyidir. Taleyindən qaça bilməz. Buralara gəldiyinə, atasının axtarışına çıxdığına görə peşman olan qəhrəman Sadomordan qaçmaq üçün ət almaq adıyla Qazaxıstana gedir. Lakin burada da taleyindən qaça bilmir və kəhanət gerçəkləşir.

Mübariz iki qədim mifi “Ağ buludlar”da birləşdirib. Əsər “Sadom və Hamorra” mifi üzərində qurulsa da “Edip” mifi də çiynini əsərin altına verir, onu ayaqda saxlayır. Müəllif də personajların içdikləri arağın markasının “Çar Edip” olduğunu deməklə söykəndiyi mifə işarə vurur. Qəhrəman taleyindən qaçmaq istəsə də buna nail olmur, bəxtinə yazılan uzaq Qazaxıstanda qarşısına çıxır və özü də bilmədən Aysulu ilə (bacısı) əlaqəyə girir. Və əlaqəyə girdiyi qadının bacısı olduğunu öyrənəndən sonra şaxtalı bir gecədə özünü ölümün ağuşuna atır.

Bu müəllifin yozumu.

***

Bir oxucu kimi isə mən əsərin “Edip mifi” ilə bağlanan hissəsinə fokuslanmazdım. “Ağ buludlar”ın qəhrəmanının öz nəslinin lənətini buxov kimi boynunda daşıması və heç bir günahı olmaya-olmaya o cəzanı çəkməsi “Çar Edip”in ruhuna uyğun gəlmir. Çar Edib taledən qaça bilməməyin mümkünsüzlüyü haqqında mifdir. Alnına nə yazılıbsa o da olur. Üstəlik Edip özü haqqında kəhanəti öyrənəndə artıq olacaqlar başa gəlmişdi. Bizim qəhrəman isə daha çox nəslinin günahlarının qurbanına çevrilir. Düzdür, belə inam da var ki, bizim pis-yaxşı hərəkətlərimiz sonradan soyumuzdan törəyənlərin həyatında əks olunur. Buna görə də biz təkcə özümüzə görə deyil, bizdən sonra gələnlərə görə də məsuliyyət daşıyırıq. Amma bir yerdə dini mətnlərdən gəlmə məşhur fikir də yada düşür: qiyamətdə ata oğula, oğul ataya cavabdeh olmayacaq. Yəni elə bu dünyada da oğul atanın günahlarına cavabdeh deyil. Elə bizim qəhrəman da o cür günahkar bir ailədə doğulduğuna görə məsuliyyət daşımır. Və onu eyni günaha görə cəzalandırmaq və ya eyn günaha təhrik etmək ədalətsizlik olardı. Qədim bir günaha görə iki təqsirsiz adamı – Aysulu və qəhrəmanı - bu cür cəzalandırmaq ilahi ədalətin qaydalarına türklər demiş aykırıdır. Məhz bu səbəbdən mənə görə “Ağ buludlar”ın söykəndiyi mif “Çar Edip”dən çox “Sadom və Hamorra”dır.

Bəs “Sadom və Hamorra” mifinin mesajı nədir? Göylər o iki şəhəri niyə dağıtdı. Sadom və Hamorra şəhərinin sakinləri əxlaqsız idilər. Tanrı onlara Lut peyğəmbəri göndərərək əxlaqsızlıqdan əl götürməyə çağırır. Lakin sakinlər peyğəmbəri dinləmirlər. Belə olan halda tanrı o şəhərə göydən od tökür. Şəhər dağılır, rəvayətə görə yerində Ölü dəniz yaranır.

“Ağ buludlar”da bəhs olunan Sadomor şəhəri həm adı ilə, həm də orda baş verənlərlə birlikdə günahlar şəhəri Sadom və Homorranı xatırladır. Sanki müəllif şəhərin adı və göl elementləri ilə bizə Sadom və Homorranı unutmamağa səsləyir, günah anlayışı əsərin üstündə qara bulud kimi dolanır. Günahın böyüyü – kiçiyi olsa da, kiçik günahlar mütləq böyük günahlar doğurur. Tolstoy “Dirilmə”də deyir ki, pis fikir də pis əməl törədir. Bizim qəhrəman isə pis fikirdən yaxa qurtara bilmir. Qazaxıstanda evində qaldığı adamın qızı (qəhrəman Aysulunu ev sahibinin qızı zənn edir) ilə zina edir. Bilə-bilə ki, bu evində qaldığı adama qarşı xəyanətdir, onun qonaqpərvərliyini yerə vurmaq, namusunu ləkələməkdir, yenə də nəfsini cilovlaya bilmir, yolunu azır. Nəticədə günahların ən böyüyünü edir. Mənə görə əsərin bu mesajı digərlərini üstələyir. Ola bilsin ki, müəllif “Çar Edip” mifi ilə əlaqə qurmaqla taleyindən qaça bilməyən müasir Edip yaradıb. Ola bilsin. Bu əlaqə hardasa alınıb da. Lakin əsər “Sadom və Hamorra”ya işarələr etməklə sanki dini mətnləri və onlarla yanaşı dini-etik kodeksləri yada salır.

Yuxarıda qeyd etdiyimiz kimi Sadomor müasir Sadom və Hamorradır. Həmin Bibliya şəhərlərində zina, insest norma halını aldığı kimi Sadomorda xirtdəyə qədər olan günahlar insest kimi ən ağırını doğurur. Yada salaq: qəhrəmanın atasının öz qızı ilə yatması (Elə Tatarın da öz qızlığı ilə yatması hardasa insestə yaxın əlaqə sayılmırmı?). Əslində lənətlənən təkcə qəhrəman və onun nəsli deyil, lənətlənən bütövlükdə Sadomordur, günahlar şəhəri Sadomor.

Belə olan təqdirdə əsərin ruhundan bu cür sadə bir mesaj doğur: “Günah etmə, heç kiçiyini də”. Çünki kiçik günahlar nə vaxtsa böyük günahlar doğurur, pis fikir pis əməl doğurduğu kimi. Necə ki, bizim təhlil etdiyimiz əsərdə zinadan insest doğdu, bax o cür.

# 1491 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #