Leviafan – xoşbəxtliyimizin qatili

Leviafan – xoşbəxtliyimizin qatili
17 may 2017
# 11:15

Rəşid Səfərov

Hər bir çiçəklənmə və qələbə kimi uduzmaq və çürüyüb məhv olmaq da eyni dərəcədə möhtəşəmdir.

Rusiyanın ən dərin rejissorlarından biri Andrey Zvyagintsev və 2014-cü ildə ekranlara çıxan filmi “Leviafan”. Kann festivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olan bir film.

Niyə dərin? Buna görə filmi anlamaq üçün XVII əsr ingilis filosofu Tomas Hobbsun hüquq fəlsəfəsini araşdırmalıyıq.

Tomas Hobbs (1588-1679) XVII əsr İngiltərəsinin ən önəmli filosoflarından biridir. 1651-ci ildə İngiltərədə “Leviafan” adlı əsəri çap olunur. Bəs nədir bu “Leviafan” və Hobbs “Leviafan”da nədən bəhs edir?

“Leviafan” vəhşi dəniz əjdahasıdır.

Hobbsa görə insanlıq dövrü iki mərhələdən keçmişdir: Cəmiyyətə qədərki dövr (təbiət vəziyyəti), yəni hamının hamıya qarşı mübarizə apardığı dövr (bellum omnium contra omnes) və Cəmiyyət dövrü. İnsanlar cəmiyyətə qədərki dövrdə təbiətdə istədikləri kimi azad bir şəkildə yaşayırdı. Bu dövrdə hüquq (dövlət) yox idi. İnsanlar azad idilər, azad iradəyə sahib idilər. İnsanlar bir-birinə inanmırdılar və gücə sahib olmaq istəyi ilə mənfəət duyğusu cəmiyyətə qədərki dövrdə insan həyatının məqsədi idi. Hobbsa görə cəmiyyətə qədərki dövrdə hüquq olmadığına görə, haqsızlıq da yox idi və hər şey təbiətin qanunlarına uyğun olaraq davam edirdi. Və ən əsası: Həyatda qalmaq üçün güclü zəifi məhv edirdi. İnsan həyatı qısa və yalnız idi.

Lakin ağıl insanı bu vəziyyətdən qurtulmağı əmr etdi. İnsana sülh və özünü qorumaq lazım idi. Hüquq ağlın məntiqi nəticəsi olduğuna görə yeni yaradılan qurum olan dövlət hüquq vasitəsilə bunları insanlar üçün təmin etməli idi. Hobbsa görə insanlar ictimai (sosial) müqavilə bağlayaraq daha çox yaşamaq və sülh içində yaşamaq üçün sahib olduqları azadlıqların bir hissəsindən dövlətin xeyrinə vaz keçdilər. İnsanlar sosiallaşdılar. Sosiallaşma azadlığın itirilməsinin nəticəsində ortaya çıxdı. Və dövlət yarandı.

Hobbsa görə insan eqoist, tamahkar, azğın bir varlıqdır. Bu eqonu cəmiyyətin mənafeyi naminə tənzimləmək üçün insanlar öz iradələrini də məhdudlaşdırıb dövləti (hüququ) yaratdılar.

Bəs dövlət? Dövlət necə? Eqoist, tamahkar, azğın idimi?

Burda Hobbs dayanır və bu suala A.Zvyagentsev “Leviafan”ı ilə cavab verir.

Film müasir Rusiyanın şəhərkənarı qəsəbələrindən birində yaşayan avtomobil təmiri ustası Nikolayın onun evini zor gücü ilə almağa çalışan dövlət məmuruna qarşı apardığı mübarizədən və elə bundan sonra n özünün və ailəsinin məhv olmasından - faciəsindən bəhs edir.

Dövlət məmuruna qarşı mübarizə aparan və evini tərk etməyən Kolya məhkəmədə ona kömək olması üçün Moskvadan vəkil dostu Dmitrini çağırır. Həm Kolya, həm də Dmitri müxtəlif üsullarla məmura mane olmağa çalışsalar da məmur Dmitrini də, Kolyanı da əzir və məhkəmədə qələbə qazanır. Dmitri mübarizənin mənasız olduğunu anlayır və qəsəbəni tərk edir. Kolya həbs olunur. Lilya (Kolyanın arvadı) intihar edir. Oğlu Vitya valideynlərini itirib yetim qalır. Və sonda məmur bahalı restoranda yemək yeyərkən telefonda Kolyanın 15 il həbs edilməsi xəbərini alır və “Tanrıya şükür” deyərək kilsəyə gedib dini mərasimdə iştirak edir. Məhkəmənin məmurun (dövlətin) lehinə qərar çıxarmağı ilə də rejissor hüququn güclünün tərəfində olduğuna işarə edir. Yəni dolayısıyla hələ də insanlar cəmiyyətəqədərki dövrdə yaşayırlar. Həmçinin məmurun tez-tez kilsədə olmasını təsvir etməsiylə rejissor Tanrının da dövlət və hüquq kimi güclülərin yanında olduğu mesajını verir. Rejissor dramatik hadisələrin və ailədaxili faciənin fonunda dövrün Rusiyasının mənzərəsini canlandırır. Dövlət məmuru Kolya və ailəsinin faciəsinin siması kimi təqdim olunur tamaşaçıya.

İndi isə qayıdaq əsas suala:

“Bəs dövlət? Dövlət necə? Eqoist, tamahkar, azğın idimi?”

Zvyagentsevin cavabı: Dövlət insanların azadlığını, arzularını, xoşbəxtliyini – həyatını məhv edən leviafandır.

# 742 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #