Xəstə kişiyə kömək edən naməlum adam

Xəstə kişiyə kömək edən naməlum adam
16 may 2017
# 12:50

Kulis.az Təranə Fazilqızının “Kimə inanasan?” adlı yazısını təqdim edir.

Bir gün həyətə ildırım sürətiylə bir xəbər yayıldı. Ağamehdi kişi işə gedəndə maşın onu vurub qaçıb. Böyükdən-kiçiyə kimi bütün məhəllə o gün ayaq üstəydi. Hamı sarsılmışdı. Həmin gün bizim evdə gecə yarıyadək ancaq bu haqda danışırdılar. On-on iki yaşım olardı. Kənarda dayanıb deyilənləri çinədanıma yığırdım. Sonra öyrəndik ki, Ağamehdi kişi ömürlük yatağa məhkum olacaq, çünki maşın onu şikəst eləmişdi. O hadisədən sonra bu ailənin ağır günləri başladı. Ağamehdi kişinin həyat yoldaşı Gülnisə xala günorta əl-ayaq çəkilən vaxtı qonşular görməsin deyə, xəlvətcə başqa həyət-bacalardan quru çörəkləri boz bir parçaya büküb qoltuğunda evə gətirərdi. Mən bir uşaq marağıyla qonşumuzu izləyirdim. Bir gün gördüklərimi evdə bizimkilərə danışanda az qala məni öldürsünlər. Onda atam mənə bərk-bərk tapşırdı: “Gördüyünü bir adama desən vay halına”.

Orucluq ayı idi. Qızlarla blokda gəlincik-gəlincik oynayırdıq. Elə bu vaxt tanımadığımız bir kişi yanımızdan keçib Ağamehdi əminin qapısının zəngini basdı. Qapını açan yox idi. Bu yad kişi mənim ona diqqətlə baxdığımı görüb: “Bala, mən tələsirəm, bu bağlamanı verərsən bunlara.”

“Narahat olmayın, yəqin Ağamehdi əminin ağrıları tutub, eşitmirlər, indicə verərəm” - sözüm qurtarar-qurtarmaz o, sürətlə blokdan çıxdı. Bağlamanı qucağıma sıxdığımdan qapını ayağımla təpikləməyə başladım. Gülnisə xala uşaqlarıyla qapının ağzında peyda oldu. Bağlamanın bir kişi gətirdiyini deyib, evimizə getdim.

Bir az keçmiş qonşu otaqdan atamın qəzəbli səsini eşitdim: “Bura gəl!”.

Məni az qala sürüyüb Gülnisə xalagilə gətirdilər. Hamı pərişan idi. Düzü çox qorxmuşdum. Nə baş verdiyini anlaya bilmirdim. Sarıbənizli Ağamehdi əmi balışa söykənmişdi. O, iri qabarlı əllərini mənə tərəf uzadıb ağlamsınan bir səslə dedi: “Bala, de görüm bu Quranı sənə kim verdi?”

O, başını aşağı əyib dönə-dönə kitabı öpüb, “Bisimillah” deyərək vərəqləyirdi. Sonra, əlindəki bükülünü yavaş-yavaş açmağa başladı. Həyəcanlı şəkildə pulu xışmalayıb əlini qabağa uzatdı: “Bu pulları görürsüz, ay qonşular? Axı, bunu mənə kim göndərib? Mən indi kimə “sağ ol” deyib, əllərindən öpüm? Balalarıma çörək, ocağıma Quran göndərənə necə təşəkkür edim, hə, balaca? Sən tanıyırsan, bilirsən kimdi o əmi?”

Mən qorxudan anamın böyrünə qısıldım. Hamının üzündə kədərlə sevinc bir-birinə qarışmışdı. Ağamehdi kişinin gözlərində yaş gilələnmişdi. Mənsə hönkürtüylə ağlayırdım...

Artıq o illər arxada qalıb. Ağamehdi kişi çoxdan haqq dünyasına qovuşub. Uşaqları ev-eşik, ailə sahibidirlər. Lakin o, hadisə hələ də yadımdan çıxmır. O bağlamanı gətirən kişinin siması dumanlı olsa da gözümün qabağındadır. Hərdən özü-özümə düşünürəm. Görəsən, indi də kiminsə qapısını tələsik döyüb gedən belə xeyirxah, işıqlı insanlar varmı?

# 946 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #