Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər

Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
15 may 2017
# 14:19

Kulis.az Şərif Ağayarın “Dünən” yazısını təqdim edir.

Dünən taksidə gedirdim, gənc sürücü Elnarə Abdullayevanın ifalarına qoydu üstünə. Ha istədim özümü saxlayam, bacarmadım, axırı dedim, qardaş, gün-güzəranımız onsuz da ağırdır, bu ağıçı qadınla qanımızı niyə ikiqat qaraldırsan.

Adam o yandan qayıtdı ki, düz deyirsən, əslində, mən buna çox qulaq asmıram, müştərilər istəyir.

Dilim-ağzım qurusun, özümü yenə saxlaya bilmədim, dedim, bəs kimə qulaq asırsan?

Başladı saymağa: Əlikram, Yusif, Baloğlan, İsrail...

Dedim, saxla... Saxla!

Və elə dedim, yazıq sürücü saydığı həmcins üzvləri də saxladı, sürdüyü maşını da!

Dünən məhəllədə təsadüfən qatıldığım çay süfrəsində Elmlər Akademiyasında işləyən yaşlı, nurani bir ağsaqqal Manaf Ağayevdən sitat gətirməzmiola? Özü də həyat, yaşamaq, yaratmaq və yaxşılıq etmək haqqında. Elə bil qazan qapağı ilə arxadan başımın ortasına çırpdılar: “Danq!”

Dedim, saxla...

Və başladım, əsl sənətin manıslıqdan fərqi, yüksək sənətin ecazı, insanlıq tarixində oynadığı rol haqqında uzun-uzadı danışmağa.

Birdən hiss elədim ki, adamlar mənə bambılı kimi baxır. Düşünürlər, bu avara kimdir, o boyda Manaf Ağayevi bəyənməsin.

Kişi yaşamağın da, yaratmağın da, kasıb-kusuba beşdən-üçdən yardım eləməyin də canlı abidəsidir. Kim Manaf müəllimi qoyub mənə oxşamaq istəyər?

Vallah, heç özüm də istəmərəm!

Dünən Facebookda gənc şair Emin Akifin bir şeirini oxudum. Düşündüm, bu hisslə, bu incə duyğuyla bu cavan oğlan hara gedəcək, nə edəcək, necə yaşayacaq?

Bir anlıq Manaf Ağayevin yerində olmaq istədim.

Olsaydım, əməlli-başlı kömək edərdim ona.

Əvvəla, kitabını buraxardım, sonra normal yaşaması üçün şərait qurardım.

Heç olmasa bir təmiz istedadı, əlacsız gənci bu namərd zəmanənin əlindən xilas etməklə hər iki dünyada rahatlıq tapardım.

Dünən bir daha anladım ki, bizim bir toplum olaraq Nizami Gəncəvi, Hüseyn Cavid, Üzeyir Hacıbəyov kimi böyük insanlara tamam yiyələnmək haqqımız yoxdur.

Belə kişilər tarixən hansısa böyük əcnəbi mədəniyyətə söykənərək pərvəriş tapıblar.

Nizami ərəb, Cavid türk, Mirzə Cəlil rus mədəniyyətinə...

Nizamini bizə tapşırsaydılar, uzaq başı Gəncə aşıqlarına qoşulub qoşma-gəraylı yazacaqdı.

Cavid Türkiyəyə getməsə, Naxçıvan və Bakı toylarında tamadalıq edəcəkdi.

Üzeyir bəy “Şuşa” restoranında “ştatnı” sintezator çalan işləyəcəkdi.

Dünən çox pəjmürdə idim, yaxşı ki, keçib getdi.

İndi yaxşıyam.

# 1664 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #