Böyüyəndə Seyran Səxavət olacağam

Böyüyəndə Seyran Səxavət olacağam
3 may 2017
# 13:43

Seyran Səxavət zəng elədi mənə. Dedi, Sumqayıtda mənimlə görüş keçirilir, səni də aparmaq istəyirəm. Düşündüm ki, böyük bir ömür yaşamış, dünyanı gəzib-dolaşmış, oturuşmuş, ağır taxtalı bir kişi hələ istedadını sübut eləyib qurtarmamış cavan bir oğlana zəng edirsə və belə bir görüşə onunla birlikdə getməyə ehtiyac duyursa, deməli, mən o qədər də uğursuz bir adam deyiləm.

Səhər saat 10-da Seyran müəllimlə görüşdük. Sumqayıtda Səməd Vurğun adına dövlət kitabxanasına keçirilirdi görüş. Əvvəl elə bildim ənənəvi olaraq 3-4 nəfər yığılacaq, başlayacaqlar ordan-burdan danışmağa, adı da olacaq ki, Seyran Səxavətlə görüş keçirildi. İçəri girəndə isə gördüm kitabxananın böyük bir zalı ağzına kimi doludur. Çoxu da tələbələr, gənclər... Özümə sakit bir künc tapıb təzəcə əyləşmişdim ki, Seyran Səxavətin ustad dediyi, ruhən 20-25, cisəm 80 yaşı olan şair Əşrəf Veysəlli məni məclisin yuxarı başına dəvət elədi.

Kitabxananın direktoru Yeganə Əhmədova açdı tədbiri. Seyran müəllimin həyat və yaradıcılığı haqqında sanki, dərs danışdı, elə bil imtahan verirdi. Olduqca dolğun, ətraflı çıxışdan sonra sözü Əşrəf Veysəlliyə verdi. Elə tədbiri də Əşrəf müəllim özü apardı.

Yeri gəlmişkən, ikinci kursda oxuyurdum. Əkərəm Əylisli ilə Bakı Dövlət Universitetində görüş keçirirdim. Rəhmətlik Tofiq Hacıyev də Əkrəm müəllimin adını eşidib gəlmişdi tədbirə. Orda bir çıxış elədi Tofiq Hacıyev. Dedi ki, yaxşı kişinin düşməni çox olar. Amma Əkrəmin düşməni lap çoxdur. Demək, Əkrəm lap yaxşı kişidir. Bax, mən Tofiq müəllimin bu sözünü Seyran Səxavətə də aid edirəm. 72 yaşı var və bu yaşda yaxşı kişi kimi qalmaq elə-belə məsələ deyil. Özünü qorumaq üçün ya gərək tez öləsən, canın qurtara, ya da gərək Sabir Əhmədli, Əkrəm Əylisli, Seyran Səxavət olasan...

Bu kişi sözü bizdə qəribə mənalarda işlədilir. Bəzən bir adamın yaradıcılığı ört-basdır eləməkdən və üstünə kölgə salmaqdan ötrü ona yaxşı kişi adı qoyurlar. Guya ədəbiyyata dəxli yoxdur, eləcə yaxşı kişidir. Elə deyil. Seyran Səxavətin böyük bir yaradıcılığı var, onu oxumadan danışmaq doğrudan da, kişilikdən deyil.

Seyran Səxavət çox yerlərdə, televiziyalarda, mətbuatda məni təqdir edir, haqqımda yüksək fikirlər deyir. Mənim üçün çox xoşdur bu. Bilirəm ki, hər adamı tərifləməz, hər əli qələm tutanı bəyənməz. Bu mənada o, Seyran Səxavət yox, Seyran Səxavətsizdir. Və bu cür səxavətsiz bir yazıçı, ziyalı məni qəbul edirsə, deməli, yenə deyirəm, mən o qədər də uğursuz bir adam deyiləm.

Seyran Səxavətlə Sumqayıtın küçələrində yol gedəndə tələbə qızlar ki, yanından keçir, bir-birlərinin qulağına pıçıldayıb deyirlər ki, bu gedən Seyran Səxavətdir, o biri qız da soruşur ki, bəs yanındakı uzunsaç oğlan kimdir? Üçüncü qız da cavab verir ki, yəqin oğludur. Bax, belə bir söhbətə qulaq müsafiri olmaq kimin xoşuna gəlməz? Ancaq fikir vermişəm, Seyran müəllim belə şeylərə çox biganədir... Yanından kim keçdi, necə keçdi, nə dedi... Və bu da təbii, onun böyüklüyündən irəli gələn bir şeydir. Ümumiyyətlə, oxuculara, televiziyaya, mətbuata biganə adamları daha çox sevirlər, fikir vermisinizmi? Daha Ramiz Rövşən kimi ümumiyyətlə, ağzını açmamaq yox, amma nə bacarırsan az danışmaq lazımdır.

Qayıdaq Səməd Vurğun adına kitabxanaya. Tələbələr, gözəl-gözəl qızlar Seyran müəllimi sual atəşinə tutdular. Kimisi canlı verirdi sualını, kimisi də kağıza yazıb göndərirdi. Bir sual yadımda belə qalıb: “Seyran müəllim, bu an sizi düşündürən, narahat edən nədir?” İlk baxışdan dayaz sual təsiri bağışlayır, sonra görürsən ki, elə deyil... Azərbaycan dilinin problemlərindən, dili bilməyən yazıçılardan danışdı Seyran Səxavət. Seyran müəllim Azərbaycan dilindən danışmağa haqqı olan yazıçılardandır. Çünki dili onun qədər dərindən hiss edən, duyan adam məncə, az-az tapmaq olar.

Ədəbiyyat müəllimi Sabir Məmmədov birinci dəfədir görürdü Seyran Səxavəti. Ancaq yaradıcılığın çox yaxşı bilirdi, bütün əsərlərini oxumuşdu. Tədbirdə çıxış da elədi. Birinci dəfə idi ki, uzun bir çıxış məni yormurdu. Çünki Sabir müəllim Seyran Səxavət haqqında məhəbbətlə, eşqlə, ürəklə danışırdı. Ürək işə qarışdısa deməli, hər şey gözəl olacaq.

Qulu Məhərrəmlinin bir yaxşı sözü var: “Simasını qorumaq”. Bunu ona görə Qulu müəllimin sözü hesab edirəm ki, ən çox onun dilinə yaraşır. Seyran Səxavət də simasını qorumuş yazıçıdır, şəxsiyyətdir. Gözəl şeirləri də var, amma istəmirəm ona şair desinlər, çünki məncə, o, yazıçı kimi daha böyük, daha əzəmətlidir. Hər cür sual verdilər Seyran Səxavətə. Hamısına da cavab verdi, özü də çox orjinal, maraqlı, yumoritsik.

Bir dəfə Kamal Abdulla məndən soruşdu ki, filankəs necə yazıçıdır? Dedim yazır, amma iliyi yoxdur. Bu ilik sözü Kamal müəllimin yaman xoşuna gəldi. Tez-tez yazılarında da işlədir bu sözü. Bax, Seyran Səxavətin yaradıcılığının, mətnlərinin iliyi var. 72 yaşında maraqlı olmağı bacarmaq qədər güclüdür Seyran müəllim. Fiziki cəhətdən də çox sağlam bir insandı. Mən onda bir dəfə də olsun ağlamaq, sızlamaq görməmişəm. Bir əlini cibinə qoyub siqaret çəkir, baxanda elə bilirsən özü özünün heykəlidir. Düzdür, elə çox yaşım yoxdur, ancaq bir həqiqəti dərk eləmişəm. Yazıçını düz saxlayan, əzəmətli göstərən yazdığı mətnlərdir. Seyran Səxavəti də həmişə diri saxlayan, adamları ona hörmət etməyə, hətta sevməyə məcbur eləyən yaradıcılığıdır, istedadıdır, qoruduğu şəxsiyyətidir.

Balaca vaxtı uşaqlardan soruşurlar ki, böyüyəndə nə olacaqsan? Biri deyir ki, həkim, biri deyir ki, müəllim və s. Təkcə Səməd Vurğun adına kitabxanada yox, ümumiyyətlə, Sumqayıtda ona olan sevgini, məhəbbəti görəndə öz-özümə fikirləşdim ki, mən böyüyəndə Seyran Səxavət olacağam...

# 1574 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #