Xəbər aparan küləklər

Xəbər aparan küləklər
18 aprel 2017
# 15:01

Kulis.az Təranə Fazilqızının “Xəbər aparan küləklər” yazısını təqdim edir.

Eşqin hekayəsin bülbldən deyil,

səssiz-sədasız can verən pərvanədən soruş.

Hz.Mövlanə

İş günü sona çatıb. Baharın axşam çağında tənhalığa bürünüb evə gedirəm. Havadan gələn dəniz qoxusu yatmış duyğularımı oyadır. Yeridikcə ağaclardan saçlarıma düşən çiçəklər könlümü oxşayır. Meh çəhrayı, ağ çiçəkləri xalı kimi yerə döşəyib. Hər yan güllü-gülüstandı.

Yaxınlıqdakı uşaqların səs-küyü sərçələrin civiltisinə qarışıb axşamın həzinliyində nəğmə kimi səslənir.

Bütün bu gözəlliklərə rəğmən ruhumda sıxıntı var. Elə bil küləklər şəhərində tənha bir ağacam. Hər an kökümdən qopa bilərəm. Unutmağa çalışdığım xatirələr qəlb otağımda mənə dinclik vermir. Elə hey ittiham edir. Əzəldən yanlış idi birgə getdiyimiz yol da, o yaşanmış illər də. Əslində bunu elə ilk gündən duymuşdum. Sadəcə özümə etiraf etməkdən qorxurdum. Elə bilirdim qəlbimin səsini eşidib məni məzəmmət edərlər. Ağrılarımı bir Allah bildi, bir özüm. Yoox, yoox, bir də... sənə xəbər aparan küləklər...

Bir payız axşamı dərd-ələmə bükülmüşdüm. Pəncərəni döyən ağaclar hisslərimə şərik olub təsəlli verirdi mənə. Dərdimi xəbər aparan küləklərə danışdım. Həmin gün üzünə, gözünə dəyən küləklər sənə ünvanlanmış cavabsız suallarım idi. Bəlkə də həmin an sənin ayaq basdığın küçəyə, mənzilə dolurdu bu dərdli küləklər. Kim bilir? Ağrımı, yaşanmış günlərin əzabını sənə çatdırmaq istəyirdim. Ehh, guyam bilsən nə olacaqdı ki?!

Hərdən nağıllara dönürəm. Elə bilirəm ruhum səhralarda dolaşır. Susuz dodaqlarım, beli bükülmüş qamətim bəni-adəm axtarır. Uzaqdan zınqırovun kədərli səsində ötüb keçən dəvə karvnı, ucsuz-bucaqsız çöllər, küləklərdən boynu bükülmüş tək-tük yovşan görürəm. Onlar da ürəyim kimi sıxılır.

Ayrılığın acı tərəfi qəlbin qırıldığı, küsdüyü adamlarla yenidən üz-üzə gəlməkdir. Adlayıb keçə bilmədiklərim xatirinə istəmədən ünsiyyətdə olmaq, simanı görərkən yaşadıqlarım bir daha ağrıdır məni.

Bağlı-boğçalı arzuların qarşısında uğursuz günlərim kölgə kimi məni izləyir. Bu günlərin qaranlığında donuram. Bəzən də kədərimə üsyan edib, nakam istəklər ümmanında xəyal qururam. Qəlbimə düşən balaca işartı böyük ümidlərdən doğur. Düşüncələr burulğanında mənzilimə çatmaqdayam. Kənardan evimə baxıram.

Pəncərəmdən süzülən işıq uğurlarım, sabaha ümidim, yaşamğa qol-qanad verən gələcəyimdi...

# 663 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #