Misralarımın kağızı öpdüyü dünya – YENİ ŞEİRLƏR

Misralarımın kağızı öpdüyü dünya – <span style="color:red;">YENİ ŞEİRLƏR
17 aprel 2017
# 15:20

Kulis.Az gənc şair Şəhriyar İbrahimovun yeni şeirlərini təqdim edir.

Ömrün "qara qutusu"

Ayın yorğun baxışları cırmaqlayar səhəri,
Neçə doğma ayaq izi küçələrdə əriyər.
Gecələri yola verər tütünlərin zəhəri,
Göz yaşları yanaqlardan tuta-tuta yeriyər...

Solaxaydan bir ağrı da sızıldayar beləcə,
Sonra-sonra buza dönüb sazaqlara qarışar...
Pəncərələr kölgəsində pərdələnər gedişlər,
Bir siqaret tüstüsütək uzaqlara qarışar...

Salam verməz sabahlara, ötənlərin naləsi,
Hələ miskin şeirlər də bir az içki qoxuyar.
Qalmaz daha dodaqlarda təbəssümün ləkəsi,
Fələk sevgi ilməsindən bir “əlvida” toxuyar...

Bəlkə qoymur ayrılıqlar sevgiləri ölməyə?!
Hər sevginin pıçıltısı bir təkliyə yoluxmaq...
Bir cüt zərif əl də olmaz gözlərini silməyə.
Ömrün “qara qutu”sunda susar neçə darıxmaq..

Susar-susar... bir nəfəslik ölüm dolar içinə,
Əcəl cansız bədəninə baxıb-baxıb utanar.
Qaranlıqlar yarıuçuq bədənsiz də keçinər,
Və beləcə təkadamlıq quru ömür uzanar...

***

Yuxularımın dan yerində gizləndiyi sərxoş zamanlar

Yadımdadır, ilk dəfə sevirəm sözünü əllərin pıçıldamışdı saçlarıma...
Sonra əlvida deyəndə də əllərin baş rolda idi...
Sonra bütün küçələr ayrılığa apardı.
İndi ayaq izlərinin dəfn olunduğu o yollar necə də nankordur...
İndi dodaqlarımda yetim qalmış adının hərfləri sızıldayır...
Daha heç bir mövsüm saçlarımdakı qışı apara bilməz,
gözlərimdəki dimdik-dimdik yağmurları səngidə bilməz...
İndi bu axsaq xatirələr soyuq evin bütün daş divarlarına hopub...
Daha səndən mənə yorulmaq bilmədən ağrıyan bir quru bədən qaldı,
başqa heç nə qalmadı bu sınıq-salxaq ömrə...
Ovuclarımda hönkürür bütün buludlar.
İndi sən misralarımın kağızı öpdüyü dünyalardasan,
indi sən, yuxularımın dan yerində gizləndiyi sərxoş zamanlardasan...
Və anladım ki ayrılıq ölümün yarıyuxulu halıdır...
İndi dodaqlarım içki şüşələrində boğulur.
Onu bilirəm ki əllərinin sığalı bir ömür gizlənəcək saçlarımda,
Onu bilirəm ki sənsizliyin ötəsi tənha xarabalıqlardı...
Bilmədiklərim daha ağırdı: indi o yanvar səması gözlərin kimlərə baxır, indi o dəniz dalğası tellərini hansı küləklər darayır...
İndi həsrətinin sahilində bütün iztirablar necə insafsızdır, qucağımda gəzdirdiyim bütün ümidlər necədə şikəst...
Səndən sonra ağrıkəsicilər bədənimdəki ağrılara müqavimət göstərə bilmədi...
İndi sənsizlik quru səhraların sarı süfrələrində susuzluq kimidir...
Səndən sonra hər şey boyat, hər şey ağ-qara...
İndi yolları üşüyür o biz gəzən küçələrin,
İndi ulduzları yanmır tənha, sərxoş gecələrin...
Kaş ki bütün “əlvida”lar sonda dönüb "bağışla"ya , "sənsiz olmur"a çevrilə,
Kaş ki bütün getmələr bir bəhanə
ola, dönüşdə daha möhkəm sarılmaq üçün..

Bəlkə yenə qovuşduq

Azıb qaldıq məhəbbətin yolunda
Səngimədi bu payızın yağışı
Tez islandıq biz həsrətin yolunda
Tez soyudu son baharın baxışı...

Uçuq ömrün xoş günündən əl üzüb
Alov aldıq bu hicranın odundan.
Payız bizə göstərdikcə sərt üzün
Biz doymadıq ayrılığın dadından.

Xəzan düşdü, şimşək kəsdi önümü,
Tər çiçəklər yağmur altda boğuldu.
Ləngimədi yarpaqların ölümü,
Neçə-neçə quş yuvası dağıldı...

Boz çinarlar köynəyini soyundu,
Sarılığa tez yoluxdu təbiət.
Xəstə düşdü, tənha qaldı, yoruldu.
Durnalartək uçub getdi səadət...

Təbiətin əyni-yalın günləri,
Eşqimiz də çiçək təki büküldü.
Çinar ömrün sevgi dolu günləri,
Yarpaqların qanadında töküldü...

Ağır oldu bu payızın ayağı,
Qucaq-qucaq arzular da saraldı.
Tənha qaldı ağacların budağı,
Eşqin vüsal cığırları daraldı...

Kədər, həsrət rüzgar ilə sovrulub -
Bir də gördük xəzan yeli sovuşdu.
Payız xəmri ayrılıqdan yoğrulub,
Payız çıxar... Bəlkə yenə qovuşduq...

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər