Kişi paltarlarından qadın çəkməsinəcən – Artur Rembonun sonetləri

Kişi paltarlarından qadın çəkməsinəcən – <span style="color:red;">Artur Rembonun sonetləri
13 aprel 2017
# 12:50

Kulis.az tanınmış şair-yazıçı Zahid Sarıtorpağın tərcüməsində Artur Rembonun sonetlərini təqdim edir.

Qış xəyalları

Mavi ipəklə süslənib bizim çəhrayı vaqon

Yerimiz rahat olacaq.

Bura öpüş ocağı, bura ehtiras yeri,

Eşq yuvasıdır ancaq.

Burda baxa bilməzsən pəncərədən gecəyə,

Qapayarsan gözlərini.

Bir canavar sürüsütək zülmətlərdə qorxudar

Sirli varlıqlar səni.

Sonra duyarsan qəfil, yanağın necə pörtmüş,

Xatırladar həmin an üzündə gəzən öpüş

xırdaca hörümçəyi.

“Tut onu!..” pıçıldarsan mənə sarı yavaşdan,

Dodaqlarım yansa da yanağında təlaşdan

axtarar o böcəyi.

Dolab

Qara palıddan olan oyma bəzəkli dolab,

Getdikcə çox mehriban bir qocaya oxşayır.

Qapılar xırıltılı… içindəki qaranlıq

uzaq illərdən qalma şərab qoxusu yayır.

Canına doldurubdu elə bil o hər nə var,

Saralmış parçalardan, nənə tikməsinəcən.

Qrifonla bəzənmiş çeşid-çeşid yaylıqlar,

Kişi paltarlarından qadın çəkməsinəcən.

Burada həm medalyon, həm süni saclar da var,

Portret, solğun güllər, uşaqlar üçün paltar…

Quru meyvə qoxusu qarışıbdı onlara.

Bətnində nələr yatır, sənin ey dolab, nələr!

Arzun budur içində illərlə bəslənənlər

Qapın açılan kimi faş olsun insanlara!

Mənim bohem həyatım

(Fantaziya)

Köhnə, xovsuz paltomun yırtılmış ciblərində

gizlədərəm əllərimi, hey süzürəm dörd yanı.

Göy qübbəsi altında mən öz ilham pərimlə

Uçub seyr eləyirəm könlüm sevən dünyanı.

Lap balaca uşaq kimi, həyəcanla, tələsik

Şeir toxumu səpirəm şan-şöhrətin şumuna.

Böyük Ayı bürcü baxır, açır mənə ovcunu,

Əynim-başım köhnə-kürüş, sığınıram mən ona…

Yolların qalın tozunda xışıldayır ulduzlar,

Sentyabr şərabının güclü məst etməyi var,

Bu ovqat damır şeh kimi, alnımda gilələnir.

Gözüm süzdükcə hey süzür yırtıq çəkmələrimi,

Əlim corab rezinimi dartıb çalır lira kimi,

Qafiyələrin alovu içimdə şölələnir.

Dərədə yuxulayan

Yaşıl tala boyunca gümüştək parlayan çay,

Çırpır öz nəğməsini sahildə çəmənliyə.

Sıldırımlı dağ yanır günəşin tonqalında,

Sular axan dərədən bir bürkü qalxır göyə.

Cavan bir əsgər yatıb yumşaq otların üstə,

Torpaq adlı yataqdan rahatı yoxdu axı…

Ağzı azca aralı, saçları buruq-buruq,

Soluxmuş bənizindən ilıq bir işıq axır…

Möhkəm yatıb… Gül ətri onu oyadan deyil…

Xəstə bir uşaq kimi yüngülcə gülümsəyir.

Kaş isinə biləydi… – Torpaq yaman soyuqdu…

Qıcıqlandırmır onu meşənin rayihəsi,

Sıxıbdı bir əliylə – qalxıb-enmir sinəsi,

Sağ döşündə görünən bir cüt qanlı oyuqdu...

Yaşıl Kabaredə

Səkkiz gün getdim piyada, daşlar yırtdı çəkməmi,

Yortdum yollarda – təki Şarleruaya çatım.

Çatınca baş vurub girdim “Yaşıl Kabare”yə ki,

Bir az qaxac donuz əti, bir az yağ-çörək dadım.

Doluydu dörd bir yanımda cansıxıcı adamlar,

Uzatmışdım ayağımı yaşıl masanın altına.

Darıxıb gözləyirdim ki, birdən sataşdı gözlərim,

Gülümsəyən xidmətçiyə –­ dik sinəli qadına;

Sırtıqcasına öpsən də, utanmazdı o məncə…

İştahamı coşdurmağa nə varsa yetərincə,

Güllü boşqabın içinə düzmüşdü qırçın-qırçın..

Gülüb verdi ət qaxacı, yağlı çörəklə birgə,

İçində qürub şəfəqi çaldı qızılı rəngə

köpükləri oynaşan pivə dolusu parçın.

Hiyləgər qadın

Alatoran içindəki yeməkxana zalında,

Yeməyin və meyvələrin ətri canıma sindi.

Önümə dolu boşqabı çəkdim süfrə başında,

Kiçik masam mənimçün kef məclisinə döndü.

Saat vurur… dinlədikcə, mən ləzzətlə yeyirəm;

Qəfildən qapı açılır… oturmuşam hələ ki...

Qulluqçu qız heç bilmirəm nədən təşrif buyurur,

Saçları çox səliqəsiz, yaylığısa çəpəki…

Gəzir çeçələ barmağı çəhrayı yanağında,

Yəqin təzə günah hissi baş qaldırıbdı onda,

Dodaqları şişib-pörtüb sanki alışıb-yanır.

Yüngül toxundu çiynimə… bəlkə də sınayırdı,

Yəqin öpüş istəyirdi. Sakit pıçıldayırdı:

“Bir sən də bax, gör bir nədən yanağım belə donur…”

Yamanlıq

Mərmilər qıpqırmızı-qanlı tüpürcəkdimi

Masmavi göy üzündən ötüşürkən bir ucdan,

Krala qoyun kimi tabe olan alaylar

Diri gözlü ölümə atılırlar bu zaman.

Bu dəhşətli qırğınsa bir dəyirman daşıdır,

Üyüdüb toz eyləyir insan bədənlərini.

(Ah, təbiət, sənintək rahat baxmaq olarmı

Güllər altda çürüyən o cəsədlərə yəni?)

Bəzəkli taxt örtüyü, buxurdanın tüstüsü,

Ruhunu məst eləyən hər cürə tərif sözü,

Və qızıl hərisliyi… Tanrı göz qoyur buna…

Gəlir dərdli bir ana, boğa-boğa ahını,

Qoy kral görsün: necə o qadın, yaylığının

düyününü açaraq, mis pul uzadır ona…

Hökmdarın qəzəbi

Çiçəklikdə dolaşır solğun bənizli kişi.

Əynində qara frak, damağındasa siqar.

İçində – Tuilriylə bağlı xatirələri,

Gözlərində – elə bil, şimşək yatan göylər var.

Hə, kef çəkib durmadan iyirmi il boyunca

İmperator üfürüb azadlığı: “Qoy sönsün!”

Azadlıqsa sönməyib… Şam tək işıq saçsa da

O, şam deyil üfürsən zülmətlərə bürünsün.

O girovdu. Qəzəblə hazırdı ki püskürə,

Lal dodaqları altda hansı sözlərdi görən?

Nə bilək? Süstlük yağır üzündən başdan-başa.…

Eynəkli xaç atası bəlkə düşüb yadına…

O siqar tüstüsünün baxır bulud qatına –

Elə bil Sen-Kluda göyə edir tamaşa.

# 1228 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #