Elza Seyidcahanı sevə bilmək

Elza Seyidcahanı sevə bilmək
11 aprel 2017
# 12:36

Ceyhun Qurbanoğlu

İçində bir az dəlilik olmayan həyat, yarımçıq bir həyatdır.

Paolo Koelyo

Qaymaq olmayaq,

qaynaq olaq,

qayğanaq olaq,

qayğanaqdan doğaq caynaq olaq...

Elza Seyidcahanın bu "şeir"inin videosuna bir paylaşımda rast gəldim. Müğənni Nüşabə Ələsgərlinin anasının vəfatının ildönümündə molla qadın “manevr” edib - “Burada Azərbaycanın qaymaqları oturub” - deyib. O da cavabında bu şeiri yazıb. Arzulayan tapıb baxa bilər. Yas yerində bədahətən “yazılıb”.

“Həci xanım” ilahi sevgidən elmi və səmimiyyəti ilə təsirli danışsaydı, bəlkə də Elza bəstəkarlıq potensialından yararlanıb yaradana sevgi ruhunda gözəl bir bəstə yarada bilərdi. Və beləcə gələnləri qaymaq kimi görən mollanın yas yerində danışığına uyğun “bənd” də ortaya çıxmazdı.

Rastlaşdıqca onun “şeirlər”inə verilən reaksiyaları izləyirəm. Jurnalistlər müasir Azərbaycan oxucularının böyük əksəriyyətinin nəyə maraq göstərdiyini bilir. Elzanın “şeiri”nin oxunma sayına görə, Azərbaycan-Ermənistan cəbhə xəttində yaralanan əsgər barədə məlumatdan daha üstün olacağına əmindirlər.

Söhbət onun şairliyində deyil. Bu insandan öyrənməli çox şey var, məncə!

Şeiri də hisslər, duyğular yaradır, bəstəni də. Bəlkə də özünü zamanında şairlikdə sınayıb - bir şəkildə özünü ifadə etmək arzusu yaranıb. hamımızda olduğu kimi… Kimlərsə nəsə deyib, sındırmağa çalışıb, amma özünü olduğu kimi - ALLAHın yaratdığı kimi sevib və kimlərinsə fikirlərinə əhəmiyyət verməyərək daima içindən gələni ifadə edib. Bəstəkar və müğənni olub - səsi və bəstələri ilə...

Elza bəlkə də ilk zərbədə “sına” bilərdi… “Bu gecə” yaranmazdı. Sözləri mahnıya necə gözəl kökləyib...

“Son vida” bir çox “bəstəkarların” işlərindən daha çox sevilir. Bunu şərhlərdə asanlıqla görə bilərsiz.

Bəlkə onun 3-5 cızma-qarasını qoyaq bir tərəfə və türklər demiş, “odaklanaq” onun pozitiv tərəflərinə… Məsələn, fikrini, yaradıcılıq düşüncələri sərbəst ifadə edə bilmə bacarığına (ki, bunu bəzən çoxlarımız ailəmizdə belə edə bilmirik - o ki qaldı efirdə, milyonların önündə - C.Q)

Halbuki, onun özünü arayışı və yaradıcılıq axtarışları davam edir. Lağ-lağı hədəfinə çevrilsə belə...

Onun “Soxa-sox”una da bir paylaşımda rast gəldim. Sonra “şeir”ə yazılan tənqidləri, təhqirləri, lağlağıları oxudum...

Cəmiyyətdə “soxa-sox” işləri görməzdən gəlib, haqqımızı tələb etməkdə dilimizi qarnımıza yerbəyer edib Elzanı lağa qoymağa nə var ki?!

İşə düzələndə qohumluq əlaqələrindən sui-istifadə edib soxa-sox edəndə, xəstəxanalarda etinasızcasına doğmaları dost-tanışın varlığından istifadə edərək növbədənkənar irəli “soxanda” və s. susuruq çox vaxt.

Hərdən götürün ələ kağız-qələm, müraciət hüququndan ömrünüzdə bircə dəfə cəmiyyətə faydalı ola bilmək baxımından istifadə edib, kanal rəhbərliyinə, lap elə Nuşirəvan müəllimə məktubdan, təklifdən, şikayətdən-zaddan yazıb sual edin ki, Elzanın “şeirləri”nin efirdə tez-tez səslənməsi Azərbaycan cəmiyyətinə nə qazandırır? Lap elə status paylaşıb açıq məktub yazın. Düşündürün də, onun “şeir” deməsinə şərait yaradan insanları... Yox, məncə sizə gülmək üçün lağ-lağı lazımdır, cənablar!

Qaymaq olmayaq,

qaynaq olaq,

qayğanaq olaq,

qayğanaqdan doğaq caynaq olaq...

Şəxsən mən gülmədim, istehza etmədim… Sevinmək, gülmək və əylənmək üçün səbəbim çoxdur və mənə Elza lazım deyil.

Maraqlı bir mahnıya qulaq asmaq üçün millət vəkili Qənirə Paşayevanın sözlərinə yazdığı “Həsrət nəğməsi”ni hərdən dinləyərəm.

Hər bir insanı 24 saat izləsək, hər kəsin bir neqativ, cəmiyyət tərəfindən qəbul edilməyən xüsusiyyətini tapmaq olar.

Elza heç nə itirmir. Çox maskalanmışlardan fərqli olaraq özüdür, özünü yaşayır, sevir, duyğularını gizlətmir, elə bədahətən də ifadə edir.

Bəlkə də kimlərsə onu məsxərəyə qoyandan sonra hüznlənəcək, duyğulanacaq və insanların özlərinin gözə girən “ÇP”lərini görmədən başqalarını asanlıqla mühakimə edənləri silkələdən mahnılar bəstələyəcək.

Elza pozitiv olmağı bacarır və “Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil” də “yazır”, “Qayğanaq olaq” da deyir. Özünüzə yaxın olun, görün sizə nə lazımdı?

Bir az gözəl düşünsən, bir Quran ayəsinin ifadəsinin (“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir” - (Ənkəbut, ayə 64) təkrarı kimi baxa bilərsən, qayğanağı lağlağıya çevirə də... Göz sənindir, imkan sənin, niyyət sənin.

Onun hisslərini lağa qoyarkən təsadüfən qarşınıza çıxsa belə, “Son vida”sına, “Həsrət nəğməsi”nə qulaq asmağa haqqınız çatmır.

İnsanı olduğu kimi sevməyi bacarın, dostlar!

Hisslərdir, duyğulardır insanı yaşadan. Ali qüvvələrə bağlı olan hisslərə, duyğulara hörmət etmirsinizsə, heç olmasa lağlağı etməyin.

Lağa qoymağa nə var ki? Çox uzağa yox, bir dönün ailənizə baxın, atanızın evdə nəvəsinin-körpənin yanında siqaret çəkməsinə heç nə olmamış baxışınızı, qardaşınızın şit-şit zarafatlarını, marşrutda ona məqsədli toxunan “gədə”nin qarşısında söz tapıb özünü ifadə edə bilməyən qız-qadınlarınızı müzakirə edin, maarifləndirin.

İnanın görmək istəsəniz, o qədər Elzanın “qayğanağ”ından tapmaq olar ki…

Yeri gəlmişkən, sözləri mahnıya çevirmək, onu yaşamaq, bəstələrlə sevilmək isə bilirsiz necə dəyərli, əvəzolunmaz hissdir? Hər adama qismət olmur.

# 1085 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #