“Hababam sinfi” cənnətdə toplanır - Halit Akçatəpənin həyat hekayəsi

 “Hababam sinfi” cənnətdə toplanır - <span style="color:red;">Halit Akçatəpənin həyat hekayəsi
10 aprel 2017
# 11:32

1975-ci ildə kinosevərlərin ixtiyarına verilən, tək Türkiyədə deyil, elə Azərbaycanda da çox məşhur olan “Hababam sinfi” komediya filmi Kamal Sunal, Adilə Naşit, Münir Özkul, Tarık Akan kimi məşhurları daimi olaraq yaddaşlara yazdı. Təbii ki, “Güdük Necmi” xarakterini canlandıran Halit Akçatepe də bu sırada yer alır.

O, “Hababam sinfi”nin bütün filmlərində rol alıb. Filmdə xaraktercə ən çox uşaq kimi qalan elə “Güdük Necmi”dir. Ən çox zarafat edən də! “Hababam sinfi”ndə Paşa Nuri rolunu canlandıran atası ilə birgə çəkilən aktyor uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. Bir neçə gün öncə isə sevilən aktyor gözlərini əbədi olaraq yumdu və hamı “Güdük Necmi” öldü dedi.

O, türk kinosunun ən gülərüzlü aktyorlarından biri idi. Rejissor Ertem Eyilməz onu hər zaman başqalarından seçib, qoruyub, bugünkü şöhrətinə çatdırıb. Ən çox “Güdük Necmi” rolu ilə tanınsa da, oynadığı bütün filmlərdə istedadını, aktyorluq qabiliyyətini nümayiş etdirməyi bacarıb.

Image result for Güdük necmi

Həyatı

Halit Akçatəpə 1938-ci ildə Türkiyənin Ordu vilayətində aktyor ailəsində dünyaya göz açıb. Onun atası aktyor Sidqi Akçatəpə anası isə aktrisa Ləman Akçatəpədir.

Yeşilköy Pansiyon İbtidai məktəbində oxuyan Akçatəpə daha sonra təhsilini Refik Halit Karay Məktəbində davam etdirib.

5 yaşında rejissorlardan biri atası Sidqi bəyə onlara uşaq oyunçu lazım olduğunu deyib.

Beləliklə, Halit Akçatəpə ilk filminə 1943-cü ildə 5 yaşında çәkilib. İstanbul Şəhər Teatrlarının Uşaq bölümündə iştirak edəndə onun 7 yaşı var idi. Saint Benoit Fransız Liseyindən məzun olan Halitin teatrla tanışlığı ilk dəfə lisey illərində başlayıb. O, Yeşilayın Yaşıl Səhnəsində həvəskar kimi səhnəyə çıxıb. Bir tərəfdən teatrda həvəskar aktyorluq edən Akçatəpə, digər tərəfdən də əvvəl Ədəbiyyat Fakültəsi, sonra hüquq fakültəsində oxuyub. Ancaq teatra görə təhsilini yarımçıq dayandırıb. 1959-cu ildə Anıtkabirdə 18 ay əsgərlik edib.

Karyerası

Aktyor ilk dəfə professional olaraq səhnəyə 1960-ci ildə “Oda Teatrı 4”-də “Sel” pyesi ilə çıxıb. Aktyor ümumilikdə 16 ayrı teatrda 43 pyesdə rol alıb. O, “Dostlar teatrı”nın heyətində də yer alıb. Bir çox filmdə oynayan Halit Akçatəpə reklam filmlərinə də çəkilib. İlk filmlərində epizodik rolları ifa edən aktyor daha sonra romantik komediya filmlərində xarakterik rolları canlandırıb.

1960-cı ildə “Ah Harada, Vah Harada” filmi ilə məşhurlaşmağa başlayıb. 1970-ci illərin əvvəllərində oynadığı “Üç yoldaş”, “Sev qardaşım”, “Kənddən endim şəhərə”, “Mavi muncuq” filmləri çox bəyənilib.

Aktyor 1972-ci ildə çəkildiyi “Şirin Dillim” filmi ilə şöhrətə çatıb. O, 1963-cü ildə “Qadağan”, “Gün doğarkən”, “Səmaya baxdım səni gördüm” filmlərində çəkilib.

1975-ci ildə "Hababam sinfi" adlı filmindəki “Güdük Necmi” obrazı ilə ürəklərdə özünə yer tapıb. Rüfət Ilqazın "Hababam sinfi" romanı əsasında Umur Bugay tərəfindən ssenariləşdirilən, rejissor Ertem Eyilməzin lentə aldığı filmdə Kamal Sunal - İnək Şaban, Adilə Naşit - Hafizə Ana, Halit Akçatəpə - Güdük Necmi, Tarık Akan - Damat Fərid, Münir Özkul – Keçəl Mahmud, Məhərrəm Gursəs - Məktəb müdiri və s. rol alıb.

1943-cü ildə ilk filmə çəkilən aktyorun son filmi 2014-cü il istehsalı olunan “Karamanın qoyunu” olub. Bu filmdə aktyor Fərdi Akarnur, Sənan Çalışkanoğlu və Dost Elverlə birgə oynayıb. Karyerası boyunca aktyor yüzdən çox filmdə çəkilib.

Image result for Güdük necmi

Şəxsi həyatı

Halit Akçatəpə həyatı boyunca iki dəfə evlənib, hər iki evliliyi boşanma ilə nəticələnib və 3 uşağı olub.

Aktyorun ilk evliliyi 1963-cü ildə Tülin Akçatəpə ilə olub. Bu evlilikdən cütlüyün 1964-cü ildə Itır, 1968-ci ildə isə Ebru adlı qızları olub.

1981-ci ildə Tülin xanımdan boşanan aktyor 1999-cu ildə özündən 39 yaş kiçik olan Rəzzaq Akçatəpə ilə evlənib. Bu evlilikdən isə 2001-ci ildə Günsu adlı qızları doğulub.

Ancaq bu evlilik də çox davam etməyib və 2009-cu ildə ayrılıqla nəticələnib.

Image result for Güdük necmi

Xəstəliyi və ölümü

2014-cü ildə məşhur aktyorun səhhətində problemlər yaranmağa başlayıb. Bir neçə dəfə yüksək təzyiqlə xəstəxanaya aparılan aktyor 2015-ci ildə iflic olub. Bu xəbər onun pərəstişkarlarını üzüb. Xəstəxanadan həkimin verdiyi açıqlamada deyilir: “Aktyor Halit Akçatəpə iflic olub və sağ tərəfi hərəkət etdirə bilmir. Sənətçimiz yeriyə bilmir, danışmaqda çətinlik çəkir”.

İflicdən sonra heç kimlə görüşmək istəməyən aktyor 2 ildir müalicə, fizioterapiya olunmağına baxmayaraq, səhhəti düzəlmirdi. Bir neçə gün öncə, martın son günündə isə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Aktyorun ölümündən sonra hər kəs “Hababam sinfi” cənnətdə toplanır”, “Habamam sinfi” yetim qaldı” deyərək sevimli aktyorları üçün göz yaşı tökürdülər.

Caddebostan Mədəniyyət Mərkəzində təşkil edilən vida mərasimində aktyorun sənətçi dostları və çoxlu sayda vətəndaş qatılıb. Sənətçinin həyatından bölmələrin yer aldığı qısa təqdimat filminin nümayişi ilə başlayan mərasimdə aktyorun ilk həyat yoldaşı Tülin, ikinci həyat yoldaşı Rəzzaq, qızları və nəvələri iştirak edib. Qızı Ebru çıxışında bildirib ki, atası hamı tərəfindən çox sevilirdi: “Atamla bu gün ilk dəfə birlikdə eyni səynədəyik. Halbuki bunu daha əvvəl də edə bilərdik. Təəssüf ki, qismət olmadı. Mən də atamın izi ilə gedərək teatrda işləyirəm. Ailəmizin sənət bayrağını indi də mən çiyinlərimdə daşıyıram”.

Atasının ölümündən əvvəl onun üçün bir gecə hazırlamağı planlaşdırdıqlarını bildirən Ebru deyib: “Bu səhnədə tədbir keçirməyi qərarlaşdırmışdıq. Bu, Halit Akçatəpə gecəsi olacaqdı. Sevdiyi dostları, yaxın yoldaşları, sevənləri atam üçün bu səhnədə görüşəcəkdilər. Atamın bir çox filmdə canlandırdığı talesiz xarakterlərin ənənəvi şanssızlığı onu gerçək həyatında da tapdı. Həyatının final səhnəsi də bir çox filmindəki kimi hüznlü bitdi. Atam arxasında təmiz keçmiş buraxaraq gedir. Bir övlad olaraq, bu miras bizə yetər.”

Aktyorun cənazə namazı Üsküdardakı Şakirin Məscidində qılınıb. Cənazə namazına bir çox siyasətçi və məşhur qatılıb. Cənazə namazı qılındıqdan sonra aktyor Karacaahmet qəbiristanlığında dəfn edilib.

# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #