Bir də məndən bax özünə - RAHİL TAHİRLİNİN ŞEİRLƏRİ

Bir də məndən bax özünə - <span style="color:red;">RAHİL TAHİRLİNİN ŞEİRLƏRİ
6 aprel 2017
# 17:20

Kulis.az gənc şair Rahil Tahirlinin şeirlərini təqdim edir.

Bir də məndən bax özünə

Gəlib qaranlıq içində

Qara bürünürsən, Allah.

Bir də məndən bax özünə,

Necə görünürsən, Allah.

Gün göstərib çiçəklədib,

Sonra da qar atma daha.

Və xoşbəxt ola bilməyən

Adamlar yaratma daha.

Nədir bizdə bu ağırlıq,

Adına da dərd deyirlər.

Namərdliyi insan edir,

Dünyaya namərd deyirlər.

“Ol” dedin, oldu olanlar,

Dilin gəlmir dağıtmağa.

Bilirəm, sən də bezibsən,

Əlin gəlmir dağıtmağa.

Gəlib qaranlıq içində

Qara bürünürsən, Allah.

Bir də məndən bax özünə,

Necə görünürsən, Allah.

Adam da günəş kimi

Baxma nəsə etmirəm,

Edəcəyəm, darıxma.

Özümü burda qoyub

Gedəcəyəm, darıxma.

İndi durub baxıram -

Hər şey veyil-veyilmiş.

Mənim dediyim dünya

Heç bu dünya deyilmiş.

Guya başqa nə olur?..

Əzəl və əcəl olur.

Adam da günəş kimi

Üfüqdə gözəl olur.

Yanmağı dərd etmə, könül

Gül içindən açılar gül,

Gül açmasa, gülü neylər.

Yanmağı dərd etmə, könül,

Od əl çəkər, külü neylər.

Bilən bilməz, bilə bilsə...

Vuran elə tutan əlsə...

Üstünə qorxular gəlsə,

Qala bilsən ölü, neylər.

Balıqdı da... dildə balıq,

Qoysan, durmaz əldə balıq...

Yar, sıxılar göldə balıq,

Dərya bilən gölü neylər.

Bu qızı küçəmi doğub

Bu qızı küçəmi doğub,

Deyirlər küçə qızıdır.

Gündüzlər gözə görünməz,

Bəxtəvər gecə qızıdır.

Bir yol evə yığışmayıb,

Yanıb, qaralıb küçədə.

Tutub ananın qarğışı,

Böyüyüb qalıb küçədə.

Küçə qızı bu küçəni

Yol eləyib, yoldan çıxıb.

Nəyi var yolda itirib,

Nəyi varsa yoldan çıxıb.

Heç həyacan keçiribmi,

Görən qəlbi alovlanıb?

Göz vuran gözündən vurub −

Ən əvvəl gözü ovlanıb.

Yəqin çağırıb anası,

Sorağı yetməyib qıza.

O qızlıq edib, küçəsə

Analıq etməyib qıza.

***

yaşadıqlarımızda

arzuladıqlarımızı

tapa bilmirik

bunu səndə gördüm

sənə çatdığım an

arxasınca qaçdığımın

sən olmadığını anladım

həzin musiqi altında

bir nöqtəyə baxıb

uzun-uzadı düşündüyüm

qız deyilmi bu qadın

niyə həsrətini çəkdiyimiz

nə varsa

sevdiyimizi düşünürük

həsrətlə bitib

həsrətlə başlayırsa

sevdalar

mən həsrəti sevirəm

mən toxunmağı düşündüyüm an

içimdə yaranan hərarəti sevirəm

mən yerini bilmədiyim

amma həsrətini çəkdiyim

səltənəti

səadəti sevirəm

mən əlçatmazlığı sevirəm

mən dabanımı qaldıranda belə

əlimin bir barmağı dəyən

yüksəkliyi sevirəm

mən gəminin bir addımlıq məsafəyə qədər

yanaşmağını

yaxınlaşmağını

mən yolun bir addım qısa qalmağını sevirəm

mən ömrün dar köynək kimi

əyinə gəlməməyini sevirəm

mən sevdikcə həsrətə yenilirəm

mən sevgiyə qalxdıqca

həsrətə enirəm

sevgilər həsrətin yanında

kiçik qalır

neçə-neçə sevgi gizlənir

bir həsrətdə

İnsan sevdiyini yaşaya bilmir

insan arzuladığı andakı

dəlicə istəyi

ehtirası

yaşadığı ana daşıya bilmir

elə həmişə nəyisə

kimisə istəyir

yaşamağın bir adı da arzulamaqdır

insan ehtiyacı olanda axtarır

insan ehtiyacı olanı axtarır

bütün sonluqlar tamamlanmamış görünür

ehtirasını öldürdüyün andan sonra

arzuladığın

darıxdığın qadın varsa

odur sevdiyin

toxunulan andan

fəthedilmiş sayılır qadın

# 865 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #