Bir qadın qoxusu çağırır məni – Tural Turandan YENİ ŞEİRLƏR

Bir qadın qoxusu çağırır məni – Tural Turandan YENİ ŞEİRLƏR
6 aprel 2017
# 11:58

Kulis.az gənc şair Tural Turanın yeni şeirlərini təqdim edir.

Çatlamış dodaqlar öpüş saxlamaz

Çatlamış dodaqlar öpüş saxlamaz,

Öpər dodağına yaxın nə varsa.

Öpdüyü daşdımı, ətdimi, baxmaz,

Süzülər illərin yanğısı çim-çim,

İçində qarımış axın –

nə varsa...

Bu həm boşalmaqdı, həm də ki, pərçim.

Ovcunda gizlədər öpdüyü şeyi,

Bir gözü sağında, solunda olar.

Öpüb oxşadığı əlində olar,

Yarımçıq həzlər də onların meyi...

Öpər bucaq-bucaq daşı, dəmiri

Öpər şəkil-şəkil, közbəköz öpər.

Diliylə oxşayar öpdüyü yeri,

Öpər soyuq-soyuq, özünə gələr,

Öpər hesablamaz arı, həyanı,

Öpər, içindəki qızlığı gedər.

Alın yazısını salıb aşağı...

Bir qadın qoxusu çağırır məni,

Deyir qaşıqla gəl, yetiş qazmağa.

Batırıb peroya neştər iynəni -

Soyuq qoynuna yazı yazmağa.

Alın yazısını salır aşağı,

Bezib tənhalığın ağ ləkəsindən...

Qarımış daşların elçi uşağı

İyrənib, ürpənib "qız" silkəsindən.

Öz əkiz qoxumdur çağıran yoxsa?

Bəlkə ortasından Araz keçibmiş.

Nə olar Yaradan arxivə baxsa,

Nostalji iy verən iki qoxunu

Niyə birgə ölçüb ayrı biçibmiş?..

...Birinci biz yıxaq elçi daşını,

Peyğəmbər bütləri aşıran kimi.

Bəlkə də başımız qarışan kimi

Qapımıza qoydular “keçi başı”nı?!

“Şeytandan dönmələr” dedilər bəlkə,

“Yazını pozurlar” – ...ötdülər bəlkə?!

Hazırlaş, qazmağa gəlirəm, qoxu,

Mənim kürəyimə, sənin boynuna,

Bir feil yazmağa gəlirəm, qoxu...

Başqa şey gəlməsin vallah eyninə.

Gəlirəm yanına möhtəşəm qadın,

Cəngəl sevgilərin ağ bayrağıyla! –

Axur kürəyilə, əl orağıyla...

Üstündə bir mənim, bir sənin adın.

2017

Koxanəbidən məktub

Burada gülüşlər hədəf taxtasına çönüb,

Gülən pəncərəsindən vurulur Koxanəbidə.

Kişmişi gülüşlər də elə daxma-daxma sönüb.

Başımız ayazısa,

şaqqanağa da qoyacağıq abidə.

Sir-sifətimiz şəhid nəşindən hamilə qalır,

and olsun.

Nökərlər gülüşdən də tutur bala.

Gülüş dərib göndərin yanağınızdan,

başınıza dönüm.

Erkək-dişi göndərin, bəlkə çoxala...

Göndərin,

Gülüşünüz avand olsun.

Bütün günahlar zirvəyə aparır

Səhv elə, ey dost, qazancı sənindir.

Ağrısı görk olan sancı sənindir.

Bu günə müəllim, sabaha təbib,

Səhvləri öyrədən küncü sənindir.

Səhv elə, ey dost!..

Pafosdan çıxsaq bir az,

Əslində uğur bir köksüz məcazdır.

Bütün günahlar zirvəyə aparır, unutma

Bütün fəthlərin yumurtası bir ovuc günah.

Uğurla günahı ağ-qara tutma.

# 1999 dəfə oxunub

Oxşar xəbərlər

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

13:00 2 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər