Seymur Baycanın gecikmiş hekayələri

Seymur Baycanın gecikmiş hekayələri
16 fevral 2017
# 12:15

Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım.

Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım.

Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar.

İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır.

Bu gün bizi əhatə edən yaramaz insanların hansı tarixi deformasiya prosesindən keçdiyi, hansı mənəvi mirasın daşıyıcıları olduğu hekayələrdə - romanda öz əksini tapıb. Roman Azərbaycan tarixinin son yüz ilini əhatə edən 44 fraqmentdən ibarətdir deyə bilərik.

Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir.

Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır.

Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.

Seymur Baycanın bu günlərdə çapdan çıxan “Gecikmiş Hekayələr” kitabı, nə qədər gecikmiş olsa da bir çox sualların aydınlığa çıxmasına yardımçı olmaqdadır.

# 5361 dəfə oxunub

Oxşar xəbərlər

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər