Boşandığı həyat yoldaşına 400 milyon dollar verən Hollivud aktyoru

Boşandığı həyat yoldaşına 400 milyon dollar verən Hollivud aktyoru
2 fevral 2017
# 09:00

O, dünyanın ən məşhur aktyorlarından biridir. İllər əvvəl aktyor olana qədər yaşadıqları qəsəbənin qərbindəki limanda çalışıb. Bir gün evə gedəndə onu soymaq istəyən 5-6 nəfərin hücumuna məruz qalır. Pulunu itirmək istəməyən gənc müqavimət göstərir. Bundan hirslənən oğrular onu vəhşicəsinə döyür, ayaqqabıları ilə üzünü parçalayır, təpikləyir və ölüm ayağında atıb gedirlər. Polislər onu yolda uzanmış halda tapanda öldüyünü zənn edirlər. Morqa aparılanda polislərdən biri onun çətinliklə nəfəs aldığını eşidir və təcili xəstəxanaya aparılır. Xəstəxanada yatdığı dövrdə tibb bacısı ona qorxuyla baxaraq bundan sonra hələ xeyli müddət sifətinin düzəlməyəcəyini dərk edir. Göz ətrafı parçalanan adamın kəllə sümüyü, ayaqları, qolları, burnu, bütün dişləri qırılıb və çənəsi demək olar kəllədən ayrılmışdı.

Yaşamaq şansı çox az idi, bir ilə yaxın xəstəxanada müalicə olunur, bədənindəki yaralar sağalır. Ancaq sifəti elə vəziyyətdə idi ki, hamı baxmağa qorxurdu. O artıq hamının qibtə ilə baxdığı yaraşıqlı oğlan deyildi. Nə qədər iş axtarsa da, döydüyü bütün qapılar üzünə bağlanırdı. Bir müddət sonra sirkdə iş tapır. “Üzü olmayan adam” adlı qəribə şouda ona iş təklif olunur. Orada işləməyə razı olan gənc elə vəziyyətdə idi ki, hamı ondan qaçır, onunla söhbət etmək istəmirdi. Vəziyyət o qədər çətin idi ki, o hətta intihar etməyi düşünürdü. Bu gərginlik beş il davam edir.

Bir gün kilsəyə gedən gənc diz çöküb hıçqıra-hıçqıra ağlayanda rahib onu görür və çox ürəyi yanır. Uzun-uzun danışmaq üçün onu öz otağına aparır. Gəncin vəziyyəti rahibə o qədər təsir etmişdi ki, onun üçün əlindən gələn hər şeyi edə biləcəyini deyir. Gənc isə yaxşı katolik ola biləcəyinə söz verəcək və olacaqdı da. O, ibadət üçün hər gün kilsəyə gedirdi və Allaha onun həyatını bağışladığı üçün dua etdikdən sonra ona rahatlıq bəxş etməsi və yaxşı bir insan olması üçün təşəkkür duası edirdi.

Rahib dostları sayəsində Avstraliyadakı ən yaxşı plastik cərrahla görüşür. Bu əməliyyata görə gənc oğlan heç bir ödəniş etmir. Çünki cərrah rahibin ən yaxın dostu idi. Həkim gəncdən çox təsirlənirdi, onun dünyagörüşü, bütün pisliklərə qarşı yumor və sevgi dolu olması həkimin xoşuna gəlmişdi. Cərrah möcüzəvi iş görür. Ən yaxşı diş əməliyyatını edir. Gənc isə Tanrıya söz verdiyi hər şeyi yerinə yetirir. Tanrı da onu möcüzə, gözəl həyat yoldaşı, çoxlu uşaq və uğurlu karyera ilə mükafatlandırır...

Bu gənc Mel Gibsondur. Onun həyatı “Üzü olmayan adam” filminin ilham mənbəyi olub. O, hamını özünə heyran etməyi bacarmışdı. Cəsarətli insanlar üçün bir nümunə sayılıb. Film 1993-cü ildə Mel Gibsonun rəhbərliyi ilə çəkilib və baş rolda da özü oynayıb. Amma filmi izləyənlər bəlkə də bilmir ki, film məhz Mel Gibsonun öz həyatından çəkilib...

Həyatı

Əsı adı Mel Kolmsil Cerard Gibson olan aktyor, rejissor, ssenarist və prodüser 3 yanvar 1956-cı ildə ABŞ-ın Nyu-York ştatının Pikskil şəhərində anadan olub. 11 uşaqlı ailənin 6-cı övladı olan Mel Gibsonun atası Hatton Gibson dəmiryolu konduktoru işləyirdi. 14 fevral 1968-ci ildə, Mel Gibson 12 yaşında olanda atası işdə qəza keçirərək yaralanır. Buna görə 145.000 dollar təzminat alır. Bundan sonra anası Patrisiya, atası və 11 uşaq Avstraliyanın Yeni Cənubi Uels əyalətinə köçür. Mel ilk təhsilini və liseyi Sidneyə yaxın kollecdə oxuyub. Məktəbi bitirdikdən sonra isə Sidneydə Yeni Cənubi Uels Universitetində təhsil alıb. Bacısının onu qeydiyyata saldırması ilə məcbur olaraq başladığı aktyorluq illər keçdikcə onun üçün əvəzedilməz marağa çevrilir.

Karyerası

Məktəb illərində "Summer City" adlı filmdə rol alan Gibson məzun olduqdan sonra da Cənubi Avstraliya Dövlət Teatrına qatılıb. Burda bir çox klassik tamaşada rol alıb. Kino həyatına "Mad Max" adlı filmdə başlayan aktyor gələcəyin yeni qəhrəmanı Mad Max roluyla Avstraliyada məşhurlaşmağa başlayıb. Filmin davamı olan “The Road Warrior”dan sonra Amerikada da tanınmağa başlayıb. Macəra filmlərinə davam etməyə qərar verən Mel Gibson “Mad Max”dan sonra Dani Qloverlə baş rolda oynadığı "Lethal Weapon / Cəhənnəm Silahı" ilə yenə çox fərqli və unudulmaz qəhrəman yaradıb. Bu filmin dalbadal 4 seriyası çəkilib.

Əldə etdiyi məşhurluğundan sonra öz istədiyi filmlərdə oynaya bilən aktyor, "Hamlet" və "The Man Without a Face / Üzü Olmayan Adam" kimi dramatik filmlərdə də rol alıb. Ancaq bu filmlər gözlənən qədər maraq doğurmadığı üçün Gibson yenidən macəra filmlərinə geri dönməyə məcbur olub. Ən uğurlu kinolardan olan “Brave heart / Cəsur Ürək” filminin həm rejissoru, həm baş rol ifaçısı olan Gibson bununla “Ən Yaxşı Film” və “Ən Yaxşı Rejissor” olmaqla iki “Oskar” mükafatına sahib olub.

Daha sonra "Randsom" adlı filmdə oynayan aktyor, 1997-ci ildə Culiya Robertslə birgə “Conspiracy Theory" adlı filmdə rol alıb. Bir il sonra "Lethal Weapon / Cəhənnəm Silahı"nın sonuncu filminə çəkilən aktyor “Payback” adlı yüksək büdcəli filmdə xəyanətkar yoldaşından intiqam almağa çalışan oğrunu canlandırıb. 2000-ci ildə "Chicken Run" filminin dublyajında iştirak edən aktyor Amerika Azadlıq Hərəkatından haqqında lentə alınan "The Patriot / Vətənpərvər”, eyni zamanda “What Women Want / Qadınlar nə istəyir?” filmlərində rol alıb. 2002-ci ildə isə aktyor "We Were Soldiers / Bir vaxtlarlar əsgər idik" və "Signs / İşarələr" adlı iki filmdə rol alıb. Onun ən çox səs gətirən filmlərindən biri də 2004-cü il istehsalı olan “İsanın ehtirasları”dır.

Aktyorun ən uğurlu filmlərindən biri də rejissoru olduğu, 2006-cı ildə çəkilmiş “Apokalips”dir. Mel Gibson “Gallipoli” filmindəki rolu ilə Avstraliya Film İnstitutunun “Ən yaxşı aktyor” mükafatını qazanıb.

Şəxsi həyatı

Mel Gibson 1980-ci ildə Robin Denisa Murla ailə həyatı qurub. 30 ildən çox davam edən evlilik 2009-cu ildə ayrılıqla nəticələnib, ancaq cütlük rəsmi olaraq 9 yanvar 2012-ci ildə boşanıb. Bu nikahdan cütlüyün 6 oğlu, 1 qızı dünyaya gəlib.

Bu həm də ən bahalı boşanmalardan biri sayılır. Hollivud aktyoru eks-həyat yoldaşına 400 milyon dollar təzminat ödəyib. Bundan əlavə, Denisa Mur Gibsonla evli olduqları müddətdə davam edən karyerası boyunca qazandığı qonorarın da yarısına sahib olacaq. Məşhur aktyor ömrü boyu çəkdiyi filmlərdən qazandığı pulun yarısını da keçmiş həyat yoldaşına ödəyəcək. Bundan başqa, onların evli olduğu müddətdə qurduğu "Icon" şirkəti, ABŞ, Kanada başda olmaqla bir çox yerdəki daşınmaz əmlakları, 10 milyon sterlinqə aldıqları Fici adasını da yarı-yarıya bölmək nəzərdə tutulub. Cütlük Gibsonun 2006-cı ildə Malibuda spirtli içki qəbul edib maşın sürdüyü üçün polis şöbəsinə aparılmasından sonra ayrı yaşamağa başlayıb. Qeyd edək ki, aktyorun bu evlilikdən olan ən böyük oğlunun 36 yaşı var.

2009-cu ildə Gibsonun rus sevgilisi Oksana Qriqoriyevadan qızı olacağını biləndən sonra rəsmi boşanma baş tutub. Gibsonun boşandıqdan sonra sərvətinin yarısını itirməyinə səbəb nikah müqaviləsinin olmaması idi. Gibson rus əsilli musiqiçi sevgilisi Oksana Qriqoriyeva ilə iki il eşq yaşadıqdan sonra ayrılıb. Onların Lusiya adlı qızları var.

Bir neçə gün öncə, yanvarın 24-də Mel Gibson 61 yaşında 9-cu dəfə ata olub. Məşhur aktyorun uzun müddətdir birlikdə olduğu sevgilisi 26 yaşlı Rozalind Ros oğlan uşağı dünyaya gətirib. Uşağa Lars Gerard adı qoyulub.

# 1499 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #