Məktəbə seks gətirənlər

Məktəbə seks gətirənlər
16 yanvar 2017
# 13:17

Oğlum məktəbə gedəndən təhsil məsələlərinə daha həssas olmuşam.

Görəsən, məktəbdə uşağıma nə öyrədirlər? Onların öyrətdikləri mənim öyrətdiklərimlə üst-üstə düşürmü? Mənim altı ildə uşağa dediklərim, öyrətdiklərimin ziddinə gedən fikirlər aşılamırlar ki?

Mənim məktəbdən umduğum nə olacaq? Cəmiyyətə faydalı insan yetişdirsinlər. Uşaqları cəmiyyətin bunca murdarlıqlarından, eybəcərliklərindən kənar tutsunlar. Şagirdlər saf, təmiz insan kimi böyüsünlər.

Buna görə də müəllimlərdən çox şey asılıdır. Məşhur bir fikri azca dəyişdirsək belə olar; uşaqlar valideynlərindən çox müəllimlərinə bənzəyirlər. Bəli, uşaqlar bizdən çox müəllimlərini dinləyirlər, onların dediklərinə əməl edir, onlar kimi olurlar.

Müəllimlərin çiyninə olduqca ağır yük düşür. Müəllimlər bizim cəmiyyətimizin gələcəyi barədə birbaşa məsuliyyət daşıyırlar. Onlar necədirsə şagirdlər də o cür olacaq. Və biz indiki müəllimlərə, bu adı daşıyanlara diqqət edib gələcəkdə uşaqlarımızın necə olacağını təxmin edə bilərik.

Ümumiyyətlə, elə peşələr var ki, onlar təkcə şəxsi deyil, həm də ictimai mənafe daşıyırlar. Yazıçılar, jurnalistlər, din xadimləri, həkimlər, vəkillər, müəllimlər belə peşələrin nümayəndələridir. Ola bilsin, siyahını bir qədər də artırmaq olar. Amma mən saydığım bu peşə sahiblərinin işləri təkcə qazanc yeri deyil, cəmiyyətin həyatına yön verməkdir.

Heç “Çilingər andı” deyə bir şey eşitdinizmi? Əlbəttə yox. Amma “Hippokrat andı” var və hər bir həkim sosial vəziyyətinin necəliyindən asılı olmayaraq bu anda əməl etməyə mənən borcludur.

Müəllimin də vəziyyəti nə cür olursa-olsun sonacan bu dəyanəti göstərməli, öz peşə borcunu vicdanla yerinə yetirməlidir. Çünki onun peşəsi bunu tələb edir. Heç bir bəhanə keçmir.

Dünyada belə fədakar müəllimlər çox olub. Təkcə Yanuş Korçakı yada salmaq kifayət edər. Korçakın dərs dediyi yəhudi uşaqlarını qaz kamerasına göndərəndə onu azad ediblər. Buna baxmayaraq, Korçak uşaqları ölüm yolunda da tək qoymayıb, sona qədər müəllim vəzifəsini yerinə yetirib, qaz kamerasına onlarla girib.

Bəs bizdə keçən dəfə nə olub? Facebookda bir nəfərin statusunda yazılanları olduğu kimi paylaşıram:

“Uşaqlardan biri küçədən tapdığı 20 manatı gətirib verib müəllimə ki tapmışam. Neyləyim? Müəllim gözünə döndüyüm də pulu uşaqdan alıb qoyub cibinə. Deyib uşaqsan pul səni xarab eləyər. Sonra da uşaqlar hamısı danlayıb uşağı ki, niyə əlinlə pulu verirdin müəllimə, o da dalına keçirdi? Uşaq da peşman olub. İndi bu uşaqlar müəllimləri düzlükdən danışanda ona necə inansınlar?! Həmişə düşünəcəklər ki, müəllim öz xeyri üçün düzlükdən danışır. Bundan sonra o uşaq yerdən bomba da tapsa müəllimlərə deməz...”

Kədərlidir.

Əslində, necə ola bilərdi? Müəllim şagirdlərlə birlikdə o pulun sahibinin axtarışına çıxardı. Əgər varsa özünün Facebook səhifəsində status yazaydı, elan yazıb məktəbin qabağına yapışdırardı.

Bununla da şagirdləri kiçik aksiyaya cəlb etməklə onlarda yüksək insani hisslər aşılamış olardı. Lap o pulun sahibi üzə çıxmasa belə (İran rejissorları belə süjetlərdən konfet kimi film çəkərlər).

Amma müəllim nə edib? Pulu, türklər demiş, indira qandi edib cibinə.

Şəmkir məktəbindəki seks qalmaqalından isə adam danışmağa utanır. Hadisə necə olub, kim haqlıdır, müəllimmi, direktormu, buna toxunmaq istəmirəm. Bunlar əlaqədar orqanların araşdıracağı məsələlərdir. Məni narahat edən o direktordur ki, rəhbəri olduğu məktəbin şagirdlərindən utanıb-çəkinmir, olubsa belə “seks məsələsi”ni ictimailəşdirir, onu dilinə gətirir. Özünü ucuz, qalmaqalçı müğənni kimi aparır.

Yaxşı, biz uşaqlarımızı televiziyanın ziyanlarından, cəmiyyətin fəsadlarından qorumağa çalışırıq. Gücümüz buna çatır. Yeganə ümid yerimiz məktəbdir ki, bəlkə burada onları cəmiyyətin eybəcərliklərindən qoruyalar. Amma baxırsan ki, məktəb şou verilişindən betər olub.

İndi gəl belə məktəbə uşaq göndər. Ən yaxşısı oğlum məktəbdən qayıdandan sonra ona Yanuş Korçak haqqında danışmaqdır. Əldən başqa nə gəlir?!

# 2891 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #