Deputatlığa namizədin bədbəxt etdiyi ailə

Deputatlığa namizədin bədbəxt etdiyi ailə
14 yanvar 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Şamil Əliyevin 1992-ci ildə çəkdiyi “Etiraf” filmini təqdim edir.

Süjet: Azad (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra azyaşlı qızını görməyə gedir. Məlum olur ki, arvadı Səbinə (Kəmalə Hüseynova) onun dostu Adilə (Şamil Süleymanov) ərə gedib. Qızı isə onu atası kimi tanımır.

Azad dostlarının xəyanəti üzündən həbsxanada yatıb. Buna görə də ona tələ quran dostları ilə haqq-hesab çəkmək qərarına gəlir.

Azad tələbə olanda Qabillə (Rasim Balayev) tanış olur. Qabil onu cinayətə - böyük məbləğdə pul oğurlamağa təhrik edir. Oğurlanan pul sayəsində hansısa ictimai-siyasi təşkilat yaradacağına Azadı inandırır. Lakin Azad milis tərəfindən yaxalanır və Qabilin xahişi ilə bütün günahları öz üzərinə götürür. Arvadını isə Azad ilə əlbir işləyən Adilə ərə getməyə məcbur eləyir.

Azad həbsdən azad olandan sonra öyrənir ki, Qabil deputatlığa namizəddir, nüfuzlu qəzetlərdən birinin baş redaktor müavini işləyir.

Keçmiş arvadı Azada şəhərdən getməsini xahiş edir və uşağın ondan yox, Qabildən olduğunu deyir. Azad əvvəlcə Adildən qisas almaq qərarına gəlir. Adilin evinə gedir və bilmədən onun əvəzinə başqa adamı öldürür. Çünki Adilin ailəsi ilə evdən köçdüyündən xəbərsiz olur. Bundan sonra Qabildən qisas almaq istəyir. Amma onun gülləsi təsadüfən Qabilin qarovulçusunu qətlə yetirir.

Planları baş tutmayan Azadı milis axtarır. O, ələ keçməmək üçün intihara əl atır...

Əhvalatın sonunda məlum olur ki, ekranda baş verənlər əslində hələ həbsdən çıxmayan Azadın yuxusudur.

Belə bir fəndi kinoda ilk dəfə Fritç Lanq 1944-cü ildə “Pəncərədəki qadın” filmində istifadə edib. Qəhrəman cinayət hadisəsini yuxuda görür, ayılandan sonra eyni hadisənin başına gələcəyini təxmin edir.

Burda da Azad finalda həbsdən çıxır və tamaşaçı güman eləyir ki, yuxusu eynilə reallıqda təkrarlana bilər.

“Etiraf” ərəb yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Oğru və it” əsərinin motivləri əsasında ekranlaşdırılıb.

Əsərin baş qəhrəmanı Azad daim ofsayd vəziyyətindədir. Həyat ona qarşı sanki müharibə elan edir: çox arzuladığı universitetə daxil olur, amma cinayətkar dəstənin təsirinə düşür, ordan qovulur, həbsə düşür, valideynləri dərddən ölür, sevdiyi qadın ona xəyanət edir, dostları onu istifadə edərək atır. Adam o qədər bəxtsizdir ki, hətta kimisə öldürmək istəyəndə belə hədəfi səhv seçir. Yeganə çarəni intiharda görür.

Nəql olunan əhvalat, qəhrəmanın düşdüyü vəziyyət bugünki cəmiyyətə adekvat görünür. Xəbər xronikalarında hər gün kiminsə intiharı haqda informasiyalar oxuyuruq. Ümidsizlikdə çırpınan, çıxış yolu görməyən, inamını itirən, Allahdan belə əlini üzən Azad intihar edən insanların prototipidir.

Azad ona kömək etməsi üçün tez-tez Axundun (Süleyman Ələsgərov) yanına gəlir. Axund onu Allah yoluna gəlməyə, qətl törətməməyə, ruhun təmizliyinə səsləyir. Onun fikirləri filmi ibrətamiz məcazlarla yükləyir.

Azadı səmimi sevən, kömək etmək istəyən Nuriyyəyə (Nara Nağıyeva) isə laqeyddir.

Filmin keyfiyyətinə gəlincə qəhrəmanın ağrısı, personajların münasibətləri, vəziyyətlərin təsviri psixoloji gərginlikdən, detallardan məhrumdur.

Qətl, həbsdən çıxan ata ilə qızın ilk görüşü, arvadının xəyanətinin etirafı səhnələri zəruri dramatizmlə, emosionallıqla yükləməyib. Aktyorlar obrazları sanki hiss eləmədən oynayıblar.

“Etiraf”da süjetə uyğun olaraq nuar janrının elementləri, ekspressionizm atmosferi var.

Filmin ssenari müəllifləri Şamil Əliyev və Cəmil Quliyevdir, operatoru Rövşən Quliyev, bəstəkarı Cavanşır Quliyevdir.

Film "AMAfilm" Kinoşirkəti və "Günay" kiçik müəssisəsi tərəfindən istehsal olunub.

# 4270 dəfə oxunub

Oxşar xəbərlər

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

11:00 2 noyabr 2026
Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

16:04 31 oktyabr 2026
“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

11:30 31 oktyabr 2026
55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

17:00 30 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər