Kəramət: “Mən oxucumu tapa bilmədim” - MÜSAHİBƏ

Kəramət: “Mən oxucumu tapa bilmədim” - <span style="color:red;">MÜSAHİBƏ
25 dekabr 2016
# 08:30

Kulis.az Şərif Ağayarla şair Kəramətin söhbətini təqdim edir.

- Siz Kulis.azın canlı efirində şeirlər oxuyandan sonra bir neçə qələm adamı yazdı ki, biz Kəramətin şair olduğunu bilmirdik... Sizcə, niyə?

- Haqlıdırlar. İnsan özünü bu qədər gizləməz ki? Tədbirdən qaç, televiziyadan qaç, müsahibələrdən qaç...

- Mən özüm şahidəm. On dəfə müraciət etdim, nəhayət, bu gün alındı...

- Yalançının şahid yanında (gülür). Mən mətbuatdan qaçmağı müsbət hal kimi dəyərləndirmirəm... Öz günahımdır, ilk növbədə. Ancaq düşünürəm ki, özünü ədəbiyyatçı sayan adam özünəqədərki ədəbiyyatı əvvəldən axıracan oxuyub öyrənməlidir. Bu mənada məni tanımayan yazı-pozu əhlində də bir az günah var.

- Bəs görünməkdən niyə qaçırsınız?

- Qaçmağın səbəbi yəqin, mənim normadan artıq qapalı olmağımla bağlıdır.

- Məclislərdə də adətən şeir oxumursunuz, heç ədəbiyyaydan danışmırsız...

- Amma sən özün şahidsən ki, elə yer olur, həvəslə danışıram, şeir də oxuyuram. Baxır qarşında kim oturub. Mən lazım olan mühiti görməyəndə, yaxud ədəbiyyata birtərəfli münasibət görəndə susmağa üstünlük verirəm. Ədəbiyyat haqqında çoxlu məqalələrim var. Orda fikirlərimi yazmışam və yazmaqda davam edirəm. Ancaq söhbət eləyəndə düşünürəm ki, bu adamın oxucu kimi ədəbiyyatı dərki hansı səviyyədədir? Mütaliəsi necədir? Bununla hansı mövzuda söhbət eləmək olar?

- Yəqin çox bilmir ki, filologiyanı qurtarmısınız, məşhur füzulişünas Sabir Əliyevin tələbəsi olmusunuz...

- Heç xəbəri yoxdur (gülür).

- Bəzən sizi Kərmaət Böyükçöllə qarışdırırlar. Halbuki onun adı sizin adınızdan götürülüb.

- Bəli. Kərmətin atası Qəşəm Nəcəfzadə ilə tələbə yoldaşıyam. Oğlu olanda mənə zəng elədi ki, uşağın adını sənin şərəfinə Kəramət qoymaq istəyirəm, nə deyirsən? Mən də xeyir-duamı verdim.

- Sizcə, bu adı doğrulda bildi? Kəraməti varmı?

- Zirəkdi, yaxşıdı. Yazıçı tipinə uyğundu. Yaxşı da qələmi var. Biz də o yaşda olanda ədəbiyyata çoxlu imzalar gəlirdi. Hardasa əlli şair vardı. O əlli şairdən heç beşi gəlib çatmadı bu günə. Çətindi. Ümid edirəm ki, mənim gənc adaşım qalan imzalardan olacaq.

- “Ədəbiyat naminə” adlı bir qəzet də buraxırdınız...

- Hə. İki il çıxdı.

Hazırki əsas şəkil

- Adı bir balaca iddialı idi...

- İddialı idi, hə. Bütün adlar şərtidir. Qəzet adları da, adam adları da. Sən nə qədər Şərifsən, mən nə qədər Kəramətəm, bilmək olmur. Adın içini gərək mahiyyətlə doldurasan. Yadındadı, Dədə Qorqud adamlara əməlinə görə ad qoyurdu. “Ədəbiyyat naminə” qəzeti çərçivələrə sığımayan qəzet idi. Heç bir düşərgəni təmsil eləmirdi. O vaxta qədər çap olunan qəzet və jurnalların əksəriyyəti tərəfli idi. Ya o tərəfdən, ya bu tərəfdən. Mən çalışdım orta yol götürüm. Əsas meyar mətn olsun, müəllifin hansı tərəfə məxsus olması yox... Mənim üçün o tərəf-bu tərəf yoxdur, yalnız ədəbiyyat var. Bir şeir gözəldirsə, onun müəllifinin hansı düşərgəyə məxsus olduğunun nə önəmi var?

- Yadımdadır, siz AYB-ni də tənqid edirdiniz, AYO-nu da...

- Amma ikisinə də yer verirdim. Ədəbiyyatda tərəf olmaz. Ədəbiyyatda siyasət olmaz. ədəbiyyatdan siyasilər öz məqsədləri üçün istifadə edərlər, bu başqa...

- Bir müddət poemalarla gündəmə gəlmişdiniz... Poema yazan yoxdur indi.

- Mənim düşüncəmə görə müasir dövrümüzü roman daha yaxşı xarakterizə edir. Baxmayaraq ki, mən şeirdən başqa heç nə yazmıram, bu həqiqəti bilirəm və etiraf eləməkdən çəkinmirəm. Dövrümüz o qədər qarışıq, o qədər mürəkkəb və o qədər dramatikdir ki, bunu yalnız romanla ehtiva etmək olar. Ancaq 90-cı illərdə bir müddət bizim əhvalmızı poemayla ifadə eləmək ehtiyacı hiss etdim və bir neçə poema yazdım. “Mühacir”, “Bayquş”, “Xaosun harmoniyası”... Çap da olundular, maraqlı reaksiyalar da doğurdular.

- Siyasi mövzularda idi?

- Tam siyasi demək olmaz. Siyasətə də yozamq olar. Belə deyək...

- Poema sovet anlayışıdır... O vaxt heç kim yazmırdı...

- O dövrlərdə yazılırdı. İndi yazılmır. Təəssüf edirəm ki, o poemaların heç biri təhlil-tənqid süzgəcindən keçirilmədi.

- Sonra yazmadınız...

- Son vaxtlar sözdən bir balaca diksinən kimi idim. Həm oxumaqdan, həm yazmaqdan qaçırdım. Bu yaxınlarda qarışıq janrda bir şey yazdım. Janrsız əsərdir. Yarıfəlsəfi, yarıesse, yarışeir. Özü o cür doğuldu. Bilərəkdən etmədim. Elə bu cür də çap eləməyi düşünürəm. Məncə, maraqlı alınıb.

- Niyə diksindiniz ki sözdən?

- Mənə elə gəlir ki, mən oxucumu tapa bilmədim. Misal üçün 60-cılar tapdılar. Onları biz oxuyaraq qəbul etdik, yaratdıq, reallaşdırdıq, ancaq bizi oxuyan olmadı. Oxucumuzu yetişdirə bilmədik. Bunun səbəbini də bilirəm. Kütlənin yaddaşı var. Yaddaşın kodu var. Yaddaşın kodunu istismar da eləmək olar, o yaddaş kodundan bəhrələnib irəliçi yazı da yazmaq olar. İrəliçi yazını kütlə birdən-birə mənimsəyə bilmir. Çünki ona yaddır. Ona öyrəşməyib. Təqdim elədiyin obrazı qəbul edə bilmir. Məsələn, Əli Kərim boyda şairi kütlə tanımır.

- Nadir şirləri var ki, kütləvidir.

- Onlar Əli Kərimi xarakterizə edən şeirlər deyil.

- Razıyam. Sənin məxsus olduğun məktəb də Əli Kərim məktəbidir.

- Bəli. O xətdən gəlir. Pafoslu, patetik, qulaq yaddaşına, ağız ədəbiyyatına uyğun olan və onu təkrar edən şeirlər kütləyə daha tez yol tapır. Ramiz Rövşənlə Zəlimxan Yaqub pafoslu, patetik şeirin sonuncu nümayəndələridir. Onlar oxucunu düşünməyə qoymadılar. Hər şeyi hazır verdilər oxucuya.

- İlk dəfədir ki, Ramiz Rövşənlə Zəlimxan Yaqubun adını yanaşı görürəm...

- Bunların arasında fərq nədir ki? Nəticə etibarı ilə eynidirlər. Bir-birinə uzaq görünən şairlər ola bilər, eyni missiyanı yerinə yetirirlər. Bunların missiyası nədir? Kütləyə oynamaq, oxucuya hesablamaq. Bir də var oxucuya hesablamırsan. Oxucuyla öc düşürsən. Mənim kimi. Heç maarifçilər də, Axundov da, Sabir də tapa bilmədi oxucusunu. Biz kimik ki.

- Siz deyirsiniz yeniliyi qəbul eləmirlər, məncə əksinədir, yeni olmayanı qəbul eləmirlər. Kütlə yeniliyə həssasdır.

- Yeniliyi qəbul edənlərin sayı çox azdır. Yenilik var yenilik. Bəlli qəlibləri doldurub yenilik kimi qəbul eləməkdən danışmıram.

- Facebooka gec gəldiniz...

- Hə, bir az gec gəldim.

- Bir az da naşılığınız var. Böyük şriftlərlə yazırsınız, bəzən fikirləriniz anlaşılmır...

- Sənə deyim, heç gəlmək istəmirdim. Qızım mənim üçün hesab açdı, dedi, darıxanda gir, bax, oxu. Sonra yavaş-yavaş həvəsləndim.

- Burda da şeir paylaşmırsınız...

- Daha çox fikirlərimi yazıram. Şeiri çox ucuz tutmaq istəmirəm. Paylaşmağın əleyhinə deyiləm. Paylaşmaq da olar.

- Səncə, sizin 80-cilər nəslindən kimlər ədəbiyyatda iş görə bildi?

- Kim indiyə qalıb hələ də yazırsa, məncə, ədəbiyyatda qalanlar da onlardır.

- Siz yeganə adamsınız ki, yalnız şairliklə məşğulsunuz. Başqa iş-gücünüz yoxdur.

- Elədir. Janrda da, həyatda da şeirə sadiqəm.

- Bəs necə dolanırsınız?

- Şəxsi zəhmətkeşliyi, əzabkeşliyi olan adamam. Heç kəsin bilmədiyi...

- Şeirimizin sabahı haqqında nə düşünrsünüz?

- Bayaq da dedim, zamanımızın janrı romandır.

- Amma son Nobel alanlar içərisində şairlər də var. Bob Dilana da bu il şeirə görə verdilər.

- Xəbərim var. Bob Dilan mənə elə də böyük təsir eləmədi. Nobel hələ hər şey demək deyil.

- Son olaraq nə demək istərdiniz?

- Sonda onu deyim ki, səninlə etdiyim söhbətlərin ən maraqsızı bu oldu (gülür). Mən həmişə demişəm, dostlarla oturub çay içəndə, lap şərab içəndə elədiyimiz söhbəti yazaq, mətbuata çıxaraq. Qoy müzakirə, mübahisə daha canlı getsin. Biz mübahisə mədəniyyətinə yiyələnməliyik. Bu söhbətlər elə bu cür də təqdim olunmalıdır. Çəkinmək lazım deyil. Onda oxucu daha səmimi, daha doğru söhbətləri görəcək və onun üçün daha maraqlı olacaq. Bizim də yəqin ən maraqlı söhbətlərimiz qabaqdadır. Sağlıq olsun...

# 1577 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #