news-inner
clock08:30 calendar-gray 09 Dekabr 2016 view-gray288 dəfə oxunub
view-gray288 dəfə oxunub

Murtuza Muxtarov Ərəblinskinin ev əşyalarını niyə satdırdı? - XATİRƏLƏR

Hacıağa Abbasov Bakıda, müəllim ailəsində doğulub. Pedaqoji təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla kimi böyük aktyorlarla müxtəlif rollarda səhnəyə çıxıb, inqilabdan əvvəl və sonra teatr işində çox böyük aktivlik və fədakarlıq göstərib. O, 1888-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub.

1932-ci ildə Hacıağa Abbasova Xalq artisti fəxri adı verilib.

Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib.

Kulis.Az Hacıağa Abbasovun “Xatirələrim” kitabından seçmələri təqdim edir.

əvvəli burda

Şeyx Nəsrullah barəsində

Cəlil Məmmədquluzadə 1916-cı ildə Tiflisdən Bakıya gəlmişdi. Onun “Ölülər” əsərində Şeyx Nəsurullah rolunu birinci dəfə “Molla Nəsrəddin” jurnalının mühərrirlərindən Mirzə Əliqulu Qəmküsar, Kefli İskəndər rolunu Mirzağa Əliyev ifa etmişdi. Əsər tamaşaçılara çox xoş gəldi. Dramaturqlarımızdan Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev və başqaları qəzetlərdə “Ölülər” haqqında bir neçə məqalə yazıb əsərə böyük qiymət verdilər.

Şeyx Nəsurullah rolu haqqında Əliqulu Qəmküsar ilə mənim çox söhbətim olmuşdur. Bu rolun daxili aləmini açıb tamaşaçılara göstərmək həvəsi məndə günü-gündən artır, “Ölülər” pyesinə marağım çoxalırdı. Şeyx Nəsrullah rolu üzərində xeyli çalışdıqdan sonra onu oynamaq mənə nəsib oldu.

Sonralar “Kommunist” qəzetində təxminən belə bir elan verilmişdi: “Bu gecə Azərbaycan Dram Teatrında iki qüvvətli artist: Hacağa Abbasov Şeyx Nəsurullah, Mirzağa Əliyev Kefli İskəndər rolunda çıxış edir.”

“Ölülər” əsəri bizim səhnədə böyük şöhrət qazanıb, illər boyu oynanardı. Hətta biz obrazların paltarlarını geyinib əsər haqqında ədəbi məhkəmə də düzəltmişdik. Məhkəmə öz qərarı ilə “Ölülər”i bizim səhnədə Qoqolun “Müfəttiş”i kimi faydalı və ibrətamiz bir tamaşa hesab etdi. “Ölülər”in şöhrəti Azərbaycandan çox kənarlara çıxmışdı. Hətta Dağıstandan, Orta Asiyadan məhz “Ölülər” əsərinə tamaşa etmək üçün nümayəndələr gəlirdi.

Əziz Şərif tərəfindən rus dilinə tərcümə olunub, Moskvada çap olunduqdan sonra “Ölülər” daha artıq yayılmağa başladı. Həmin kitabda Şeyx Nəsrullah rolunda mənim, Kefli İskəndər rolunda Mirzağa Əliyevin şəkilləri verilmişdi.

Mirzə Cəlil “Ölülər” pyesi oynanılan gecələr teatra gələr, artistlərin oyununa fikir verər, Mirzağa Əliyevin və mənim ifaçılığımızdan çox razılıq edərdi. O, deyərdi ki, rejissorlar bu rolu çox adama tapşırır, amma Şeyx Nəsrullah rolunda sənin sözləri daha dəqiq və düzgün tələffüz etməyin, rolu böyük həvəslə oynamağın məni şadlandırır.

“Ölülər” əsəri Həbib Cəbiyevin müqəddiməsi ilə çapdan çıxdığı zaman Mirzə Cəlil öz kitabını avtoqrafı ilə mənə bağışlamışdı.

***

Yadımdadır ki, 1917-ci ildə Hüseyn Ərəblinski çox bərk xəstələndikdən sonra ciddi müalicəyə ehtiyacı oldu. Mən və Hüseyn Ərəblinski məşhur Bakı milyonçusu Murtuza Muxatarova müraciət etdik. Müalicə üçün Muxtarov bizə 700 manat borc verdi. Altı aydan sonra məhkəmə vasitəsi ilə Hüseyn Ərəblinskinin ev əşyalarını satdırıb öz borcunu aldı.

***

Xatırlayıram ki, müsavatın ədliyyə naziri Aslanbəy Səfikürdski rüşvət alıb Ərəblinskinin qatilini hər gecə qazamatdan öz evinə buraxardı və ona xilas olmaq üçün yardım edərdi. Azərbaycan artistləri Aslanbəy Səfikürdskinin bu hərəkəti barəsində Bakıda yeni təşkil olunmuş fəhlə-kəndli hökumətinə şikayət etdilər.

***

1918-ci ildə Mikayıl Müşfiqin atası müəllim Əbdülqədir məni Cəfər Cabbarlının qardaşı Heydər Cabbarovla tanış etmişdi. Heydər o vaxt “Təzəpir” məscidinin yaxınlığında bir evdə yaşayırdı. Bir gün mən Ərəblinski ilə Heydərin evinə gəlib qapını döydük. Qapını Heydər özü açdı. Məni və Ərəblinskini görüb soruşdu:

- Hacağa, de görüm bu buğuqırxıq kişi kimdir və nə işdə olur?

Mən cavab verdim ki, bizim səhnəmizin qəhrəmanı məşhur artist Hüseyn Ərəblinskidir.

Heydər bərkdən gülüb dedi:

- Hacağa, bir az səhv edirsən, bu kişiyə qəhrəman deyirsən. Biz qəhrəman o kəslərə deyirik ki, igid olsun, ev yarsın, baş kəssin, artistdən nə qəhrəman? Belə sözləri özgə yerdə danışma, sənə gülərlər.

Mən başa düşdüm ki, bu adam hələ incəsənət işçisinin xalqa faydasını lazımınca dərk etmir.

Nə isə... Biz Heydərin otağına daxil olub əyləşdik. Heydər bizə qovurma və çay hazırladı. Bir azdan sonra Bakı texniki məktəbinin formasında cavan bir oğlan girib salam verdi, bizim yanımızda əyləşdi. Heydər istehza ilə gülüb dedi:

- Baxın, bu mənim qardaşım Cəfərdir. Mən buna deyirəm ki, məktəbdən sonra günün boş getməsin, get şəhər içində bəzi cavanlar kimi papiros sat, həm pul qazanarsan, həm də bu iş mənə xoş gələr. Amma bu zalım deyir: “Yox, boş vaxtımda mən teatr yazıram. Bu sənətin dalınca getməyə böyük həvəsim var”. İndi siz mənə deyin görüm, bu uşağın fikrindən nə çıxar? Teatr yazanlar böyük adamlar olub, bu yazan teatrdan nə olacaq?

Heydər bu sözləri deyib qəh-qəh ilə güldü. Mən və Hüseyn Ərəblinski onun yazdıqlarından xəbərimiz olmadığı üçün çox nigaran qaldıq. Odur ki, bir-iki gündən sonra Cəfəri Hüseyn Ərəblinskinin evinə aparıb yazdığı “Ədirnənin fəthi” adlı əsərini oxudub qulaq asdıq. Doğrusu, onun cavan yaşında bu cür qabiliyyəti bizi heyran etdi. Cəfəri iki gündən sonra teatra aparıb artistlərlə tanış etdik.

Bir gün məktəb uşaqlarının xeyrinə Nəcəfbəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri oynanırdı. Cəfər birinci gündən teatrı çox bəyəndi və orada Əbülfət Vəli, Mir Mahmud Kazımovski, Murad Muradov, Əlvəndi, Çaybasarski və qeyri aktyorlarla tanış oldu. Bundan sonra onun teatra və teatr əsərləri yazmağa həvəsi daha da artdı.

***

K.S.Stanislavski klassik və müasir Azərbaycan dramaturgiyası ilə çox maraqlanırdı. Onun xahişi ilə mən Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin geniş şərhini (librettosayağı) yazdım. Həmin xahişlə o, məhz mənə ona görə müraciət etmişdi ki, Baxrumin adına Moskva muzeyində mənim Şeyx Nəsrullah və Mirzağa Əliyevin İskəndər rolunda nümayiş etdirilən şəkillərimizi görmüş və xatirində saxlamışdı. Əsərlə tanış olduqdan sonra Konstantin Sergeyeviç üzünü mənə tutaraq dedi: “Gözəl pyesdir, o mənə Qoqolun “Müfəttiş”ini xatırladır”. Teatr texnikumunda oxuduğu mühazirələrin birində də o, həmin əsəri xatırlayaraq deyirdi: “Bu əsər sizə cəhalət və avamlıqla mübarizədə, mədəniyyətin qələbəsində yardım edəcəkdir”.

***

“Tənqid-Təbliğ” teatrında bir poçt qutusu qoyulmuşdu ki, tamaşaçılar öz suallarını və teatrın nöqsanlarını yazıb həmin qutuya atsınlar. Hər gün axşam saat 5-də qutu açılıb suallara cavab hazırlanardı. Bu tədbir xalqa çox xoş gəlmişdi. Bu qutu ilə bəzi vaxtlar Xalq Komissarlar Şurasının sədri N.Nərimanov tərəfindən “Tənqid-Təbliğ” teatrına müvəkkil təyin edilmiş Ə.B.Haqverdiyev özü məşğul olurdu.

Qutudan çıxan əhəmiyyətli məsələlərlə əlaqədar təşkilatlar məşğul olardılar. Məs: yuxarı məhəllədə yaşayan bir Hacı öz arvadını teatra getdiyi üçün gecə boğub öldürmək istəmiş, məsələ aydın olan kimi Hacını cəzalandırıb, qadını müdafiə üçün tədbir görülmüşdü.

Bir dəfə Qobu kənd sakini İmamnəzər komsomol təşkilatında işləyən qızını ağacla döyüb başını yardığına görə məhkəməyə verilmiş, qızı isə pansiona alınıb dərsinə davam etmişdi.

Qoluzorlu cavan bir oğlan bazardan dalında onun üçün yük aparan biçarə bir zəhmətkeşin muzdunu verməyib özünü də bərk şallaqlayıb əzmişdi. Bu xəbəri poçt qutusu bilən kimi dərhal o oğlanı milis vasitəsi ilə həbsə aldırdı və həmin zəhmətkeşin haqqını verdirdi.

***

Əvvəlinci açılış ilində teatrda yerlər belə bölünürdü: fəhlə rayonlarına yüz yer, Bakı ətrafı kəndlərə yüz yer, idarələrdə xidmət eləyənlərə yüz yer, dəmiryol qulluqçularına altmış yer, məhkəmə işçilərinə əlli yer, komsomol təşkilatlarına yüz yer.

Biletlərin pulları həmkarlar ittifaqı tərəfindən yığılıb teatra təqdim edilərdi...

***

Biz özbək musiqi truppası ilə bərabər Leninqrada gəldik. Burada olduğumuzun ikinci günü Putilov zavoduna getdik. Zavodun klubuna 600-dən çox fəhlə yığılmışdı. S.M.Kirov birinci sırada əyləşmişdi. Mən səhnəyə çıxıb özbəkcə beş yüz ildən bəri məşhur olan “Mirzə Dövlət” marşı ifa ediləcəyini bildirdim. Bu zaman S.M.Kirov soruşdu:

- Abasov, marşın ömrü beş yüz ildir, bəs onu ifa edənlər neçə yaşındadırlar?

- Çalanlar sovet dövründə təlim-tərbiyə olunmuş cavanlardır. Aralarında əlli yaşında ancaq bir nəfər komik Yusif Fəzin vardır ki, o da heç qocaya oxşamır – deyə cavab verdim.

news-inner-user

15792 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020