Çoban hava limanında necə işlədi?

Çoban hava limanında necə işlədi?
3 dekabr 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Teymur Bəkirzadə və Nicat Bəkirzadənin 1976-cı ildə çəkdikləri “Çətirimiz buludlardır” filmini təqdim edir.

Süjet: Hadisələr Azərbaycanın ucqar kəndlərindən birində baş verir. Kolxozun sədri (Həsənağa Turabov) çobanlara göstəriş verir ki, onlar qoyun sürüsünü daha ucqarlarda yerləşən otlaqlara aparsınlar. Çünki kəndin yaxınlığındakı bütün otlaqlar şumlanır, əkin-biçin sahəsinə çevrilir. Əhvalatın əsas qəhrəmanı Gizir (Elxan Əhədzadə) çoban peşəsinə çox bağlıdır. O, kolxozun sədrinə etiraz eləyir. Bildirir ki, ucqarlarda qoyunlar üçün əlverişli otlaq sahələri yoxdur. Üstəlik, qoyunları soyuq dağlara aparmaq onların itkisi ilə nəticələnə bilər. Gizir sədrin təklifindən imtina eləyir. Amma keçmiş sevgilisi Nərgizin (Tamara Şakirova) gözlənilmədən kəndə qayıtması onu fikrindən daşındırır. Nərgizlə Gizir hələ bir sinifdə oxuyanda bir-birini seviblər. Amma Gizir əsgərliyə gedir, Nərgiz isə onu gözləməyib başqası ilə ailə həyatı qurur və şəhərə köçür. Amma onun əri ilə münasibətləri soyuqlaşır. O, kəndə nənəsinin (Sədaqət Zülfüqarova) yanına dincəlməyə gəlir. Nənəsi isə fermada işləmək üçün dağlara getməlidir. Nərgiz də məcburən nənəsi ilə birlikdə getməli olur. Bunu eşidən Gizir Nərgizlə bərabər olmaq üçün dağlara qalxmağa razılıq verir.

Kənddə Giziri sevən başqa qız da var. O, Qaraca (Gündüz Abbasov) çobanın qızı Bənövşədir. Bənövşə (Xalidə Quliyeva) Gizirin yanında olmaq üçün çobanlara qoşulur. Amma Gizir onun sevgisinə laqeyddir.

Gizir Nərgizi hələ də sevdiyini büruzə verir. Bənövşə bu münasibətlərdə Nərgizi günahlandırır. Gizirin bacısı Şərqiyyə (Zemfira Sadıqova) də Nərgizin kənddən getməsini xahiş eləyir. Gizir heç nəyə baxmayaraq Nərgizlə evlənmək istəyir. Amma Nərgiz onu sevmədiyini deyir. Bundan sarsılan Gizir peşəsini ataraq kənddən baş götürüb gedir. Və hava limanında çalışmağa başlayır...

Mövlud Süleymanlının ssenarisi əsasında ekranlaşdırılmış “Çətirimiz buludlardır” filmini izləyəndə ilk ağlımdan keçən bu oldu ki, çox hallarda rejissorlarımız sosrealizm metodunda işləməyə sadəcə məcbur ediliblər. Üstəlik nəzərə alsaq ki, film o vaxt Mərkəzi Televiziyanın sifarişi ilə çəkilib.

M.Süleymanlının ssenarisi film üçün əlverişli material sayıla bilməz. Konkretləşdirsək, ortada kino üçün ələ gələn mövzu, motiv yoxdur. Qurulan süjet bozdur, bəsitdir, ondan əyalət təfəkkürünün qoxusu gəlir. Hiss olunur ki, rejissorlar ssenaridə onu ciddi kinematoqrafik əsərə çevirə bilən nəsə tapmaqda çətinlik çəkiblər. Yalnız bəzi məqamlarda o dövr üçün də aktual olan – fərdin özgələşməsi probleminə bir neçə məqamda ötəri vurğu eləməyə çalıblar, amma bu, ümumi fonda nəzərə çarpmır.

Məsələ heç də əhvalatın baş verdiyi məkanda və ya çobanların məişətinin anladılmasından getmir. Yadıma italyan rejissoru Aliçe Rorvaxerin 2014-cü ildə lentə aldığı “Möcüzə” filmi düşür. Həmin ekran əsərində İtaliyanın əyalətində yaşayan, bal təsərrüfatı ilə məşğul olan ailədən bəhs olunur. Xaraktercə despot ata qızlarını sərt nəzarətdə saxlayır, uşaqlığını əlindən alır, təsərrüfatla məşğul olmağa məcbur edir, böyük qızı isə atasının qanunlarından kənara çıxmaq istəyir. Göründüyü kimi əhvalatda yetərincə ciddi material var. Yəni hadisənin hansı məkanda, kiminlə baş verməsinin əhəmiyyəti yoxdur.

“Çətirimiz buludlardır” filmi ideyadan məhrumdur, əsas motiv kolxoz, qoyunların hansı ərazidə otarılması, onların məhv olma təhlükəsi və buna görə mübarizədir. Rejissorlar Gizirin nakam sevgi motivini ilə əhvalatın əhəmiyyətini artırmağa çalışıblar. Bununla belə film səthi lirik sosrealizm qatından çıxa bilməyib. Əhvalat təbii ki, xoşbəxt sonluqla bitir, hamı ümumi razılığa gəlir. Gizir kəndə qayıdır, peşəsi ilə məşğul olur və Bənövşə ilə ailə qurur. Nərgiz əri ilə barışır. Hər şey ənənəvidir: məhəbbət üçbucağı da, personajların düşdükləri vəziyyət də, göstərdikləri reaksiyalar da...

# 3046 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər