news-inner
clock11:48 calendar-gray 29 Noyabr 2016 view-gray139 dəfə oxunub
view-gray139 dəfə oxunub

Nizami Gəncəvinin “Leyli və Məcnun” mənzum romanı - ARAŞDIRMA

Klassik eşq fəlsəfəsi tarixində ilk roman

(Nizami Gəncəvinin “Leyli və Məcnun” mənzum romanı haqqında)

Klassik farsdilli və türkdilli ədəbiyyatda böyük ənənələr yaradıcısı olan Nizami Gəncəvi şeir şəklinin poetik mahiyyətindən istifadə edərək hekayə, rəvayət və əfsanə hadisələrini irihəcmli mətnlərlə romanlaşdırdı. Nizami Gəncəvi lirik tərzdə, nəzm formasında epik monumentallıq nümayiş etdirən, dünya ədəbiyyatının ən qədim mənzum romanlarını yaradan sənətkarlardandır. Onun dörd mənzum romanının (“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) süjet, kompozisiya, problem və situasiyaları bugünkü ədəbiyyyatşünaslığın da “müasir roman” prinsiplərinin tələblərinə cavab verir. Bu dörd əsərdən istənilən birini nəsrlə təhkiyələşdirsək, həmin əsərlərin çağdaş dünya romanlarının siyahısında ilk yerdə dayandığını görəcəyik.

“Sirlər xəzinəsi” əsərindən etibarən hekayə söyləməyə başlayan Nizami öz təhkiyəsini “İsgəndərnamə”də epopeyalaşdıra bildi. Nizaminin romançı olması həm də onunla izah edilə bilər ki, onun irihəcmli əsərlərində şeirə, nəzmə, lirikaya məxsus təb, tərənnüm və təxəyyül kimi yaradıcılıq təfəkkürü ilə yanaşı, eyni zamanda və daha çox epik, təhkiyəvi və analitik təfəkkür üslubunun, tərzinin olduğunu görürük. Hələ klassik mənbələrdə onun haqqında yazılan “məsnəviçilərin imamı və Şərq əfsanə yazanlarının şeyxi”– təyini sübut edir ki, Nizami yalnız nəzm ustadı, şair kimi deyil, həm də problemləri hadisələşdirən, nəqli, təhkiyəvi yolla bədiiləşdirən, epik ifadə formasını dastanlaşdıran bir müəllif olmuşdur. “Leyli və Məcnun” əsərinin məğzi hadisədir, vaqeə, əhvalat və əfsanə, rəvayətdir. Bu saydığımız əlamətlərin hamısı epik növün iri həcmli janrının spesifikasına aiddir. Nizaminin diğər romanlarında olduğu kimi, “Leyli və Məcnun” əsərində də “dastan” sözündən dəfələrlə istifadə etməsi, yazdığı əsərin poema yox, dastan, hadisə, nəqli mümkün olan mətn olduğunu şərtləndirir. Deməli, Nizami Gəncəvinin özü haqqında səciyyələndirməsi və qəti qənaətinə əsaslansaq, o “dastançı” idi. Təbii ki dastan danışan aşıq yox, yazı dili, yazı sənətkarlığı ilə dastan, müasir dillə desək, “roman” yaradan sənətkar idi. Məsələn, “Leyli və Məcnun” dastanının (romanının) süjetinə daxil olan hadisə, əhvalat, nəqli mətn, hərəkətlilik, feillilik prosesini bəzi başlıqlara diqqəti yönəltməklə izah etməyə çalışaq. Başlıqların məzmununda roman səhnələrində əks olunan hadisə, əhvalat, dramatik situasiyalar çaları var: “Dastanın başlanğıcı”, “Leyli ilə Məcnunun sevişməsi”, “Məcnunun Leylinin tamaşasına getməsi”, “Məcnunun atasının Leyliyə elçi getməsi”, “Atasının Məcnunu Kəbəyə aparması”,Məcnunun atasınin Leyli qəbiləsinin qəsdindən xəbər tutması” “Atasının Məcnuna nəsihəti”, “Məcnunun atasına cavabı”...

Süjetin əvvəlində Leylinin və Məcnunun görüşməsi, sevişməsi, elçilik , rədd cavabı-prosesi sonrakı hadisələrin tragik notda olacağından xəbər verir. Lakin “Məcnun Kəbədə eşqindən xilas üçün dua edərsə” – ümidinə qapılıb hadisələri və get-gedə faciə aktyorlarına çevrilmiş obrazların taleyini izləməyə başlayırıq. Amma Məcnun taleyə, zamana, insanların qayğı və tövsiyələrinə etiraz etməklə qara rəngi bir az da tündləşdirir və bütün ümidlərin üstündən xətt çəkib eşqinin ikinci-daha ağrılı mərhələsinə qədəm qoyur. Qara sevda yolundan dönməyəcəyi inadı sona qədər davam edir. Bu eşq hamının taleyini dəyişdi. Leylinin, Qeysin, hər ikisinin ata-anasının və hətta İbn Səlamın...

Mənə deyirlər ki: - Gəl eşqi burax, -

Bu, dost məsləhəti deyildir ancaq.

Eşq ilə yaşayır aləmdə səsim,

Eşqsiz aləmdə batar nəfəsim.

Eşqdən yoğrulmuş ruhum, bədənim,

Eşqsiz bir günüm olmasın mənim.

Eşqsiz bir ürək heçliyə varsın,

Onu qəm selləri yuyub aparsın.

Ilahi, birliyin xatirəsinə,

Yenə yalvarıram ürəkdən sənə.

Qoy eşqim ucalıb, namidar olsun,

Mən özüm ölsəm də, eşqim var olsun. (s.163)

Baharın tərifi və Leylinin xurmalıq tamaşasına getməsi”, “İbn Səlamın Leylini istəməsi”, “Nofəlin Məcnunla tanış olması”, “Məcnunun Nofələ acıqlanmasıLeylinin qəbiləsi ilə Nofəlin müharibə etməsi”, “Məcnunun Nofələ acıqlanması”, Nofəlin ikinci muharibəsi”, “Məcnunun ahuları azad etməsi”,“Məcnunun maralı azad etməsi”, “Məcnunun qarğa ilə söhbəti”, “Qarının Məcnunu Leylinin qapısına aparması” – hissələrində də oxucu lirik poema assosasiyalı mütaliədən uzaqdır. Roman hadisələri, epik-dramatik situasiyalar təhkiyəsi içərisində böyük bir zamanın tarixinə, həmin tarixin tipikləşmiş, xarakterləşmiş insanlarının portretlərinə tamaşa edirik. Bütün klassik sevgi dastanlarını unuduruq. Nizami əsərində Eşqi yeganə hakim güc, hökm sahibi kimi təqdim edir. Qeys Eşq boyda böyüyüb “Məcnun” olur, Eşq Məcnun qiyafəsi geyib insanlaşır, əllə tutulacaq qədər real, doğma bir mövcudata çevrilir.

Şərq xalqlarının folklorunda klassik məhəbbət hekayəsi kimi geniş yayılmış bu eşq süjetinin təkcə finalı yox, həm də “düyün nöqtəsi” (kuliminasiya), düyünün açılması (razvyazka) məqamı da tədqiqatçıların diqqətini cəlb edib. Balaca bir hadisənin əsrlərlə yaşı olan məhəbbət əfsanəsinə çevrilməsinin özündə dərin bir fəlsəfə var idi. Bu əfsanələrin tarixi ilə akademik İ.Y.Kraçkovski, prof.Y.E.Bertels, professorQ. Cahanidaha çox məşğul olmuşdur. Məsələn, Bertels“Hicazinin məşhur məlumatına əsaslanaraq rəvayətin ərəblərdən əvvəl başqa xalqlarda olması”nı nəzərdə tutmuşdur. ( Q. Cahani. Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı, Elm, 1979, s.21) AkademikH. Araslı“Leyli və Məcnun” mövzusundan bəhs edən bir çox ərəb alimlərinin fikirlərini tədqiqata cəlb edərək, Leyli və Məcnun haqqında rəvayətlərin xalq poeziyasında yaranıb müxtəlif variantlarla intişar etdiyini göstərir.H. Araslı Hicazi və Dunayevskinin “Leyli və Məcnun” süjetinin hələ e.ə. VI əsrdəBabilistanda geniş yayılması fikrinə ehtiyyatla yanaşaraq, bu kitabələrlə yaxından tanış olan alimlərin belə bir abidəyə təsadüf etmədiklərini göstərir. Alim, dastanınƏməvilərdövründə yarandığı fikrinə haqq qazandırır.(H. Araslı. Şərqdə “Leyli və Məcnun” əsərləri, Nizami .I kitab, Bakı, 1940, s.291)

Romanda realist təsvir, həyati, canlı, tanış səhnələr və əhvalatlarla romantik ovqat, təxəyyül uçuşunun mətnə gətirdiyi qeyri-real təsvirlərin bir-birini əvəzləməsi, mövzuya yaradıcı yanaşmanın və Nizami sənətkarlığının nəticəsi idi. Məsələn, “İbn Səlamın dastanı”, “Leylinin İbn Səlama verilməsi”, “Leylinin İbn Səlamin evinə köçməsi”,“Leylinin ərə getməsindən Məcnunun xəbər tutması” hissələrində adi, ənənəvi macara kompozisiyası var. Amma elə bu hadisələrin ardınca, o zaman ki, meydana Məcnun gəlir, sanki hər şey yerdən, Yer həyatından uzaqlaşır və səmavi bir tamaşa mənzərəsi yaradır. Anlayırıq ki, incidilən Məcnunun bədəni, cismi deyil, ruhu, duyğuları, xəyal və ümidləridir. Məcnun şikayət edir, amma kimə və nəyə? - Leylinin xəyalına və ulduzlara... (“Leylinin xəyalına Məcnunun şikayət etməsi”, “Məcnunun ulduzlara şikayəti”) Məcnun səhrada vəhşilər arasında yaşayanda da vücudunun yox, ruhunu, xəyalını, düşüncə və hisslərini əsir edən Eşqinin qeydinə qalır. Əsərin bundan sonrakı hissələrində sanki ikinci bir Leyli peyda olur. Artıq Məcnunun daima həmsöhbət olduğu Leyli xəyalı var. Bu sevgilini Məcnun özü yaradır. O öz yaratdığına tapınır, onu əzizləyir, onunla həmdərd, həmsevgi olur. Bu səbəbdəndir ki, İbn Səlam öləndən sonra Leylinin qovuşma arzusu həyata keçmir. Çünki, qarşısındakı real, canlı varlıq olan Leyli Məcnuna yad idi. Onun xəyalındakı Leylidən çox kiçik bir qız...

İbn Səlamın ölümü”, “Zeydin İbn Səlamın ölüm xəbərini gətirməsi”, “Leylinin Allaha yalvarması”, “Leyli ilə Məcnunun görüşməsi”, “Payızın yetişməsi və Leylinin ölməsi”, “Leylinin ölümündən Məcnunun xəbər tutması”, “Bağdadlı Səlamın ikinci dəfə Məcnunun görüşünə gəlməsi”, “Leylinin qəbri üzərində Məcnunun ölməsi” fəsillərindəki təhkiyənin ağır, sarsıdıcı intonasiyası mətnin məzmununu Nizami fəlsəfəsində sufi-ilahi eşq məntiqinə həmahəng şəkildə səsləndirə bilir. Süjetin ekspozisiyası –“Dastanın başlanğıcı”, finalı isə -“Zeydin Leyli və Məcnunu yuxuda görməsi” hissələri ilə qütbləşir. Allahın tərifi (Ey adı hər şeyə başlanğıc olan”) və “Kitabın sonu” isə kompozisiyanın sistemindəki xətti bitkinləşdirir. Diqqət edəndə görürük ki, bütün başlıqlar, qeyd etdiyimiz kimi, geniş təsvirli, detalları ilə nəql edilən hadisələri ehtiva edir.

Onu da qeyd edək ki, “Xosrov və Şirin”, “Yeddi gözəl”, “Leyli və Məcnun” mövzusunda Nizamiyə qədər mənbələrdə nə vardısa məhz nəsr şəklində olmuşdur. Kiçik mətnlər də olsa, məğzin bilavasitə epik növə xas səciyyələndirmə imkanı diqqəti çəkmişdir.

“Leyli vəMəcnun”əsərini klassik şərq poeziyasının öz bədii-estetik prinsiplərindən çıxış etməklə dəyərləndirən M.Ə.Rəsulzadə əsərdə təcəssüm olunmuş eşq konsepsiyasını birbaşa təsəvvüfi-irfani görüşlərlə əlaqələndirmişdir. O yazır ki, Nizaminin təsvir etdiyi Məcnun özünü idealına tamamilə vəqf etmiş səmimi və fədakar idealist simvoludur. Aşiq – mömin ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Qeys ələladə (sıradan, adi) insanların hərəkətlərinə ağıl erdirmədiklərindən məcnun dedikləri, özündən keçən bir mömin, bir mücahiddir. Fəna fillahın və ya ideal vurğunluğun timsalıdır… Məhviyyat və fədakarlığın dəlicə bir ifadəsi olan bu kimi rəmzli hallar Məcnun tərəfindən türlü şəkillərdə göstərilmişdir. Məsələn: bir kağıza Leyli ilə Məcnun rəsmlərinin bərabər cızıldığını görüncə, Məcnun həmən Leylini silir. Səbəbini sorurlar. Biz iki deyilik, birik, deyir. O halda nədən özünü deyil də onu silirsən?... Çünki o – ruhdur, mən – qəlib, ruh qəlibdə örtülü olur. (Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, Təknur, 2011,s.179)

“Leyli və Məcnun”da təsvir olunmuş hadisələrin mündəricəsini bu mənbələrlə tutuşdurduqda aydın görünür ki, Nizami daha çox üç mənbədən – İbn-Qüteybənin, Əbül Fərəc İsfahani və əl-Valibinin əsərlərindən bəhrələnmişdir. Ancaq bununla bərabər, Nizami Zeyd və Zeynəb əhvalatından da xəbər verən bir mənbə ilə şübhəsiz tanış imiş.

Qərb tədqiqatçıları etiraf edirdilər ki, Qərbi Avropanın orta əsrlərdə yaranan məhəbbət hekayələri öz süjetini Şərq ədəbiyyatından almışdır. Bu nümunələr içərisində isə N.Gəncəvi mətnlərini xüsusilə qeyd edirlər. “P.Horn, 1925-ci ildə Berlində nəşr etdiyi əsərindəNizami şerinin misilsiz dolğunluğunu belə təsvir edir: “Qraf Şaks “Leyli və Məcnun” şairinin misilsiz həssaslığını alman dilində etdiyi nəfis tərcümələrində əks etdirə bilmişdir. Bu beytlərdə tərənnüm olunan sevginin Qərbi Avropanın orta əsrlər məhəbbət hekayələrinə bənzədiyi bilavasitə gözə çarpır; bu, yəni Qərbi Avropaya orta əsrlərdə məhəbbət hekayələri, şübhəsiz, Şərqdən gəlmiş və çox güman ki, həmin janr Qərbi Avropaya ərəb İspaniyası yolu ilə keçmişdir. P.Horn da üslub baxımından Nizamini Firdovsidən üstün tutur və aralarındakı fərq “yerdən göyə qədərdir” – deyə öz fikrini tamamlayır... H.Ritter Praqa şərqşünaslıq institutu hesabına nəşr edilib yayılan “Həft peykər” mətninə yazdığı müqəddiməsində Nizami sənətkarlığını (daha əvvəllər çap etdiyi “Bildensprache des Nizamis” əsərində qeyd etdiyi kimi) təhlil edərək yazır: “Nizami yalnız öz dövründəki şeir dilinə məxsus ifadə tərzinə hakim olmaqla qalmamış, eyni zamanda – bu daha qiymətlidir – bu sənəti öz əsərlərinin varlığını təşkil edən fikirlərinə xidmət etdirməyi də bacarmışdır. Sənətkarlıq baxımından “Həft peykər” şairin ən dolğun bir əsəri olduğu halda, burada sənət sənət üçün işlədilməmiş və şairlik məharəti sadəcə olaraq zövq əhli olan şeir həvəskarlarının gözlərini qamaşdırmaq üçün sərf edilməmişdir: yalnız əsərin məzmunu bu ecazkar, parlaq formanı zəruri etmişdir. Bu forma o məzmuna uyğun gəldiyi üçün təbii surətdə öz-özündən yaranmışdır. Belə ki, forma pozulmadan yaymaq istədiyi fikri qüvvətləndirmək prinsipini yüksək bir surətdə həyata keçirmişdir.” Alim qeyd edirdi ki, Nizami “mənzum roman sahəsində sevilən yeganə ustad”dır.

Nizami “Leyli və Məcnun” dastanının sifarişini Şahdan aldığını yazır. Naməni öz əli ilə yazan hökm sahibi Axsitan həm də söz sərrafı, sənət bilicisidir:

Min eşq kitabından yüksək və təzə,

Sən öz qələminlə bir dastan bəzə.

Bu mövzu şahıdır bütün sözlərin,

Layiqdir bu sözə sənin hünərin. (s.34)

Nizami “Leyli və Məcnun” əsərinin əvvəlində təqlidçilərini ittiham edəndə “nəzmlə hekayə demək” ifadəsini işlədir. Yəni müəllifin özü də “poema” anlamında yox, sırf epik növün janrında –hekayə, roman anlamında yanaşıb irihəcmli əsərlərinə:

Qarşımda kölgə tək çox alçalırsan.

Mən qəzəl deməyi edəndə peşə,

O da zurnasını çalar həmişə.

Mən hər gün düzəndə xoş qəsidələr,

O da quraşdırır boş qəlidələr.

Hədərən-pədərən dilinə bax bir,

Yenə də nəzm ilə hekayə deyir. (s.48)

“Leyli və Məcnun”u yazanda ilham, təb şərabı istəyir saqidən. Əsərin məzmun və ideyası elə bir genişlik tələb edirdi ki, Nizami bu böyük həcmliliyi (roman monumentallığını) “uzaq mənzil” adlandırırdı:

Saqi! Şərab ver ki, mənzil uzaqdır,

Xəyalım bu yolda yorulacaqdır. (s.54)

Eşq rəvayət, əfsanə cildindən çıxır bu romanda. “Xosrov və Şirin” təcrübəsi vardı Nizaminin. Müxtəlif insan xarakterlərini və hətta ictimai-siyasi hadisələri içərisində yerləşdirən, təhlilə çəkdirə bilən və ilahi məqama qədər aliləşdirən Eşqi müəllif “Leyli və Məcnun” da daha da ucaltdı. Bu eşq ilə insan da yer halindən qopdu və aliməqam oldu.

Dedi: "Ey göylərə meydan oxuyan,

"Xosrovi-Şirini" yazıb yaratdın,

Hər duyan könüldə bir zövq oyatdın.

Leyli-Məcnundan da yarat bir əsər,

Cüt olsun yazdığın qiymətli gövhər.

Bu gözəl mövzuda böyük sənət var,

Xoşdur qoşa gəzsə cavan tovuzlar. (s.35)

“Leyli və Məcnun” da Nizami ilk dəfə olaraq eşqi romanlaşdırdı, uzun və genişsüjetli vaqeələr, hadisələr mətni edə bildi. Bu mövzunun əbədiliyini ilk duyan klassik müəllif də Nizami Gəncəvi olmuşdur. Və ən əsası, mövzunu ancaq poetika, pafos, tərənnüm və romantika qəlibində deyil, həm də epik genişlikdə, roman situasiyalarında qələmə aldı. Çağdaş postmodern romançılıqda da “Leyli və Məcnun” havası, mətni istinad nöqtəsi ola bilir. Nobel ödüllü Orxan Pamuk Qara kitab” romanında digər klassik nümunələr (“Kəllə və Diminə”, Əttarın “Məntiq-üt Tayr” “Mənaqib-i Övliya”, “Qissəyi Ənbiya”, “Min bir gecə nağılı” və s.) kimi “Leyli və Məcnun” mövzusundan da yararlanmış və dəyişməz, əbədi olan hisslərin, yaşantıların postmodern anlayışda inikasını göstərmişdir. Digər 3 romanında olduğu kimi “leyli və Məcnun”da da hər bir hadisəni və ya obrazı təhlilə başlayanda görürük ki, bu mətn faktları şeir, poema, sadəcə nəzm materialı deyil, ictimai-siyasi, sosial yükü olan, dünyaya və insana tarixi aspektdən, zamansızlıq və məkansızlıq genişliyindən baxa bilən dühanın epopeya təfəkkürü, erudisiyası ilə tədqiqi, təhlilidir.

Bizim ədəbiyyatşünaslardan fərqli olaraq xarici tədqiqatçılar Nizami Gəncəvi mətnlərində daha çox poema, sırf şeiriyyət, nəzm hünəri, tərənnüm, romantika və pafos yox, roman təfəkkürü fundamentallığı, epik sərhədsizlik, əbədiyaşar mövzuların klassik möhürünü vuran təhkiyə, epopeya ustalığını axtarıb aramış və tapmışlar. Fransız şərqşünası, həm də M.F.Axundov yaradıcılığının tədqiqatçısı Barbye de Meynar Nizamini yeni tipli tarixi roman ustası və romançılıq sənətinin atası kimi səciyyələndirirdi. “Nizamidə biz tarixi romanın yeni bir növünü görürük. Şöhrətli şair bu sahədə atalıq haqqına malikdir”. ()

Məcnun yerlə-göylə əlləşən Eşq şəhidi, fədaisidir, amma yer insanının, real mövcudluğun mübarizi, mücahididir. Onun eşqi qadın sevdasından başlanğıc götürsə də, İlahi məqama qədər yol gedir və sonda qadın Leylini yox, ilahiləşmiş, cins qəlibindən çıxmış ali bir varlığı sevdiyini bəyan edir. Leyli eşq əlaməti, simvoludur, Eşq isə Allaha ünvanlanan duadır Nizami təfəkküründə. Amma bu duaların sahibini zaman, dövran, fələk fırtınadan-fırtınaya salır, çərxinin fırlanğacında buğda kimi əzib üyüdür. Nalə ərşə – Eşqin ünvanlandığı səmaya qədər yüksəlir, “Tanrılıq lütfündən mənə də göndər, qaranlıq gecəmi gündüzə döndər”-deyə Allaha yalvarır:

Bildi ki, xəyalın səfası çoxdur.

Amma ki, dərdinə dəvası yoxdur.

Üz tutub yalvardı aşiq bir daha,

Hər dərdin çarəsi böyük allaha.

Dedi: "Ey qapısı son sığınacaq,

Sənsən umud yerim dünyada ancaq.

Zöhrə, Müştəri tək sənin qulun var,

Adınla başlanır aləmdə adlar.

Hamıdan ucadır elmin, hikmətin,

Axar çeşməsisən sən səxavətin.

Sən, ey hər müşkülün açarı olan.

Səxavət ağası, dərdlərə dərman,

Səninlə yüksəlir hər böyük dilək,

Acizə, məzluma bir sənsən kömək. (s.174)

“Leyli və Məcnun” əsəri sırf məhəbbət məzmunlu deyil. Burada sosial-siyasi, ictimai problemlərə işarələr, zamanın gedişatını təhlil edən ideoloji mesajlar, təsiredici ittihamlar var:

Neçin alçaqlara boyun əyirsən?

Oyuncaq olursan namərdlərə sən?

Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən razı qalırsan?

Qəlbi yumşaqlığı bir dəfə unut,

Çiynini dağ kimi ucalıqda tut!

Sən də süsən kimi ipəkdən olsan,

Səni saf torpaq da yaralar, inan!

Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu olar xar. (s.35)

Rustavelişünas Pavel İnkorokva öz məqaləsində vaxtilə Nizaminin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarının gürcü dilinə tərcümə edildiyini tədqiq və isbat edir.Professorun fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün “Şərq mədəniyyəti, gürcü mədəniyyəti qədər yaxın və doğma idi”.Həmin müəllif qeyd edir ki, Şotanın əsərində “Leyli və Məcnun”un buraxdığı izlər vardır: Tariyel Qeysin tayıdır, onun kimi dəli olub çöllərə düşür, vəhşi heyvanlarla yoldaşlıq edir; onu müşayiət edən Aftandil isə Nofəlin varisidir”.“Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilindən ruscaya çox gözəl tərcümə edən Şalva Nutscubidzenin qeydinə görə, XII əsr gürcü ədəbiyyatında Rustavelinin yaşlı müasirlərindən Çaxruxadzenin əsərlərində belə Nizamiyə işarələr vardır. Rustaveli Nizaminin açdığı Şərq Renessansının yolu ilə getmişdir”.

“Leyli və Məcnun” əfsanəsi Nizamiyə qədər də dilləri dolaşırdı. Hətta Azərbaycan şairi Q.Təbrizi də nakam sevgi mövzusundan söz açanda Leyli və Məcnun eşqini xatırladırdı. İran şair və nasiri Nasir Xosrov (XI əsr) da bu əfsanədən xəbərdar olmuş, onu daha çox bədəvi ərəblərin mühiti ilə əlaqələndirmişdir, Taifdə Leylinin yaşadığı qəsrin xərabələrindən hekayələr söylənilirmiş və s. Nizami özü də bu eşq haqqında danışanda onu “aləmə bəlli bir ayə” adlandırırdı.

Nizami Gəncəvi “Xosrov və Şierin” əsərindən etibarən Azərbaycan ədəbiyyatının ilk romanlarını yazmağa başlamışdı. Klassik Şərq ədəbiyyatı, folkloru nümunələrindən sənətkarlıqla bəhrələnən Nizami Gəncəvi dühası ədəbiyyatın bütün sahələrində olduğu kimi roman sənətində də öz sözünü ilk deyənlərdən oldu. Nizami romanları nəinki Azərbaycan, eləcə də bütün dünya romançılığında klassik mənbə, istinad obyektidir. Bu faktı dünya ədəbiyyatşünaslığı təsdiq etsə də, təəssüf ki, bizim ədəbiyyatşünaslıqda hələ də Nizami Gəncəvi sadəcə bir şair, nəzm ustası kimi öyrənilir və tədris edilir.

news-inner-user
İradə Musayeva

93 məqalə

Paylaş

Oxşar xəbərlər