Nəsil artırmaq azarı

Nəsil artırmaq azarı
28 noyabr 2016
# 11:49

“- Əgər... Əgər sizi razı salsam, özümü xoşbəxt sanardım...

- Mənə belə şeylər deməyin. Buna layiq deyiləm mən...

- Sizi böyük bir gələcək gözləyir.

- Gələcək? Xeyr, mənim üçün hər şey bitib...”

Hiyləgər bir kişi tərəfindən aldadılan qıza ümid verən xoş sözlər: “Sizi böyük bir gələcək gözləyir”. Qadınlar həyatın, var olmağın səbəbi ola biləcək qədər gözəldi. Arzu kimi şirindilər. Bəzən həyatda istismara məruz qalsalar da sənət onlara layiq olmağa çalışıb. Axı sənəti gözəlləşdirən həm də qadın estetikasıdır. İlk yaradılan varlıq Adəmdir. Ona görə kişilər bütöv, qadınlar “yarımçıqdır”. Kişilər güclü, qadınlar zəifdir. Kişilər ağa, qadınlar kölə. Bircə dəfə olsun, əks tərəfdən baxılmayıb yaradılışa. İlk doğumun, yaradılışın necə və hardan, nədən yaranması əhvalat, mif və dinlərin üstünə yıxılıb. Ya da materiyanın. Romantikasız, ruhsuz bir yaranma fəlsəfəsi sənətdə mövcud ola bilməz. Bəlkə, qadın birinci gəlib dünyaya. Bəlkə, bütün yük onun çiyinlərindədi. Bəlkə, yaşamağın ağırlığı onun arzularında yüngülləşir. Rəsm sənəti müəmmanın sirrini tapır. Ernest Breleur “Arzusu müəmma” tablosunda sonsuz istəkləri olan sonlu bir varlıq təsvir edir. Bu varlıq kosmosun mərkəzində yerləşən bir gövdədən, bədəndən çıxıb özünü nəhayətsiz bir boşluğa atır. Artıq geriyə qayıtmağı mümkün deyil. Həmin canlının yanında bəyaz bir at da var. At sürət və istəyin simvoludur. Gövdə həyat mənbəyidir, tanrını da rəmzidir. Ecazkar bir metaforadır. Arxa fonda ulduzların parıltısı var. Qalan yerlər zülmət qaranlıqdı. Parıltılar insanın arzusudur. Tabloda ilk yaradılan insan da qadındır. Breleurun yozumu fərqli və maraqlıdır. Yaşamın qaynağı qadın. Siluetvarı maviliklər estetik naxışlardır. Sonsuzluğun, əbədiliyin nəhayətsiz rəngi mavilik. İnsan sonlu ola bilər, ölümlü ola bilər. Ancaq arzular sonsuzdur. Mavi sonsuzluq arzuların ölümsüzlüyünü ifadə edir. Qarışıq və sirli dünyaya gələn onlarla insanın istəkləri də müəmmadır. Kəşf edilmək istəyir. Breleurun tablosunda tanrıdan qopub dünyaya gələn insanın ən böyük arzusu qadındır. Qadın da bərabərdi gözəlliyə. Bəs qadınlar nə istəyir. Bax, bu şirin bir müəmmadır.

Müəmmalara ən estetik cavabı roman sənəti verir. Şoloxovun “Sakit Don” romanında böyük siyasi hadisələr, savaşlar və mürəkkəb yaşamın arxasında qadın arzuları gizlənib. Bir də arzulardan doğan uzun bir siyahı var. Aldatma və aldadılma siyahısı. Qadın və kişi arasında olan anlaşılmaz hisslərin, duyğuların ağırlığı. Bu yük o qədər ağırdır ki, heç dünyanın da gücü çatmır onu daşımağa. Hissləri, duyğuları bir-birinə və efirə ötürən dalğa impulsları mənfi enerjiyə tab gətirə bilmir. Çünki, təbəssüm və sevgi azalıb. Bir də ağılın başdan çıxıb duyğuların qabardığı anlar var. Müharibə ərəfəsidir. Sakit Donda qızğın təsərrüfat işləri gedir. Hamı xoşbəxtdir. Panteley Prokofyeviçin ailəsi zəhmətin verdiyi hüzur və arxayınlıq içindədir. Əsl müharibə isə çoxdan başlayıb. Duyğuların müharibəsi. Ən dəhşətli və yırtıcı savaş. Gənc Qriqori Stepan Astaxovun arvadı Aksinyanı arzulayır. Ailəsi Qriqoriyə izah edir ki, o, evlidir. Aksinyaya yaxın durma. Xeyri yoxdu, onun arzusuna çevrilən Aksinyasız nəfəs almaq belə çətinləşir. Əslində Qriqori nə istədiyini bilmir. Azru çıxılmazlığındadı.

Stepan müharibəyə yollanan gündən Qriqori hər gün Aksinya ilə gecələyir. Bir tərəfdə də Natalya var. Gözəl və fağır qız. Qriqori Natalya ilə evlənir. Ancaq yenə də Aksinyanın yanındadır. Aksinya əri Stepanı aldatmaqla kifayətlənmir, Qriqorini də Natalyanın əlindən alır. Stepan bunun hayfını Qriqorinin qardaşı Petrodan alır. Petronun arvadı Darya əri müharibədə olan müddətdə Donda olan yetkin kişilərin hamısı ilə vaxt keçirməyə hazırdı. Hətta qayınatasını belə cinsi əlaqəyə zorlayır. Deməli, siyahıya Darya başçılıq edir. Onun arzuları dolaşıq və şəhvət doludur. Stepan məzuniyyətə gələndə kişisiz qalan Darya ilə kef çəkir. Bir az da olsa hirsi soyur. Geri qayıdanda əsgərlərə Petronun arvadı ilə keçən macəralarından danışır.

Aksinyanın xəyanəti iki qatdı. Stepanı Qriqori ilə aldadır. Onu başa düşmək olar. Ərindən təhqir, söyüş və cinsi istismardan başqa heç nə görməyib. Qəlbində Stepana qarşı xırda bir sayğı da yoxdu, nəinki sevgi ola. Qriqori də arvadını tərk edir. Yazıq Natalyanı çarəsiz qoyur. Bu, aldatmaqdan da betərdi. Qalmağa yerləri olmayan Qriqori-Aksinya cütlüyü Listinskilərin bağ evinə sığınırlar. Qoca Listinski Çar ordusunun təqaüddə olan generallarındandı. Oğlu Yevgeni isə yüzbaşıdır. Qriqorigil Listinskilərin qulluqçusu olmağa razı olurlar. Təki ayrılmasınlar.

Birinci Dünya Müharibəsinin qızğın çağlarıdı. Əli silah tutan hər kəs cəbhədədi. Yevgeni Listinski yaralanıb məzuniyyətə gəlir. Artıq Aksinyanın Qriqoridən bir qızı olub. Uşaq qızdırmadan ölür. Yevgeni fürsətdən istifadə edib Aksinyanı ələ keçirməyə çalışır. İlkin nəvazişlər, oxşamalar işə yaramır. Ancaq “Aksinya bu dəfə divara qısıldı, əllərini qabağa verdi, Listinskini qəzəb dolu pıçıltı ilə qarşıladı: Yaxın gəlmə, məlun! Həyat insanları özünün heç yerdə qeyd edilməmiş qanunlarına tabe edir. Üç gündən sonra Yevgeni gecə yenə Aksinyanın yaşadığı mənzilə gəldi və Aksinya onu qovmadı”. Qriqori də məzuniyyətə gəlir. O elə sevinir ki, Aksinyadan başqa heç nə yadına düşmür. Qulluqçu Şaşka baba ilə rastlaşması arzusunu ürəyində qoyur: “Sən qoynunda ilan bəsləyirsənmiş! Gürzə saxlayırsanmış! O, indi Yevgeniyə uymuşdur”. Qriqorinin arzusu necə də sadə və gözəldi. Yəhudi tacirdən aldığı yaylığın Aksinyaya necə yaraşacağını xəyal etmişdi. İkicə manatlıq hədiyyə sevinci onu necə də xoşbəxt etmişdi. Aksinya sevgisi ona bütün dərdlərin unutdurmuşdu. Kim bilir, soyuq müharibə gecələrində nə qədər Aksinyanı düşünmüşdü. Düşünmüşdü ki, qulluqçuluq edir əziz sevgilisi, əziyyət çəkir. Nə biləydi ki, artıq Aksinya əlin ağdan-qaraya bulamır. Heç onun ucuz yaylığına da qalmayıb. “Nə uğursuz bəxşiş imiş! Qriqori, hədiyyə verməkdə Donun yuxarılarında ən varlı mülkədarın oğlu ilə rəqabətə girişə bilərdimi? Qriqori boğazını qəhərləyən quru göz yaşını boğub yaylığı tikə-tikə elədi”.

Aksinya bircə kərə aldadır və davamı gəlir. Fərqi yoxdu, sevir, ya yox. Ona qalsa Stepanı sevməsə də Qriqorini ki, sevirdi. Breleurun tablosundakı kimi arzusu müəmmadır insanın. İnsan duyğuları arasında gedən müharibə daha ağır imiş. Şoloxov ustadı Tolstoydan dərs alır. “Hərb və sülh” hisslərdə, münasibətlərdə olan get-gəllərdədir. Napoleon və Aleksandrın kini, şəhvəti, ehtirası iki böyük ordunu, yüzlərlə insanı bir-birinə qırdırmadımı? Tolstoy da müharibə dövrünün eşqindən, aldatma və aldadılma əhvalatından ibarət siyahı tərtib edir. Həmin siyahı cəbhədə olan döyüşlərdən, qırğınlardan heç də az təsirli və balaca məsələ deyil. Elen sadəlövh əri Pyeri, Nataşa özündən iki qat böyük və başı müharibəyə qarışmı sevgilisi Andreyi, Anatoli duyğusal və melanxolik xarakterli Nataşanı aldadır. Duyğular və arzular müharibəsi kinlər, nifrətlər, aldatmalar və aldanmalar insan bədənini ruhdan ayırıb. Ruhlar daşlaşıb, buz bağlayıb və şəhvət və ehtiraslar böyüdükcə qanlı müharibələr yaranır. Nə istədiyini bilməyən insanın faciəsi müharibə ilə nəticələnir. Arzuların müəmması savaşlara qapı açır. Müharibəni dayandıracaq gücdə olan varlıq qadınlardır. Onların sədaqəti və təbəssümüdür. Ancaq qadınları bəzən səhvləri ilə qəbul etmək üçün geniş ürək də lazımdır kişilərdə. Əslində bir baxış, bir öpüş, zərif bir yaxınlıq bəsdir ki, qadının nə istədiyini biləsən. Beləcə, arzular gizli qalmaz.

Tolstoy və Şoloxovdan sonra, tamam yeni sivilizasiya dövründə, gənc şair Şəhriyar Del Gerani insanı bütün müəmmalardan xilas edəcək bir formul tapır. Dünyanı sevgi ilə qucaqlayan bir misra pıçıldayır qulaqlara: “Gülümsə qucaqlayıbən bütün gileyi”. Bu pıçıltı ən qəddar, qanlı savaşlardan, ən məhrəm, həssas sevgilərdən də safdır. Sadəlövhcəsinə deyilmiş gözəllikdi. Zatən gözəl olan hər şey sadəlövh deyilmi? Gərək ki, adamda elə böyük bir ürək, elə təmiz bir sevgi olsun. Ki, dünyamızı bir az daha gözəlləşdirən bu misranı deməyə bircə qırıq taqət tapsın özündə. “Gülümsə qucaqlayıbən bütün gileyi”. Gülümsə. Onda arzular müəmma olmaqdan çıxacaq. İnsan sirli bir dəfinə kimi anlaşılmaz olmayacaq. Hər kəsə faydası dəyəcək. Qadınlar yaradılışın qaynağı olacaq. Sevgiylə, ehtiramla dolu kövrək, qadın dünyalar yaranacaq. İstənilən səhvlər, günahlar sevgi dolu təbəssümlə, empatiya ilə qarşılanacaq. Deməli, insanın müəmması nədir sualına şeirdə cavab tapdıq: Gülmsəmək.

Gülümsəmək bütün müəmmaları üzə çıxarır. Yaşamaq üçün, kinləri və nifrətləri əritməkçün gülümsəmək. Həyat iksiridi. Onda arzular çin olmasa da yaşamaq xoşdu, gözəldi. Ən azından gülümsəmək var. Daha başqa arzular axtarmağa gərək yoxdu. Bax, elə bu yazının taleyini götürək. Yarımçıq qalmışdı. Çünki, həmən gün anamı məndən qəfil alan xəstəliklə, qəza ilə tanış olmuşdum. Və əlimə qələm ala bilmirdim o gündən bəri. “Gülümsə qucaqlayıbən bütün gileyi. Anamın canındakı ağrıları kimi səhərəcən veyillənirdi Təbriz küləyi”. Anamsa həmişə gülümsəmişdi. Təbriz küləyindən xəbərsiz, küləklər şəhərinin dəniz qoxulu xəstəxana palatasında. Ən çətin anlarda belə. Onun sərin təbəssümü ölümdən qorxmamağın adı idi. Ümidə sarılmaqdı. Çünki ömrüncə belə yaşamışdı. Bircə gün olsun, ümidsiz olmamışdı. Bircə dəfə belə kimisə icitməmişdi. Axı o həmişə gülümsəmişdi. Ölümün üzünə dəxi gülümsəmək üçün özündə güc və taqət tapmışdı. Arzusu gizli deyildi. Təbəssümlə, ümidlə, sevgi ilə səkkiz övlad böyütmüşdü. Bu mexaniki, fizioloji övlad böyütmək qayğısı deyildi. Nəsil artırmaq azarı heç deyildi. Başda, yaşda və ürəkdə böyütməkdi. Artmaqdı. Çoxalmaqdı... Bir də ümidli arzularda. Arzular da ümidlərdən yaranmırmı?! Onda gülümsə, gülümsə. Ölən vaxtların, zamanların, nifrətlərin, qəzəblərin acığına gülümsə. Madam ki, ömür əlimizdən çıxıb gedir. Gülüşlə ölümü öldürək. Həyata həyat qataq... Pyer Nataşaya deyən təki “sizi böyük bir gələcək gözləyir...” Əgər kişilər qadınlarda, qadınlar kişilərdə arzuya çevrilə bilsə savaşlar, kinlər, nifrətlər, aldatmaq və aldanmalar olmaz. Tolstoy, Şoloxov və Breleurun ortaq harmoniyası. Rəsm və roman sənətlərinin kəşfinə emosional şeir metamorfozu əlavə olunur Şəhriyar qələmində. Format dəyişir. Arzuları çözən nəsnə gülüşdür. Dünyanı, insanları, xoşbəxt və bədbəxt anları gülüşlə qucaqlamağa taqəti çatan böyük bir ürək, böyük bir nizam, bənzərsiz bir sevgi. “Gülümsə qucaqlayıbən bütün gileyi”. Əslində xalis nəsil artırmaq azarıdır bu. Gözəlliyin, arzuların nəslini. Arzusu müəmma olanın ömrünü, istəklərini çoxaltmaqdı. Vaxt gedir. Həyat öz obyektivini zilləyib üzünə. Şəklini çəkmək istəyir sənin. Arzusu ürəyində qalaqlanan, kədərli bir sima gəzir. Fürsət vermə kədərə. Gülümsə...

# 1017 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #