“Feysbukdakı kəpsləri biz hazırlayırıq”-MÜSAHİBƏ

“Feysbukdakı kəpsləri biz hazırlayırıq”-<span style="color:red;">MÜSAHİBƏ
25 noyabr 2016
# 15:43

Kulis.az “Trollinq Azərbaycan” və “Kəpstaqram” səhifə admini Fərrux Qocamanlı ilə müsahibəni təqdim edir.

- Fərrux, Facebookda fəalsınız...

- Feysbukda “Trollinq Azərbaycan” (Trolling Azerbaijan), “Kəpstaqram” (Capstagram) səhifələrinə adminlik edirəm. Bu səhifələrimiz İnstaqramda da var. Onu da əlavə edim ki, mən səhifə adminlərindən biriyəm. Səhifələrin yaradıcıları Faiq Hüseynov və Ceyhun Babayevdir.

- İzləyiciləriniz nə qədərdir?

- İnstaqramdakıların yüz minə çatmağına az qalıb. Feysbukdakı səhifələrimiz isə yüz mini keçib.

- Səhifələr sizə gəlir gətirir?

- Əvvəl bu işə həvəs üçün başlamışdıq. İnsanlar güləndə özümüzə də xoş olurdu. Gördük ki, bizim kəpsləri başqaları götürüb loqosunu paylaşır, bundan qazanc əldə edirlər. Sonradan biz də bunu nəzərə alıb İnstaqram səhifəmizdə reklam götürməyə başladıq.

- Reklam yerləşdirən kimlərdir?

- Elə saytlar var aylıq müəyyən qədər pul verirlər ki, onların linklərini öz səhifələrimizdə yerləşdirək.

- Sizin qapalı qrupunuz da var.

- Bəli. Tələbə olduğumuz üçün əvvəl-əvvəl bu materialları hazırlamağa həmişə vaxtımız olmurdu. Üstəlik bizə kənardan da kəps hazırlayıb göndərənlər olur. Ona görə də “TAOG Azerbaijan” adlı qapalı qrup yaratmışıq. O qrupun da üzvlərinin sayı dörd minə az qalıb. Hazırladığımız kəpsləri, bizə göndərilənləri əvvəlcə o gizli qrupda paylaşıb rəyi öyrənir, analiz edirik. Çoxlarının xoşuna gəlirsə ondan sonra səhifələrimizdə paylaşırıq.

- Bir kəpsi neçə nəfər bəyənir?

- “Kəpstaqram”da bir kəpsimizi 20 min adam görür, 2 min adam bəyənir. Ayrı-ayrı səhifələrdə də paylaşanda bir foto üst-üstə 15-20 min bəyənilmə olur.

- Ən çox bəyənilən kəpsiniz hansı olub?

- Mən birini hazırlamışdım, 9 min layk gəlmişdi. Şahruxxanın kəpsi idi. Baxmayaraq ki, başqa səhifələr bu qədər laykı almaq üçün pullu reklam verirlər, amma mən bunu heç nəsiz əldə etmişdim. Bu yaxında Telli Borçalı ilə bağlı uşaqlar kəps hazırlamışdılar, hardasa 10 min olmuşdu.

- Kəps nə barədə idi?

- Telli Borçalının şəklini qoymuşdular, yanında keçəl formasını qoymuşdular, birinə Telli Borçalı, o birinə Telsiz Borçalı yazmışdılar.

- Əsasən yüngül, yumorstik kəpslər paylaşırsız.

- Adətən, hə. Arada ciddi mesajı olan kəpslər də paylaşırıq. Bəzi səhifələr var, bir şəkil paylaşıb altına yazırlar ki, “Amin deyən neçə nəfərik?” Guya ora “Amin” yazanda nə olur? Onlar sadəcə həmin kütləni əllərində saxlamaq üçün belə edirlər. Belələrini tənqid etmək üçün bəzən paylaşımlar edirik. O zaman da radikallar tərəfindən tənqid atəşinə tutuluruq. Hətta təhqir də edirlər.

- İnboksa təhqir, hədə dolu məktublar yazanlar olur?

- Arada yazırlar. Bu da ən çox xurafat paylaşımları etdiyimiz zaman olur. Əvvəllər səhifədə adminləri gizli saxlamışdıq. Sonradan üzə çıxdı. Bir dəfə “Kəpstaqram” səhifəsini başqasına satdıq, izləyicilər etiraz elədilər ki, niyə satmısız. Geri qaytarın, biz də geri aldıq. Yəni insanlar bizi tanıdıqlarına görə deyirdilər ki, filan adminləri istəyirik, onlar yaxşı paylaşımlar edirlər.

- Səhifələrinizi oğurlamağa cəhd edənlər olub?

- Olub. Keçən il yanvar ayında səhifəmizin izləyiciləri 70 minə qalxmışdı. İki-üç səhifəmizi oğurladılar. Profillərimizə hücum olunurdu. Bizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət elədik. Sağ olsunlar, bir ay ərzində səhifəmizi qaytardılar. Biz bu ay ərzində dözə bilmədik, özümüzə yeni səhifə açdıq. Səhifə açılandan 3 saat sonra on min adam bəyənmişdi. Bu rekordu bir də Müdafiə Nazirliyinin səhifəsi təkrarlayıb. Aprel döyüşləri zamanı...

- Əvvəlki səhifəniz qayıdandan sonra köhnəni neylədiniz?

- Gördük ki, iki səhifə işlətsək qüvvələr parçalanacaq, ona görə o səhifəni satası olduq. Hardasa 20 min izləyicisi vardı.

- Kəpsləri özünüz hazırlayırsız?

- Bəli. Bunu 2010-lardan türklər edib. Biz də onların stilini götürmüşük. Şəklin altını qızardıb ora söz yazırıq. Ruslar çox sadə edir, türklərin metodu daha yaxşıdır.

- Kəps hazırlamaq üçün nə lazımdır?

- Paint proqramı bəs edir. Adi bir şəkli götürüb onu bir cümlə ilə ifadə etməlisən. Olduqca asandır, heç bir dəqiqə vaxt aparmır. Əsas ideyadır, elə etməlisən ki, kütlə ona gülsün. Həm də bu sahədə təcrübə qazanmışıq, artıq hansı şəklin daha çox tutduğunu bilirik. Məsələn, futbolçu Vaqif Cavadovun şəklinə nə cümlə yazsan gülürlər.

- Eynşteynin kəpslərini də siz hazırlayırsız?

- Onları da əvvəllər türklər hazırlayırdı. Sonra biz başladıq bu işi. İndi, demək olar, paylaşmırıq. Camaat artıq Eynşteyndən bezib, yenilik istəyirlər.

- İndi kimlərin şəklindən istifadə edirsiz?

- Eynşteyndən başqa telefonun yaradıcısı Qraham Bellin kəpslərini paylaşırdıq. Üstünə yazırdıq ki, meqabaytım qurtarıb. Məşhur dəniz səyyahı Ceyms Kukun şəklinə də yazırdıq.

- Nə yazırdınız?

- Ceyms Kukun şəkillərinə ən çox maklerlərin sözlərini yazırdıq: “Filan yerdə iki sot torpaq var, istəmirsən?” O cür adamların adından bizim işlək sözləri işlədəndə yaxşı çıxır. Modelyer Corcio Armaninin adından belə söz yazmışdım: “Yaxınlıqda dərzi var, istəsəniz bir manat verib yığdırarsız”. Həmin kəps xeyli layk aldı.

- Səhifəniz deyəsən xeyriyyə işləri ilə də məşğul olurdu.

- Bəli. Ceyhun orda yazmışdı ki, kimdə lazımsız kitab və ya əşya varsa gətirsin. Biz həmin əşyaları sığınacaqlara verdik.

- Xəstələrlə bağlı məlumatlar da paylaşırsız?

- Bəli, paylaşırıq. Amma bəzən bizə günə on dənə belə xəbər gəlir ki, kimimsə xəstədir, xahiş edirəm yardım edin. Qəbul etmirlər ki, bizim səhifə yumoristik səhifədir, biz günə iki-üç dənə o cür material qoyanda aktivlik aşağı düşür. Onsuz izləyicilər baxıb keçirlər, başqa səhifədə heç olmasa “Amin” yazırlar, bizdə heç onu da yazmırlar. Sadəcə reytinqə ciddi təsir göstərir, aşağı salır.

- Heç zəng edib kəps sildirirlər?

- O qədər zəng edirlər ki. Bu yaxınlarda müğənni Teymur əminin oğlu dəfələrlə zəng etdi ki, ona aid nə qədər kəps düzəltmisiz, silin. Teymur əmi efirdə deyəsən demişdi ki, paslanıb tüfəngim ata bilmirəm. Bizim uşaqlar da bundan kəps düzəltmişdilər. Sizə deyim ki, efirə baxmırıq, amma nəsə olanda bizə onu yazıb deyirlər, biz də kəps düzəldirik. Müğənnilər çox zəng edirlər. Avroviziya təmsilçimiz Səmra da çox zəng eləmişdi. Bir məşhur da var idi, adını çəkmək istəmirəm. Onun oğlu bizə yazırdı ki, Vaqif Cavadovu filan necə məşhurlaşdırırsızsa xahiş edirəm məni də o cür məşhurlaşdırın. Nə video, şəkil istəyirsiz çəkim göndərim. Mən də ona yazdım ki, atan məşhur olmağın yolunu bizdən yaxşı bilir, ondan soruş. Təbii ki, zarafatla yazdım bunu. Bəzi məşhurlar yazırlar ki, antireklam da olsa paylaşım edin.

- Müğənnilər zəng edib şəkil çıxartdırırlar?

- Hə, çox vaxt çıxarırıq. Onsuz kəpsi çıxarsan da onu təmiz silmək olmur. Çünki bizdən də başqa səhifələr paylaşır. Ən çox müğənni Vasif Məhərrəmli narazılıq bildirmişdi. Yayda onun “Stefano Ricci” söhbəti olmuşdu. Onunla bağlı çoxlu paylaşım etmişdik.

- Hansı paylaşımları etmirsiz?

- Azərbaycanla bağlı siyasi paylaşımlar, bir də dini paylaşımlar etmirik. Çünki çox aqressiv olurlar. Adi cinsi azlıq şəklinə görə min hoqqadan çıxırlar. Təhqir edirlər, yazırlar ki, səni tutsam belə edəcəm, elə edəcəm. Sizə deyim ki, bu cür söyüş yazanlar Feysbuka təzə girənlər, 13-14 yaşlı yeniyetmələr olur.

- Başqa nə planlarınız var?

- “Trollinq Azərbaycan” 2011-ci ildən, “Kəpstagram” 2014-cü ildən var. Baxıb görürük ki, bu səhifələrdə bizdən çox başqaları məşhurlaşıb, özümüz qalmışıq kənarda. Ona görə Taog qrupundan aktyor heyəti hazırlayıb Şən və hazırcavablar qrupu yaradırıq.

- Uğurlar.

- Çox sağ olun.

# 2130 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #