Yad kişilərin ağzında tüpürcək köpüyü-YENİ ŞEİRLƏR

Yad kişilərin ağzında tüpürcək köpüyü-<span style="color:red;">YENİ ŞEİRLƏR
25 noyabr 2016
# 15:15

Kulis.Az Rəbiqə Nazimqızının yeni şeirlərini təqdim edir.

Qadın etirazı


Biz yatağı qanla suvarılmış
adamların məmləkətində doğulduq,
Atamıza duz yükü olduq,
Anamıza un çuvalı.
Qardaşımıza acı,
Bacımıza qəm ortaĝı..
Yad kişilərin ağzında tüpürcək köpüyü,
Qonşu qadınların ağzında söz olduq...
Ocaq qalayanda əlimiz yandı,
Uşaq bələdik, qolumuz...
Sevəndə adımızı İsmət qoydular,
sevməyəndə qismət...
Biz adam olmadıq, quzum,
Bizdən qadın düzəltdilər
Yatağı qanla suvarılmış adamların məmləkətində...


Nəğmə

çəkimi gözlərin azaltdı..
yaşımdan 19 qaldı...
ağlımdan heç nə...

bəlkə keçib getdi..
bəlkə sevib getdin...
bəlkə də sevməyə...

bir qaşıq ümiddin...
bəlkə də qayıtdın...
nə zaman unutdun...
xatırla...

getmisən ölüyəm
bir torba sümüyəm
arxamca sürünən
pişiyə...


Saqinamə

Hər gün sözə susayarıq,
şeir üfürərəm közərən işığa
bir turş misra
uzadarsan masanın üstünə...
Sonra...
sürahi sözlərin saqi olar
qədəh əllərimə

Tarix oxuyarsan yaddaş kitabından,
görmədiyin günlərdən
keçmiş doldurarsan topların lüləyinə...
qalxanlarım qırılar səsinə...
Sonra...
sürahi sözlərin saqi olar
qədəh əllərimə


vida nəğmələri söylərəm –
hirslənib gedərsən...
sabahadək yol çəkərsən
görüşməyə...
hər görüşdə küsüb ataram səni...
gələcəyə....
Sonra yenə...
sürahi sözlərin saqi olar
qədəh əllərimə

***

Yüz çəmən ayaqladım bir çiçəkdən ötrü,
Bəlkə, min qarışqa öldü. Saymadım.
Bütün ləçək fallarında sevinc çıxdı rastıma,
Düzünü yerə sərilmiş saplaqlardan anladım.
Çaylara inad yandırdım körpüləri...
Hara gedirsən-get,
yolun günahımdan keçir...


TEKİLA

Qollarım körpü salır
üzümdəki duz gölünə.
gözlərimi sürüşdürüb
pəncərədə gizlədirəm
səndən.
bütün şəhər görür
ağladığımı..
Könlündən tekila keçir...

ÜÇ FƏSİL YAZ

Mən dəli, sən sərsəm, məst idi havalar,
Saçıma bir şeir asmışdın bu bahar,
Çiçək gətirirdi vərəqə nə səpsəm...
(Lütf elə, qoy qalsın
Pozulmuş sətiri..)

Hələ duman qalır başımda bir azca,
Hələ zaman qalır qapını açmağa
Açarlar ayağın altında sərili...
(Lütf elə, qoy qalsın,
Götürmə bu sirri...)


Bir azdan dənizlər daşacaq gözümdə,
Ayağım altından torpaq titrəyəcək,
Sinəndən ot ətri çökəcək üstümə,
(Lütf elə, qoy getsin
İkimizdən biri...)


ÇİÇƏK ÜÇÜN

Əllərinlə dəyişməyə gəldim, Çiçək.
Saçlarımı kəs, boya.
Bu dəfə dost olma.
Qadın-qadına, insana- insana danışmayaq.
O gecə qoluna girdiyim adamı soruşma!
İlan nəfəsi qarışdı çəmən qoxusuna. Qaçdım.
"keçəcək" suyu süz badəyə,
Hamıda tapılan təsəlli həbiylə ver içim.
Cibimdəki "bilmirəm" yaylığını
ağzımdan çıxan ağrıya tut
sil at!
Şüşələrə toxunub çiliklənən ömürlərdən danış,
"İçib ölmək istəyirəm" deyənlərin qatil olduğunu xatırlat.
Yaşamağı hər kəsdən çox sevdiyimi söylə.
De ki, mənə yalnız ümidlərə düyün düşən saçlarım mane olur.
Qayçıla!
"Sənə layiq deyildi" dərmanı qat
"Hələ hər şey qarşıdadı" boyasına
"Gəncsən, gözəlsən" fırçasıyla
astaca saçlarıma çək
Usta ol, Çiçək,
Dəyiş məni



BİLMƏDIKLƏRİN BARƏDƏ BIR NEÇƏ KƏLMƏ

Deyəcəkdim
Həvvanı necə yoldan çıxardı ilan,
sonra qabıq dəyişdi - tanınmasın.
hansı bazardan almaq olar cənnət almasın -
biləcəkdin -
astarı üzündən gözəl donumun
ətəyindən yapışıb
çıxmaq olar göyüzünə,
ulduzları saymaq olar gözümulu -
deyəcəkdim -
nədən doğur kölgəni sevmək azarı,
çəmən qoxunun sirrini verəcəkdim.
sinəndən niyə ot ətri gəlir -
biləcəkdin -
üzümdən sıxılan ən tünd içki deyil şərab,
yanındadır, yaxındadır, qadın dadır,
öz qabını sındırmaq məsəli yalandı
deyəcəkdim
bilmədin
gedirəm
bir az buğda suyu atarsan
arxamca...

# 3263 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər