writer1

Ayxan Ayvaz

Məqalə sayı

422
clock12:36 calendar-gray 23 Noyabr 2016 view-gray117 dəfə oxunub
view-gray117 dəfə oxunub

O gecə donurdum

Zabratda qarovulçu işləyirdim. Balaca bir butkam vardı. Axşam gəlirdim, düz səhərə qədər güldanlara qarovulluq eləyirdim. Hər gün özümlə kitab, dəftər götürürdüm, həm oxuyurdum, həm də yazırdım.

Hərdən butkanın içində oturanda darıxdığımdan taxtaların üstünə suallar yazırdım, səhər çıxıb gedirdim, bir də axşam gələndə o suallara cavab tapıldığını görürdüm. Çox qəribə gəlmişdi mənə bu. Əcəba, o suallara cavab verən kimdir elə? Həvəsə düşüb hər gün sualların sayını artırdım. Özü də çox düşük suallar idi, indi gülməyim gəlir: “Xoşbəxtlik nədir?”, “Tanrı hardadır?”, “Dünyanın sonu varmı?”

Uzun müddət cavabı axtaran adamı tapa bilmədim. Butkama gəlib gedən avara oğlanın ağzını yoxladım. “Alə, nə bilim kimdi? Mən heç düz-əməlli oxuya bilmirəm, qaldı nəsə yazım. Qulaq as e... Keçən dəfə...”

Orta yaşlı bir kişi də gəlirdi butkama, onun yaxınlıqda kafesi vardı. Düşündüm, bəlkə cavabların sahibi elə bu kişidir. Tez-tez kitablarımla maraqlanırdı, əlinə götürüb vərəqləyirdi. Ancaq o da nəm-nüm elədi: “Bəlkə bizim ofisiant yazır. Bütün günü burda olur, darıxır yəqin...”

Ofisiantın ağzını aradım, heç oralı olmadı: “Əşşi, mənim dərdim nədir, sən nə danışırsan? Keçən dəfə kirayə gəlib verə bilməmişəm, bilmirəm hardan tapım. Müdirdən istəsəm, verər görən?”

Səhər növbəni dəyişən qarovuldan da soruşdum. Gülə-gülə cavab verdi: “Mən heç butkada otururam ki? Çıxıram gəzirəm, sonra kafeyə girib Elçinlə - ofisiantı deyirdi – söhbət eləyirəm. İnternetə girirəm telefonda. Heç vaxtım var?”

Bu da heç. Qaldı bircə müdir. Axşam həmişə gəlib məni yoxlayır.

- Yenə kitab oxuyursan? Arada güldanlara bax, oğurlan olar...

Müdirə hal-qəziyyəni danışdım, çiyinlərini atdı, hələ məni danladı da: “Buranı boş buraxırsan deməli. Gərək mən ölçü götürüm. Belə olmaz. İşinə diqqətli ol. O suallara cavab yazan gəlib bir gün güldanları da götürüb gedər, onda sənin yaxandan yapışacam”.

Əsəblə butkanın qapısını örtüb getdi. Həmin gün axşam möhkəm qar yağmağa başladı. Butkanın içində plitkaya doğru əyilib büzüşmüş səhərin açılmağını gözləyirdim. Sonra nə olsa yaxşıdır? Qəfil işıqlar söndü, plitka da istiliyini məndən əsirgədi. Soyuq müdafiəsiz qalmış bədənimə hücum çəkdi. Dişim dişimə dəyirdi. Ağzımı şərflə bağlayırdım, qapını bərk-bərk örtürdüm, evdən gətirdiyim ədyala bürünürdüm, amma xeyri olmurdu, soyuq özünə hardansa yer tapıb iliyimə işləyirdi.

Heykələ çevrildiyimi hiss edirdim, hərəkət edə bilmirdim. Hətta əlimi tərpətməyə belə qorxurdum. Ayaqlarım artıq daş kimi ağırlaşmışdı. Yerimdən durmaq da mümkün deyildi. Qar da özünə yer eləyib butkaya dolurdu. Bir anlıq yuxuya getdim, deyəsən. Oyananda içərinin tamam qarla dolduğunu görüb qorxuya düşdüm. Ədyalı daha bərk büküldüm, papağı daha da aşağı dartdım, bircə gözlərim açıq qaldı. Həyatımda ilk dəfə ağ rəngə nifrət elədim.

Gözlərim getdikcə qapanırdı. Üzümə şillə vururdum. Yuxuya getmək mənə qorxulu gəlirdi. Pəncərədən qaranlıqda yerə düşən qara baxıb qəzəblənirdim. Gözlərim təzədən qapanırdı. Açılanda bu dəfə bulanıq görürdüm hər şeyi. Və qəfil söndüm, elə bil plitkanı elektrikdən ayırdılar.

Ayılanda pəncərədən havanın işıqlandığını görüb sevindim. Qəribə bir güc gəldi mənə. Pəncərənin qırağına bir sual yazdım: “Adamlara qonan qar kimi tez yox olacam?”

Butkadan özümü necə çölə atdım, yadıma gəlmir. Yolu keçib avtobus gözlədim. Fəlakət bir hava idi, külək məni döyürdü. Qəfil bir maşın dayandı, siqnal verdi. İnana bilmirdim, maşındakı məni çağırırdı.

- Tez min. Hara gedirsən?

Bilmirdim, bu yuxudur, ya gerçək. Adamın sözləri mənə küləyin uğultusu kimi gəlirdi.

- Metroya – dedim key-key.

Yol boyu heç nə danışmadıq. Hər yerin ağa büründüyünü görəndə bu dəfə sevindim. Uşaq kimi qar topu oynamaq keçdi içimdən.

Axşam təzədən işə gələndə sualımın altından belə bir cavab oxudum: “Sən qar deyilsən, insansan”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xanım yazarın povesti tamaşa oldu
15:27 28 Fevral 2020
Müşfiq Şükürlü: “Qadınlarla müvəqqəti münasibətlər daha yaxşıdır” – Müsahibə
14:49 28 Fevral 2020
Aydın Xırdalanlının qəbirüstü abidəsi hazırdır - Fotolar
14:10 28 Fevral 2020
Əsəd Cahangirdən sərt tənqid: "Hərə bir oyun qurur"
13:27 28 Fevral 2020
"Avroviziya - 2020"də Azərbaycanı o təmsil edəcək
12:48 28 Fevral 2020
Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:15 28 Fevral 2020
Stenli Kubrik filmində aktrisanı təhqir edib - Beysbol çubuğu ilə...
11:39 28 Fevral 2020
Tanınmış şairəni hədələdilər, polisə müraciət etdi
11:05 28 Fevral 2020
Saflıqdan gülünc vəziyyətə düşmək
10:57 28 Fevral 2020
Məşhur yazıçı vəfat etdi
10:25 28 Fevral 2020
"Eurovision 2020" təxirə düşə bilər
10:07 28 Fevral 2020
Mənim Xocalım oldun - Şəhriyardan yeni şeirlər
09:30 28 Fevral 2020
Günü zibilliklərdə eşələnməklə keçirdi - Bircənin romanı
09:00 28 Fevral 2020
Elçinin pyesi əsasında hazırlanan tamaşa təqdim olundu
19:06 27 Fevral 2020
Kukla teatrının direktoru beynəlxalq festivalda
18:39 27 Fevral 2020
Seçilmişlər həmişə müqəddəs olmurl! - Orxan Fikrətoğludan yeni hekayə
18:00 27 Fevral 2020
Yeni şeir kitabı: “Sevgi tozu”
17:21 27 Fevral 2020
Çəkiliş zamanı məşhur sənətçinin ayağı qırıldı
16:42 27 Fevral 2020
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
16:07 27 Fevral 2020
Şpilberq "İndian Cons"un beşinci filmini çəkməkdən imtina etdi
15:28 27 Fevral 2020