news-inner
clock11:01 calendar-gray 16 Noyabr 2016 view-gray309 dəfə oxunub
view-gray309 dəfə oxunub

Murad Köhnəqala: “Anarı yaxşı tanımadığıma görə peşmanam”

Kulis.az Murad Köhnəqalanın “Yeni Müsavat” qəzetinə müsahibəsini təqdim edir.

“Yeni Müsavat”a müsahibəsində M.Köhnəqala AYB sıralarına geri qayıtması və bunun arxasında dayanan səbəblərdən danışdı. Müsahibimiz öncə quruma üzv olmasına və AYB ilə yollarını birləşdirməsinə toxundu.

- Yazıçılar Birliyinə üzv olduğum doğrudur. Bir dəfə mən Kəramət Böyükçöllə müsahibəmdə Anar haqqında sözlər demişdim. Anarla bağlı söhbətdə hardasa günahı özümüzdə görmüşdüm. Anardan açıqlama alanda da o demişdi ki, Murada bütün qapılarımız açıqdır. Bundan sonra Elçin Hüseynbəylinin vasitəçiliyi ilə Anar müəllimlə görüşdüm. Yazıçılar Birliyinin üzvlüyünə bərpa olunmaq üçün müraciət etdim və məni üzv qəbul elədilər. Bəli, dedikləriniz düzdür.

- Yenidən qayıtmaq üçün etdiyiniz müraciətin kökündə nə dayanır? Siz qalmaqallı şəkildə ordan çıxmışdız və etirazlar edirdiz...

- (Müdaxilə edir) Yox, yox... Elə deyil. Biz o vaxt Azad Yazarlar Ocağını (AYO) təsis edəndə nizamnaməmizə belə bir bənd salmışdıq ki, AYO-nun üzvü olan heç bir ədəbi birliyin üzvü olmamalıdır. O zaman da o bəndi mən saldırmışdım. Çünki Yazıçılar Birliyinin üzvü olan uşaqların çoxu bizə müraciət edirdi ki, bizi də üzvlüyə qəbul edin. Biz də deyirdik ki, ikili oynamaq olmaz. Ya o üzdən olun, ya da bu üzdən. Mən bu məsələni aydın şəkildə qoymuşdum. Ərizəmi də qurumun o vaxtkı katibi, rəhmətlik Arif Əmrahoğluna vermişdim. Qalmaqalsız və sakit şəkildə. Ərizəmdə də qeyd etmişdim ki, biz belə bir ədəbi qurum təsis etmişik və ona görə də Yazıçılar Birliyindən çıxmalıyam.

- Murad bəy, o vaxtdan bu vaxta AYB-də dəyişən nə var ki, siz bu qədər fasilədən sonra yenidən ora qayıtdınız? Məqsəd təkcə təqaüd və ya hansısa sosial şərtləri təmin etməkdən gedir?

- Bilirsiz məsələ nə yerdədir? AYO-nu Rasim Qaraca və Həmid Herisçi ilə birgə təsis etmişik. AYO-nun ideyası mənə məxsus olub və bunu Rasim Qaracaya danışmışam. Rasim əvvəlcə buna razı olmayıb. Belə bir təşkilat yaratmağın mənası olmadığını deyib. Sonra bu söhbətə 1 ay sonradan qayıtdıq. Bulvarda söhbət edirdik. Dedik ki, bu qurumu kimlə, necə yaradaq? Həmid o vaxt Bəhram Gurun heykəlinin yanında yerləşən bacısının evinin qabağında idi. Getdik ora. O da orda bizi gözləyirdi...Həmidi də orda razılaşdırdım. Dərhal sonra müəyyənləşdirdik ki, nələr etməliyik, strategiyamız nədir-filan.

- Bəy, üzr istəyirəm, mənim sualım başqa idi. Siz qurumun yaranma hekayəsini danışırsız, mən isə...

- Yox, ona gətirirəm də. Bir yerdə AYO-nu yaratdıq, dost olduq. Sonra AYO-dan da çıxdım. Səbəblərini açıqlamıram. Amma sözsüz ki, narazılıqlarım oldu. Oradan çıxandan sonra bizim əlaqələrimiz itdi. Ömrü boyu Rasimə də, Həmidə də mən zəng edərdim. Onlar heç vaxt mənə zəng etməzdi. Onlar böyük və ağır adamlardır. Özlərini də ağır seyid kimi aparırdılar. Bir ara rayonda yaşadım. Bakıya gələndə bir neçə dəfə şəhərdə Rasimi görmüşdüm. Rasim məni görməzliyə vurub gedirdi. Mən onda anladım ki, bunlardan mənə dost olmaz. Çox peşman oldum ki, Anarla dostluğumu davam etsəydim, yüz dəfə bundan yaxşı olardı. Bizim ədəbi davalarımız estetik davalardır. Kimin nə yazıları var, kim nə yazır, özü bilər. Daha konkret desək, cərəyanlar, nəsillər davası olub. Bu davanı 60-cılar da 50-ci illər nəsli ilə aparıb. Bu, təbiidir. Amma insani baxımdan yanaşanda gördüm ki, Anar dostlarından heç birini atmayıb. Düzdür, Anarın ətrafında çox adam olub, özləri hoppanıb-düşüblər, qaçıblar, gediblər... Amma Anar bir dostuna belə etibarsızlıq etməyib. Gördüm ki, bunların hamısından ən etibarlı Anardır. Yazıçılar Birliyinə özüm qəsdən üzv olmaq istədim. İndi soruşursuz ki, təqaüd... Mən heç bilmirəm ki, mənə təqaüd veriləcək, ya verilməyəcək... Verilsə, alacam, verilməsə, heç kimdən inciməyəcəm. Mən təqaüdə görə AYB-yə üzv olmamışam ki.

- Təqaüd üçün müraciət etməmisiz?

- Yox. İlk müsahibəmdə də demişəm ki, mənim Yazıçılar Birliyinə, onların da mənə ehtiyacı yoxdur. Mən, sadəcə, vicdani bir söz dedim Anar müəllim haqda. Əslində əvvəldən mənim Anarla aramda heç nə olmayıb. Mən Anardan xeyli kiçiyəm. Mən kiməm ki, gündə Anar müəllimlə bir məclisdə oturmurduq ki... Sadəcə, aramız yaxşı idi. Mən Anar müəllimə, o da mənə hörmət edirdi. Sonra da aramız soyudu. Aramız soyuyubsa, günah kimdədir? Məndə! Anar müəllim heç nə etməyib. Mən vicdani olaraq bir müsahibədə bunu təsadüfən dedim. Yazıçılar Birliyinə qayıtmaq fikrim yox idi. Sonra Elçin Hüseynbəyli təşkilatçılıq etdi və belə bir görüş baş tutdu.

- Mən görüş barədə detalları soruşum. Təbii ki, mətbuata açıqlaya biləcəyiniz qədər detalları... Anar müəllim hər zaman müsahibələrində deyirdi ki, “tövbə qapımız açıqdı, kim gəlsə qəbul edəcəyik” və sair. Söhbət “tövbə janrında” keçdi?

- Bizim yanımızda Elçin Hüseynbəyli də oturmuşdu. Anar müəllim dedi ki, mənim səndən incikliyim yoxdur. Mən dedim ki, AYB-AYO polemikaları oldu və olmalı idi. Bu, 50-cilərlə 60-cılar nəsli arasında da olub. Dedi, düzdür. Dedim, bu polemikaların ədəbiyyata da faydası oldu. Bunu da təsdiqlədi. Amma ardınca dedi ki, bəzən sərhədi keçənlər də olmuşdu, sən də keçmişdin. Soruşdum ki, mən nə zaman keçmişdim? Dedi, bir dəfə atamdan yazmışdın. Amma mən xatırlamıram. Açığı, heç özüm də sevmirəm ki, kiminləsə polemikaya girəndə onun valideynlərini də müzakirə obyektinə çevirim. Həmişə də ətrafımda olan uşaqlara da deyirdim ki, kimlə problemin varsa, onun özündən danış. Anar müəllimə də dedim ki, xatırlamıram. Bu hadisədən uzun müddət öncə rəy sorğusu aparılaraq, “ən yaxşı şeir”i soruşmuşdular. Mən Rəsul Rzanın “Rənglər” şeirini demişdim. Uşaqlar elə bilmişdi ki, mən bunu ironiya ilə deyirəm. Amma elə deyildi, tam səmimi demişdim.

- Bəs Anar müəllim sizə nəsə vəd elədi?

- Anar müəllimin mənə ilk sualı belə oldu ki, mən sizə nə kimi köməklik edə bilərəm? Məsələn, bu sözü mənə heç bir dostum deməyib. Orda özümü bir az pis hiss etdim ki, necə olub mən bu adamı bu qədər müddət düzgün tanımamışam.

- Yəni peşman olduz bu günə qədərki mövqeyinizə görə?

- Bəli, peşmanam. O, ədəbi-estetik polemikalara görə yox, sadəcə, ona münasibətimə, onu tanımadığıma görə. O, məndən yaşlıdır, böyük bir nəslin, ailənin nümayəndəsidir. Mən onu öz dostlarımla müqayisə etdim. Gördüm ki, mənim heç bir dostum mənə deməyib ki, sənə hansısa köməyim dəyə bilərmi?

- Yəni söhbəti belə yekunlaşdırmaq olarmı ki, siz öz yolunuzu dəyişmisiz, dostlarınıza da xəyanət etdiyinizi düşünmürsüz...

- Yox, mən heç bir yolumu dəyişməmişəm. Sadəcə, yanıldığımı görmüşəm. Kiməsə çox inanmışam, kiməsə az. Peşmançılıqlarım var bir az. Söhbət Anardan gedirsə, bu günə qədər onu yaxşı, düz tanımamışam.

Sevinc TELMANQIZI

news-inner-user

17077 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020
Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
18:49 23 Noyabr 2020
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
18:12 23 Noyabr 2020
Cümhuriyyət qadınları haqqında kitab çap olundu
18:00 23 Noyabr 2020
Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
17:20 23 Noyabr 2020
Berlin Film Festivalından 2021- ci il qərarı
16:45 23 Noyabr 2020
Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
16:02 23 Noyabr 2020
Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
15:21 23 Noyabr 2020
Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
14:41 23 Noyabr 2020
Qatillərinə baş daşından gülən adam
14:00 23 Noyabr 2020
Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazırlar...
13:32 23 Noyabr 2020
Yavaş-yavaş ötür yaşım - Salamdan yeni şeir
12:52 23 Noyabr 2020
Rejissor Şuşadan film çəkmək üçün müraciət etdi
12:20 23 Noyabr 2020
Teatrdan qovuldu, heç vaxt evlənmədi, ruhi dispanserdə yatdı: Səməndər Rzayevin üç gün öncə intihar edən aktyor oğlu
12:10 23 Noyabr 2020
Məşhur serialların ulduzu vəfat etdi
11:35 23 Noyabr 2020
Maşınla qovaladğımız erməni qız
11:03 23 Noyabr 2020
Hazır ol qayıdışa - Şəhriyar Şuşaya şeir həsr etdi
10:30 23 Noyabr 2020