İlk cizgi filmi qəhrəmanı dinozavr olub? - ARAŞDIRMA

İlk cizgi filmi qəhrəmanı dinozavr olub? - <span style="color:red;">ARAŞDIRMA
26 oktyabr 2016
# 13:16

1917-ci il 26 sentyabr günü tarixdə ilk tammetrajlı cizgi filmi çəkilib. “Həvari” adlanan cizgi filminin rejissoru argentinalı Kvirino Kristiani idi. 69 dəqiqəlik filmin yeganə nümunəsi 1926-cı ildə yandığı üçün günümüzə gəlib çatmayıb.

Bəs cizgi filminin tarixi hardan başlayır?

Kino sənətinin əsas növlərindən biri də cizgi filmləri, başqa sözlə animasiya (canlanma) kinosudur. Ona multiplikasiya kinosu da deyilir.

Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır.

Animasiya sahəsində də kibernetik maşınların tətbiqinə geniş yer verilib. Onlara kompüter animasiyası deyilir. Bu cür filmlər hazırda çox geniş yayılıb və sürətlə inkişaf etməkdədir.

Şəkildə hərəkəti göstərmək cəhdləri hələ qədim dövrlərdən olub. İlk primitiv multiplikasiyalar isə XIX əsrin birinci yarısından meydana gəlməyə başlayıb. Belçika fiziki Jozef Platonun, Avtstriya professoru Simon-fon Ştampfer və başqa ixtiraçı ekranda hərəkət edən şəkilləri göstərmək üçün fırlanan disk, şəkilli lentlərdən, işıq üçün fonardan istifadə edirdilər. Bu texnologiyanın inkişafı kinematoqrafiyanın yaranmasına gətirib çıxardı.

30 avqust 1877-ci il isə cizgi filminin yaranması günü hesab olunur.

İlk multiplikasiya qəhrəmanı isə kino filmində yaradılıb. Bu Uinzor Makkeyin 1914-cü ildə yaratdığı Dinozavr Qerti obrazı idi.

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə "Azərbaycanfilm" Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunub.

Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. "Abbasın bədbəxtliyi" adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.

İkinci Dünya Müharibəsinin başlanması ilə cizgi filminin çəkilişləri ilə bağlı işlər yarımçıq qaldı. Yalnız 1960-cı illərin sonlarında cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı.

1968-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexi bərpa olundu. Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan" adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. "Cırtdan" kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu.

Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, "Cırtdan"ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

1970-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdu. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi "Ayı və siçan" (rej. N.Məmmədov) və "Şir və öküz" (rej. A.Axundov) mikrofilmlərdir.

Üçüncü – "Fitnə" (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur.

"Pıspısa xanım və Siçan bəy" (1974) və "Cücələrim" (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır.

1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir.

"Çaqqal oğlu çaqqal" kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

"Toplan və kölgəsi" (1977), "Sonrakı peşmançılıq" (1978) və "Sehrlənmiş küpə" (1979) cizgi və applikasiya filmlərində (rej. N.Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır.

"Qız qalası əfsanəsi" cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılıb.

XX əsrin 80-ci illərində kinostudiyada 38 adda cizgi filmi istehsal olunub.

N.Gəncəvinin "Xeyir və Şər" əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi (rej. N.Məmmədov) böyüklər üçün nəzərdə tutulub.

"Akvarium" applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir.

Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə "Münəccimin şagirdi" filmində (rej. A.Məhərrəmov) istifadə olunub. Xalq nağılları əsasında yaradılmış bu filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətə düşən bir yeniyetmədən danışılır.

1990-cı ilin aprelində Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, "Azanfilm" Yaradıcılıq-İstehsalat Birliyi oldu. "Azanfilm" – Azərbaycan animasiya filmləri deməkdir.

XX əsrin 90-cı illərində "Azanfilm" markası altında 19 cizgi filmi çəkilib. Bunların arasında "Bir dəfə haradasa..." (rej. V.Talıbov), "İthaf" (rej. Ş. Nəcəfzadə), "Oda" (rej. V.Talıbov, R.İsmayılov), "Sərkəyin dastanı" (rej. A.Məhərrəmov), "Göyçək Fatma", "Karvan" (rej. N.Məmmədov), "Güzgü", "Dəniz gəzintisi", "Ümid" (hamısı rej. E.Axundov), "Söhbətül-əsmar " (rej. E.Hami), "Şüəla" (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.

İncəsənətin başqa sahələrində olduğu kimi animasiya sahəsində də mükafatlar verilir. Amerika Kinematoqrafiya Akademiyası 1932-ci ildən başlayaraq animasiya filmlərinə Oskar verilməsini nəzərdə tutub.

Qeyd: Materialın hazırlanmasında Vikipedia materiallarından istifadə olunub.

# 2747 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #