Qarpız qabığı – İsi Məlikzadənin hekayəsi

Qarpız qabığı – İsi Məlikzadənin hekayəsi
25 oktyabr 2016
# 17:49

Kulis.az İsi Məlikzadənin “Qarpız qabığı” hekayəsini təqdim edir.

Atası bu gün də Kərimi danladı.

- Vaxtını boş keçirirsən, belə yaramaz. Hələ dərslərin başlanmağına çox qalıb. Heç olmasa kitab oxu, bir işdən yapış.

Kərim başını aşağı salıb dinmədi.

- Bu gün sənə tar alacağam, çalmağı öyrənərsən, - deyə ata dilləndi. Kərim sevindi.

- Lap elə bu gün?

- Elə bu gün.

Atası gedən kimi, Kərim eyvana çıxdı. Həyətdə dənlənən quşları görüb fikirləşdi. “Görəsən onlardan bir neçəsini tuta bilərəmmi?... Bax, o sığırçınları ələ keçirə bilsəydim yaxşı olardı. Onlara yuva tikərdim, dən verərdim”.

Kərim evdən bir ovuc çörək qırıntısı götürüb həyətə çıxdı. Arxadan quşlara yaxınlaşdı. Əlini irəli uzadıb “cib-cib” deyə onları səslədi. Ürkmüş sığırçınlar pırıltı ilə uçub getdilər. Kərim onların arxasınca baxdı. Quşlar binanın qabağındakı tiyanda qır əridən qırçıların yanında yerə endilər. Kərim də ora getmək istədi. Kimsə onun qoluna toxundu. Kərim geri dönüb sinif yoldaşı Zöhrabı gördü.

- Bu yazıq quşları niyə qırırsan? - deyə Zöhrab soruşdu.

Kərim ovcundakı çörək qırıntısını yoldaşına göstərdi.

- Mən onları tutmaq istəyirəm.

- Kərim, bax, mənim sığırçınlarıma dəymə ha.

- Səninki haradan oldu?

- Mənimkidir də. Eyvanımıza qonur, dən də verirəm. Hər səhər gəlib gözləyirlər ki, mən onları yedizdirim.

- Eh, nə çox quş, nə bilirsən ki, həmin sığırçınlar hər gün gəlirlər?

- Həminkilərdi, - deyə Zöhrab etiraz etdi. - Onlar üçün taxtadan balaca ev tikəcəyəm. Qoy, hər gün gəlib oxusunlar... Bax, bir də deyirəm: mənim quşlarıma dəymə.

Zöhrab getdi. Kərim onun arxasınca qışqırdı:

- Eyy! Bir azdan görərsən mən nə edəcəyəm. - Kərim sol qolunu yana uzatdı, sağ qolunu dirsəkdən qatlayıb şəhadət barmağını sinəsinə vurdu. -Tar çalmağı öyrənəcəyəm. Onda gələrsən səninlə danışaram.

O, çörək qırıntısını şalvar cibinə tökdü. Qısa qollu sarı köynəyini dartışdıra-dartışdıra kölgəyə getdi. Burada dövrə vurub oturan qırçılar iri bir qarpız kəsmışdilər. Kərim gah qır tiyanına, gah qırçılara, gah da göyə baxırdı. O, Zöhrabın sözlərini xatırladı: “Mənim quşlarıma dəymə”. Kərim çiyinlərini çəkdi. “Gör nə qəribə sözlər danışır. Bütün dünyanın quşları onun deyil ki?”

Qırçılar qarpızı yeyib ayağa durdular. Kərim nəsə fikirləşib gülümsədi. Gözünün birini qıyıb öz-özünə dedi:

- Yaxşı, Zöhrab, indi mən sənə göstərərəm.

O, tez yerindən qalxdı. Cibindən qara dəstəkli, balaca qatlama bıçaq çıxartdı. Divarın dibindəki qarpız qabıqlarını xırda-xırda doğrayıb həyətə girən yerdə asfalt döşəməyə tökdü. Bura bir az eniş idi. Qış vaxtı hamı burdan ehtiyatla keçirdi. Kərim evin tinində dayanıb Zöhrabın yolunu gözlədi.

Elə bu vaxt Kərim atasını uzaqdan gördü. Onun əlində tar vardı. Kərim sevincək atasına tərəf qaçdı. Tarı alıb o tərəf-bu tərəfinə baxdı. Barmaqları ilə simləri tərpətdi. Şadlığından bilmədi neynəsin. Tarı anasına göstərmək üçün evlərinə tərəf qaçdı. Birdən ayağı sürüşüb yıxıldı. Tarı asfalt döşəməyə dəyib qırıldı. Bu nə iş idi onun başına gəldi? Kərim hirsli-hirsli yerə baxcaq ayağı altında qalmış özü doğrayıb tökdüyü qarpız qabıqlarını gördü və fikrə getdi.

1964

# 2376 dəfə oxunub

Oxşar xəbərlər

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

12:00 25 noyabr 2026
Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

Azərbaycan xalqının damarına düşməyən hekayə - “Tavriya” niyə oxucunu narahat edir?

12:00 25 noyabr 2026
Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

10:00 25 noyabr 2026
Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər