Şairlərdən soruşduq: "Hansı cərəyandansınız?" - SORĞU

Şairlərdən soruşduq: "Hansı cərəyandansınız?" - <span style="color:red;">SORĞU
24 oktyabr 2016
# 15:57

Ədəbiyyatda müxtəlif cərəyanlar var: realizm, romantizm, modernizm, postmodernizm və s. Bəs gənc ədəbi nəsil özünü hansı cərəyana aid edir.

Kulis.Az bu barədə şairlər arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Səlim Babullaoğlu

Modernizmlə nəsə bir əlaqə olmalıdır... Ümüumiyyətlə, isə bu cür suallara ədəbiyyatçünaslıq cavab versə daha düz olar...

Qismət

Nəzəriyyə oxumağı həmişə sevmişəm, əvvəllər bu kor-təbii idi, amma 5 il davamlı şəkildə müxtəlif universitetlərdə mühazirələr oxudum və həmin müddətdə bu marağım həm də vərdişə çevrildi. Müəllifin özünü hansısa cərəyana aid etməsindən danışması çətin məsələdir, bəlkə də daha çox özümü hansına yaxın hiss etdiyimdən danışa bilərəm. Şair Vilyam Batler Yeytsin məşhur bir sözü var, deyir ki, ilk modernistlər son romantiklər idi. Bu ifadə maraqlı bir keçidə işarə vurur və nəzəriyyədə belə bir bölgünü yada salır. Təxminən belədir ki, modernizmlə postmodernizmin arasında keçid mərhələsi kimi bir postmodernite də var. Bu, belə deyək ki, postmodern düşüncənin hələ “izm” çevrilmədiyi bir məqama işarə vurur. Məncə, biz indi bu ərəfədəyik. Sekulyarlığa, dinə, milli kimliyə aid suallar veririk, post-kolonial bir reflekslə mentalitetlə münasibətlərimizi aydınlaşdırmağa çalışırıq, əvvəllər az qala heç olmayan feminizm görünməyə başlayıb və s. Amma bu çox ümumi mənzərədən uzaqlaşıb, lap fərdi plana enəsi olsam, şəxsən mənim üçün sonsuz forma axtarışları, “Dünya Mətn kimi” və “Dünya Oyun yeri kimi” postulatları daha doğmadır.

Zahir Əzəmət

Çoxdan yazmadığıma görə özümü hazırda xətdən ayrılmış elektrik cərəyanına aid edirəm.

Alik

Heç bir cərəyana aid etmirəm özümü. Bəlkə də müxtəlif cərəyanlara aid olan adamların müxtəlif əsərləri məndə öz təsirini qoyur. Amma özümün konkret olaraq hansısa cərəyana aid olduğumu düşünmürəm.

Aqşin Yenisey

Ədəbiyyata insanın mənəvi ehtiyacı kimi yox, bir elm sahəsi kimi baxan şairlər, yazıçılar, ədəbiyyatşünaslar çoxdur. Hər biri də öz tezislərində haqlı. Mənim üçün ədəbiyyat ilk növbədə özümün mənəvi ehtiyaclarımı qarşılamaq üçündür. Və bu ehtiyacları ödəməyən heç bir “izm”in nümayəndəsinə mənim rəfimdə yer yoxdur. Yəni məsələn, bizim yazıçılar Orxan Pamuka, Umberto Ekoya heykəl də qoysalar, postmodernizm mənim gözümdə, tutalım, Qoderzi Çoxelinin “Qartalla uçuş” əsərini əvəz edə bilməyəcək. Bu qədər net!

Cəlil Cavanşir

Nə şeirlərimdə, nə də hekayə və romanlarımda konkret hansısa bir ədəbi cəryanı düşünməmişəm. Mənə elə gəlir ki, bunu tənqidçilər, ədəbiyyatşünaslar düşünməli, son hökmü onlar verməlidir. Şeirlərimdə sürrealist məqamlar da olur, sırf postmodern estetikayla yazdığım şeirlər də var. Realizmə aid etdiyim şeirlər də var. İlk romanım metaroman, ikincisini sırf postmodern estetikaya aid hesab edirəm. Bu qarışıqlığın içərisində bütövlükdə hansısa cərəyanı sona qədər izlədiyimi deyə bilmərəm. Dövrün tələbini və ədəbiyyatın hazırki inkişaf yolunu nəzərə alsaq bütövlükdə postmodern epoxanın içərisindəyik. Və məncə bütün axtarışlarımız hazırda bir cərayənanın - postmodernizmin daxilindədir. Bu baxımdan özümü postmodern yazar hesab edirəm.

Aqşin Evrən

Əgər söhbət mətndən gedirsə, bu haqda heç vaxt düşünməmişəm. Yəni heç vaxt “realist, postmodern, modern mətn yazacağam” ideyası ilə yola çıxmamışam. Poeziyanı bu cür ötəri “zon”ların içinə salmağın tərəfdarı deyiləm. Mahiyyəti, varlığı idrak prosesinə gəlincə, fərd olaraq daha çox ekzistensial-absurdizmə meylliyəm. Deyilənə görə, yazdığım şeirlərdə də bunlar - məhz ekzistensializm, absurdizm və modernizm elementləri var. Ümumilikdə isə özümü heç bir cərəyana aid etmirəm, aid eləyənlərə də pis baxmıram.

Rəbiqə Nazimqızı

Özümü heç bir cərəyana aid eləmirəm, çünki bu barədə düşünməmişəm və düşünmürəm, açığı, ədəbiyyat barədə söhbətlər mənə maraqlı deyil, müzakirəni qoy tənqidçilər eləsinlər, araşdırsınlar, baxsınlar, danışsınlar, mənim bütün bunlara sadəcə vaxtım yoxdur, iş, əlavə qazanc mənbələri barədə düşünmək, vaxt qalsa - yaradıcılıq, dostlar... Mənim üçün yaxşı mətn önəmlidir, onun hansı cərəyan təmsilçisi yazıb, hansı ideyanı vermək istəyib, hansı mövzunu işləyib - bunlar sonrakı məsələlərdir. Əsas icradır.

Sevinc Elsevər

Realistəm. Hətta şeirlərimdə belə real detallarla işləməyi sevirəm. Məsələn, buludlar ağladı yerinə elə yağış yağdı yazanları sevirəm. Realizm heç vaxt köhnəlmir və ana dilimizdə də realizmin bir adı da həqiqətdir. Bəlkə də kinematoqrafiya ilə bağlılığı olan bir adam olduğumdan realizmi çox sevirəm. Kino tarixində də neorealistləri və tənqidi realistləri bəyənirəm. Bu gün ölkəmizin və insanımızın da məncə ən çox ehtiyacı olan şey budur - reallıq və reallığı əks etdirən mətnlər.

Yayda əlimə bir kitab keçmişdi. Balaca kitab idi, “Çin rəvayətləri” adında. Orda bir rəvayət çox xoşuma gəldi. Rəssama sual verirlər ki, Allahın şəklini çəkmək çətindi, yoxsa xoruzun? Deyir ki, əlbəttə xoruzun şəklini çəkmək daha çətindir. Allahı heç kim görməyib. Özün necə çəkə bilirsən o cür çək, de ki bu Allahdır. İnanacaqlar. Amma xoruzu hamı görüb. Bircə səhv eləsən o saat biləcəklər. Heç kimi aldada bilməyəcəksən ki, bu xoruzdu.... Real boyalarla, detallarla işləmək çox daha çətindir...

Məni ən çox reallığı göstərməklə heyrətləndirə bilərsən. Başqa heç cür.

Əsəd Qaraqaplan

Əslində bu barədə mən “Ən Özgür Ədəbiyyat" seriyasından kitablarımı çıxartmağa başlayandan öz fikrimi hər kitabın arxasında qısaca bildirmişəm. 2009-2010-dan bu düşüncəyə gəlib çıxmış, bu haqda belə yazmışam: “Ən Özgür Ədəbiyyat seriyası heç bir ədəbi çevrəyə mənsub olmayan, özünü heç bir ədəbi “...izm”ə, zümrəyə aid etməyən yazarların seriyasıdı. Bu seriyanın özəlliyi ondan ibarətdir ki, özünü Özgür bilən hər yazar bu loqini götürüb kitabını seriyaya daxil edə bilər. Bu, yazı adamının təkcə düşüncə, təfəkkür, mətn və s. özügürlüyünü deyil, həm də seçim özgürlüyünü ortaya qoyur.

Könül Arif (Həsənqulu)

Bədii mətni yazanda onun hansı cərəyana aid olacağını düşünməmişəm bu vaxtacan. Bircə mətnin ruhu qaçmamış, onu tamamlamaq və strukturunu qurmaq ilə məşğul olub düşüncəm. Qalan işləri isə mətni akademik təhlil edəcək tənqidçilərimizə həvalə edirəm və bunu həvəslə gözləyirəm. Onlar desin.

Hikmət Orhun

Səmimi olsam, özümü hər hansı bir ədəbi cərəyana aid eləmirəm, yəni qarşıma nə belə bir məqsəd qoymamışam, nə də bu haqda düşünməmişəm. Təbii, məqsədli şəkildə olmur belə şeylər, əlahəzrət mətn sizi o mərtəbəyə gətirib çıxarır. Məni tanıyanlar bu günə qədər daha çox şeirlərimi oxuyub onların arasından da daha çox klassik üslubda yazdıqlarım gözə çarpıb. (Hərçənd, mən özümü yenilikçi sayıram, hətta, bir vaxtlar mənasını bilmədən postmodernist də deyirdim) Camaat belə görürsə, qoy belə olsun.

Nəsr məsələsinə gələndə isə deyim ki, özümü hazır hiss etmirəm; nə yazmağa, nə də hər hansı ədəbi cərəyana sığdırmağa. Bu günə qədər alınan hekayəm olmayıb. Son dövr yazan çoxdur, oxuduqlarımın çoxuna gülüb keçirəm. Mənim üçün mətn çox müqəddəsdir. Özüm cəhənnəm, yazdığım mətni gülünc duruma düşürə bilmərəm. Özümü mətninə gülüb keçdiyim müəlliflərin yerinə qoyuram və əlimi saxlayıram. Nə zamansa yazacam, o zaman nə zaman gələcək, heç mən də bilmirəm.

Seymur Su

Mən özümü heç bir cərəyana aid etmirem. Çünki şeirlərimdə bəzən postmodern, bəzən sürrealist, bəzən də modernist çalarları daşıdığım olub. Heç birinə üstünlük vermirəm, çünki hələ də seçim anımın yetişmədiyini düşünürəm.

Orxan Bahadırsoy

Orxan Bahadırsoy cərəyanına aid edirəm özümü. Yarızarafat, yarıciddi... Mən heç vaxt müəyyən çərçivə daxilində fəaliyyət göstərə bilmərəm. Bu mənim təbiətimə də ziddir. Məndə dadaizm də var, ekzistensializm də var, realizm də var, sürrealizm də var, magik realizm də var, modernizm də var, postmodernizm də var, simvolizm də var, sentimentalizm də var, romantizm də var və s. Son dönəm işlədiklərim maarifçiliyə və tənqidi realizmə yaxındır. Ona görə də özümü hər hansı bir cərəyana aid hesab etmirəm. Ya hamısına aidəm, ya da heç birinə. Ümumiyyətlə mən sintezi çox sevirəm. Təsəvvür edin, mən bir bədii əsər işləyəndə çalışıram ki, hər səhifəsi bir ayrı cərəyana aid edilsin. Növlərlə və janrlarla da bu cür rəftar edirəm. Məsələn, dramatik növlə epik növü birləşdirib epik-dramatik növdə əsər yazdım. Lirik-psixoloji, elmi-bədii, tagikomik əsərləri sevməyim də bundan irəli gəlir yəqin. Ona görə buna Orxan Bahadırsoy cərəyanı deyək, kim istəsə əsaslarını da işləyib hazırlayaram.

# 780 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #