news-inner
clock12:50 calendar-gray 19 Sentyabr 2016 view-gray889 dəfə oxunub
view-gray889 dəfə oxunub

Nizaminin romanları – İradə Musayeva yazır

Kulis.Az tənqidçi İradə Musayevanın “Azərbaycan ədəbiyyatında mənzum roman tarixi və müasir dünya romançılığı…” məqaləsini təqdim edir.

(Ədəbiyyatşünaslığın klassik irs problemi: N.Gəncəvinin romanları haqqında)

Janrın aktuallığı zamandan, dövrün sosial-siyasi mənzərəsindən, cəmiyyətin mədəni-ictimai düşüncə fəallığının tələbatından asılıdır. Ziddiyyətlər, təbəddülatlarla dolu dövr, zaman və cəmiyyətlər var ki, onun problemini ifadə etmək üçün yalnız roman janrı məqsədəuyğun hesab edilə bilər. Ya da yazarın öz “zamansızlıq”, “macalsızlıq” yaşayan oxucusu ilə ədəbi müsahibliyi ancaq hekayə və ya povest həcmində ünsiyyətə imkan verə bilər və s. Bu baxımdan roman janrı ictimai-siyasi, sosial ziddiyyətlərin kəskinləşdiyi, hadisələrin fərdi, şəxsi sferadan çıxıb milli və qlobal problemlərlə əlaqələndiyi məqamlarda aktuallaşır – qənaətinə gəlsək, yanılmarıq...

Bizim bugünkü romanlarımız hansı tarixi inkişaf yolunu keçib, onun sələfi, məsələn, ilk mükəmməl epik nəsr nümunələrindən olan M.F.Axundovun “Aldanmış kəvakib” povestidir, yoxsa, ilk mükəmməl epik nəzm nümunələrindən olan “Xosrov və Şirin” poemasıdır? Maraqlıdır ki, janr xüsusiyyətlərinə görə bir-biri ilə ortaq məxrəcə gəlməyən bu iki ədəbi nümunə (“Xosrov və Şirin”, “Aldanmış kəvakib”) ayrı-ayrılıqda ədəbiyyatşünaslarımız tərəfindən Azərbaycan ədəbiyyatının ilk romanı kimi səciyyələndirilir.

Romanın povest xüsusiyyəti, oxşarlığı daha çoxdur, ya poema bənzərliyi? Maraqlıdır ki, XII-XIII əsrlərdə roman dil qrupuna aid olan dillərdən (fransız, italyan, ispan və s.) birində təhkiyə əsasında yazılan əsər “roman” adlanırdı. Ona görə maraqlı görünür ki, dünyanın müxtəlif ədəbiyyatlarında epik şeir, epik tərzdə ifadə üslubunun formalaşması təxminən eyni dövrə təsadüf edir: II minilliyin əvvəllərinə. Dünyanın ilk romanı hesab edilən, bu günə qədər də Yapon ədəbiyyatının ən dəyərli nümunəsi kimi qiymətləndirilən “Genjinin hekayəsi” (1010) romanını Murasaki Shikibu qələmə alıb. “O zamanlar Çin dili Yapon sarayında dövlət dili olduğuna görə, yaponca yazılmış əsərlərə ciddi yanaşılmırdı. Əsasən kişilər təhsil ala və Çin dilini öyrənə bilirmiş. Murasaki Shikbu o zamanlar sırf kişi işi sayılan bir işə baş vuraraq, Çin dilini öyrənmişdi. Yaşadığı dövrdə də aparıcı ədəbi sima olmuş Murasakidən gündəliklər, şeir kolleksiyası, bir də sözügedən roman - “Genji'nin hekay'si" qalıb. Bu əsəri qiymətli edən onun süjetinin təxəyyül məhsulu olması, müəllifin şəxsi həyatının bioqrafiyası olmamasıdır. Roman həcmi böyükdür. 54 fəsildən ibarətdir. Bu romandan o dövr insanlarının əyləncə formaları, aristokratiyanın mədəniyyəti, insanların geyim-keçimi, əxlaq dəyərləri, gündəlik həyatı haqda məlumatlar əldə etmək olur. Romanın qəhrəmanı olan Genji yaraşıqlı, həssas, istedadlı məhkəmə işçisi, gözəl sevgili, sadiq dostdur. Romanın böyük bir hissəsi Genjinin məhəbbət hekayələrinə ayrılıb...”

Dünyanın ilk romanı nəzmlə yazılıb. Deməli, Azərbaycan ədəbiyyatında epik şeir nümunələri, poemalar kimi təhlil edilən klassik əsərlərimizin (məsələn, N.Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin) janr spesifikasına yenidən baxmaq zərurəti yaranıb.

Azərbaycan romanının yaranması və formalaşması prosesində təkcə dil-üslub, forma-məzmun, ideya xüsusiyyətlərini deyil, epik düşüncənin tarixini və poetik nəqletməni, təhkiyəni, onun nəzəri-estetik spesifikasını əsas götürsək, romanın bu ədəbiyyatdakı yaşı da bəlli olacaq. Epik düşüncənin yazılı ədəbiyyatda yaşı əlimizdə olan nümunələrə əsaslansaq, XII əsrdən başlayır. Ədəbiyyatımızda yaranan fars dilində epik şeir örnəkləri (XII əsr) və Azərbaycan dilində epik şeir örnəkləri (XIII əsr) təhkiyə üsulu ilə bədiiləşdirmənin ilk nümunələri oldu. Ədəbiyyatşünaslığımızın klassik irs tədqiqatçısı A.Rüstəmova “Azərbaycan epik şeirinin inkişaf yolları” (XII-XVII əsrlər) adlı monoqrafiyasında yazırdı: “XI əsrdən etibarən Azərbaycan şairləri də Yaxın Şərqin bir çox ölkələrində (Orta Asiya, Hindistan və s.) olduğu kimi, farsca yazmağa başladılar. Əbəttə, Firdovsi, Sənai sənəti öz ruhu etibarilə fars-dəri mühiti ilə, Xaqani, Nizami yaradıcılığı Azərbaycanla, Əmir Xosrov şerinin xüsusiyyətləri isə spesifik cəhətləri ilə Hindistanla bağlı idi. Bunu hər bir şairin qələmə aldığı təbiət və məişət təsvirləri, obraz və mövzuya yanaşmaq qaydaları, hətta dil-üslub xüsusiyyətləri də təsdiq edir. Ancaq bir inkaredilməz həqiqət də vardır ki, bu da farsdilli ədəbiyyatda bir sıra ümumi cəhətlərin olmasıdır. Orta əsrlərdə fars dilində yaranmış poeziyanın mövzu, janr xüsusiyyətləri və bədii ifadə vasitələri arasında bir yaxınlıq olmuş, Azərbaycanda yazıb-yaradan sənətkara Hindistandan, Hindistanda yazıb-yaradana Orta Asiyadan, sonuncuya isə İrandan cavab verilmişdir. Müxtəlif ölkələrdə yaşayıb, ayrı-ayrı xalqların nümayəndələri olan bu sənətkarlar çox zaman eyni mənbəyə müraciət etmiş, eyni mövzunu qələmə almış, eyni qədim əsatir və tarixdən faydalanmışdır”.

Məlumdur ki, Ə.Firdovsi Yaxın Şərq klassik ədəbiyyatında epik şeirin ən gözəl nümunəsini yaratmışdı. “Şahnamə”də fars və türk təfəkkürünün, müdrikliyinin fəlsəfəsini, poetikasını əks etdirən rəvayət, əfsanə, əsatir və nağıl elementlərinin cilası, sintezi aydınca görünməkdədir. Əsərdə epik genişlik, fəlsəfi məzmun və bəşəri ideya mahiyyətinə uyğun təhkiyə dili ilə ifadə olunur. Qəribədir ki, A.Rüstəmova bu əsərdən danışarkən hətta “povest” terminindən də istifadə etməkdən çəkinmir və yazır: “Bunlardan əlavə, burada nisbətən irihəcmli, tamamilə müstəqil aşiqanə-romantik dastanlara – povestlərə də təsadüf etmək mümkündür. Zal və Rüdabə, Xosrov və Şirin haqqındakı dastanlar bu qəbildən olub, əsərin ümumi kompozisiyasında qanunauyğunluq təşkil edir. Firdovsi “Şahnamə”sindən sonrakı dövr Yaxın Şərq epik poeziyasında əsasən aşiqanə şerin inkişaf dövrü idi. Hələ Firdovsi ilə bir zamanda yaşayıb-yaratmış Ünsünin də epik-aşiqanə məsnəvisi olduğu məlumdur. Lakin təəssüf ki, onlardan bizə yalnız biri, çox yəqin ki, yuxarıda adını çəkdiyimiz qədim dastanla üzvi surətdə bağlı olan “Vamiq və Əzra”nın bir hissəsi gəlib çatmışdır. Dövrümüzə qədər bir küll halında müstəqil aşiqanə roman kimi XI əsr şairi Fəxrəddin Gorganinin “Veys və Ramin”i mühafizə edilmişdir. Ehtimal ki, Fəxrəddin Gorganinin bu əsəri də Sasanilər dövrünün məhsulu olan eyni adlı dastanla əlaqədardır və onun müəllif tərəfindən işlənmiş sonrakı inkişafın nəticəsidir. Bunu əsərin ümumi ruhu da təsdiq edir. Şərqşünaslıq aləminə bu dövrün digər bir yadigarı – Əyyuqinin “Vərqa və Gülşa”sı da məlumdur. XI əsrin görkəmli Azərbaycan şairi Qətran Təbrizinin dörd epik - romantik əsər yazdığını qeyd edirlər ki, onları axtarıb üzə çıxarmaq hələlik mümkün olmamışdır”.

Azərbaycan farsdilli epik şeirinin inkişaf xüsusiyyətləri, təbii ki, fars ədəbiyyatında formalaşan epik şeir ənənəsinə söykənirdi. “Azərbaycan farsdilli epik şeirinin inkişaf tarixində təşəkkül və formalaşma dövrü, demək olar ki, eyni zamanda baş vermiş, Nizaminin “Xəmsə”si ilə özünün təkamül mərhələsini keçərək zirvə nöqtəsinə qədəm qoymuşdur. Heç şübhəsiz, farsdilli Azərbaycan epik şeiri artıq uzun illərdən bəri fars ədəbiyyatında formalaşmaqda olan epik şeir ənənələri əsasında yaranıb inkişaf edirdi və Nizami “Xəmsə”si də belə bir epik zəmin əsasında vüsət tapıb pərvazlanmışdı... fars dili saraylarda aparıcı dil olduğundan bu dildə yaranan ədəbiyyata saraylarda xüsusi rəğbət var idi. Heç şübhəsiz, bunun nəticəsi idi ki, farsdilli həm lirik, həm də epik şeir öz inkişaf səviyyəsinə görə anadilli ədəbiyyatı üstələmişdi. Türk-Azərbaycan dili şeir və sənət dili kimi saraylarda qəbul edilmədiyindən və bu dildə yaranan yazılı ədəbiyyat nümunələrinə dövlət tərəfindən qayğı olmadığından farsdilli ədəbiyyatla müqayisədə zəif inkişaf etmişdi”. (A.Mirzəyev)

Dünyanın ilk romanı (“Genjenin hekayəsi”) Yapon sarayında yaransa da, həmin dövrdə dövlət, eyni zamanda ədəbiyyat dili çin dili idi və bu əsər də həmin dildə yazılmışdı. Deməli, bizim farsdilli epik şeir nümunələrinin Azərbaycan ədəbiyyatına mənsubluğunun klassik qanunauyğunluğu da həmin məntiqə söykənə bilər.

Azərbaycan romanının tarixini və klassik modelini də məhz XII əsrdən, N.Gəncəvi yaradıcılığından başlayaraq araşdırmaq lazımdır. Epik təfəkkürün, epos təhkiyəsinin inkişaf zirvəsi xalq ədəbiyyatında da məhz bu zamandan təşəkkül tapmağa başlamışdı. Təsadüfi deyil ki, yazılı ədəbiyyatdakı epik şeir nümunələrində dastan, rəvayət, nağıl, əfsanə kimi şifahi xalq ədəbiyyatının epik növə aid janrlarının spesifik cizgiləri özünü biruzə verir. N.Gəncəvinin süjetlərindəki rəvayət, əfsanə mətnlərindən istifadə, nağıldan ideya-estetik üsul kimi yararlanma faktları göstərir ki, bu dövrdə yazılı və şifahi epik nümunələr qarşılıqlı təsir nəticəsində formalaşırdı. Daha sonra anadilli epik şeir nümunələrində dastan, epos formasından (nəsr və nəzm hisssələrinin məna-məzmun baxımından bir-birini tamamlaması) istifadə etməklə yeni forma nümunələri meydana gəldi. “Farsdilli məsnəvilərdə epik təhkiyə aparıcı olduğu halda, anadilli məsnəvilərdə epik təsvirlə lirik təqdimat vəhdətdə verilmişdir. Obrazların daxili aləmini, könül dünyasını, keçirdiyi hiss-həyəcanlarını, istək və arzularını, nigarançılıq və həzzin kədərini , iztirabını, vətən, ata-ana həsrətini, hekayət edilən hadisələrin daxili dinamikasını açmaq üçün bu məsnəvilərdə lirik şeir janrlarına da müraciət olunmuşdur. Bu da heç şübhəsiz, xalq yaradıcılığından, dastançılıq ənənəsindən gəlirdi”. A.Mirzəyev daha sonra yazır ki, bu cür lirik təqdimat ilkin anadilli məsnəvi olan “Dastani-Əhməd Harami”də bir qəzəl şəklində (“Yalvarış” adlı lirik ricət) müşahidə edilirdisə, sonrakı nümunələrdə bu qəzəllərin sayı artmaqda davam etdi. Belə qəzəllərin sayı hər bir məsnəvidə fərqlidir. İsanın “Mehri və Vəfa” əsərində 2, “Yusif və Züleyxa” müəllifləri olan Mustafa Zəririn əsərində 21, Suli Fəqihin əsərində 14, Şəmsin əsərində 8, Xətayi Təbrizinin əsərində 9, Yusif Məddahın “Vərqa və Gülşa”əsərində 12 qəzəldən istifadə edilmişdir.

Nəsr və nəzm komponentlərindən ibarət olan dastandakı hər hansı bir əhvalat, hadisə təhkiyə ilə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur. Ədəbiyyat nəzəriyyəsində dastan kimi poema janrını da epik-lirik (bəzən də lirik-epik) deyə, qarışıq janr kimi xüsusən fərqləndirilir. Azərbaycan romanının klassik forması və ilk nümunələri hesab etdiyimiz “poemaların” çoxunda bu əlamətlər özünü göstərir.

H.Araslı, A.Rüstəmova və roman janrından yazan bir çox ədəbiyyatşünaslar haqlı olaraq N.Gəncəvinin epik əsərlərini (“Sirlər xəzinəsi” istisna olmaqla) roman adlandırır. Təəccüblüdür ki, A.Rüstəmova “İsgəndərnamə”ni elmi-nəzəri cəhətdən əsaslandırmadan “fəlsəfi-qəhrəmanlıq” eposu hesab edirdi. Ümumiyyətlə, roman tədqiqatçıları, ya da klassik ədəbiyyatla məşğul olan araşdırıcılarımız “mənzum roman” anlayışı ilə bağlı təhlil, analiz, mühakimə xarakterli fikirlərini genişləndirməmiş, bu məsələnin üstündən ümumi, məlum məlumatlarla keçmişlər. Çox zaman sadəcə, -“Xosrov və Şirin” ilk mənzum romandır” - tezisi ilə kifayətlənmişlər. (Bu tendensiya da ədəbiyyatşünaslığımızın ayrıca bir problemidir - əsərin janrını bədahətən, heç bir nəzəri - estetik qanuna əsaslanmadan, ya da əsaslanmanın faktlarını izah etmədən elan etmək...) Deməli, “Xosrov və Şirin” ilk romanımızdır. Bəs onun roman spesifikası nədən ibarətdir? Niyə məhz yalnız “Xosrov və Şirin” ? Bu əsəri qalan 3 - eyni forma –struktur keyfiyyətinə malik əsərlərdən (“Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ayıran səbəb nədir? Əgər bu iddianı ədəbiyyatşünaslıq hökmü kimi ciddi qəbul ediriksə, izahından niyə çəkinirik? Alimlərimiz etiraz edə bilərlər, - “Necə yəni izah edilməyib, bu barədə çox yazılıb!” Əlbəttə, çox yazılıb, amma məsələn bu hökm (ilk mənzum roman!) “Xosrov və Şirin” əsərinin mətni, mövzu-ideya, forma-məzmun kontekstində təhlil edilməyib...

Azərbaycan romanının tarixi, yaranma dövrü, eyni zamanda onun inkişaf tendensiyası, tənəzzülü, təşəkkülü haqqında ədəbiyyatşünaslığın elmi-nəzəri yanaşması həmişə birmənalı olmayıb. Bu məsələ mübahisəli, bəzən də ziddiyyətli faktlarla təhlilə çəkilən elmi araşdırmaların predmeti kimi analitik və konseptual təhlil tələb edən ədəbi problem olaraq qalmaqdadır. Ədəbiyyatşünaslıq tariximizin görkəmli araşdırıcılarından bir çoxu (F.Köçərili, S.Hüseyn, A.Rüstəmova, M.Hüseyn, M.Arif, S.Əsədullayev, A.Hüseynov, T.Hüseynoğlu, X.Əliyev, Y.Axundlu, T.Salamoğlu,V.Yusifli, H.Quliyev, H.Ənvəroğlu, Y.Rzayev, N.Axundova və başqaları) roman janrının problemlərini, inkişaf istiqamətini müəyyənləşdirmək üçün müxtəlif zamanlarda onun Azərbaycan və dünya ədəbiyyatı tarixindəki yerini, mövqeyini müqayisəli şəkildə təhlilə cəlb ediblər. Bu tədqiqatlarda romanın tarixi, yaşı müxtəlif əsərlərlə ölçülüb. “Xosrov və Şirin” (N.Gəncəvi), “Aldanmış kəvakib” (M.F.Axundov), “İbrahim bəyin səyahətnaməsi” (Z.Marağayi), “Bahadır və Sona” (N.Nərimanov) və s. bu kimi nümunələr müxtəlif tədqiqatlarda fərqli-fərqli arqumentlərlə ilk Azərbaycan romanı statusunu alıb. Roman ideya-məzmun, ədəbi-estetik və struktur baxımdan epik növün elə mürəkkəb janrıdır ki, təkcə Azərbaycan deyil, dünya elmi-nəzəri düşüncəsində də tam şəkildə öyrənilməmiş vəziyyətdə qalıb. Bunun bir səbəbi odur ki, roman həm qədim, həm də müasir, hələ tam formalaşmamış, öz-özlüyündə axtarışda olan, məzmun və struktur xüsusiyyətlərinə görə bitkinləşməyən bir janrdır. Daima həyəcanda, axtarışda olan insan şüurunun, təfəkkürünün bəşəri və aktual suallarından biri kimi canlıdır, hərəkətdədir, inkişafdadır...

Aydın məsələdir ki, birrəngli, təkçalarlı janr anlayışı yoxdur. Bütün janrlar bir-biri ilə qarşılıqlı təsirdədir. Lakin roman bu janrlar içərisində ümumiləşdirici, sintezedici və tarixi, zamanı, insanları, onların mühitini, cəmiyyətini daha geniş şəkildə təhliledici xüsusiyyətləri ilə seçilən bir janr kimi dəyərlidir. Yuxarıda da göstərdiyimiz kimi, məsələn, XII əsr epos zamanıtək səciyyələnirdi və bu epik vüsət imkanlarından faydalanmaq cəhdi N.Gəncəviyə tarix, insanlar və cəmiyyətlər, hadisələr, ictimai-siyasi düşüncələr haqqında mənzum romanlar yazdırdı. Nə üçün N.Gəncəvinin “Xəmsə”sinə daxil olan bu 4 əsəri ilk romanlarımız hesab edirik? Bu əsərlərdə dünya roman nəzəriyyəsində dəyişməz, “roman qanunları” kimi təsdiqini tapmış konkret xüsusiyyətlər var: epik genişlik, hadisələrin mahiyyətində siyasi-ictimai, sosial, mənəvi-psixoloji problemlər, aid olduğu zamanın və cəmiyyətin simasını, xarakterini, səciyyəsini ifadə edə bilən tip, xarakter, portretlər, qlobal, bəşəri həqiqətlərin, insan şəxsiyyətinin həm də ədəbi-estetik dəyər kimi təbliği, tarixilik, konkret, qısa zamanı yox, tarixin böyük bir parçasının obrazını, bədii simasını yaratmaq hünəri və s.

N.Gəncəvi ədəbiyyatşünaslıqda daima şair kimi tədqiq olunduğu üçün onun mənzum romanlarına da sadəcə poema kimi baxılmış və nəzəri cəhətdən təhlillər də bu aspektdə aparılmışdır. N.Gəncəvi nəzm ustası, nazim kimi daha çox araşdırılır. ( N.Gəncəvi özü əsərlərini “dastan” adlandırmışdır, poema kimi səciyyələndirmələr ədəbiyyatşünaslığın yanlışlığıdır) Halbuki, epik monumentallıq, roman təhkiyəsi, roman süjetinin çoxşaxəliliyi, mətndə ictimai-siyasi problemin cəmiyyət kontekstində analizi və s. bu kimi xüsusiyyətlər təhlillərdə roman xüsusiyyətləri kimi ifadə olunmamışdır. Nəticədə, Nizaminin mənzum romanları ədəbi təqdimatlarda ənənvi süjetli, Şərq ədəbiyyatında mövzu və ideya baxımından təkrarlanan və hətta Nizami məktəbinin davamçıları və təkrarçıları olan müəlliflərin poemaları ilə eyni cərgədə dayanmalı olmuşdur. Klassik ədəbiyyatımızda epik şeirdən söhbət açılanda Ə.Xaqaninin “Töhfətül-İraqeyn”, N.Gəncəvinin “Xəmsə”, A.Ərdəbilinin “Fərhadnamə”, Ə.Təbrizinin “Mehr və Müştəri”, M.Əvhədinin “Cami-cəm”, “Dəhnamə”, anadilli epik şeir nümunələrindən “Yusif və Züleyxa” (Əli; XIII əsr), “Dastani –Əhməd Harami” (müəllifi məlum deyil; XIII əsr), “Yusif və Züleyxa” (Suli Fəqih; XIV əsr), “Vərqa və Gülşa” (Yusif Məddah; 1342), “Yusif və Züleyxa” (Mustafa Zərir; 1367), “Mehri və Vəfa” (İsa; XIV əsr) “Yusif və Züleyxa” (Şəms;1475), “Yusif və Züleyxa” (Şəms;1475), “Yusif və Züleyxa” (Xətai Təbrizi;XV əsr), “Dəhnamə” (Şah İsmayıl Xətai; 1506), “Leyli və Məcnun” (Həqiri;1525), “Bəngü Badə” (M.Füzuli; XVI əsr) və s. bu kimi əsərlərin adı çəkilir. Lakin adlarını sadaladığımız hər bir əsərin mövzu, ideya, məzmun, həcm, obrazlar, süjet, kompazisiya, ideya-fəlsəfi siqlət və s. baxımdan analitik təhlili zamanı məlum olacaq ki, N.Gəncəvinin əsərləri bu siyahıdan çıxarılmalıdır. Əgər biz, məsələn, N.Gəncəvinin “Xosrov və Şirin” ya da “İsgəndərnamə” mənzum romanını, ya da M.Füzulinin “Leyli və Məcnun” əsərini istənilən “Yusif və Züleyxa” poeması ilə eyni təhlil sferasına çəkiriksə, deməli, yanılırıq... Həmin əsərlərin mətnini nəsr dili ilə qələmə alsaq, N.Gəncəvinin yuxarıda adlarını çəkdiyimiz 4 əsəri Və M.Füzulinin “Leyli və Məcnun”u tam (müasir roman qanunları ilə təhlil edilsə belə) mükəmməlliklə roman prinsiplərinə cavab verəcək, qalanları isə yox...

Belə qənaətə gəlmək olar ki, Azərbaycan romanı öz tarixi inkişaf prosesində iki mərhələdən keçib. Birinci mərhələ XII əsrdən XIX əsrədək olan dövrü əhatə edir. Bu dövrün roman mənzərəsi daha çox N.Gəncəvinin adı ilə bağlıdır. N.Gəncəvinin mənzum romanları və M.Füzulinin “Leyli və Məcnun” əsəri bu janrın Azərbaycan ədəbiyyatındakı klassik nümunələridir - klassik Şərq ənənəsi üzərində bərqərar olan nümunələr. XIX əsrdən başlanan ikinci (nəsrlə yazılan və artıq Qərb ədəbiyyatında formalaşmağa başlayan yeni tipli romanların təsiri ilə yazılan) roman mərhələsi ilk hekayələrin (“Kitabi-Əsgəriyyə” –A.Bakıxanov; “Rəşid bəy və Səadət xanım” –İ.Qutqaşınlı) və povestin (“Aldanmış kəvakib”-M.F.Axundov) qanunauyğun davamı kimi meydana gəldi.

Dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da roman janrının meydana gəlməsi ilə onun nəzəriyyəsinin öyrənilməsi arasında böyük zaman fərqi var. Ona görə də araşdırmaçılarımız müasir, modern zamanın yaradıcılığı, janrı kimi qəbul etdikləri roman haqqında çox gec danışmağa başlayıblar. Tədqiqatlarda isə nədənsə bu janrın mütləq nəsr şəklində olan nümunələrindən söz açmağı məqsədəuyğun hesab etdilər.

“Bir janr kimi romanın stilistik baxımdan öyrənilməsi tarixi heç də qədim deyildir. XVII və XVIII əsrin klassisizmi romanı müstəqil poetik janr hesab etmirdi və onu qarışıq ritorik janrlara aid edirdi. Roman janrının ilk nəzəriyyəçiləri - Yue ("Romanın mənşəyi haqqında" 1670), Viland, Blankenburq və romantiklər (Fridrix Şleqel, Novalis) romanla bağlı stilistik problemlərə toxunmurdular. XIX əsrin ikinci yarısında roman janrına maraq intensivləşdi (kompozisiya və teamitika), üslub problemi yenə kadr arxasında qalırdı və prinsipsiz şəkildə şərh edilirdi. Hər bir janrın üslubi spesifikası öyrənilməyincə onun haqqında dolğun söz demək mümkün olmur. Belə bir məqam roman janrı üçün keçən əsrin 20-ci illərindən etibarən başlandı”. (C.Yusifli)

Image result for Nizami Gəncəvi

Azərbaycan romanı onun tarixinin, ictimai-siyasi, sosial-mədəni həyatının bədii inikası kimi epik salnamə şəklində məhz Nizami Gəncəvi yaradıcılığında formalaşdı.

Nizami Gəncəvi haqqında yüzlərlə məqalə, kitab, elmi araşdırmalar var. Hələ orta əsrlərdən başlayaraq ədəbiyyat biliciləri şərhlər, təfsirlər və s. bu tipli tədqiqlər vasitəsi ilə Nizami yaradıcılığının mahiyyətini açmağa cəhd edib. Müasir ədəbiyyatşünaslıq prinsiplərinin tətbiqi əsasındakı araşdırmaları gözdən keçirsək, görərik ki, bu tədqiqatın tarixi isə bir əsrdən çoxdur. Azərbaycan və dünya ədəbiyyatşünaslığının istinad nöqtəsi ola biləcək alimlər Nizami Gəncəvi yaradıcılığını müxtəlif aspektlərdən tədqiqata cəlb etmişlər. Bu tədqiqatlardakı qənaətləri ( şairin milli mənsubiyyəti, şəxsiyyəti, dövrü, mühiti, poeziyası, epik yaradıcılığı, əsərlərinin mövzu və ideyası, tarixə münasibəti, müasirliyi, siyasi baxışları, dini –sufi görüşləri və s.) müqayisə edəndə mübahisəli, ziddiyyətli, bir-birini inkar edən elmi-nəzəri baxışlarla rastlaşırıq. Bu ziddiyyət həm Azərbaycan, həm də dünya nizamişünüslarının araşdırmalarında özünü göstərir.

Belə mübahisəli məsələlərdən biri də Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan ( o zaman üçün epik, epos səciyyəsini ifadə edən ədəbi termindən - “dastan” sözündən istifadə edərək özünün dastan adlandırdığı) irihəcmli epik şeir- poema kimi, təqdim edilən, əslində isə mənzum romanları ilə bağlıdır.

N.Gəncəvinin dörd mənzum romanı (“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) XII əsr Şərq ədəbi mühitində gözlənilən və həm də sözün müəyyən mənasında gözlənilməyən bir hadisə idi. Gözlənilən idi, o mənada ki, epos və təhkiyənin siyasi-ideoloji, fəlsəfi təzahürü kimi yayılmaqda olan dastanlar yazılı ədəbiyyata çox yaxınlaşmışdı və yazılı ədəbiyyatın epik yükü roman şəklində təzahür etməliydi. Gözlənilməz idi, ona görə ki, məlum dildə (fars), məlum, ənənəvi, əfsanələşmiş, rəvayətləşmiş mövzularda və məlum formada (nəzmlə, məsnəvi şəklində və s.) yeni, fərqli, sələflərini və xələflərini kölgədə qoya biləcək söz deyə bilmək hünəri adi şair işi deyildi. Sonralar Şərq də, Qərb də bu sözün hikmətini çözmək yolunda elm və ədəbiyyat məktəbləri formalaşdırası oldu.

Nizami Gəncəvinin romanlarını ayrı-yrılıqda təhlilə başlamamışdan öncə bütün əsərləri üçün səciyyəvi olan, ümumiyyətlə, N.Gəncəvi yaradıcılığının qayəsi, baş mövzusu, ideyası haqqında bəzi məsələlərə diqqət edək. Nizami romanlarında çox zaman yanlış olaraq ancaq sırf məhəbbət və ideal hökmdar, ədalətli şah, hətta qadın azadlığı, əmək adamlarının həyatı və s. bu kimi standart, həm də Nizami fəlsəfəsini və bədii həqiqətini cılızlaşdıran ideyalar axtarılıb. Sovet ədəbiyyatşünaslığında N.Gəncəvi sosializmin, kommunizmin ideoloqu kimi də təhlillərə çəkilirdi. Bu yanlış yanaşma, təbliğ və hətta tədris düşüncəmizdə əsli ilə uyğun gəlməyən saxta bir Nizami obrazı yaratmışdı. Elə bir ədəbi obraz ki, Leninin siyasi siması ilə az qala tən gəlirdi...

“Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olan bu əsər Sasani hökmdarlarından Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdi gözəl Şirin arasındakı məhəbbət haqqındadır. Minacat, nət və zəmanə şahlarının mədhi kimi rəsmi giriş fəsillərindən sonra şairin əsərin yazılışı, söz sənəti və eşq haqqındakı mülahizələri gəlir. Bu hissələrdə şair şeir sənəti, şairlər haqqında danışır, bədii əsərin gözəlliyini şərtləndirən xüsusiyyətlərdən söz açır. Burada sözün yüksək dəyəri, sənətkar əzəməti, şeir, sənət aləminin ülviliyi kimi maraqlı mülahizələrlə qarşılaşırıq”. (H.Araslı) Maraqlıdır ki, “Xosrov və Şirin”in “ön söz”ündə H.Araslı əsərə bəzən “poema”, bəzən isə “mənzum roman” deyir.

Əlbəttə, əsər Xosrov və Şirin arasındakı məhəbbətə həsr olunmayıb. Bu əsəri sırf məhəbbət dastanı kimi təhlil etmək Nizamini durduğu zirvədən endirmək deməkdir. Nizaminin bir ideyası olub: kamil, mükəmməl, müdrikləşən, ülviləşən, ilahi məqama yetişə bilən İnsan modelini necə yaratmaq. Xosrov, Məcnun, Bəhram, İsgəndər – hamısı səhvlərdən, günahlardan, nəfsə və şöhrətə, qadın eşqinə, işrətə uymalardan keçib gedir ilahi həqiqətə doğru. İrsi hakimiyyət, taxt-tac, sərvət, qadın sevgisi, zamanla, mühitlə, cəmiyyət və daha böyük güclərlə mücadilə, mübarizə, ibrətlər, hikmətlərlə tərbiyələnmə, kamilləşmə və sonda cismani məğlubiyyət, ( sonda dörd qəhrəmanın – Xosrov, Məcnun, Bəhram, İsgəndər – dördü də Haqqa qovuşur) ilahi-ruhi qalibiyyət… Nizami romanlarının qəhrəmanı konkret insanlar deyil, ümumiyyətlə, Allahın bir cins, xilqət, canlı, ali şüur sahibi varlıq kimi yaratdığı, sonradan səhv edən və yer üzünə enən insandır. Dünya ədəbiyyatında ilk dəfə Nizami insanı Allahdan günahkar kimi alıb kamilləşdirmək, onun səhvlərini düzəltmək və mükəmməl yaradılıştək mənşəyinə qaytarmaq kimi müşkül bir ədəbi, fəlsəfi məsuliyyəti öhdəsinə götürdü. “Nizaminin idealı kamil insan şəxsiyyəti, azad insan şəxsiyyəti– sosial cəhətdən daha yüksək, ülvi şəxsiyyət idi. (İ.S. Brakinsk)

Sonralar Nizami məktəbinin farsdilli davamçıları, eləcə də anadilli şairlərimiz İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli həmin ideal –kamil insan uğrunda ədəbi mübarizəyə qatıldılar. “Xosrov və Şirin” romanının məhəbbət məzmunlu hadisələrinin ideya-estetik xüsusiyyətləri müasir dünya romanlarında müxtəlif şəkildə təkrarlandı. E.Hemenqueyin “Zəng kimin üçün çalınır”, L.Tolstoyun “Hərb və sülh”, “Anna Karenina”, E.M.Remarkın “Borc həyat”, M.Bulqakovun “Master və Marqarita”, Q.Markesin “Vəba zamanı məhəbbət”, O.Pamukun “Məsumiyyət muzeyi” kimi əsərlərdə “Xosrov və Şirin”də olduğu kimi tərəflərin deyil, ortada olan, canlı varlıq kimi obrazlaşan məhəbbətin xarakteri, problemləri qabardılır. Zamansızlıq, məkansızlıq,çərçivəsizlik həddində və ya hədsizliyində əks olunan, ilahiləşmiş sevgi baş qəhrəmana çevrildi, intiharlara, həbslərə, aclığa, səfalətə, xəstəliklərə, psixoloji sarsıntılara, fiziki, bəzən mənəvi ölümlərə qədər “ucaldı”. Məhəbbət qaldı, sadəcə tərəflər dəyişdi, sahiblərini öldürən, əbədiyyət qazanan ölümdən də güclü olan məhəbbət… Roman boyu Nizami bir ideyanın inkişafını izləyir. Xosrovdan da, Şirindən də, Fərhaddan da yüksəyə qalxan məhəbbətin məğzindəki ağıl, təmkin, səbr, fədakarlıq, ictimai-siyasi təbəddülatlarla qarşılaşmalardakı əzm və s. bu kimi dəyərlər məhz məhəbbət fonunda, məhəbbət cövhərində təcəllə tapır. Sevgi bu keyfiyyətləri qazanandan sonra o qədər böyüyür ki, ilahiləşir, yerlə əlaqəsini kəsir və sahiblərini özünə qurban verir. Bu məhəbbət Xosrovu da, Şirini də, Fərhadı, Leylini, Məcnunu, sonralar Anna Kareninanı və onlarla eşq yolçusunu məhv etdi, bitirdi…

Qəribədir, bəzən adama elə gəlir ki, hələ də müasir məhəbbət romanlarında Xosrov və Şirinin, ya da Leyli və Məcnunun sevgisindən söhbət gedir.

Nizaminin romanlarında klassik poemalardan əsaslı fərq ondan ibarət idi ki, mətnlər bir macəraya və onun romantik qəhrəmanlarına həsr olunmayıb. Müəllif adi bir obrazın üzərində böyük mövzuların, tarixi təbəddülatların, bəşəri problemlərin, bir sözlə, roman kimi geniş və əhatəli özünüifadə mühitinin qəhrəmanı olana qədər işləyir. O hazır mövzular və süjetlər seçsə də, heç vaxt hazır qəhrəmanlar götürməyib. Onun real, həyati, gerçək fəlsəfəsi ədəbiyyatda romantik, təxəyyüllə şişirdilmiş ənənəvi prinsiplərin üstündən xətt çəkdi. “Qiymətdən salmışdı sözü yalanlar”- deyəndə həmin yerlə əlaqəsi olmayan ədəbiyyata işarə edirdi. M.F.Axundovun N.Gəncəvini M.Füzulidən üstün tutmağının (hansı daha çox realistdir, insanın faktiki inkişafına yardımçıdır – müqayisəsinin) səbəbi də bu idi. Nizami o qədər realist idi ki, rəvayətlərin belə mənşəyində tarix faktı axtarırdı, konkret tarixi detallara işarə edirdi:

Xosrovdan, Şirindən qalan yadigar

Gizlində deyildir, durur aşikar:

Şəbdiz atın şəkli, Bisütun dağı,

Pərviz sarayının eyvanı, tağı...

Onun mübarizə obyekti, hədəfi insan idi. O, insanı - ədəbi qəhrəmanını qələmi ilə deyil, onun öz potensial imkanları ilə xoşbəxt etmək istəyirdi. O, insanı hər şeyə qadir, ali yaradılış kimi səciyyələndirirdi. Xosrovu atası Hörmüz, sevgilisi Şirin, mənsub olduğu hakimiyyət, fiziki və əqli gücü də xoşbəxt edə bilərdi. Amma Nizami onun bu üstünlüklərinin faydası ilə deyil, zərərləri, ziddiyyətləri, xaosu ilə onu qarşılaşdırır və labrintə salır.

Romanda bəşəri bir suala cavab axtarılır: Yer əhli üçün güclü, Allah qarşısında isə zəif, aciz, (“Allah ola bilməz heç bir pərəstar, Allahlığa yalnız bir Allah yarar. Eşit, Xosrov adlı ey aciz bəndə! Yüz camlı Кeyxosrov olsan, bil, sən də məxluqsan, nəhayət, bir gün ölərsən”) ,günahkar bir insanı - Xosrovu necə xilas etmək olar? Eşqlə! Onu dərdə, məşəqqətə salan da Eşq olur, o quyudan çıxaran da Eşq olur. Eşq Şirindir. Təsadüfi deyil ki, Müəllif əsərin əvvəlində deyir: Şirin haqqındadır özü əsərin.

Şirin – Eşqdir. Yəni, Eşq haqqındadır əsər, amma hansı eşq? İnsanı Allaha doğru çəkən, get-gedə böyüyən, böyüdən Eşq! “Eşq ilə düzəltdim mən bu dastanı, Doldurdum səsiylə eşqin, dünyanı” – deyirdi Nizami.

Nizami bu əsərdə klassik anlamdakı “cinslər arasındakı məhəbbət” anlayışının məzmununa qarşıdır. O, həmin mənanı böyük “Eşq” fəlsəfəsinin “canından” çıxarır. Quran məntiqində də deyildiyi kimi sübut edir ki, Eşqin bir qanunauyğun, doğru yolu, ünvanı var: Allaha doğu! Qadın eşqindən başlayıb İlahi Eşqə qovuşan yolda Xosrov eksperiment obyektidir. Müəllifin digər romanlarında da belədir . Eşq və elm, ağıl, hikmət bu eksperiment obyekti –insanın üzərində sınaqlar, təcrübələr aparır. İsgəndər alimləri başına yığıb elm, hikmət ilə xilas olur, Məcnun və Xosrov qadın eşqindən keçib gedir. (Ş.İ.Xətayinin “Dəhnamə”sində də bu sufi yolu təkrarlanır) Təbii ki, bu Eşqin səfasını, zövqünü yaşamağa macal olmur, “Yolçu yolda gərək” prinsipi ilə Məcnun da, Xosrov da ilahi hədəfə doğru yönləndirilir. Eyni mövzulu bir çox klassik mətnlərdə “Xosrov və Şirin” yox, “Şirin və Xosrov” adlandırılırdı əsərlər. (Məsələn, Ə.Dəhləvi, Hatifi və başqalarında.) Amma Nizaminin obyekti Xosrovdur. Şirin Xosrov yolunun qurbanıdır, fədaisidir. Ədalətli, aqil, mükəmməl şəxsiyyət, hökmdar və insan xarakteri ərsəyə gətirmək üçün Nizami Şirini – İlahidən göndərilən gözəlliyi, Eşqi, hikmət və əxlaqı Xosrov uğrunda fəda edir. Sonda Xosrov Şirinin şah əsəri kimi tamamlanır və Haqqa üz tutur. Bu mərhələdə Şirinin ölümü seçməsi də qanunauyğun bir yol idi…

Nizami dastanını başlamamışdan Allaha üzünü tutur və onun zərrəsi kimi kiçildiyini etiraf edir:

Onu əql axtardı huşyarlıqla, bax,

Bu yolda özünü itirdi ancaq.

Bizə özümüzü unutmaq üçün

Кöməк et кi, olaq sənin xidmətçin.

Hər tanış naxışda gəzdiyim sənsən,

Hər sözdə, söhbətdə sezdiyim sənsən.

Sufi fəlsəfəsinin məntiqi (Hər tanış naxışda gəzdiyim sənsən) – hər yerdə var olansan…

Nizami əsərində qarşısına çox böyük məqsədlər qoyur. Məhz roman problemləri spesifikasını əks etdirən məqsədlər… Böyük zaman hüdudları (Bəlkə də zamansızlıq!), müxtəlif dövrlərə və müxtəlif məkanlara məxsus cəmiyyətlər, bir insanın- Xosrovun (əslində insanlığın) keçdiyi təbəddülatlı və ziddiyyətlərlə dolu sufi-irfani haqq yolu, dövrün siyasi gerçəkləri, ictimai düşüncənin obrazı, müxtəlif təbəqə və siniflərin sosial mövqeyi, anlaşması və qarşıdurması, mühitin ədəbi-estetik və elmi-intellektual mənzərəsindəki boşluqların yeri gəldikcə tənqidi, hakimiyyət və onun xarakteri, mahiyyəti, idarəetməsinin cəmiyyət üçün zərərli, böyük fəsadlara gətirib çıxaracaq nöqsanları, qadın və kişi münasibətlərindəki maddi-cismani deyil, ruhi-ilahi sevginin, ünsiyyət və təmasın fəlsəfəsi – bütün bunlar ancaq yazılı ədəbiyyatda epik növün ən ağır yüklü janrı olan romana yerləşə bilərdi ki, N.Gəncəvi sözünün qüdrəti ilə bu ədəbi qəhrəmanlığı etdi. Roman təfəkkürü və estetikası üçün örnək olan ilk mükəmməl nümunəni yaratdı. Nizminin Firdovsidən böyük fərqi də onda idi ki, o, şah, hökmdar obrazlarının tarixini, salnaməsini yaratmaq fikrində olmamışdı. Nizamiyə Xosrov, eləcə də İsgəndər tarixin faktı kimi deyil, insanlığın, İnsanın – hətta hamı tərəfindən üstünlüklər (ağıl, hakimiyyət, gözəllik, cah-cəlal və s.) sahibi kimi qəbul edilən tarixi yolu, təkamül prosesi kimi lazım idi. Əslində müəllif roman içində romanlar yaradıb. Müasir terminlə desək, polifoniklik, çoxlaylılıq var romanda. “Xosrovun romanı”, “Şirinin romanı”, “Xosrov və Şirinin romanı”, “Xalq və hakimiyyət dramının romanı”, “Fərhad və Şirinin romanı”,”Bəhramın romanı”, “Sufi-ilahi eşq yolu yolçularının romanı” və s. Əsərdə Nizaminin şəxsiyyəti, həyatı, ədəbi taleyi və bütün bunlara münasibət də öz ifadəsini tapıb. Yəni “roman içində roman”da “Nizami romanı” da var. Təsadüfi deyil ki, tədqiqatçılar onun həyatı haqqında tarixi faktların çox hissəsini bu əsərdən götürüblər.

Desin: - Ey Atabəy, sən, ey cahangir!

Axı, Nizamiylə bu rəftar nədir?

Belə söz ustadı nə zamanadəк

Qalsın bir guşədə yoxsulluqda, təк?

Məgər yetişməyib hələ də zaman,

Ona hörmət edib əziz tutasan?!

Əsərin kompozisiyasına daxil olan komponentlər klassik poema ənənəsinə əsasən sistemləşdirilsə də (orta əsr poemaları kimi minacat, nət, kitabın yazılması səbəbi, Toğrul Arslan, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın tərifi və s.) müəllif mətnin məzmununa, süjet xəttinə keçəndə roman təhkiyəsi “hökmü” ələ alır. Xosrovun atası Hürmüzün hakimiyyətinin təsviri, Xosrovun doğulması, böyüməsi, Hürmüzün ədalətli idarəetməsi, Şirin, Mahunbanu ilə bağlı məlumatlar və s. təhkiyə vasitəsi ilə çatdırılır. Sonrakı hadisələrdə müəllif təhkiyəsini monotonluqdan, yorucu intonasiya və yekrənglikdən qurtarmaq üçün mükalimələr, deyişmələr, Xosrovla Şirinin anlaşılmayan münasibətləri, həyəcanlandıran situasiyalar və s. fərqli üslubda, çox maraqlı və təbii şəkildə əks olunur. Ayrı - ayrılıqda həm Xosrovun, həm də Şirinin taleyi, başına gələn hadisələr, onların psixoloji sarsıntıları, bir-birləri və ətraflarındakı insanlarla ünsiyyət, münasibət tərzləri – bütün nüanslar roman texnikasının prinsiplərinə uyğun şəkildə bədiiləşir. Musiqi məclisləri, lirik ricətlər, situasiyanın xarakterini, ovqatını ifadə edən nəğmələr poetik rəng kimi əsərə canlılıq gətirir.

Nizaminin romanlarının mövzusu özündən sonra nə qədər təkrarlansa da, onun ideya-estetik səviyyəsini, eləcə də sosial-siyasi, fəlsəfi –ideoloji siqlətini təkrarlayan olmadı.

Nizami hadisələrə keçməmişdən əvvəl özünü də qınayır, tənbeh edir. Böyük mövzular, böyük ideyalar, dünyayla mücadilə, mübarizə ədəbiyyatının yaradıcısı olmaq iddiasını reallaşdırmaq üçün özünəinam hissləri aşılayır. Yəni, bayaq vurğuladığımız “Nizami romanı”nın problemləri, ziddiyyətli, kulminativ məqamları ilə rastlaşırıq. “Bir Allah bəndəsi dostu”nun dilindən deyir ki, ey Nizami, sən mənalar mülkünün sultanı, sözlər ölkəsinin hökmranısan, boş-boş hekayələr səni çəkməsin, əlində saysız xəzinələr var, ustadsan, Tohid qapısını çal, səsini yüksəlt, istedadını, hünərini kiçik mövzularda zəncirləyib saxlama! Bəlkə də bu işarələr “Sirlər xəzinəsi” poemasındakı hekayətlərə aiddir? Əlbəttə, Nizaminin gözü ilə baxanda… Çünki “böyük mövzulara keçmək” qənaətindən sonra doğrudan da Nizami dörd böyük roman yazdı. Müəllif ilk geniş məzmunlu və sosial-siyasi, sufi- irfani ideyalı romanını (“Xosrov və Şirin”i) yazmağa başlayanda sanki sözə və söz sahiblərinə, hakimiyyətə, şahlara və zamana meydan oxuyurdu. Ayaqlarından çidarlanmış əsir kimi Gəncə məhdudiyyətində qalma, ilham atını, söz qüdrətini dünyada səyrit – deyirdi:

Ayaqlarındaкı o nə çidardır?

Gəncə şəhərindən atını çıxar!

Sən şir pəncəlisən, səndədir vüqar.

Atını çölə çəк, genişdir meydan,

Sən cavan, bəxtinin budağı cavan.

Zəmanədə yoxdur şirin söz deyən,

Olsa da, onlardan sən qüdrətlisən.

Hüma кimi işə özün кölgə sal,

Bayquşlar əlindən bu ölкəni al.

Və ya:

Xudavənda, gəmim girdaba düşsə,

Ayağıma əgər bir daş ilişsə,

Əfv et Nizamini, bağışla onu.

Кərəminlə кeçsin ömrünün sonu.

Gördüyümüz kimi, “Nizami romanı”nın xarakteri əsərin çox hissəsində özünü göstərir.

Müəllif əsərin mətninə daxil olandan sonra da, hadisələrin gedişinə müdaxilə edir, öz münasibətini bildirir, bəzən sözünü deyəndən sonra istehza ilə dediyindən imtina edirmiş kimi “geri çəkilir”. Romanda haqqında çox danışılmış bir epizod – Hürmüzün oğlu Xosrovu cəzalandırması səhnəsindən təsirlənmə, bu ibrətə təəccüblənmə 8 əsrdən çoxdur ki, qüvvədən düşmək bilmir. Atəşpərəstlikdə ədalət vardı, amma “zəmanə korlanıb”, müsəlmanlıqda ibrət alan varmı? Bu yerdə də Nizami öz müəllif sözünü deyir və sonra sanki “peşman olur”, bununla da nəsihətin, ibrətin dinlənilmədiyi zamanın obrazını yaratmış olur.

İndi yüz yoxsulun töкülsə qanı

Nahaq qan töкənə bir cəza hanı?

Atəşpərəstliкdə dünya eləydi,

Bu müsəlmanlıqdan utan bir indi.

Düşündürür bu gəbr hər müsəlmanı,

Əgər bu gəbr isə, müsəlman hanı?

Qayıt əfsanəyə, Nizami, bəsdir,

Nəsihət quşunun səsi pis səsdir!

Və ya:

Nizami, dəyişdir söhbəti bir az,

Belə əfsanəni dinləyən olmaz - və s.

Çağdaş dünya romanlarında da haqqında bəhs edilən zamanın siması, xarakteri məhz onun obrazlarının mükalimələri, yaşantı və düşüncələri fonunda reallaşır. Məsələn, Marsel Prustun “İtirilmiş zamanın sorağında”, Qabriel Qarsia Markesin “Yüz illik tənhalıq” əsərlərində Nizami zamanının və əslində, zamansızlığının təkrarını görürük. Həyatın, dünyanın və insanın fəlsəfi dərki hər üç müəllifdə sanki eyni prizmadan araşdırılır. Q.Q.Markesin “Zaman maşını xarab olub!” kəşfini ağrılarla yaşayan və insanları aldadıb özünə məhkum edən, eyni dairədə hərlənən saxta mexanizmə - zamana üsyan edən qəhrəmanı Nizaminin bir ömürdə üç zaman hadisəsini yaşayan və sarsılıb tərk-dünyalığa çəkilən Xosrovunu xatırlatdı. M.Prustun qəhrəmanı isə insan hissləri və güclü psixologiyaya malik xarakteri, iradəsi qarşısında zamanın üzərində qələbə çalır.

Marsel Prust zamanla mübarizə apara-apara həm də zamandan qorxurdu. (Hətta zamanının çatmayacağından, əsərinin yarımçıq qalacağından…) Nizami kimi o da zamana üsyan etməkdən daha çox, ona qalib gəlmək haqqında düşünürdü. Bu məqamdakı müqayisəmiz göstərir ki, Markesin zamana uduzmuş qəhrəmanı Nizaminin Xosrovunu andırırsa, Prustun ideyası və təhkiyəçi “mən”i Nizaminin “Xosrov və Şirin” romanındakı müəllif “mən”inin xarakteri ilə paralelləşir. A.Kamyunun “Yad” romanında qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək… İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, - kimi bu gün ədəbiyyatşünaslar tərəfindən nihillizmə yozulan fikri yüz illər öncə Nizaminin haqqında bəhs etdiyimiz romanında, əksinə, dünyanın fəlsəfi dərki kimi bədiiləşə bildi. Nizami qəhrəmanlarını İslam fəlsəfəsi, onun elmi-nəzəri məramnaməsi səviyyəsində yayılan sufizm ideologiyası ilə tərbiyələndirməyi bacardı. Kamilləşmənin, əbədiyyət qazanmanın yolunu göstərdi insanlara. Dünya ədəbiyyatının ən məşhur romanlarında belə uduzan, məğlub olan insan ağlı, insan düşüncəsi, insan gücü, iradəsi Nizamidə əks mövqedə qərarlaşdı. Onun roman qəhrəmanları faniləşmədi, uduzmadı, geri çəkilmədi, Allaha doğru gedən yola düşdüyü üçün böyüdükcə böyüdü. Ölsə, cismən yox olsa belə böyüdü. Xosrov, Məcnun, Bəhram, İsgəndər kimi…

Prust zamana tabe olmaq yox, onun bütün tarixində (bütün zamanlarda) yaşamaq haqqını çətinliklə də olsa əldə edir. Hətta ölümsüzlük, zamansızlıq qazanmaq iddiasını da inkar etmir. Nizami isə sözünə əbədiyyət, zamansızlıq donu biçdi, əsərlərinə işarə edərək : “Mən məhv olub getsəm, örnəyimdir bu, Yusif kimi itsəm, кöynəyimdir bu” –dedi.

Image result for "Xosrov və Şirin"

“Xosrov və Şirin” nəzmlə yazılsa da roman təhkiyəsi onun janrı haqqında qənaəti konkretləşdirir. Aşağıdakı misraları oxuya-oxuya fikrimizdə nəzmdən nəsrə çevirək və o zaman poemaya məxsus tərənnüm, intonasiya sürətliliyi, hadisəsizlik və ya təksüjetlilik və məcazlılıqdan daha çox romana xas təsvir və təhkiyənin əlamətlərini, hadisə materiallarının bolluğunu, roman mətni genişliyinə xas yaşantıları görəcəyik:

Altı tağ cahanda mən çox gəzmişəm.

Çox şeylər görmüşəm, çox şey sezmişəm.

Dərbənd dənizinin bir sahmanında

Bir gözəl ölкə var dağlar yanında.

Şahzadə qadındır orda höкmüran,

Yayılmış qoşunu İsfahanacan.

Arrandan başlamış Ərmənə qədər .

Onun fərmanına boyun əyirlər.

Ölkələr göndərir ona xəracı,

Hər şeyi var, yoxdur bir taxtı, tacı,

Min bir diк qalası göy dağlardadır,

Кim bilir xəznəsi nə miqdardadır?!

Tutub mal-qarası bütün dünyanı,

Quşdan və balıqdan artıqdır sanı.

Əri yoxdur, məsud dolanır özü,

Xoş кeçir gecəsi, həm də gündüzü.

Şəmira adlanır o göyçəк qadın,

Böyüкdür mənası bu gözəl adın.

Cürətdə кişidən heç geri durmur,

Böyüк olduğundan Məhin Banudur.

Gün кeçib gələndə yeni bir fəsil

O qurur özünə təzə bir mənzil.

Gül fəsli yamyaşıl Muğan - yatağı,

Yay zamanı yeri Ərmən torpağı.

Əкindən əкinə, çiçəкdən gülə

Gəzir, seyrə çıxır hey gülə-gülə.

Yay ötüb кeçəndə, payız gələndə

Abxazda ovları salır кəməndə.

Bərdənin havası çox mötədildir,

Hər il qış zamanı o bura gəlir - və s.

Əsərdə müasir dünya romanlarında olduğu kimi, Nizami obrazlarını mənfi, müsbət, xeyirxah, bədxah deyə qütbləşdirməyib. Romanda insan xislətinin halları, çeşidləri, ağlı-qaralı görüntüləri situasiyalarda təbii şəkildə doğulur. Məsələn, Şirin Xosrovun sarayında onun yolunu həsrətlə, səbrsizliklə gözləyəndə rəncideyi-hal olur və saraydankənar, xəlvət, amma ürəkaçan bir yerdə özünə qəsr, qala tikdirmək istəyir. (Əslində bu məqamın özündə də sufiyanə düşünmək, tərkiməkan, tərkidünya olub daxili, ruhi aləmi ilə qalmaq istəyi əks olunur.) Ona paxıllıq edən, onun gözəlliyi, sevgisi və kamalı qarşısında iradə zəifliyi göstərən insanlar hiylə işlədir. Onun sıxıntısının üstünə sıxıntı, kədərinin üstünə kədər gətirirlər. Rüşvət, şirnikləndirmə yolu ilə saray memarını, ustasını yoldan çıxarır və bu bəd düşüncəni, şeytani hiyləni reallaşdırırlar. Həsəd, xəbislik və nəfs birləşib gözəli, gözəlliyi, sevgi və ülviyyəti “saray” adlı zindanda şahzadədən məhbusa çevirir.

Həsəd çəкən qızlar görüb bu işi

Bənnaya xəlvətdə dedilər: “Кişi,

Var burda bir afət, gözəl, füsunкar,

Babil dağlarından gəlib son vaxtlar.

Yerə bir “qalx” desə, qum olub axar,

Sonra da toz olub göylərə qalxar.

Göyə bir əmr etsə: “Hərlənmə, dayan!”

Qiyamətə кimi tərpənməz, inan.

Bir saray istəmiş bizdən o afət,

Yox onda biz qədər istiyə taqət.

Eylə yer кi, insan az getsin ora,

Mələк də gəlməsin rast insanlara.

Bu caduya “yaxşı bir yer” seç, bəyən,

Havası pis olsun, yolu nal töкən.

Orda bir qəsr tiк biz deyən кimi,

Bizdən haqq tələb et, al zəri, simi”.

Bənna qızlardan aldığı xəzinənin cavabı olaraq Şirin üçün cəhənnəm misallı, insanlardan uzaq bir yer seçir, elə bir yer ki: “Orda qocalardı beş gündə cavan”…

Amma bu mənzərədəki kontrast, gərginlik də xüsusi bir fəlsəfi-romantik ovqat yaradır. Daş içində gizlənən gövhər kimi Şirin də daş sarayda (əslində qəfəsdə) şahzadə (əslində əsir) kimi qərar tutdu. Yanında rəfiqələri , amma bunlar təsəlli deyil, ən əsası ürəyində Xosrov qəmi var. Xosrov qəminin yoldaşlığı onun yeganə təsəllisidir.

Orda bir tiкinti başladı bənna,

Cəhənnəmdə etdi bu qəsri bina.

Кim ora bir gəlsə, anlayırdı tez:

Cəhənnəmlə huri sazişə gəlməz.

Qara örtüк saldı gecə oraya,

Şirin кöçüb getdi yeni saraya.

Şəhvətin məкrini görməmiş cavan

Bir neçə qız ilə olub mehriban,

Gəldilər bir yerə, - zindan кimi dar,

Gövhər кimi daşda tutdular qərar.

Xosrovun qəmini yoldaş edərəк,

Hər iкi aləmə qapandı ürəк.

N.Gəncəvinin fəlsəfi görüşləri, dünya, zaman, həyat barədəki qənaətləri mətndə bəzən misralarda, bəzən isə bütöv, əhatəli şəkildə təsvir edilən hadisələrdə ifadəsini tapır. Məsələn, aşağıdakı misralarda oxuyuruq:

Dünəndən, sabahdan кim verər xəbər?

Sabah hələ yoxdur, кeçib dünənlər.

Əldə nəqdi ancaq bir günümüz var,

Ona da şamadəк yoxdur etibar.

Dünən, sabah, hətta axşam da yoxdur! Bu an var. İndi var. Əldə nəqd olan bu bir günün parçasını yaşa, dəyərləndir, Allahın əta etdiyi zaman parçalarını israf etmə!

Romanın bir çox kuliminativ məqamlarında, hadisələin səbəb-nəticə məntiqinə əsasən sıralanmasında dastan təcrübəsinin izlərini görürük. Məsələn, saray siyasətinin eybəcərliyindən rişələnən (hökmdar atanı onun varisi ilə düşmən etmək, onları ayırmaqla vahid gücü zəiflətmək, imtiyaz və ixtiyar sahibi olmaq üçün hakimiyyətin siyasətini ələ almaq və s.) fitnəkarlıqlar buna bariz sübutdur.

Romanda Xosrovla atası Hürmüz arasında yaradılan konflikt bizə “Kitabi Dədə Qorqud” dastanında “Dirsə xan oğlu Buğac boyu”nun məzmununu xatırlatdı. Eyni zamanda Yusif hekayəti də misal kimi göstərilir:

Кi, olmuş Xosrova qul çox ölкələr.

Başına dolmuşdu şahlıq həvəsi,

Bu işdə yar oldu öz iradəsi.

"Hürmüzün gözünü кor edib" deyə

Xosrova şər atıb saldı fitnəyə.

Bilmirdi Yusifi düşərsə кənar

Yəqubun gözündən nuru aparar.

Məкtublar göndərdi hər yana gizlin,

Orda gözəl nəqşi göstərdi çirкin:

"Bu uşaq şahlığı anlayan deyil,

Şah olmaz atanı öldürən qatil...

Onunçün bir içim od rəngli çaxır

Yüz qardaş qanından daha yaxşıdır.

Bir çalğı səsinə verər bir ölкə,

Ona nəğmə xoşdur bir eldən bəlкə.

Gördüyümüz kimi, müasir romanlara xas hadisə paralelləri, süjet xəttinə mətnə uyğun ibrətli və tarixən təkrarlanan situasiyalar (məsələn, Yusif əhvalatı kimi) əlavə edilməsi faktı da Nizami romanlarının “poema” kimi təhlilini imkansız edir.

Məqalənin əvvəlində də göstərdiyimiz kimi, “Xosrov və Şirin” yalnız məhəbbət dastanıtək səciyyələndirilməməlidir. Romanda bütün zamanlar üçün aktual olan siyasi, sosial və ictimai məsələlər məhəbbət süjeti ilə parallel inkişaf etdirilir. Hakimiyyət və xalq münasibətində həmişə üçüncü bir qüvvənin – ortada görünməyən hakimiyyət hərisi, fitnəkar bir gücün qarşıdurma yaradaraq taxta sahiblənmək siyasəti dünya tarixində daima işlək olub. Bu əsərdə onun bədii inikası öz tanış cizgiləri ilə yaddaşı təzələyir. Bəhram şahın Xosrovu xalqın əli ilə taxtdan salması siyasi gerçəklik idi. Nizaminin bədii təxəyyülünün gücü bu “taxtdansalma” və ya “taxtasahiblənmə” mexanizmindəki dəyişməz qanunların əbədi cizgilərinin obrazını yaradıb.

Rəiyyəti şahın üstünə saldı,

Bu tədbirlə o şir qələbə çaldı.

Şahənşah gördü кi, bəxti yatmışdır,

Xalq üz döndərmişdir, onu atmışdır.

Qızılla bəxtinə qüvvət verirdi,

Pulla düşməninə güc göstərirdi.

Bir gün düşmən gəlib saraya çatdı.

Rəiyyət əlini taxta uzatdı.

Pərviz Xosrov tənhalaşır, yalqızlaşır və təxtdən atının - Şəbdizin belinə sıçrayır, baş götürüb qaçır. Zaman onunla döstluğu kəsmiş, “Düşündü кi, tacdan baş qiymətlidir” –məntiqi ilə aradan çıxmışdır. Sahibsiz qalan Kəyan taxt-tacına isə Bəhram şah sahiblənir. Qanlı zəmanə öz şahmat oyununda Xosrova “şah” deyir, amma ona xanə vermir…

Romanın sonrakı hissələrində Hörmüzün taxt-tacının Xosrova, Mahun Banunun hakimiyyətinin isə Şirinə qalması cəmiyyətin ictimai-siyasi həyatında dönüş yaratmaq üçün islahatlar aparmağa işarələr verirdi. Hakimiyyətə gənc, yeni, Eşqlə yaşayan hökmdarlar gəlmişdi. Eşqlə yaşayanlar xalqa zülm etməz, hər kəsə, hər işə sevgi ilə yanaşar. Romanın bu yerində temp dəyişir, hərəkətlilik, intibahi islahatların faydası və s. bu kimi cəmiyyət hadisələri önə keçir. Fərdlərin deyil, həm də cəmiyyət problemləri romanlaşır, roman mətni ağırlığını əks etdirir. “Şahın niyyətləri xoş olsa əgər, otdan gül yerinə gövhərlər bitər” – düşüncəsi şaxələnir və ibrətamiz örnəklərlə tamamlanır.

“Xosrov və Şirin”də roman konflikti yalnız hadisələrdə dramatiklləşmir, həm də ayrı-ayrı obrazların düşüncə, ideya, hərəkət və taleyüklü addımlarında özünü göstərir. Xosrov daima tərəddüd içərisindədir. Nizami onu əsər boyu ziddiyyətli situasiyalara salır və oxucunu da bu xaos içərisində mühakimə yürütməyə sövq edir. Biz dünya ədəbiyyatının ən gözəl romanlarını oxuyarkən, bu tərəddüdlü halı oxucu kimi çox yaşamışıq. Nəzərə alsaq ki, Nizami əsrlər öncə bu roman situasiyasındakı konfliktlərin ustadı idi, başqalarının müasir dünya ədəbiyyatındakı buna bənzər sənətkarlıq məharətinə heyrətlənmərik. L.Tolstoyun Anna Kareninası ilə də belə tərəddüdlü və əziyyətli, psixoloji hallar yaşamışıq. Dilemma, iki yol ortasındakı seçim ağrısı həmişə anlaşılan olmur. Xosrov hakimiyyət, taxt-tac və Eşq-Şirin arasında sıxılır. Taxtı – hakimiyyəti arvadı Məryəmin atasının gücü, köməyi ilə geri qaytarıb. Bu şah nəslinin qələbəsidir həm də. Bu qələbəni yenidən uduzmaq olmaz. Amma Şirin yarası da dözülməzdir.

Gah deyirdi: "Nədir istəyin, ürəк!

Şahlıq, ya aşiqliк, cavab ver görəк?

Höкumət eşq ilə uymaz heç zaman,

Gərəк birisindən yapışa insan.

Xosrov hər iki nemətdən bərk yapışır, “Hər iкisi olsa, həm şahlıq, həm yar,ürəк də şahlıqdan bir ləzzət alar”- deyir. “Yarımın bir telinə ölkələr verərəm” - qənaəti sabit deyil. O, hakimiyyəti, tacı, taxtı ayağına bağlanmış “qızıl zəncir” hesab etsə də, bu gücün üstünlükləri haqqında da düşünür.

Əfsus ayağımda var qızıl cidar.

Nə belə cidarı açmaq mümкündür.

Nə də o zəncirlə uçmaq mümкündür.

Ürəyim taxt üçün düşmüş кəməndə,

Sıxmaq istəmirəm кönlümü mən də.

Sonra hirslə dedi: "Diqqət et bir az!

Dövlətlə zarafat eyləməк olmaz.

Höкmdarlıq varкən bəxtin yar olar,

Canan sənə munis, vəfadar olar.

Dövlətdən əl çəкməк bir fayda verməz,

Mühaкimə etməz dövlətlə heç кəs.

Hasil olarmı heç dövlətsiz murad?

Tapılmaz dövlətdən daha yaxşı ad.

Arzular dövlətlə olmuşdur hasil,

Quş da tora gələr dən olanda, bil.

Xosrovun tərəddüdündə hakimiyyət istəyi Şirin istəyini üstələyir, o, səbrini cilovlayıb Şirin ayrılığına dözməyi qərarlaşdırır. Müəllif bu dramatik situasiyadan oxucusunu tam ayırmamış Şirini də həmin tragik durumun sualları ilə sorğulayır. Şirin də taxta çıxıb. O da həmin ikili suallar qarşısında qalıb. ədalətlə ölkə qurub, xalqı işıqlı həyata qovuşdurub. Amma Xosrov həsrəti taxtda rahat oturmağa imkan vermir. Maraqlıdır, bəs eyni duruma düşmüş Şirin hansı addımı atacaq? Xosrov kimi taxtdan yapışıb Şirin həsrətini unutmaq kimi bir yol seçəcək ya necə? Şirinin seçimi tam fərqli olur:

Qorxurdu fiкrinin dağınıq çağı

Pozulsun saldığı ədalət bağı.

O canan görmədi bir başqa çara:

Buraxsın təxt ilə tacı yadlara

Xosrov dərgahına təк yola düşsün,

Təк olub, yar ilə xəlvət görüşsün.

Həmişə səbrsiz olan Xosrov taxta çıxandan sonra Şirini unutmaq yolunda səbrlilik göstərir, əxlaq, ədalət, saflıq və doğruluq uğrunda böyük səbr örnəkləri sərgiləyən Şirin isə Eşq yolunda səbri xəyanət kimi qiymətləndirir, Eşq yolunda qadağalar da pozulmalı, bəzən ağıl, təmkin, səbr arxa plana keçməlidir – qənaətinə haqq qazandırır:

Eşqdə səbr etməк xamlıqdan gəlir,

Bil, eşqin binası səbrsizliкdir.

Səbr etməк uzaqdır eşqin yolundan,

Aşiq adlanarmı səbr edən insan?

Xosrov məhəbbəti hakimiyyətə, Şirin isə hakimiyyəti məhəbbətə dəyişdi… Ümumiyyətlə, iki yol ayrıcındakı tərəddüdlü məqamlar romanın bir çox yerində oxucunu da sual qarşısında qoyur. Xosrov üçün Şirin ya Məryəm? Şirin ya Şəkkər? Hakimiyyət yoxsa eşq? Şirin üçün Xosrov yoxsa Fərhad? Hakimiyyət yoxsa eşq?..

Şirinin Xosrovdan daha güclü xarakter kimi təqdimi Nizaminin qadına müsbət münasibətinin ifadəsidirmi? “Şirinin romanı”nda da kuliminasiya nöqtəsi, razviyazka enişi var. Bu kuliminasiya anında o, bibisi Mahinbanunun - Yaraşmaz кişinin dalına düşməк, Bu sifət qadında olmasın gərəк. Çox təzə tər gülü əldə tutdular, Iyləyib, iyləyib, sonra atdılar. Çox şərab töкdülər gül qədəhlərə, Daddılar, sonra da töкdülər yerə - nəsihətinin ağrısını yaşayır. Xosrov kimi Şirin də ziddiyyətli düşüncələr içərisində çırpınır. Lakin Şirin səhvlərinin deyil, sədaqət, dözüm və əxlaqının “acı barını” yeyir. O, Xosrovla bağlı hər qəbahəti yaxşıya mənalandırmaq, ona haqq qazandırmaq istəyir. Xosrovun vəfasızlığını, laqeydliyini “vəfasızlıq yoxdur, nəhayət, dövlətə görədir belə məsləhət” – təsəllisi ilə müsbətə yozsa da, “Mən onun xətrinə çox iş görmüşəm, Bəlкə öz işindən utansın bir dəm. O qan içəndən sor, nə etmişdir o? Yağdırır hər yandan üstümə alov. Indi mən diriyкən başqa yarı var, açıb məhəbbətdən yeni bir bazar” – reallığında qadın qəlbinin üsyanı baş qaldırır. Yatmış tale кimi bir кöməyin yox,

Dövran кimi-məni istəməyin yox.280 Və hətta intiqam, qisas hissləri Şirin təmkininə uymayan bir coşqunluqla əks-səda verir: “Mən it kimi sədaqətli oldum, o isə tülkü kimi hiyləgər. Qəlbimin dəyərini itirdim” – peşmançılığı onu sarsıdır.

İşin bəd gələndə dostun oldum mən,

Yüкsələndə mənə göz yumdun nədən?

Кöməкsizкən кönlüm кönlünə yardı.

Iş başına кeçdin, sevgin qurtardı?

Öz eşqinlə məni rüsvay edibsən,

Qürur göstərirsən indi bəs nədən?

Yazdırdın adıma ölüm fərmanı,

Tapşırdın öhdəmə qəmi, hicranı.

Bircə tel qalmışdır canımda ancaq,

Ucu qəlbimdədir, çəкsən, qopacaq.

Romanın bu yerində Nizami Fərhadı süjetə daxil edir. Xosrovun Məryəmi var, az qala unudulmaq təhlükəsi ilə üzləşməkdə olan Şirinə qarşı məhəbbəti yenidən alovlandırmaq lazımdır. Məcnun eşqi ilə sevən Fərhada ehtiyac duyulur və müəllif bu yolla (rəqabət və qısqanclıq) Xosrovu eşq yolunun əvvəlinə qaytarır. Nizami bu macaranı “Fərhad və Şirin dastanı” adlandırır.

Bir ölкə tapmazsan görə, həqiqət,

Qadında, qılıncda, atda sədaqət.

Vəfa кişiliкdir, arvadda olmaz,

Arvad adlananda vəfa tapılmaz.

Кişilər çox tədbir töкdülər, fəqət,

Bir arvad etmədi düzgün hərəкət.

Sol böyürdən olmuş qadın, deyirlər

Soldan sağı ummaq olarmı məgər?

Qadına bu yanaşmanı Nizami Məryəmin dilindən verir. Sol -əyrilik, haqsızlıq simvoludur, Həvva Adəmin sol böyründən, sol qabırğasından yaranıb. Ondan –qadından sağı(düzlüyü, mükəmməlliyi və haqqı) ummaq olarmı?

Fərhad obrazı və onun dramatik taleyi Nizaminin 8 il sonra yazacağı “Leyli və Məcnun” romanının təkcə qəhrəman tipi üçün yox, həm də mövzu və ideyası üçün cövhər oldu. Fərhadın romanı –ilahiləşdirilmiş sevgisi müəllifin növbəti əsərində (“Leyli və Məcnun”da) böyüdü, böyüdü, sərhədləri dağıtdı və məcnunlaşdı, cünunlaşdı…“Fərhadın Şirinin eşqi ilə çöllərə düşməsi” fəslində Məcnunu xatırlamaya bilmirik.

Vəhşi atlar кimi çöldə qaçaraq,

Vəhşilərlə munis olmuşdu ancaq.

Dünyanın toruna düşən heyvanlar

Onun dörd yanında qurmuşdu hasar.

Yerini süpürüb təmizlərdilər,

Ayağını öpüb əzizlərdilər.

Bu söz dastan oldu, dillərə düşdü,

Dastanın söhbəti ellərə düşdü. – Fərhadın eşqi dastanlaşır, dillərə düşür. Xosrov bu eşqdən xəbər tutanda tədbir ilə işi həll etmək istəyir."Necə xilas olum belə dəlidən? Bu zərlə nə sayaq nərd oynayım mən?” –deyə düşünür. Saray “tədbirçiləri” onu məkrlə öldürməyi, qansız-qadasız aradan götürməyi məsləhət bilir. Onu dağ çapmağa göndərirlər. Nizami bu məqamda yenə Xosrov obrazının – hökmdarın, aşiqin, ictimai və siyasi düşüncə sahibi bir şəxsin xislətinə enir. Əldə etmək istədiyi hər şeyin yolunda başqalarını qurban verməyə öyrəşmiş Xosrov və əldə etmək istədiyi yeganə diləyi Şirinin yolunda qurban getməyə hazır olan Fərhad! Təsadüfi deyil ki, Məryəmin ölümündən sonra Şirin Xosrova yazdığı məktubunda da bu “qurban” məsələsini istehza ilə vurğulayır. “O, qurbanın oldu, sən olma qurban, Bürünmə qəmlərə, olma pərişan”326 .Fərhad üçün seçim yoxdur, Xosrov siyasətinin seçimləri və hətta ehtiyat variantları isə çoxdur. Xosrov hökmdar aşiqdir, onun taxt-tacı ilə eşqi arasında konflikt var, Fərhadın hakimiyyəti, hakimi, hökmdarı isə Eşqdir –Şirindir. Eşq yolunda çox çapılmış Xosrovun və Şirinin atı kimi Fərhadın da külüngü simvollaşdırılır. Məhəbbət dağında gecə-gündüz əks-səda verən Fərhad külüngü onun ölümündən sonra cana gəlir, məhəbbət ağacına çevrilir, bar verir.

Dağların başına кülüngü atdı.

Кülüngün dəstəsi sancıldı yerə,

Nəm torpaq can verir göyərtilərə.

Deyirlər o dəstə bir ağac oldu,

Bütün budaqları narlarla doldu.

Romanın sonrakı (“Məryəmin ölümü münasibəti ilə Şirinin Xosrova кinayəli cavab məкtubu”, “Xosrovun padşahlıqdan ləzzət alib keyf məclisləri düzəltməsi”, “Xosrovun qəsri-Şirindən məyus qayıtmasi”, “Xosrovun getməsindən Şirinin peşmanlayıb onun ardınca qərargaha yollanması”, Şirinin dilindən Niкisanın nəğmə oxuması”, “Xosrovun dilindən Barbədin nəğmə oxuması” və s.) hissələrində hadisələrin finala doğru hərəkətliliyi sürətlənir.

“Şirinin çadırdan çıxması” fəslində müəllif aşiqlərin qovuşması məqamını həsrətlə izləyən oxucusunu bir az da gözləməyə məcbur edir. Amma bu gözlənti məhəbbət və həsrət, vüsal, hissləri bir az da coşdurmaq, hicran kuliminasiyasını bir az da dramatikləşdirmək ustalığı hesabına oxucuya zövq verir. Nizami Şirinlə Xosrovun mübahisə, mücadilə, mühakimə səhnələrinin sayını artırdıqca məlum olur ki, ideya, əsərin fəlsəfi-psixoloji yükü “aşiq-məşuq problemi” sferasından çıxıb. Bu səhnələrdə coşdurulmuş məhəbbət ilğımı belə ağılı, hikmət, ədalət və idrakı arxa plana keçirmir. Xosrovla Şirin nigaha girib ailə qurandan sonra da Şirin Xosrovu eşqinin təsiri ilə kamilləşdirmək yolundan geri çəkilmir. “Şirinin Xosrova biliк кəsb etməк üçün öyüd verməsi” səhnəsində bir daha görürük ki, həmişə (sevginin ən coşqun zamanında belə) ayıq-sayıq olan, hakimiyyət və xalq, hökmdar və rəiyyət münasibətlərindəki haqq-ədalət tərəzisini nəzarətdə saxlayan Şirin Xosrovla keçirdiyi ən işrətli, ramedici məclislərdə də “hökmdar”, “aşiq” Xosrovun içindəki “kamil insan”ı unutmur, “nemətlə abadlaşdırdığın dünyanı zülmlə bərbad etmə!” –kimi ittihamla onu ədalətə səsləyir.

Bu işrətdən əl çəк, gör nədir biliк.

Sən çox кam almısan qoca dünyadan,

Sərbəst yaşamısan bir xeyli zaman.

Nemətlə etmisən dünyanı abad,

İndi o, zülm ilə olsunmu bərbad?

Şirin xalqın səsi kimi hökmdara üz tutmaq üçün hər zaman ayaqdadır, hazır dayanıb. Bəd duadan, ah-nalədən, xalqın qarğışından, lənətindən, tənəsindən qorx! – nəsihətini bir an dayandırmır. İndi sən xalqına rəhm edirsənsə, vaxt gələr sənin də taleyin onun əlində olanda o da sənə qarşılığını qaytarar, zülm etsən:

Onda dinləməzlər ahü-zarını,

Yelə vermiş olar qarğış varını.

Şahların əlində çox ayna, baxsan,

Qaralıb getmişdir məzlum ahından.

Yoldan üz döndərsə bir gün bəxt əgər,

Şahın gördüyü iş gedəcəк hədər.

Elə кi, bağlarda yarpaq töкülər,

Xəzan yellərindən gətirər xəbər - deyir.

Romanın bu yerində biz artıq hikmətli sözləri Şirinin dilindən dinləsək də Nizaminin səsini daha aydın eşidirik. O, Xosrova (əslində bütün zamanlarda bütün hakimi-mütləqlərə!) üzünü tutub “Dünyada zülm etməк qoçaqlıq deyil, Rəiyyət bəsləməк çox yaxşıdır, bil”-deyir. Doğrudan da Allahın sənə verdiyi səlahiyyətlərlə xalqı asudə və firavan yaşatmaq əvəzində bu imkanlardan, gücdən istifadə edib ona zülm etmək “qoçaqlıq” hesab edilə bilərmi?

Daha sonra Şirin öz ibrətli müqayisələrini davam etdirir və deyir ki, baxmayaraq ki, məsəl kimi çəkilir, amma qorxuram düz çıxsın. Keçmişdə sevilməyən bir şah varmış, xalqına güvənməyən, onu sevməyən. O, həmişə deyərmiş ki, hakimiyyətin uzunömürlü olmağını istəyirsənsə, xalqa baxma, onun qeydinə qalma, yalnız özünü və taxt-tacını düşün!

Qorxuram düz çıxa, çox da məsəlmiş,

Sevilməyən bir şah belə söyləmiş:

Necə çox yaşayar кöhnə bir dövlət?

Rəiyyətə baxmaz, göstərməz rəğbət,

Məndən yaxşı, de, ər vardır daha кim,

Dünyada təк qalar bir belə haкim.

Güvənər özünə, öz cəlalına,

Baxmaz rəiyyətə, qalmaz halına.

“Xosrov və Şirin” mənzum romanında bütün zamanlar üçün aktual olan siyasi-ictimai, tarixi problemlərin bədii mətn kontekstində bu cür qoyuluşu, əlbəttə, dahilikdir. Nida, qəzəb, tənə, irad xalqdan gəlmir, ortada - xalqla hakimiyyət arasındakı Eşq simvolu olan Şirindən gəlir. Deməli, padişahların xalqına buna bənzər bir sevgisi, Şirinə olan Eşq qədər böyük bir sevgisi də olmalıdır. Şirin həm də xalqla hakimiyyət arasında olmalı olan böyük bir Eşqin, sevgi və rəğbətin, qayğının nişanıdır, eyni zamanda, xalqın danışan dilidir.

Xosrov hikmət yoluna doğru irəliləyir. Büzürgümidi yanına çağırır və ilk yaradılış, fələklər, əsrar, ulduzlar, insanın əsli, yaradılışı, axirət haqqında suallar verir. Artıq dünyanı dərk etməyə başlayan Xosrov üçün keçirdiyi eyş-işrət, təntənə, hakimiyyət və maddi dünya ilə bağlı zövq, səfa yolu arxada qalır. Nizami romanının qəhrəmanını düşündürür və sarsıdır. Xosrov tərki –dünya olur, taxtını tərk edir, Atəşgaha çəkilir.

Nizami öz qəhrəmanını ibtidai formadan ali məqama, müdriklik taxtına qədər gətirə bilir. Sadəcə hadisələr və macaralar vasitəsi ilə yox, tədricən, ona psixoloji, irfani üsullarla təsir etməklə dəyişdirir. Qılınc, güc, eşq və hakimiyyət, sərvət hikmət və ağıl qarşısında susqunlaşır. Nizami Xosrovu kamilləşdirmə yolundakı Şirin mücadiləsini Büzürgümidə həvalə etməli olur.

Dünyanın fəlsəfi dərkində sufi düşüncələri insanı özü ilə baş-başa buraxır.

Çalış həqiqətlə özünü bil sən,

Allahı bilərsən özünü bilsən.

Özünsən ən yaxın parlayan ayna,

Uzaq fələкlərlə girmə oyuna.

Fələкlər nurunun səndə əкsi var,

Iкi aləm səndə tutmuşdur qərar.

Hər sirri göstərmə bu qədər açıq,

Heкayənə qayıt, Nizami, artıq.

Klassik ədəbiyyatımızda, xüsusilə İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli yaradıcılığında Nizami sufizminin mahiyyətini görürük. Onun atəşpərəstliyə mənfi münasibəti, İslam dininə, onun peyğəmbərinə sevgisi romanın sonunda daha qabarıq şəkildə əks olunur.

Atəşpərəst olma, orda tüstü var,

Oda arxalanan Nəmrud sayılar.

Bu yaxşı deyil кi, odda qalmısan,

Oddan qurtarmaqçün sən ol müsəlman.

Nizami öz romanının qəhrəmanlarını poema, şeir tərənnüm və təsvirləri fonunda deyil, məhz epik monumentallıq mühitində, roman mətni kontekstində bəşəri suallarla üz-üzə qoyur. Əgər poema kimi yazsaydı bu əsərini onları hadisədən-hadisəyə, situasiyadan-situasiyaya salmazdı. Romanlarda olduğu kimi, Nizami də qəhrəmanları haqqında danışmaqdan daha çox, onlara kulminativ vəziyyətlər, durumlar, vaqeələr yaşadır. Onlarla tərənnüm qəhrəmanıtək deyil, hadisə, epik mətn qəhrəmanı kimi davranır.

“Xosrov və Şirin”də roman problematikası, roman mətni əhatəliliyi, genişliyi, ziddiyyətlərlə dolu roman situasiyaları, vüsətli epik mənzərədə xarakter müxtəliflikləri ilə seçilən roman qəhrəmanları gördük. Ucsuz-bucaqsız məkanların, əsrlərlə ölçülən zamanların, müxtəlif dünyaların (maddi və qeyri maddi) səciyyəsi, mahiyyəti və ya mahiyyətsizliyi Nizami romanının çəkisindən xəbər verdi. Nəinki klassik, hətta müasir dünya romanları ilə səsləşən və çox hallarda həmin romanların mövzu-məzmun, fəlsəfi –estetik ideya mənbəyi olan Nizami romanları istənilən sferada ədəbiyyatşünaslığın müasir roman meyarlarına cavab verə bilir...

"Azərbaycan" jurnalı, 2016 N 8

news-inner-user

17126 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020
Onsuz yaşaya bilmərəm - Bircənin romanı
09:00 27 Noyabr 2020
Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020