news-inner
clock17:20 calendar-gray 06 Sentyabr 2016 view-gray238 dəfə oxunub
view-gray238 dəfə oxunub

Gecikirik! – İradə Musayeva modernizmdən yazır...

Kulis.Az tənqidçi İradə Musayevanın “Modernizm haqqında yanlış yozumlar” məqaləsini təqdim edir.

Bir cüt taqətsiz əl sükut dənizinin yatağını eşələyir...

T.Eliot

Bizi dünya mədəniyyəti və eyni zamanda ədəbiyyatından ən azı yüz illik bir müddət, daha doğrusu, bir əsrlik gecikmə ayırır. Biz bir əsrdən çoxdur ki, sürətlə gedən dünya qatarının ardınca qaçmaqdayıq… O dayanmır, bizim tempimiz isə nə ona çatmaq, nə də nə zamansa eyni yolun yolçusu olmaq şansının mümkünlüyündən xəbər verir… Biz bizə doğru gələcək vaxtı gözləməkdəyik. Vaxt isə, məlumdur ki, heç vaxt qayıtmayacaq, o həmişə ancaq və ancaq GEDİR…

Bütün sahələrdə olduğu kimi ədəbiyyatda da hamı söhbəti həll edib bitirəndən sonra həmin məsələ haqqında biz başlayırıq danışmağa. Yeni sətirdən və sanki yeni problem kimi. Modernizmin bir ədəbi-mədəni cərəyan kimi dünyanı dolaşdığı vaxtdan da bir əsrdən çox vaxt keçib. Biz indi istəyirik onun nəzəriyyəsini çözək. Özü də 15 il öncə postmodernizmdən danışılmağa başlandı, sonra yenidən yada düşdü ki, «post»dan öncə modernizm olub… Olsun, danışılsın, burda qəbahət yoxdur. Əslində, ədəbi cərəyanlar haqqındakı ədəbiyyatşünaslıq bilgimizin darçərçivəliliyi ədəbi-tənqidi, tarixi və mədəni-estetik baxımdan mətn təhlillərinin düzgün anlaşılmaması və qeyri-obyektiv analizlər ilə nəticələnir. Biz hələ də bir çox ədəbi cərəyanlar (sürrealizm, neoklassisizm, naturalizm, simvolizm,futurizm, dadaizm, ekzistensializm, personalizm, impressionism, ekspressionizm) haqqında yalnız bizə yad bir məfhumu işarələrlə anladırmış kimi danışırıq. Bu ədəbi-estetik baxış formaları həqiqətən də bizim ədəbiyyatda olmayıbmı? Bəlkə nəzəri axsaqlıq imkan verməyib ədəbiyyatda yaranan həmin estetik baxışları vaxtında tapıb öz adıyla təqdim edək? Məsələn, sürrealizmdən söz düşsə, yəqin ki, bizdə nümunələrin olmaması barədə danışarlar. Sürrealist («Sürrealistlər instinktləri, xəstə əhval-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmin banilərindən birinin fikrincə «ruhi xəstələr əsil sürrealistlərdir». Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə uğramış, L.Araqon, P.Elüar ondan uzaqlaşmışdılar. 1940-cı ildə sürrealizmin mərkəzi ABŞ olmuş, A.Breton, M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər buraya köçmüşdülər».) ədəbi-estetik nəzəriyyənin C.Məmmədquluzadə yaradıcılığında əksi yoxdurmu? Başqa əsərlərini kənara qoyub yalnız «Dəli yığıncağı» tragikomediyasını götürsək, oradakı sürrealist baxış fəlsəfəsini əsaslandıra bilmərikmi? Və ya ekzistensializm prinsiplərindən çıxış etsək H.Cavidin «İblis» və digər əsərlərində onun mahiyyətini ifadə edən məqamları ortaya qoya bilmərikmi? İstər dini («Şeyx Sənan»), istər mədəniyyət fərqləri («Uçurum»), istərsə də şeytani diktələrin təsiri («İblis») nöqteyi-nəzərindən ayrılan, bir-birinə düşmən kəsilən bəşər övladının fiziki olaraq yox, mənən və ruhən təklənmək, yalqızlıq və kimsəsizlik faciəsinə düçar olmaq ağrısını Cavid qədər fəlsəfi və dünyəvi şüur, hissetmə aliliyində obrazlaşdıran olubmu? Deməli, problem təkcə ədəbiyyatda deyil. Həm də onun nəzəriyyəsinin qeyri-mükəmməl fəaliyyətindədir ki, mövcud olan nümunələrimizi dünya miqyasındakı ədəbi-estetik meyarlara, nəzəriyyələrə uyğunlaşdıraraq təhlilə çəkə bilməmişik. Bu cür misalları istənilən qədər artırmaq olar. Ən azından sovet ideologiyası çərçivəsindən kənarda yaranan əsərlərin motivlərini açmaqla bunları etmək olardı…

Image result for cavid

Cəmiyyətimizin ictimai şüur təkamülündə olan problem, təbii ki, ədəbiyyatda da öz ifadəsini tapır. O cəmiyyətlərdə ki, sosial-siyasi fəallıq, erudisiyalı və idraki qabiliyyəti ilə kainatı dolaşa bilən dünyagörüş yoxdur, həmin toplumlarda zaman da ağırlaşır, təkrarlanır. Bir çalada yığılıb qalmış su kimi pis qoxu verir süstləşmiş zaman… Bizim cəmiyyətin özünüifadəsindəki və ümumiyyətlə, ictimai düşüncədəki təkrarlar, yerindəsaymalar zamanla bizim aramıza nifaq salıb. Zaman bizi yorur. Əsrlərlə eyni sürət və eyni mətləblər haqqında düşünmək əzabı bizi tükədib. Orta əsrlər dediyimiz zamanda M.Füzuli orbiti vardı. Hər kəs və hər şey o ətrafda fırlanırdı… Füzulidə başlayan zaman Füzulidə çevrələnirdi. Çevrələrdə isə inkişaf olmur. Ondan əvvəl eyni proses Nizami Gəncəvi, ondan sonra isə M.F.Axundov, daha sonra M.Cəlil və mollanəsrəddinçilər və az sayda digərləri ilə baş verdi… Biz dünyanı eyni rənglərlə görməkdən və eyni səslərlə eşitməkdən bezmirik. Sizif məşəqqətinə çevrilib zamanla münaqişəmiz. Zaman özü gedir, bizim düşüncəmizi isə eyni daşın, eyni ağacın kölgəsində zəncirləyib gedib sanki… Dünya eyni qayda ilə dövr edir, Gnəş və Ay da həmçinin… Amma bu dövretmə hər təkrarında dünyanın simasını dəyişir. Bəs niyə biz də bu dəyişimdə yoxuq? Obyektin mahiyyəti və necə var olması yox, ona baxışın fəlsəfəsindən gedir söhbət. Obyekt qüsurlu deyil. zədələnmə, qüsur, naqislik, axsaqlıq və natamamlııq fərdin, bəzən ictimai yanaşmanın öz dərketməsində, baxış nöqtəsindədir… hadisələrin (siyasətin, sosial-mədəni yaşayışın) yox, ona baxışın mahiyyətində… Ədəbi cərəyanlar dediyimiz fəlsəfi-estetik baxış formalarının yaranması, inkişafı və nümunələri haqqında dünya ədəbiyyatşünaslığında maraqlı təhlillər var. Bəs bizdə? Bizim müəlliflər bu barədə danışanda əsas mənbə, əlbəttə, sözügedən dünya ədəbiyyatşünaslığı olsa da, öz fikirlərini söyləmə məqamında qəribə, anlaşılmaz və məntiqə uymayan tezislər çıxır ortaya… Məsələn, kimsə deyəndə ki modernizm filan dövrdə hətta filan ildə filan əsərlə filan ölkədə yarandı, əlbəttə. təəccüblü gəlir. Modernizm əsər, konkret düşüncə, kəşf, faktlılıq deyil, gizli hadisələrin də yox, hətta proseslərin daşması, fırtınasıdır. Fırtına üstündə düşüncələrdir... Vaxtında, fırtına yatmamış baş verən düşüncə, hiss, reaksiya, həyəcan, qorxu, sevinc... Modernizm bizim bəzi yazarların dediyi kimi xırda təsvirlərdən , realist təsvirlərdən də qaçmır…

Doğrudur, realizm daha soyuqqanlıdır, təsvirçidir, analizçidir, əsli ilə surəti müqayisə edən, artıq-əskiyi yonub düzəldəndir. Realizm inandırmağa çalışır, həyatın özünü göstərir və sübut etmək istəyir ki, «doğrudur, bax bu, sənin yaşadığın həyatdır, amma sən bunu, bunu görməmişdin yaşayanda, amma bax, mən sənin gözündən qaçan həyatın anlarını mənalandırdım və sənin yadına saldım». Realistlər oxucu ilə yaşam, düşüncə qohumluğunu sübut etmək üçün çox vaxt dəridən, qabıqdan çıxır. Modernist üçün isə, adama elə gəlir ki, nə həyatın özü, həqiqi üzü, nə də oxucusunun fikri maraqlıdır. Modernistlər daha çox sürəti, insan şüurunda, insan gözündə və səs kimi qulaqlarda əks-səda verən zamanın sürətini izləyirlər. Ən əsası, zamanında yaxalayırlar - zamanın çalxalanıb-çalxalanıb üzə çıxardığı fırtınanı… Modern – gündəlikdə olandır, modernist gündəmin hadisələrinin nəbzini daha tez tutandır. U.Folkner kimi… «İtirilmiş nəsil» haqqında ondan əvvəl də danışırdılar, ictimai-siyasi, sosial sferalarda. Amma iki müharibə arasında (Birinci və ikinci dünya müharibəsi) yaşamını və insan kimi mahiyyətini, xoşbəxtliyini itirən böyük bir nəslin - əzilmiş və varlığı belə unudulmuş böyük bir ordunun faciəsini obrazlaşdıran ədəbiyyat adamı, yazarlar oldu.

Image result for folkner

V.Hüqo realist idi, həyatın özü qədər realist. Ola bilər ifadə və təqdim texnologiyasında modern, ya postmodern sərbəstlik, eksperimental yanaşmalar olsun, amma Hüqonun ədəbi manifesti həyatın soyuq üzünü sanki dırnaqları ilə didmək kimi realist zəhməti üzərində qurulmuşdu. Hüqonun obrazları onun modernist yaşamından doğmayıb, Hüqo birbaşa öz qəhrəmanlarının yaşadığı evə, avara-avara gəzdikləri küçələrə, dalaşdıqları, vuruşduqları barrikadalara girir. Məqsədsizdir, sanki. Sadəcə hər səhər evdən çıxır, axşama qədər gəzib dolaşır və onların həyatını, problemlərini, mübarizə və ya ətalətliliyini bizə göstərir. Halbuki, aydın məsələdir, Hüqo gündəlik yazmırdı, bədii əsər yaradırdı. Və saysız-hesabsız bədii ifadə, təsvir yolları arayıb, süjet, kompozisiya variantları sınaqdan keçirib. Qəhrəmanlarını on dəfələrlə geyindirib-soyundurub, danışdırıb-susdurub, dalaşdırıb və s… Yəni, yazıçı zəhmətini oxucu hiss etmir, aydındır ki…

Sadəlövhcəsinə düşünsək bayaqkı kimi deməliyik - «eləcə hər səhər evdən çıxır və gördüklərini yazır sadə, aydın dillə, fikirlə…» Realistlər daha səliqəli, oxucusu ilə hesablaşan, ölçüb -biçəndir. Modern yaradıcılıqda elə görünür ki, yeganə hakim diktə və təsir intuisiya, hiss, subyektiv, şəxsi yaşantı və düşüncədir… başqalarının yaşadıqlarında özünü axtarmır, özünün yaşadıqlarını ruhuna və estetik marağına uyğun şəkildə təsvir edir, sonra oxucuya ünvanlayır (modernistlərdə bir az saymazyanalığa bənzər əda var sanki…)

Modernistlər realistlərdən həm də ona görə fərqlənir ki, onlar bizim görə bilməyəcəyimiz, amma içimizdə, ruhumuzda, şüuraltımızda olan gizlinlərimizi oyadır, dilləndirir. Onlar görünməyənlər haqqında danışmaqdan qorxmurlar, hətta yuxularını. Hissi qavramla duyduqlarını belə hamının başına gələn iş, olmuş və ya olacaq hadisə kimi təqdim etməkdən belə çəkinmirlər. Əlbəttə, onları romantiklərlə eyniləşdirmək olmaz. Bəzən təəccüblənirik: bu ki ürəyimi oxuyur, elə mən də belə düşünürdüm və s. Yəni yaşadığımız hisslərə, duyğulara qanad taxırlar və belə mətnlərdə bütün oxucuların bir milləti olur, bəşər övladı olursan sən də…

Bizim bəzi nəzəriyyəçilərimiz inkarçılığı modernizmin mahiyyəti, məğzi kimi izah edir və ya modernizmi cəsarətli inkarçılıq anlamında… Onda Füzulidən böyük inkarçı yoxdur , - deyə modernizmin Azərbaycan ədəbiyyatında tarixini XVI əsrdən başlayaqmı?

Və bizim istənilən ədəbi-estetik baxışla bağlı mülahizələrimizdə və müzakirələrimizdə ən böyük qüsur onu, məsələn, modernizmi yalnız ədəbiyyat faktı kimi təhlilə cəlb etməyimizlə əlaqəlidir. Ədəbiyyat bir çox sahələrdə reallaşmış, görünməyən dalğalar kimi sualtı irliləyən modernistik məqamları, mərhələ yaratmış prosesləri hardasa, bəlkə də ilk olaraq görən və əks etdirən, üzə çıxarandır… Müharibələrin, inqilabların, böyük dağıntıların və ya, əksinə, sivilizasiya və intibahların modern təfəkkür tərzi, bu xüsusda düşüncə selinin hər kateqoriyaya aid sahələri bürüdüyü zamandan sonrkı və ya eyni zanmandakı hadisədir ədəbi modernizm zühuru…

Bəzən yalnız modernizmə aid olmayan, hardasa bütövlükdə ədəbiyyat anlayışının mahiyyətində olan spesifikliyi də sırf modernizm hadisəsi kimi səciyyələndirirlər: «Modernizm əvvəlki kollektivçi şüura qarşı bir fərdi qoyurdu və göstərirdi ki, hər bir fərdin öz dünyası var, bu fərd cəmiyyətin mental düşüncə və həyat tərzinə qarşı idi». (Qan Turalı) Bu yanaşma bizim Azərbaycan sovet yazıçılarının da əsərlərində yetərincə hiss olunmaqdaydı, əlbəttə, bu modernizmin səciyyəsi deyil…

Cavan yazıçının modernizmin Azərbaycan ədəbiyyatındakı nümayəndələri haqqındakı fikri də təəccüblü oldu: «Bizim ədəbiyyatda eksiztensial modernizmin izlərini Anarın, Elçinin əsərlərində görmək olur. Onlara əsas tematika nə idi? Fərdin yalnızlığı. Xüsusən, Anarın “Ağ liman” əsərində bariz şəkildə rast gəlmək olur buna. Ya da Elçinin məşhur “Qatar, Pikasso və otelОписание: Описание: Описание: http://cdncache-a.akamaihd.net/items/it/img/arrow-10x10.png” hekayəsi. Bu daha çox fransız məktəbidir. Məsələn, o hekayədə bir cümlə var, fikrimcə kifayət qədər eksiztensial fikirdir: “İnsanı başa düşə biləcək yeganə varlıq elə özüdür”. Ona görə də konteksti dəqiq qoymaq lazımdır. Eksiztensial modernizmin bizdəki nümayəndələri Anarla Elçindir. Amma Qismətin dediyi estetik modernizm nümunələrini bizim ədəbiyyatda Afaq Məsudla Yusif Səmədoğlunun yaradıcılığında görmək olar. Bunlarda modernizm ekzistensional yox, daha bariz və açıq formadadır. Məsələn, “Qətl günü” romanında kafkaist bir situasiya var. Əsərin qəhrəmanının hakim siyasi elita, texnologiya və bürokratiya qarşısında acizliyi. Eynilə Kafkanın “Məhkəmə” romanındakı kimi. Bir şeyi də demək istəyirəm ki, modernizm üç-beş dəqiqəyə anladılacaq bir şey deyil, kifayət qədər qarışıq cərəyandır və müxtəlif cərəyanlarla birlikdədir. Bəzi alimlər deyir ki, elə postmodernizm də modernizmin davamıdır». (?! - İ.M)

Bəli, qəribə əlaqələndirmədir… Əgər «ekzistensial modernizmin izi» fərdin yalnızlığı ilə ölçülürsə (halbuki belə deyil!-İ.M.) onda niyə bütün müəlliflər kimi Qan Turalının da yadına Sabir Əhmədlinin qəhrəmanları, məsələn, «Yamacda nişanə» povestindəki Laçın obrazı düşmədi? Axı o (Laçın) Məmmədnəsir kimi özü-özüylə nərd oynayacaq qədər primitiv yalnızlıq yox, elə Turalın dediyi kimi «kafkaist yalnızlıq» yaşayan fərd idi… 60-cı illər ədəbiyyatına aid edilən modern təfəkkür tərzinin ifadəsi nəsrdə S.Əhmədliyə daha çox şamil olunmalıdır. Poeziyada isə modern şeir nümunələrinin ən gözəl örnəyini adı lap az çəkilən Ə.Salahzadə yazmışdır…

Image result for sabir əhmədli

Fərdin cəmiyyətlə ziddiyyəti, fərdin tənhalığı, özünəqapanması, əlbəttə ən antik ədəbiyyat nümunələrində də var, sırf modernizm detalları deyil…

Modernizm Realizmə üsyan deyildi, ənənəvi yaşam tərzi, və ya həyata eyni münasibətlə davamı əksetdirməyə üsyan idi, ədəbiyyatda eyni şeyə eyni cür baxmaq ənənəsinə sadiqliyə üsyan idi. Su milyon illərdir eyni cür axır, amma bu axıntıya baxışın dəyişməsidir, axmağın forması dəyişmir, baxış dəyişir… Modernizm və ya başqa, yeni hesab edilən «izm»lər də həmin baxışdakı yenilik, fərqlilik deməkdir. Yaşamın, hadisə və çevrilişli zamanların eyni döyüntülərlə vuran ürəyi, obrazlı bədii ifadəsidir modernizm dalğası... Sadəcə bu baxışdakı (modernistik yanaşmada) coşqunluq və iddialılıq sanki modernizmi daimi yeni olan, modern, yeni, fərqli, hətta bitmək bilməyən cərəyan, poetik hava, axın kimi səciyyələndirir həm də…. Modernizmin digər nəzəriyyələrdən, ədəbi-estetik «izm»lərdən fərqi həm də onda idi ki, burda mətnləşdirilən hər şeyə həndəsi silsiləvlik, fizika qanunları ilə yanaşma yeniliyi var idi. Ədəbiyyatlaşmış hər məqamın, hadisə və psixoloji səciyyənin riyazi hesablama konturları, konkretliyi yaranmaqda idi. Dünya incəsənətində bütün bunların qanunauyğun tətbiqi görünür. Rəssamlıqdan tutmuş musiqi və teatr səhnələrindəki dekorasiyalaradək detallaşır hər şey. Şüur axınının bir mərkəzi nöqtədən başlanğıc almasını Mikelancela və başqa rəssamlar fırça ilə, bəstəkarlar səslərlə nöqtələyir, konkretləşdirir. Bethoven 9-cu simfoniyasında bu axının qarşısını ala bilmir, səs, ahəng ilə ifadə olunan şüur axınını musiqi alətlərinin vasitəsi ilə ifadə etməkdə aciz qalır və insan səslərini sanki «köməyə çağırır», ilk dəfə öz simfoniyasında (dünya dərkini ahəngə, harmonik obraz donuna - nota salmaq, çərçivələmək üçün ) sənət səddini, həddini aşır, sahillə haşiyələnmiş dənizin suyunu daşdırır, dalğaları coşdurur….

Düşüncə, özünüdərk və mədəniyyət hadisəsi, yeni estetik baxış olan modernizm yaradıcılığın bütün sahələrində coşqunluğun, dərklə sıçrayışın eyni anda baş verdiyi situasiyanın elə həmin çılğınlıqla da əks-səda verməsidir həm də...

Sükut pozulur, hisslər və xəyallar, düşüncələr hər detalda sürətlilik, oyanma, tərpəniş və fəzilət, ağıl nişanəsi axtarır. T.Eliotun dediyi kimi: “Bir cüt taqətsiz əl sükut dənizinin yatağını eşələyir”... Bəli, məhz “sükut dənizinin yatağında” - ətalət içərisində uyuyan cəmiyyətin kütləşmiş şüurunda yaratmaq lazım idi tərpənişi. Sonra bu tərpəniş coşqun və təbəddülatlı prosesə çevrilə bilirdi... Bozluqda səslər eyni ahənglə təkrarlanan taqqıltı, rənglər eyni çalarda ilişib qalmış yekrənglik qədər sıxıntılı idi. İ.Levitanın “Əbədi sükutda” əsrində olduğu kimi... Ovqat tabloda donur sanki... Modernist olan bütün əsərlərdə isə sürət, hərəkət və təsirlilik, dəyişilmə, dəyişdirmə var...

XX əsrin modern şair və nasirlərinin yaradıcılığı bu ədəbi-estetik nəzəriyyənin təhlil prizmasından keçmədi. Məsələn, poeziyada Ələkbər Salahzadə, İsa İsmayılzadə, Eldar Baxış, Vaqif Bayatlı, daha sonralar yaradıcılığa başlayan Salam Sarvan və şeirləri ilə bu yaxınlarda tanış olduğumuz nakam şair Faiq İsmayılov kimi modern düşüncəli və modern estetikalı şairlərin qəhrəmanlarını olduğu kimi görmək istəmədik...

Image result for ələkbər salahzadə

Modernizm ədəbiyyatımızda və mədəniyyətimizin başqa sahələrində cərəyan, mütəmadi və inkişafistiqamətli məktəb kimi yox, fraqmentallıqla, detallarla fəaliyyət göstərdi... Tək-tək müəlliflərdə və bəzi əsərlərdə. XX əsrin əvvəllərində cərəyanlaşmağa başlayan Azərbaycan modernizminin qarşısı sovet inqilabı ilə alındı və düşüncənin sahəsi də elə həmin vaxtdan çərçivələndi... Yalnız SSRİ məkanında baş verən ictimai-siyasi, sosial dəyişmələrdən sonra -60-cı illərdə həmin fikrin, baxış və yanaşmanın davamı olaraq yeni, nisbətən fərqli mədəni-estetik və fəlsəfi-intellektual sənət, ədəbiyyat nümunələri yarandı. Musiqidə Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Cövdət Hacıyev, Niyazi, Vaqif Mustafazadə, rəssamlıqda Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Səttar Bəhlulzadə, Mircavad Cavadov və başqalarının adını çəkə bilərik. Dünyaya çıxa bilən modern sənət yaradıcıları idi bu insanlar...

Amma məsələ ondadır ki, bu qədər həssaslıq və daha çox emosionallıqla yaradılan sənətin dərki, anlaşılması da bir problem kimi meydana çıxmışdı. Modernistik yanaşmaların çoxunu zamanında hətta «sənətin tənəzzülü» kimi qiymətləndirənlər, daha doğrusu, qiymətdən salanlar olub. Ən kəskin etirazlarla qarşılanan «izm»lərdən biri, bəlkə də birincisidir modernizm… Tamaşaçının, seyrçinin, dinləyici və oxucunun anlamsız, donuq, reaksiyasız sifəti sənəti həmişə öldürüb… Bu baxımdan bizim də bəxti gətirməyən sənətkarlarımız çoxdur-istər rəssamlıqda, istər ədəbiyyatda, istərsə də musiqidə və s… Təkcə Vaqif Mustafazadə improvizələrinə qarşı olan hücumları yada salmaq fikrimizi anlatmaq üçün bir faktdır.

Motsartın atası məktublarının birində oğluna yazırdı: «Bəstələrində ancaq musiqidən anlayan izləyiciləri deyil, anlamayanları da diqqətə almağını məsləhət görürəm. Sənin də bildiyin kimi musiqidən həqiqətən anlayan on nəfərə qarşılıq anlamayan yüz nəfər var; belə olduğu halda qulaqlarını şəkləyən toplumu da unutma». Motsart isə cavabında yazırdı: «Toplum mövzusunda narahat olmayın, çünki mənim operalarımda hər sinifdən olan insan üçün musiqi vardır – sivri qulaqlar xaric».

Motsart operalarında bütün təbəqələrdən olan insanların musiqi zövqünü və dərketmə potensialını nəzərə alırdı. Atası isə hətta intellektual əda ilə bu musiqini dinləməyi bacaranları yox, «qulağını şəkləyib» gözlərini döyən toplumun da «payı»nı verməyi oğlundan xahiş edirdi. Yəni, nəsə anlamaq istəyənlər üçün də zövq dərəcəsi müəyyənləşdirməyi tapşırırdı oğluna. Fəqət, insanlar arasında daha dəhşətli bir kateqoriya var ki, «sivri qulaqlıdır» - uzunqulaqda olduğu kimidir qulaqları… Onlar üçün isə Motsart: «onlara verəcək bir şey yoxdur, məndə!» -deyirdi, sanki… Necə ki, C.Məmmədquluzadə Danabaş kəndinin sakinlərindən əlini üzmüşdü...

Modernizmin texniki və zahiri əlamətlər əsasında səciyyələndirilən spesifikasını kənara qoyub, onun ideyasını, məğzini və tendensiyasını öyrənmək istəsək, sözsüz ki, hərlənib-fırlanıb yenə İnsana qayıdacağıq. Modernizm hadisələrinin hay-küyü, əks-sədası nə qədər yüksəkdən olsa da, baş vermənin hamısı, maraqlıdır ki, məkan etibarilə daha qapalı bir mühitdə -İnsanın daxilində cərəyan edir. Üzünü özünə çevirir insan bu sənət estetikasında... Modernizm İnsanın – Allahın şah əsəri olan İnsanın yaşam, özünütəsdiq fəlsəfəsi ilə məşğul olan bir məqsədlilikdir. Hər şey burda-bu balaca dünyada - İnsanda baş verir. İnsan əhatəsini, hətta zamanı, məkan hüdudsuzluğunu belə, içində yerləşdirə bilir. İnsan yaşadığı modern dünyanın obrazı kimi çıxış edir. Və eyni baxış məntiqi modernist qəhrəmanları doğmalaşdırır, dostlaşdırır. Necə ki, E.Hemenqueyin «Qoca və dəniz» əsərinin qəhrəmanı sonadək mübarizə aparmağın, nail olmağın və əngəllərə, qaranlıqlara, qalib gəlməyin, xoşbəxtliyi dırnaqları ilə qoparıb əldə etməyin örnəyini göstərir, eləcə də Bethovenin 9-cu simfoniyasının sonunda «Sevincə doğru» adlı şeirin xorda oxunması həmin ideyaya köklənmişdir. Sona doğru hərəkətlilikdə uğur və qələbə tərənnüm edilir. Məlum aqibət-ölüm yox, ölümsüzlük, taleyin nəsibi yox, özün mücadilə ilə əldə etdiyin uğurlu aqibət haqqında danışılır. Modern təfəkkür insanı inandırır ki, o özünü xoşbəxt edə bilər…

Bu ədəbi-estetik baxış İnsanı Allaha yaxınlaşdırır. Diqqəti özünə, daxilinə yönəldilmiş insan o qədər özünü, varlığını, mənəvi təbəddülatlarını analiz edir ki, orada Allahı da görür, tanıyır və artıq suallarını İlahi ədalət işığında çözməyə başlayır…Bu münasibət, bu İlahi məqam fəlsəfəsi isə bizə klassik şərq, o cümlədən Azərbaycan ədəbiyyatında əsrlər öncə aləmə yayılmış sufizm nəzəriyyəsinin ana ideyasını xatırlatdı. Klassik ədəbiyyatımızda axtarsaq, həmin modern, yeni təfəkkürlü və fərqli düşüncəli, fərqli davranışlı, müqavimət göstərən, ali məqamlarda özünü təsdiq etmək istəyən İnsanı görəcəyik. İlk olaraq İ.Nəsiminin insanını… Biz nədənsə modernizmin rüşeymlərini qərbdə axtarmaq və onun tarixini həmin mədəniyyətin, fəlsəfi-estetik məktəblərin ayağına yazmaq istəmişik həmişə. Amma elə həmin prinsiplərlə təhlillər aparılsa, Nəsiminin İnsanı A.Kamyunun, E.Hemenqueyin, A.Ekzüperinin, U.Folknerin,V.Vulfun qəhrəmanlarının sələfi çıxacaq…

Öz halına diksinib oyanan (Ey özündən bixəbər qafil, oyan! - İ.Nəsimi) Nəsimi İnsanını qərb bir neçə əsr sonra oyatdı. Adına gah «renasans adamı», gah “intibah adamı”, dedi, gah da «itirilmiş nəsil adamı» və s… İslam mədəniyyətinin Avropa intibahı üçün zəmin olan fəlsəfəsinin mahiyyətini heç vaxt aça bilmədi ədəbiyyat tarixçilərimiz, nəzəriyyəçilərimiz… Bəli, həmişə gileyləndiyimiz məsələ-ədəbiyyatşünaslığın klassik irs problemi yenə yada düşdü bu məqamda…

Modern təfəkkürün yaranması və formalaşıb müxtəlif sənət sahələrini bürüməsi , təbii ki, zamanın ictimai-siyasi, sosial-mədəni intibahlarından doğur.

İstənilən böyük ədəbiyyat mərhələsi aid olduğu dövrün ictimai-siyasi hadisələrinin bətnindən zühur edib həmişə… Məsələn, XIX əsr Qərb ədəbiyyatı, eləcə də rus və Azərbaycan ədəbiyyatı intibahı əslində elə həmin xaoslu, təbəddülatlı, sosial-siyasi hadisələr bolluğunun olduğu zamanın məhsulu idi… İnqilablardan, müharibələrdən sonra qorxusunu unudan və müqavimətlərə sinə gərən insanlar «psixologiyası zədələnmiş insan» kimi qələmə verilirdi. Məşhur psixoloq Lui Solome isə müharibə zamanı psixologiya elmi üçün əhəmiyyətli olan bir kəşfinə imza atdı. Adi qapı taqqıltısından diksinən, həyəcanlanan xəstələri cəbhədən qayıdandan sonra həkimlərini – Solomeni təəccübləndirirlər. Onlar tamamilə sağalmışlar… Məlum olur ki, səngərlərdə, döyüş meydanlarında gördükləri ən qorxulu mənzərələr, eşitdikləri ən sarsıdıcı səslər onların «zədələnmiş psixologiyasındakı boşluğu» aradan qaldırıbmış… Modern ədəbiyyat da elədir, qorxusunu unutmuş insanların ədəbiyyatıdır, bu ədəbiyyat. Məişətdən, fiziki varlığın arzularından, istəklərindən, komplekslərindən, «ictimai qınağın» tənələrindən ehtiyatlanmaq həddindən imtina etmiş insanların ədəbiyyatıdır, bu ədəbiyyat. Nəsihətçilik, əxlaqi-didaktik moizəçilikdən uzaq idi. Maarifçilikdən daha çox, özünütanıma və özünüyaratma, yenidən özünüyaratma missiyasını qoymuşdular bu insanın qarşısına… Qərb modernizmində təkamül və sivilizasiya əxlaqına köklənmək ideyası sufizmdəki kamilləşmə məqsədinə bərabər idi. Şərq və qərb mədəniyyətini, dünyagörüşünü vəhdətdə götürməyə çalışan “Şopenhauerə görə, dünyanı idarə edən güc iradədir. O, “Dünya iradəsi” ilə “Dünya Düşüncəsi” anlayışlarını işlətmişdir. İradə heç bir qaydaya vəəxlaqauyuşmayan bir gücdür. O da hər şeyi yaradır, başlanğıcında durur. “Dünya iradəsi” özünü təbiətin güclərində, bitkilər, heyvanlar və insanlar aləmində göstərir. İnsanlarda “düşüncə aləmi” vardır. Başqalarından fərqli olan insan özünü tanıyır, öz faciəli sonluğunu, həyatın mənasızlığını anlayır. Bu sıxıntılardan çıxmaq üçün o, düşüncəyə əl atır, onun vasitəsi ilə dünyanı anlamaq, öz taleyini dəyişmək istəyir. Ancaq bu heç bir nəticə vermir. “Dünya iradəsi” onun düşüncəsini məhv edir. Buna görə düşüncəyə arxalanmaq yalnız bir xülyadır, illüziyadır. “Dünya iradəsinə” qarşı getmək olmur. Onu yalnız duymaq, ona qovuşmaq, onun axarı ilə getmək gərəkdir. Bu yol da dünyadan aralanmadan, incəsənətdən və fəlsəfədən keçir”.

Modernizmdə zamansızlıq və ya zamanı subyektivləşdirmə var. İnsan dünya zamanı, hamının işlədiyi vaxt ölçüləri –il, ay, saat və s. ilə deyil, öz təqvimi ilə işləyir. Burda tarix bizim anladığımız kimi keçmiş demək deyil ancaq. İnsan zamanda yox, zaman insanın içindədir. Hər şey hüdudsuz ola bilər insanın hiss və düşüncələrinin axarında. Şüur axınında olduğu kimi… Sərhədlər, qəliblər, şlaqbaumlar götürülür. İnsanın iradəsi ilahi məqama doğru can atır, şüurlu şəkildə, dünyanı dərk edə bilən intuitiv həssaslıqla… Bu canatmada dünya bütün antiləri və paradoksları ilə də vəhdətləşir, vahidləşir, bütövləşir…

news-inner-user

16062 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020