news-inner
clock13:33 calendar-gray 29 Avqust 2016 view-gray305 dəfə oxunub
view-gray305 dəfə oxunub

Bizim yazıçıların səhvi hardadır?

Kulis.az İradə Musayevanın “Bunun adı boşluqdur...” adlı məqaləsini təqdim edir.

Çağdaş ədəbi mənzərə və problemlər

Yeni insan, yeni mühit, yeni ədəbi təfəkkür, müstəqillik ədəbiyyatı, azad düşüncə, senzurasız söz, qadağasız təqdimatlar və s. və i a...

İlk baxışda hər şey təzə, fərqli və mükəmməl olma assosiasiyası yaradır. Yəni yeni meydan, azad tribuna və ədəbi qüvvələr... Bunlardan birincisinin və ikincisinin olmasına şübhəmiz yoxdur – meydan və tribuna var. Ona görə yox ki, vaxtilə sovet rejiminin ideoloji silahı olan ədəbiyyata indi siyasi – ideoloji nöqteyi –nəzərdən ehtiyac yoxdur. Yəni ədəbiyyat insanların düşüncəsini “hipnoz” eləyib lazımi mövqelərə xidmətə yönəltmə işində vacib deyil. Bunun üçün də saysız-hesabsız vasitələr var ki, buna xüsusi plan –proqram lazım deyil. Təkcə toyxana, toy müğənniləri, dolma, qarpız festivalları və şou proqramları kütlənin “zövqünü” və düşünə bilməmək halını tənzimləyə bilir...

Biz ədəbi qüvvələrin kimlərdən ibarət olması məsələsini araşdırmadan ədəbiyyatın və ədəbi təsirin cəmiyyətdə əks –sədasına diqqət yetirək. Bugünkü cəmiyyətə ədəbiyyat nə dərəcədə lazımdır? Ədəbiyyatı kimlər oxuyur? Ədəbiyyat xalqa nə isə verə bilirmi? Və ümumiyyətlə, xalqın oxuduğu ədəbiyyat varmı? Varsa, kimlərdir? (Onu da qeyd edim ki, əgər sosial sorğu keçirilsə, məlum olacaq ki, bu gün “elit” dediyimiz bir təbəqə var ki, Azərbaycan ədəbiyyatından xəbərsizdir. Bu gün ədəbiyyat “işi” ilə sanki orta və aşağı sosial durumlu insanlar maraqlanır, az-çox...)

F. Dürrenmat deyirdi ki, yeni təfəkkür yeni insanı dərk etmək deməkdir. Bəs bizim Azərbaycan mühitində o yeni insan kimdir? Yeni insan sadəcə yeni cəmiyyətdə və yeni ictimai –iqtisadi formasiyada doğulmuş insan deyilsə, demək, biz süquta uğramış sovet hakimiyyətinin, alt –üst edilmiş ideologiyanın, deqradasiyaya düçar olmuş, dəyərlərini itirmiş, xaoslu, “bazarlaşmış” keçmişi gah söyən, gah öyən cəmiyyətin məhsuluyuq. Həm də müharibəni uduzmuş əsgərik. Məğlub, aldadılmış, inamı qırılmış fərari əsgər...

Hər yan abad, gözəl, alışıb yanan işıqlar, möhtəşəmlik, əzəmət... Lakin insan hüznlü, ruhsuz, inamsız və kinlidir. Onu heç nə ilə heyrətləndirmək olmur, onu sevindirmək, kədərləndirmək də asan deyil. Ədəbiyyat düşündürmək və estetik zövq vermək kimi bir missiyanın icraçısıdırsa, qəbul etməliyik ki, yazıçı təkcə özünü ifadə eləmir, həm də cəmiyyətdən sosial sifariş alır. Və belə bir sifarişçi üçün, sizcə, ədəbiyyat nə dərəcədə maraqlıdır? Cəmiyyətlə yazar arasında reaksiyasız bir mühit yaranıb ki, bunun adı BOŞLUQDUR.

Oxucusu üçün maraqsız olan yazıçının yazmaq ehtirası aşiqin sevgilisi tərəfindən rədd edilən sevgisinə bənzəyir. O, yazmaq istəyir, onu oxumurlar...

Ədəbi prosesin öz dinamikası var. Ədəbiyyat kollektiv və proqramlı fəaliyyət deyil. Ruhun, düşüncənin, intellektin, zövqün, estetikanın məhsuludur. Söz, ideya deyil, mövqe davası olanda ədəbiyyat topluma uduzur. Bu gün ədəbiyyat publisistikaya, siyasətə, populyarlıq və şöhrət xəstələrinə uduzub. Ədəbi təfəkkür anlamı müstəqil və özünəməxsus spesifikliyini itirib. Yazmaq yaradıcılıq və daima bədii ovqatda yaşamaq yox, sanki, əlavə məşğuliyyət və əyləncə növünə çevrilib.

Azərbaycan cəmiyyətində onun ədəbiyyatı nə dərəcədə arzuolunandır? Kitaba münasibət, bu xalqın ədəbiyyat alıcılığı hansı durumdadır?

Biz niyə kitaba pul vermirik? Biz niyə ədəbiyyat almırıq? Deməli, ədəbiyyat, kitab bizim yaşamaq üçün lazım olan zərurətlər siyahımıza daxil ola bilməyib. Bu siyahıda yemək, geyim, toy, yas, qonaqlıqlar, Qubaya, Dubaya, konsertə getmək, mebeli, televizoru, avtomobili dəyişmək və s bunun kimi həyati zərurətlər var.

Bəli, cəmiyyətin zövqü proqramlaşıb – şok, şou, görünməmiş, ekskluziv, kriminal və s bu tipli informasiyalara… Fərqi yoxdur, bu informativlik ya müğənni həyatından bəhs edən “bazar” proqramlarında olsun, ya xəbərlərdə, “feyzbuk” səhifələrində, ya da ədəbiyyatda. Cəmiyyətimizin “menyu”su çox ucuz həll olunur. Ədəbiyyatımızın funksiyasızlığı isə ondadır ki, cəmiyyətin bu “menyu”sunu dəyişmək istəmir. Hətta bəzən onun iştahasının böyüməsindən qorxur. Axı əsil ədəbiyyatın nə olduğunu anlayan oxucuya cavab vermək də asan olmaz…

Ədəbiyyat və cəmiyyətin bir-birinə təsirindəki üstünlük məsələsi müzakirə ediləndə (ədəbiyyatın formalaşmasında cəmiyyətin rolu böyükdür, ya cəmiyyətin dəyişməsində ədəbiyyatın?) problem həmişə açıq qalır. Amma əslində, ədəbiyyat cəmiyyətin ictimai şüur nöqtəsini nişan alıb ona təsir edə bilər. Bu nöqtədə dəyişiklik olsa mütləq xalq toplum, kütlə səviyyəsindən yuxarı qalxa biləcək. Buna misal olaraq təkcə rus ədəbiyyatında N.V.Qoqol, bizim ədəbiyyatda C.Məmmədquluzadə və “Molla Nəsrəddin” faktını xatırlayaq...

Ancaq əksinə, ədəbiyyat cəmiyyətin təsir altına düşmüş, təcavüzə məruz qalmış zövqünün, dünyagörüşünün əxlaqına uyğun davrananda öz simasını da itirmiş olur...

Ədəbiyyat düşüncə, zövq, estetika, intellekt materialı kimi alınanda və oxunanda artıq biz deyə bilərik ki, ədəbiyyat formalaşır və inkişaf edir.

Ədəbi prosesin itələyici və yaradıcı mexanizmi, təbii ki, ədəbi qüvvələrlə bağlıdır.

Bugünkü ədəbi qüvvəmiz kimlərdən ibarətdir? Qruplara, cəmiyyətlərə, təşkilatlara, mövqelərə, cərəyanlara ən azından yaş həddinə görə bölsək mənzərə qarışacaq. Bu siyahıda hətta “ədəbiyyatımızın generalı” titulunu da alanlar, ədəbiyyatın “ədəbi”ni gözləyən AYB-çilər, bir-birlərinə “dahi” deyib kiçik diksindirmələri ilə gündəmə gələn AYO-çular var…

Yenilik axtarışıyla romanlar oxuyuruq, 300, 400 səhifəlik. Təqlid, təqlid, təqlid... İddialar əsassız, yeniliklər uğursuz, ənənələr usandırıcı...

Bu gün bir qarışıqlıq da var. Nəzərə alsaq ki, ədəbi proses təkcə bədii kitablarda yazılanlardan deyil, həm də ədəbi kimliklərdən ibarətdir, yəni ədəbi mövqelərin obyektivliyi ilə yanaşı, şəxsiyyətlərin, fərdlərin də subyektivliyini, bir çox məsələlərdə qərəz, kin, mənəm-mənəmlik iddiasını düşünsək, bu prosesi analiz etmək, onun gedişatını izləmək daha da çətinləşəcək. Özü də elə bir cəmiyyətdə ki, hər şeyə qiymət qoyub və meyarlarını maddiyyat üzərində tənzimləyir. Məsələn, əsərə yox, müəllifinə baxıb qiymət tablosunu qaldıran münsiflər toplumunda siz həqiqi söz, sənət nümunəsini necə ortaya çəkə bilərsiniz?

Yeni ideya ilə gəldiklərini iddia edən cavan yazarlar da ədəbi məktəb, ədəbi cərəyan səviyyəsində üslub, fikir, ideya qohumu ola bilmirlər…

İdeologiya və ədəbi zövq, estetika məsələlərində L. Tostoy və M.Dostoyevski ziddiyyətləri, “Fyuzat” və “Molla Nəsrəddin” müxalifliyi, XX əsrin əvvəllərinin kontrastlı bədii mənzərəsi - ədəbi mövqelərin kəskin ideya, mövzu və siyasi mübarizə maneraları. Bir tərəfdə H.Cavid, Ə.Cavad, Ə.Hüseynzadə, bir tərəfdə C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, M.Ə.Sabir, digər bir tərəfdə Y.V. Çəmənzəminli, C.Cabbarlı və daha fərqli bir cəbhədə N. Nərimanov, sonralar S.Vurğun, S. Rüstəm, R.Rza, S.Rəhimov və başqaları... Adam inana bilmir ki, tamamilə başqa-başqa üslub və ideya –estetik özünəməxsusluğuna malik olan bu insanlar eyni dövrdə yaşayıb və eyni ədəbiyyatın xidmətində durublar... Həmin dövrün ədəbi mənzərəsi onun mətbuatında çox dəqiq inikasını tapıb. Bəli, ədəbi cəbhələr, ziddiyyətlər, qarşıdurmalar və nifaqlar da var idi. Amma ideya, ictimai-siyasi prinsipiallıq və ən azından şəxsiyyətlər səviyyəsində...

Mən həmişə ədəbiyyatı şəxsiyyətdən ayırmağın tərəfində olmuşam. Biz əsərin arxasındakı insanla məşğul olsaq, həqiqi ədəbiyyatın izini itirmiş olacağıq. Amma əgər o insan-yazıçı şəxsiyyəti əsərindən öndə gedirsə, ədəbiyyatı haqqında fikri öz iddiaları ilə formalaşdırırsa, bundan ancaq zərər görmüş olarıq. Bunu dünya ədəbi təcrübəsi də təsdiq edir. Həm də çox zaman yanlışlığa yol vermiş oluruq. Məsələn, İ.Erenburq yazırdı ki, yazıçıların sonrakı nəsillərə çatmış obrazları şərtidir, bəzən də gerçəkliyə tam ziddir. Yaxın vaxtlara qədər Stendal oxuculara eqoist görünürdü, yəni öz şəxsi hisslərinə mübtəla olmuş insan kimi. Əslində isə o ünsiyyətcil idi və eqoizmə nifrət edirdi. Elə qəbul olunub ki, Turgenev Fransanı sevirdi, axı o orada çox vaxt keçirmiş, Floberlə dostluq etmişdi; əslində isə o fransızları anlamır və sevmirdi. Bəziləri Zolyanı hər cür ləzzəti dadmış adam sayır,-“Nana”nın müəllifi kimi; başqaları Dreyfusun müdafiəsində rolunu xatırlayaraq, onda ictimai xadim, ehtiraslı tribun görür, həqiqətdə isə bu, az-az rast gəlinən ailəcanlı şəxs son dərəcə ədəbli, həyatının axır illərini saymasaq, Fransanı sarsıdan vətəndaş fırtınalarından uzaq bir adam idi...

Ədəbiyyatın formalaşmasında və inkişafında şəxsiyyətin rolu və ya şəxsiyyəti yetişdirən ədəbiyyat problemi həmişə və dünyanın hər yerində olub. Sizcə, kütlənin deyil, şəxsiyyətlərin yaratdığı tarixdə böyük sənətkarları kütlə zövqü, əxlaqı və qanunları ilə mühakimə etmək doğrudurmu?

Ədəbi prosesi, ədəbi inkişafı, əsəri müəlliflərin şəxsiyyətlərini, şəxsi həyat və özəl yaşantılarını araşdırmadan, təhlil etmədən izləmək və qəbul etmək daha düzgün yoldur. Yaradıcı insanları adi insanlarla müqayisə yanlışlıqdır. Xüsusi istedadı, ruhi aləmi, ilham pəriləri olan böyük sənətkarlar yazı prosesində özündən, öz şəxsiyyətindən, “kapriz”lərindən, xasiyyət və şəxsi problemlərindən yuxarıda dayanırlar. Bizə təqdim etdikləri ədəbi məhsul həmin o “yuxarı”nın istehsalıdır. Onda biz niyə yazıçının yaxasından tutub pedaqoji tərbiyə metodları ilə ona əxlaq dərsi keçməliyik. A.S.Puşkin, N.V. Qoqol, M.Dostoyevski, L.Tolstoy, Drayzer, Bayron, E.Hemenquey, U.Folkner, F.Kafka, C.Məmmədquluzadə,Y.V.Çəmənzəminli və başqa bu kimi dahilərin hansını ədəb-ərkan etikası məhkəməsinə çəksək, sovet ideologiyasının hökmünə əsasən “Cəmiyyət və gənclik üçün yararsız ünsür”-damğası vurulacaq: biri qumarbaz olub, biri dinsiz, biri arvadbaz olub, biri “psix”, biri intihar edib, biri siyasi əqidəsini dəyişib və s.

Şəxsiyyət və yaradıcılıq məfhumlarını eyniləşdirməyi, bunların arasında hər hansı bir əlaqə axtarmağı heç cür qəbul etməyən U.Folkner Nobel mükafatı alanda “Bu mənə deyil, mənim yaradıcılığımadır”-demişdir. Onun çox maraqlı bir replikası var: “Mənim kitablarım üstəgəl Bill Folkner adlı kənd sakini –deyəsən onların bir-birinə çox az bağlılığı var axı”... Yazıçı qeyd edirdi ki, iki tip insanların şəxsi həyatı araşdırılar: cinayətkar və dövlət qulluğunda çalışanların: “Nə qədər ki, yazıçı bir cinayət törətməyib, yaxud dövlət qulluğuna girməyib-onun şəxsi həyatı yalnız özünə məxsusdur və öz tənhalığını qorumaq təkcə yazıçının şəxsi haqqı deyil, həm də kütlənin borcudur, çünki bir fərdin azadlığı məhz digərinin azadlığının başlandığı yerdə bitir – zənnimcə azacıq məsuliyyət hissi olan hər bir kəs mənimlə razılaşar”.

XX əsrin məşhur rəssamı Pikassonu “qadın əsiri və qadın cəlladı” adlandırırdılar: yeddi arvadından beşi dəli olmuş, ikisi intihar etmişdi. Xəyanət, yalan, hiylə və xəsislik kimi mənfi keyfiyyətlər onun insan kimi xasiyyətnaməsinə aiddir. Amma 80 mindən çox rəsm əsərinin müəllifi Pikasso əsil sənət məbədi və dahi idi və qadınları ya uşaqları ilə münasibəti onun heç bir əsərinin dəyərini azaltmır...

Dünya ədəbiyyatının şedevrlərindən olan “Master və Marqarita” əsərinin müəllifinin şəxsiyyəti haqqında hələ də əfsanələr dolaşır. Onun yazıçı, həkim, cadugər, narkoman olması barədə mübahisələr davam edir. Ksera Proskurnaya Mixail Bulqakovun həyatı ilə bağlı araşdırmalarında cəmi 49 il yaşayan bu dahi sənətkarın morfi aludəçisi olduğunu yazır. Bulqakovun “Morfi” adlı hekayəsi də var və onun baş qəhrəmanı elə müəllifin özüdür...

Bu gün bizim oxucu ilə bizim yazıçını ədəbi ünsiyyətdən ayıran, onların arasını soyudan ən mühüm səbəblərdən biri də – mövzu problemidir. Bizim yazıçıların böyük əksəriyyəti hələ də uydururlar... İnanın ki, ancaq uydururlar... Gözləri ətrafı görmür. Özlərini də unudublar. Reallıq, içərisində yaşadıqları həyat onların bədii mətninə yol tapa bilmir. Günümüzün azərbaycanlısı öz doğmaca ədəbiyyatında özünü görə bilmir. Oxuyur, baxır ki, bu mühit, bu insanlar onun deyil, bu dərd onun deyil, bu sevinc, bu sevgi, bu kədər, bu nifrət onun deyil... Biri Hindistandan gəlmədir, biri Braziliyadan, biri Kolumbiyadan, biri Avstriyadan və s.

Azərbaycanın dolanışıq naminə 3-4 yerdə baş girələməyə məcbur olan ziyalısı, ofisiant və fəhlə bazarından başqa asan iş yeri tapa bilməyən gəncliyi, artıq spesifikləşmiş xarakterik cizgiləri ilə XXI əsrin daşlaşmış məmur obrazı, bu ədəbiyyatda yoxdur. Yazarlar evlərindəki, avtobuslardakı və qonşuluqlarındakı qadınları, onların məşəqqətli həyatlarını da görmür. Yaşayan yox, qan-tər içində yaşamaq uğrunda mübarizə aparan qadınları...

Ədəbiyyat cəmiyyətdən uzaqlaşıb. Onu hər halı ilə bədiiləşdirib özünə göstərə bilmir. Və ən əsası, sadəcə təsvir etmək yox, həm də onun özünün görmədiyi tərəflərdən bədii portretini işləyib əks etdirmək. Əgər mən oxuduğum kitabda özümü yenidən kəşf edə bilməyəcəmsə, dərdimin, sevincimin şəklini görməyəcəmsə mənə , əlbəttə, maraqsız olacaq. Halbuki bu doğmalığı dünyanın məşhur yazıçılarının əsərlərinin mütaliəsi prosesində hiss etmişik. Dahilik budur. Həmişə təəccüblənmişəm-Markes məni, mənim şəhərimi, mənim məmurlarımı, mənim ölkəmdə baş verən hadisələri necə olub ki, bu qədər yaxından öyrənə bilib? Təbii ki, bunların heç birindən Markesin xəbəri yoxdur. Ancaq onun realizmi, yazıçı təxəyyülündəki tipikləşdirmələri və ümumiləşdirmələri bu ədəbi möcüzəni gerçəkləşdirib.

Azərbaycan ədəbiyyatının problemləri çoxdur... Janrsızlıq problemi var, dil problemi var, təqlidçilikdən yaxa qurtara bilməmək problemi var, ədəbi tənqidin bu ədəbiyyata çox hallarda yersiz hücumu və bəzən də qərəzlə susması problemi var və s.

Ədəbiyyat fərdi yaradıcılıqdır, ancaq onun ictimai dəyəri və estetik təsiri əvəzsizdir. Əgər nəzərə alsaq ki, incəsənətin digər növlərini də ədəbiyyat “maliyyələşdirir”, bu sənət növünü boş və mənasız bir yaradıcılıq sahəsi hesab etmərik. Ən azından onu bu duruma salmarıq...

Oxşar xəbərlər

Xəbər lenti

İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020