news-inner
clock16:30 calendar-gray 11 Fevral 2018 view-gray186 dəfə oxunub
view-gray186 dəfə oxunub

Arvadı qaçandan sonra gülmə xəstəliyinə tutulan adam – HEKAYƏ

Kulis.az Mübariz Cəfərlinin “Gedən” hekayəsini təqdim edir.

O, getdi. Qapını bağlayandan sonra divana yayxanıb ayaqlarımı stula uzatdım.

O, gedəndə mənə göz vurub: "Hər şey yaxşı olacaq", - dedi.

Mən gülümsündüm.

İndi, köynəyimin döş cibindən siqaret çıxarıb yorğun-yorğun alışdıranda və əyilib jurnal stolundakı külqabını götürüb qasığımın üstünə qoyanda düşünürəm ki, gərək gülümsəməyəydim, bir söz deyə bilməsəm də, heç olmasa baxışlarımla, sir-sifətimin ifadəsi ilə cavabını verəydim. Anlamalıydı ki, az-çox mənim də dünya işlərindən başım çıxır.

Son sözü tam və qəti qələbədən xəbər verirdi:

"Çao".

Mən bu kəlməni o dəqiqə tərcümə elədim: "Balqabaq!"

Əslində onu "balqabaq"lığıma qeyd-şərtsiz inandırmaqdan ötrü qımışdım.

O, qapıdan çıxanda divar saatı altını vurdu və qəfil yadıma düşdü ki, Ələkbərin köhnə "Moskviç"inə minib kəndimizdəki uçulub-dağılmış dəyirmanın yanına gələndə mənim altı yaşım vardı, hələ məktəbə getmirdim.

Ələkbər maşını dəyirmanın yanında saxlayanda mən nədənsə: "Bura haradı?" - soruşdum.

Halbuki uşaqlarla günümüz burda keçərdi. "Dava-dava", "ənzəli" oynayardıq, gecə-gündüz evdə tapılmazdıq. Gün hamımızı qapqara qaraldıb zənciyə döndərmişdi.

Ələkbər bığaltı pıqqıldayıb: "Moskvadı bura," - dedi.

Mən Ələkbərin dediyinə tamam-kamal inandığımı göstərmək üçün: "Moskvada inəklərə bax e...” - mızıldadım.

Bu dəfə Ələkbər qəhqəhə çəkdi. Evimizdə atamla söhbətləşəndə də qəhqəhəsini boğa bilmirdi. "Apardım oğlunu Moskvaya. Moskvadakı inəkləri göstərdim". O gündən Ələkbərin dəli qəhqəhəsi kəsilmədi.

O gündən Ələkbər yuxu nədi bilmədi, elə gülə-gülə danışdı, yedi-içdi, gəzib dolandı, kəndimizdəkilər Ələkbərdən gen gəzməyə başladı, onun sonsuz qəhqəhəsi hamını bezdirmişdi.

Axırda arvadı da baş götürüb getdi və Ələkbər maşınına minib arvadını axtarmağa yollandı, amma tapa bilmədi.

Əvəzində Gülgəzin oğlunun şişib-iylənmiş meyitini gətirib zor-güc maşından saldı dəyirmanın həyətinə, sonra da qəhqəhə içində cibindən tapançanı çıxarıb beyninə tuşladı.

Yalan-gerçək falçı Xeyrənsə deyirdi ki, beyni dağılıb qəhqəhəsi kəsiləndə də Ələkbərin əcaib hala düşən sifətində məsum bir gülüş donubmuş.

Düzünə qalsa, qapıdan çıxhaçıxda elə gülümsünə-gülümsünə onu arxadan çağırmaq istədim. Amma özümü ələ almaqdan ötrü bütün iradəmi topladım. Ardınca başqa səhvlər gələ bilərdi.

Məsələn, yoldan elədiyimə görə köhnə sandıqları açıb palan içi eşələyərdim ki, yəni mən də hərif-zad deyiləm.

Şükür, dilimi dinc qoydum, onsuz da heç nə dəyişməyəcəkdi, onun mənə təsəllivari dediyi "hər şey yaxşı olacaq" da əslində başımın altına yastıq qoyub məni yuxuya verməkdi.

Mənsə balıncsız-mütəkkəsiz öz xoşuma divana yayxanıb gözlərimi yummuşdum və arabir yarıyuxulu siqaretin külünü külqabına çırpırdım, nəhayət, siqareti külqabına basanda mənə elə gəldi ki, əməlli-başlı yuxu görürəm.

Və gördüyüm yuxuya tam daxil ola bilmirəm, çünki harasa gedəcəyəmmiş kimi arabir gözümün birini açıb divar saatına baxırdım, amma əqrəbləri seçə bilmirdim. Bəlkə də elə yuxuda əqrəbsiz-rəqəmlərsiz dördkünc saat görürdüm.

Dilxorçuluq, puçluq keyləşdirmişdi məni, süstləşdirmişdi. Mən həyatdan yuxuya günahkarların bu dünyadan o dünyaya keçmə dəmi qədər ağır gedirdim.

Elə bil ruhum bədənimi tərk eləməyə hazırlaşarkən hansı ağzıgöyçək qarınınsa: "Bunun üzünü qıbləyə çevirin", - dediyini eşidib vahimələnmişdim, tərpənməyə taqətim olmasa da bütün güc-qüvvəmi toplayıb nəsə pıçıldamaq istəyirdim.

O dünyanın qorxusu, ölüm xofu beynimi-şüurumu iflic eləmişdi.

Bu arada telefon zəng çaldı, deyəsən, gözlərimi də geniş açdım. Tərs kimi cəmi bircə zəng gəldi, yoxsa ayağa durardım, çünki elə kirpiklərimi bir-birinə sıxa-sıxa fəhmən anlayırdım ki, bərk yatsam, dəhşətli bir yuxu görəcəm, qalxmağa çalışsam da, qımıldana bilmirdim.

O, qapıdan çıxanda onun uşaqlıq şəklinə baxdığım gecə ağladığım yadıma düşməsəydi, yəqin divana yayxanıb göz yaşı axıdacaqdım.

Ancaq nədənsə, o, gedəndə, düzünəsi, o, danışıb mənə nələrisə başa salmağa çalışanda həmin şəkil gözümün önündə idi və mən bu dəfə şəklə baxa-baxa gülümsünürdüm.

O gecə o şəklə baxarkən ağladığıma gülümsünürdüm, lap Ələkbərin qəhqəhəsi sayaq o çıxıb gedənəcən çarəsiz gülüş sifətimdən silinmədi.

O şəkildə onun beş-altı yaşı olardı. Yaşıdları ilə şəkil çəkdirmişdi. Uçuq-sökük çəpərin fonunda iki balaca qızdı, iki oğlan. Ancaq ona oxşayanı yoxdu, çünki onun təkcə çöhrəsinə yox, gözlərinə də gülüş hopmuşdu.

Bu xoşbəxt gözlərin işığında köynəyinin qırılmış düymələri və paltarındakı yamaqlar kölgələnirdi. Fotoobyektivə heyrətlənibmiş kimi dodaqları azca aralanmışdı. Əzik ağ-qara şəkildəki uşaqlar cansız görünürdülər.

Elə bil özündən başqa yanında heç kəs yox idi. Hər nə idisə, boynuma alıram ki, o şəklə gecəyarısı gözüm sataşanda əməlli-başlı ağlamaq tutdu məni. Mən o şəklə baxanda o, qayğısız-qayğısız yatırdı.

Evdən heç bir hənirti, səs-səmir gəlmirdi, qəfilcə mənə elə gəldi ki, bayaqdan uğuldayıb qapı-pəncərəni döyəcləyən küləyin də səsi eşidilmir. Külək sakitcə mənzilimə girib, onun uşaqlıq şəklinə baxa-baxa doluxsunub.

O vaxt Ələkbəri basdıranda da külək doluxsunmuşdu, o vaxt atam da küləyə oxşayırdı.

O vaxt atam yuxarılara saqqal tərpədib Ələkbərin meyitini güclə ala bilmişdi, çünki onun meyitinə iş kəsmək istəyirdilər.

Ya vəlvələdən, ya zəlzələdən həqiqət budur ki, mən onun uşaqlıq şəklini görəndə dəli külək kimi hay-küyümü kəsib doluxsunmadım, əməlli-başlı ağladım.


Düzdü, səhər açılanda axşamkı göz yaşlarıma gülməyim gəldi, dedim yəqin gecə çox içmişəm. Lakin sonralar da o şəklə baxanda kefim pozulurdu. Dilxor olacağımı qabaqcadan duysam da, arabir həmin şəklə baxmağım gəlirdi.

Əslində o, ağzını açmamışdan duymuşdum nələr deyəcək. Çünki gecə yuxuda rəhmətlik Ələkbərin arvadını çılın-çılpaq görmüşdüm.

Ancaq deyirdilər ki, Ələkbər "qəhqəhə xəstəliyinə" tutulandan onun arvadını görən olmayıb...

2016

news-inner-user

17126 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020
Onsuz yaşaya bilmərəm - Bircənin romanı
09:00 27 Noyabr 2020
Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020