Avqust sıxıntısı – QİSMƏTİN YENİ ŞEİRLƏRİ

Avqust sıxıntısı – QİSMƏTİN YENİ ŞEİRLƏRİ
17 avqust 2016
# 16:23

Avqust sıxıntısı

Miraj. Oynaşır yol, küçə, səki.
Hava öpüş kimi istidir.
Kafeyə müştəri axır: bir-bir, iki-iki…
(Çoxu ərəb turistidir)

Bu da odlar diyarı, əjdahanəfəs avqust!
Hər yerdə, hər tərəfdə meyxanın xitləri.
Nə olsun ki, zərifdi, istidə getmir Prust,
Soruşsam tapılarmı “Madlen” biskvitləri?

Yan masada üç nəfər istidən danışırlar,
Gülüş-gülüş sadalanır səbəblər:
“Qızları görmürsən? Qızışdırırlar…”
“Əşşi qızlar neynəsin? Çoxalıbdı ərəblər…”

Ömür bu günlərdə içdə hesabat,
pəhriz, anti-depresant, günəş vurması…
Dəftərimdə Avqustindən bir sitat:
“Hər şey məhəbbətin başqa forması…”

Günah nə avqustda, nə ərəbdədi,
Gözləmək lazımdır, oyun yüklənir…
Danışa-danışa susmaq dəbdədi,
Susub danışanlar yenə təklənir…

Bu da odlar diyarı, əjdahanəfəs avqust!
Hər yerdə, hər tərəfdə meyxanın xitləri.
Nə olsun ki, zərifdi, istidə getmir Prust,
Soruşsam tapılarmı “Madlen” biskvitləri…?

(2016)

Saat 6-dan sonra Don Kixotlar

“İnsan, alemde hayal ettiği müddetçe yaşar!” (Yahya Kemal)

Elə ki, şəhərə süzülür
kölgəsifət axşamlar,
işsizlər evlərindən, məşğullar işdən çıxır.
Bax, onda
yel dəyirmanları ilə vuruşan adamlar
bir yer, bir həmdəm tapıb birgə darıxır.

Məhlədəki pişiklərə aslan deyib süd verən,
Eyvandakı sərçələri qartal bilib yemləyən,
Öz xudmani evinə saray deyib, köşk sayan,
Ən adi təbəssümü dünya boyda eşq sayan,
La Mançlı adamlar!

Gözləri tez-tez
göylərin bilyard təbaşiri maviliyinə
dalıb gedir.
Onlar xəyal qurur,
Dülsineya gerçək olur!

(2016)

Ovqat

Səhra kimi böyüyür lağlağı bataqlığı.
Satılıbdır biletlər. Banallıqda anşlaq!
Hərədə bir təklif var, hamısı da “nağdıdı”:
“Baxma əlim çirklidir, əlini ver anlaşaq…”

Promotey şam satır, Sizif qırmızı kərpic,
amma sərf eləyəndə hər ikisi asidi.
Afrodita Erosa pıçıldayır ki, bic-bic:
“Bilirsən də indiki sevgilər siyasidi.”

Sökülür, sökülür, sökülür hər şey:
Sökülür içimizdən ədəb arakəsməsi.
Tiftiklənir, köhnəlir, dünənkiləşir giley,
Yenə “gavur elləri” gələcəyə tələsir…

(2016)

Qonur pişik balası

Qonur pişik balası blokda miyoldayır.
Günəş nur baltasıyla qaraqabaq gecənin
boynunu təzə vurub. Mətbəxdə çay qaynayır.
Yavaş-yavaş evlərin, adamların, küçənin
səsləri, nəfəsləri bir-birinə qarışır.

Kanallardan birində uzunboğaz çəkməli,
pişikgözlü bir xanım şəhadət barmağında
qələbə medalıtək əzəmətli görünən
yaqutqaşlı üzüyü sağa-sola çevirib
zəmanəni pisləyir. Çay qaynayıb, fit verir.
Qonur pişik balası blokda miyoldayır.

Küçənin sükutuna qarışqatək daraşan
rezinayaq maşınlar, asfaltın kələ-kötür,
qırış-qırış üzünə elə bil ütü çəkir.
Qonur pişik balası blokda miyoldayır.
Yarıoyaq beynimdə qarışıq düşüncələr
ora-bura qaçışır. Çaya şəkər qatıram.

Pəncərədən tələsən adamlara baxıram:
Ucaboy adamlara, bəstəboy adamlara.
Hamının yerişində izaholunmaz təlaş,
bir parça da qorxu var. Səbəbini bilmirəm,
amma sanki adamlar əlbisə əvəzinə,
əlavə olunmuş vaxtda öz özü qapısına
qol vurmuş futbolçunun əhvalını geyinib.

Qonur pişik balası ağlamsınır blokda.
Amma yazıq bilmir ki, çoxdandır adamların
çuxasını kəsməyə vaxtı yoxdu dünyada.

(2014)

# 3402 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər