news-inner
clock21:00 calendar-gray 20 İyul 2017 view-gray609 dəfə oxunub
view-gray609 dəfə oxunub

Ramiz Əzizbəyli: “Aktyor nə qədər az bilsə, o qədər rahatdır" - MÜSAHİBƏ

Bu gün tanınmış rejissor, aktyor Ramiz Əzizbəylinin doğum günüdür. Kulis.az bu münasibətlə onu təbrik edir və sənətkarla müshibəni oxucuların diqqətinə çatdırır.

- 2 il yarımdır ki, xəstəliklə mübarizə aparırsız. Bu mübarizə sizə nə qazandırdı?

- Müdrikləşirəm, müdrikləşirəm və yenə də müdrikləşirəm...

- Bir ara yazı-pozu ilə də məşğul olurdunuz. Yəqin, xəstəlik kino ilə bərabər, qələmlə də aranızda sədd çəkib...

- Şeirlər, aforizmlər, özüm üçün hikmətli saydığım cümlələr yazırdım. İndi daha bacarmıram. İki ildir ki, heç nə yazmıram, daha “stop” demişəm.

- Filmlərinizdə bəzi obrazlar fəlsəfəyə varır, mühakimələr yürüdür. Bu meyl haradan qaynaqlanır?

- Hamısı içimdən gəlir. Beynimin, düşüncəmin məhsuludu. Nəyi düşünmüşəmsə, onu da etmişəm.

- Bəs əsərlərin müəllifləri? Məsələn, Vaqif Səmədoğlu “Bəxt üzüyü” filmində sizə bu yöndə yardımçı olmayıb?

- Vaqif Səmədoğlunun filmdəki xidməti şəksizdir. “Yalan” filmində də müəllifin - Orxan Fikrətoğlunun xidmətini dana bilmərəm. Amma əsas iş rejissorundu, filmin necə deyərlər, yiyəsi odur. İşin çox hissəsi onun çiyinlərinə düşür. Yerdə qalan hissəsini isə aktyorların, ssenaristlərin - bütün kollektivin arasında bölmək olar.

- Hər zaman mütaliəyə ciddi önəm vermisiniz. Mütaliəsiz, dünyagörüşü zəif olan aktyorla işləmək sizə çətin olmayıb ki?

- Xeyr! Rahat olub. Aktyor nə qədər az bilsə, mənim üçün bir o qədər rahatdı. Həmişə ümumi söhbət etmişəm, yalnız istiqamət vermişəm. Yerdə qalanlarını aktyorlar özləri ediblər. Nadir rejissorlardan idim ki, aktyoru nəyəsə məcbur etmirdim. O özü istiqaməti bilirdi və ordan yola çıxırdı.

“Bəxt üzüyü” filmində Hüseyn rolunu canlandıran Ayşad Məmmədova ancaq söhbətin nədən getdiyini demişəm. Qalanın o özü edib.

- “Bəxt üzüyü”ndən misal gətirdiniz. Film çox ağır vaxtlarda çəkildi. Bəzi səbəblərdən çox çətinliklə tamamlandı. Bu amil çəkiliş prosesində sizin yaradıcı potensialınıza nə dərəcədə mane oldu?

- Deməzdim ki, film çox böyük çətinliklər hesabına çəkilib. İstisnalar var idi, amma ümumilikdə çox rahatlıq idi. Şəhəri əsgərlər basmışdı. Amma mən çəkiliş heyəti üçün, filmin komandası üçün əla şərait yaratmışdım. Bütün avadanlıqları gətirmişdim. Kondisionerinə qədər, bağlara qədər hər şeyi həll etmişdik. Filmin sponsoru “Qara qaya” Assosiasiyasının prezidenti Sədrəddin Daşdəmirov çox yaxşı insan idi. Filmin bütün xərclərini artıqlaması ilə ödədi. Hətta çəkilişlər tamamlandıqdan sonra artıq qalan pulu aparıb ona qaytarmaq istədim, amma götürmədi. Dedi, apar, bunu kollektiv arasında böl. Mən də gətirdim, böldüm.

- Amma sizin ən çox uğur qazanan filminiz “Bəxt üzüyü” yox, “Pirverdinin xoruzu” oldu…

- …O filmi çəkəndə 39 yaşım vardı, 40 yaşın içində idim. Düşüncə qabiliyyətimin çox güclü olan vaxtlarıydı. Filmin çəkilişi zamanı mənə kimsə mane olmadı. Hamıdan uzaqlaşdım, çəkilişləri Şamaxıda apardım. Axırda da gəlib təhvil verdim. “Pirverdinin xoruzu” 11 beynəlxalq festivalın qalibi olub. Uğur uğur dalınca gəlirdi. Mən gördüyüm işlər barəsində çox danışa bilmirəm, bu dəfə də elə edəcəyəm. Kiçik aktyor heyəti ilə - İdris Rüstəmov, Kübra Dadaşova, Fatma Mahmudova, Hamlet Xanızadə, bir də kiçik yaşlı uşaqlar və epizodik rollarda çəkilənlərlə böyük uğur qazandıq. Amma sizə deyim ki, bir epizodda mən də çəkilmişəm. Filmin ən böyük uğuru da, bəlkə, elə ona görədi. (Gülür.)

- Son filminiz olan “Qovğalı kəndinin gecələri” 2008-ci ildə lentə alınıb. O vaxtdan bu yana hər hansı bir ekran əsəriniz yoxdu. Təbii ki, xəstəlik də sizə mane oldu. Uzunmüddəti fasilə sizin yaradıcı potensialınıza zərbə vurmayıb ki?

- Xeyr! Əksinə, deyərdim ki, sənət yanğısı daha da güclənib. Amma indi cavanlar işləməlidirlər. Təcrübəli şəxslərdən bəhrələnib, işi icra etməlidirlər. “Qovğalı kəndinin gecələri” də o biri filmlər kimi uğur qazandı. Az qala, düzü-dünyanı gəzdi. Amma filmin materialları indi heç əlimdə yoxdu. O filmi çəkəndə də ssenarist İmir Məmmədli mənə dedi ki, sənin heç bir işinə qarışmayacağam. İnanıram ki, sonda razı qalacağam. Elə də oldu.

- Son zamanlar Azərbaycanda filmlərin istehsalı üçün xaricdən aktyor və rejissorlar dəvət edilir. Xüsusən də, rejissorların dəvəti yerli mütəxəssislərimizi razı salmır. Sizin bu məqama münasibətiniz necədir?

- Mən bunun tərəfdarıyam. Xarici rejissorları dəvət etməklə aktyorlarımızı yetişdiririk. Çünki bizim aktyorlar onlarla işləyən zaman xarici təcrübədən də bəhrələnir. Özüm aktyorluqdan rejissorluğa gəldiyim üçün bunu deyə bilərəm. 100-ə yaxın aktyoru da bunun sayəsində yetişdirmişəm. Çünki özüm də aktyor olduğumdan onları dərhal anlaya bilmişəm. Mənimlə işləyən aktyor yaradıcı sərbəstliyin içində öz işini görüb.

- Uzun müddət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri olmusuz. Bizdə estrada teatrı nə üçün inkişaf edə bilmədi?

- Hazırda o universitetin professoruyam. Orada işə saat hesabı ilə başladım. Cəmi 96 manat maaş alırdım. Kafedra müdirliyinə qədər irəlilədim. Sualınıza gəldikdə isə deyim ki, Azərbaycanda estrada teatrı anlayışı mənimlə başladı, mənimlə də bitdi. Ölkədə estrada sənətinin ulduzlarından biri də mənəm. Deməzdim ki, estrada bizdə zəif inkişaf edir. Onun inkişaf əmsalını əllinin əlliyə nisbətində dəyərləndirirəm. Bizdə təəssüflər olsun ki, estrada teatrını inkişaf etdirə bilmədilər. Estrada ən qədim sənətdir. Onun mahiyyətini, fəlsəfəsini bilmək lazım idi. Mən bu mahiyyəti bilirdim.

- Bu gün bizdə hansı daha yaxşı inkişaf edir: teatr, yoxsa, kino?

-

Kino! Teatrla müqayisədə kino sahəsi daha sürətlə inkişaf edir. Doğrudur, bu gün “YUĞ”, Pantomima kimi elit kütləyə hesablanan teatrlar inkişaf etməkdədir. Mən onları öpüb, bağrıma basıram. Amma onlara da deyirəm, bu gün kino teatrdan bir addım öndədir.

- Tam sağalandan sonra, nə kimi işlər görmək istərdiniz? Planlarınız nədir?

- Hələ ki, sağalmağı planlaşdırıram... Rejissorlardan biri elə xəstə olduğum ərəfədə mənə rol təklif etdi. Əlil arabasında oynamalı idim. Amma nə yaxşı ki, sonradan baş tutmadı...

- “Özgə vaxt” adlı Azərbaycan filmi var. Orada mərhum aktyor Ələddin Abbasovun canlandırdığı obraz əlil arabasına məhkum olandan sonra get-gedə aqressivləşir. O xarakterlə öz xarakteriniz arasında bir oxşarlıq görürsüz?

- Hüseyn Mehdiyevlə Ramiz Rövşənin filmidi. Filmdə Ayan Mirqasımovla, Ələddin Abbasov çox gözəl oynayıblar. Amma mənimlə Ələddin Abbasovun yaratdığı obraz arasında bu gün çox fərq var. O, tamamilə öz qızının ümidinə qalmış, hərəkət qabiliyyətini itirmiş bir insan idi. Mənim isə bu gün öz fəlsəfəm, düşüncə qabiliyyətim - hamısı yerindədi... Xarakterə gəldikdə isə, bəli, o aqressivləşir, amma mən təmkinləşir və müdrikləşirəm.

P.S.Ramiz müəllimlə söhbət zamanı daim bizi izləyən və müsahibin cavablarında ona mane olan üçüncü tərəf - Xəstəlik söhbətin çox uzanmasına imkan vermir. Hiss edirəm ki, Xalq artistini çox yormaq lazım deyil. İki il yarımdır ki, davam edən mübarizədə Ramiz müəllim böyük mətinliklə Xəstəlik qarşısında tab gətirir. Söhbətin əvvəlində də dediyi kimi, elə bil onun acığına müdrikləşir. O, “Bəxt üzüyü” filmində Hüseynin dilindən belə bir cümlə vermişdi: ”Mən bu ağacı böyüdəcəyəm, böyüdəcəyəm ki, ağırlığıma tab gətirsin. Sonra da özümü o ağacdan asacağam”.

Biz də öz növbəmizdə üçüncü tərəfə, yəni Xəstəliyə deyirik ki, sənin ömrünə çox az qalıb. Ramiz müəllim içindəki müdrikliyi, iradəni böyüdəcək, böyüdəcək və iki il yarımdır ki, onu əldən salan bu xəstəliyi oradan asacaq, məhv edəcək.

2016. “Aydın Yol”

news-inner-user

19008 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Aktyor vəfat etdi
12:51 14 İyun 2021
Qəbirdə molla ölünün qulağına nə deyir? – Mənasını bilmədiyimiz sirli dəfn adətlərimiz
12:10 14 İyun 2021
“Son zəng”lə bəkarətini itirənlər
11:38 14 İyun 2021
Dahi yazıçıdan yığcam bir şeir - Kimdir ki bu dəniz?
11:01 14 İyun 2021
“Tərəkəmə qadın” filmi çəkilir
10:30 14 İyun 2021
Aysel Əlizadəyə küçədə hücum ediblər: Yazıçı polisə müraciət edib
09:56 14 İyun 2021
Hacıbaba Bağırovun həyat yoldaşı: “Hacının dostu mənə evlilik təklif etdi” - Müsahibə
09:00 14 İyun 2021
Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur özündən yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021