news-inner
clock13:11 calendar-gray 01 Avqust 2016 view-gray995 dəfə oxunub
view-gray995 dəfə oxunub

Lap balaca xoşbəxtlik olurdu əvvəllər... – Esmira Məhiqızının şeirləri

Kulis.az Esmira Məhiqızının şeirlərini təqdim edir.

***

neçə vaxtdır pərdənin üstündəki

güllərə qonmaq istəyir qəfəsdəki quşlar.

gün soldurduqca pərdədəki güllərin rəngini...

istəyirəm su verəm pərdədəki güllərə,

sonra su verəm gözlərimə

ki,

rəngləri balaca quşlar qədər

sevə bilsinlər.


pərdənin güllərinin ətri yox,

amma rəngindən bilir bülbüllər,

bilirlər ki,

çəhrayı qızılgüllərin rəngidir,

bəlkə də

çəhrayı qızılgüllərin ətridir.


bülbüllər sarı,

güllər solğun çəhrayı,

qəfəs gümüşü,

divar mavi,

ayrılıq atamın paltosu rəng...


və neçə vaxtdı... mənnnn

bütün rənglərdə danışıram.

***

nə işdisə...
ha baxıram, baxıram
bu havalar həminkinə oxşamır.
Allahhhh...
hələ ayaqlarım, əllərim
barmaqlarım dünənkinə oxşamır.

oxşamır e...
bu gözləri süst qadın,
o gözləri gülən qıza oxşamır.
oxşamır e
pəncərədə büst qadın,
pəncərəni silən qıza oxşamır.

nə işdisə...
bir çimirlik yuxunu
gözlərimin sularında yozuram.
nə romanlar,
hekayələr bitirib...
ayyyyyy...mən dəli,
ay mən dəli,
mən dəli...
bircə şeir yazıram.

ayyy nədənsə,
hər şey elə başqadı,
əli tutmur darağı da,
əli əsir anamın.
çox sevirdi saçlarımı hörməyi,
mən də gördüm, hörə bilmir,
bu da üzür anamı,
tutub kəsdim saçlarımı,
anam elə oyyyyyy - dedi.
qaçıb xəlvət gizli-gizli
o qədər ağladım ki,
bir də gördüm bir titrək əl
sığallayır başımı,
gizlətdim göz yaşımı,
anam dedi: - mənim balam,
niyə kəsib saçını,
niyə gizlin ağlıyır.
mən də yalandan dedim:
- daha yuya bilmirəm,
saçım ağırlıq edir,
başım yaman ağrıyır.

nə işdisə...
baharlar da tez keçir,
payızlar da tez gəlir.
soyuqlar da tez düşür-
gecələri gün soyuğu,
gündüzləri gün soyuğu.
gözlərimdə nəm soyuğu,
saçlarımda dən soyuğu,
elə,
elə qəm soyuğu
vurur, vurur adamı.
saat kimi nəsə gəlib,
ayrılığa
qurur,
qurur adamı.

baxırsan ki,
ayrılıqdır-
bir-bir belə çıxıb gedir doğmalar.
axırıncı baxışını,
axırıncı yerişini,
axırıncı səsini
baxışından, həyatından
yığıb gedir doğmalar.

o ayrılıq saatında saat kimi
cingildiyib qalırsan,
bayquş kimi ulayırsan,
köpək kimi zingildiyib qalırsan.

nə işdisə...
ha həkimə aparıram,
deyirəm ki, əlac edin,
axı ürəyim əsir,
axı ürəyim əsir,
axı ürəyim əsir,
əsirrrrrrrrrrrrrrr
əsir çox əsir...
elə edin əlləri
heç əsməsin anamın.
həkim deyir, qocalıqdı,
təbib deyir qocalıqdı,
hamı deyir qocalıqdı,
deyirəm ki, yavaş deyin,
ürəyi
üzülməsin anamın.

bilirəm ki,
saçlarımı kəsəndə,
anamın gənc gözləri,
uzaqlara,
uzaqlara daldı hörüklərimdə.
anamın gənc əlləri,
o gəlin barmaqları
qaldı hörüklərimdə.

nə işdisə...
uşaqlığa qayıtmaq,
o kəsib tulladığım
yoldu hörüklərimdə.

nə anamın əllərini,
nə də hörüklərimi,
tapmıram ki,
ovudam,
ovudam eyyyy, ovudam.
sonra düşüb hörüyümün yoluyla
uşaqlığa qayıdam.

***

gəlmək üçün getmək gərəkirdimi...

yaaaaaaaaa

getmək üçün gəlməkmi.

bunun biri olmalıydı,

ya gəlmək üçün gəlmək,

ya getmək üçün getmək.

olmaq üçün olmaq,

olmamaq üçün olmamaq.


olmaq üçün olmamağa nə hacət vardı.

Allahım,

olmamaq üçün olmalıydımmı.


hələ ölmək,

hələ gülmək,

hələ sevmək.


ya sevmək üçün ayrılıq gərəkirdimi

ayrılıq üçün sevmək gərəkirdimi.


***


lap balaca sevinc olurdu əvvəllər
şirniquş boyda.
ağzında o sevincin şipşirin dadı
elə bilirdin ki,
həyat da belə şirindir,
alça da,
duz da.

lap balaca gülüş olurdu əvvəllər...
dodaqlarımın ucunda yaşıyardı.
bir balaca gülüşüydü,
gəl ki,
dünya gülürdü o gülüşdə.

lap balaca xoşbəxtlik olurdu əvvəllər...
mən balaca deyirəm,
amma atam boydaydı.

***

açmır oralarda o vaxtdan bəri...
heç açmır,
heç açmır novruzgülləri.
yanıb o çöl-çəmən,
o çöl-çəmənə daha səpələnmir
bahar çiçəkləri,
o yaz gülləri.

üşüyə-üşüyə gəlir, bə gəlir...
soyuq heyyyy
bu ömrə
gəlir də, gəliiiir,
yüz ilin qışını bir günə gəlir,
gəlir sazaqların ayaz günləri.

istidə arasam, sərini yoxdu,
getsəm dərininə, dərini yoxdu,
bir başqa gedəsi yerimi yoxdu,
neynirəm bu qədər dayaz günləri.

bir Bəyaz varıydı, uşaqlıq dostum,
evləri məktəbin yanında idi.
indi axtarıram tapa bilmirəm,
qalmışam...
evləri hayanda idi...
nənəm də yoxdu ki, tutam əlindən
axtaraq bir yerdə Bəyazgilləri.

yollar da, evlər də elə dəyişib,
bilmirəm, yolların hansısı gedir,
gedir uşaqlığa, Bəyazgillərə.

bir kəsə yol vardı, kəhriz tərəfdə,
o yolda o qədər qarğı çapardım,
o yolda o qədər beşdaş tapardım-
o yol da düz gedib bizə çıxardı,
bizə deyəndə ki...
uşaqlıqdakı o qızgillərə.

nədəndi,
nədəndi,
axı nədəndi...
nə bizim yol durur,
nə Bəyazgilin,
nə də uşaqlığın,
nə də yazgilin...
sanki uşaqlıqdan sonrakı yollar,
hamısı gedirmiş payızgillərə.

Oxşar xəbərlər

Xəbər lenti

Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb - Video
17:00 18 Sentyabr 2021
Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - Fotolar
16:30 18 Sentyabr 2021
Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
15:31 18 Sentyabr 2021
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Fotolar
14:36 18 Sentyabr 2021
Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
13:30 18 Sentyabr 2021
Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
12:40 18 Sentyabr 2021
Fərhad Bədəlbəyli: "Artıq bu, həqiqətdir”
12:29 18 Sentyabr 2021
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - Fotolar
11:30 18 Sentyabr 2021
Nazirliyin bəstəkarlara vurduğu zərbə - Firudin Allahverdi yazır...
10:34 18 Sentyabr 2021
Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? – Vilayət Quliyev yazır
09:01 18 Sentyabr 2021
1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021