news-inner
clock16:30 calendar-gray 13 İyul 2016 view-gray63 dəfə oxunub
view-gray63 dəfə oxunub

Atanın sevgisinə əngəl olan oğul – Aliyə yazır...

Kulis.Az Aliyənin gənc rejissor Asif Rüstəmovun “Axınla aşağı” filmi haqqında yazdığı “İnsan bu su misalı” yazısını təqdim edir.

Azərbaycan kinosunda, arada qırılsa da, daim qorunan bir mövzu xətti var: ata və oğul mövzusu.

Dünyəvi mövzudur, amma nəzərə alaq ki, bu mövzu bizim kinoda daha çox işlənib, daha uğurlu alınıb. Bəlkə ona görə ki, milli ailə modelinə də avtoritar idarə üsulu xarakterikdir və bu kiçik avtoritar dövlətin birinci şəxsi atadır.

Asif Rüstəmovun “Axınla aşağı” filmi elə ilk kadrları ilə öz “sələfi”nə göndərişlər edir. Musiqi ilə, təsvir ilə biz Hüseyn Seyidzadənin ”Dəli Kür” filmini xatırlayırıq. Arvadının üstünə başqa qadın gətirib oğlu ilə yüngülvari konflikt yaşayan Cahandar ağanı yada salırıq. Siyahıda xeyli ata var, “Böyük dayaq”dakı Rüstəm kişidən “Tabutçunun yelləncəyi”ndəki Yaquba qədər.

“Axınla aşağı” filminin qəhrəmanı Əli (Namiq Ağayev) avarçəkmə üzrə məşqçidir. Oğlunun da iştirak etdiyi komanda əhəmiyyətli yarışmada iştirak edəcək. Film irəlilədikcə tamaşaçı sərt, xudpəsənd ata ilə tanış olur, daha sonra evindən, arvadından tamamən bezmiş ər ilə, daha sonra polyak məşuqəsinin qoynunda rahatlıq axtaran kişi ilə… Yarışma günü komandadan qovduğu oğlunun ölüm xəbərini alana kimi bu tanışlıq davam edir. Bundan sonra Əli özü-özü ilə, yəni bu vaxtadək sezmədiyi bir başqa Əli ilə tanış olmağa başlayır. Bu özü ilə tanışlıq filmin sonunadək - ağzı qan-qırmızı bulanıb məsum sifətlə axıb gedən çaya baxanadək davam edir.

Əli suda boğulduğu güman olunan oğlunun cənazəsini axtardıqca əslində ata - Əlini axtarır, soraqlayır, danışdırır. Ata olmaq ifadəsini yalnız uşaq doğulanda işlətmək düz deyil, deyir film, uşaq öləndə də ata olurlar. Bəlkə daha çox ata olurlar.

Su emalı anbarının labirintvari dərinliklərində, əyilib düzələn boruların arası ilə qəhrəman öz daxili labirintində dolaşır. Bu metaforik təsvirlər xüsusi qabardılmır, əksinə, hadisənin içindəndir. Ümumiyyətlə, Asifin filmində metaforalar kadra “soxulmur” o, olduqca təsadüfi və təbii bir halda axıb keçir. Sevgilisinin Əlini arzuladıqları başqa həyata çağırdığı və Əlinin imtina etdiyi epizodda gur işıqlarla bəzədilmiş, kənardan xoşbəxtlik vəd edən gəminin üzüb uzaqlaşması kimi. Arvadı Leyla ilə gərginliyin ən dramatik həddə çatdığı anda tualetdə çürük borunun suyu təzyiqlə axıtması kimi. Əli onda bu təzyiqə tablamır, əlindəki açarla ətrafındakı əşyaları sındırır. Bu özünəüsyandı, özünü tanımaqdan qorxmaqdı, həm də bir axınla axmaqdan qorxmaqdır.

Çünki, situasiya göründüyü qədər birtərəfli deyil.

Əlinin ailəsində hər kəs bir-birinin xoşbəxtliyinə hasar çəkib. Birgə xoşbəxtlik isə mümkün deyil, Əli də, Leyla da, Ruslan da bir-birindən uzaqdırlar, başqa dünyalardadırlar, bu dünyalar bir-birinə yaxınlaşanda fəlakətlər qopur.

Əgər ata oğlunun həyatını çətinləşdirir, onu özü olmağa qoymursa, axı oğul da ataya öz həyatını yaşamağa maneədir. Əli qonaqlıqdan qayıdarkən onu qorxaqlıqda ittiham edən sevgilisinə “Mənim arvadımdan başqa oğlum da var” deyir.

(Bəlkə də ona görə oğluna bu qədər təzyiq edir ata? Oğluna acığı bu şəkildə ortaya çıxır?)

Oğulun varlığı da atanın xoşbəxtliyinə maneədir, amma oğulun ölümü ona daha böyük sədd olur.

Əlinin-üzünün ifadəsi bir şeyi deyir: atalıq bitməsi mümkün olmayan bir cəhənnəmdir. Və bunun oğula olan sevgiyə dəxli yoxdur.

Əlinin suyun dibində tora dolaşması barədə gördüyü yuxu mövzu olaraq Ruslanın batmasından, onun suyun dibindəki halından narahatlıqdır, amma bu həm də Əlinin təhtəlşüurdakı obrazıdır; çapalayıb azad olmaq istərkən daha artıq dolaşan adamdır Əli.

Bu arada faciənin qütbündəki ana da unudulmur, ana da ailədə ilk yerə əri ilə münasibətlərini qoyub, çünki gərginlik oradadır, ərlə mübahisələr hər şeyi üstələyir. Bunu sonda özü də etiraf edir: “Həmişə qorxurdum ki, səni itirəcəm, amma əksinə oldu, oğlumu itirdim...”

Oğlunun itkisi ilə əzab çəkirkən ərinin məşuqəsi ilə görüşməyə də vaxt tapan Leyla onun evində pəncərədən aşağı baxır və gördüyü mənzərədən diksinir: tərbiyəçi usağı hovuzdan kənara çəkir, onu xilas edir. Leyla pərdəni çəkir: oğlunu qoruya bilməmək acısını özündən qovur qadın.

Aktrisa Mehriban Zəki ölçülü-biçili danışığı ilə pauzalarına daha çox söz yükləyə bilir. Əlinin ailəsi ilə gərginliyini çatdırmaq daha çox onun payına düşür. Aktrisanın sözlə dolu, daha doğrusu, incikliklə, ittihamla dolu pauzaları evin temperaturunu dəqiq göstərir.

Ümumiyyətlə, filmdə aktyor oyunu dramatizmin bütün yükünü daşıyacaq səviyyədədir. Və heç yerdə filmin komponentlərinin biri o birini üstələmir - mizan da, musiqi də, emosiya da dəqiq ölçülüb.

Bu elə dəqiqlikdir ki, tamaşaçı hadisələrə nə çox yaxın, nə də çox uzaq məsafədədir. İri planlardan imtina olunub (operator Ayhan Salar). Filmin musiqisi də əhvalatın stixiyasını qoruyur, amma hansısa sentimentə yer qoymur. Onun vəzifəsi tamaşaçını sentimentlə yükləyib, duyğu sümürüsü etmək deyil, filmin stixiyasını tutmaq, dramatik gərginliyi saxlamaqdır. Filmin soyuqqanlı üslubu - musiqi, təsvir, aktyor oyunu, mizanlara qoyulan ölçü həddi - tamaşaçını sapınmadan qoruyur.

Qəhrəmanın əzablarından daha çox situasiyanın gərginliyi ilə yüklənən tamaşaçı bu ağırlığı analiz edib paylaşdırmalıdır. Əks halda “Ah, bu itki mənimlə də baş verə bilər” identifikasiyası ilə daha da gərginləşəcək, həm də bu lazımsız bir gərginlik olacaq. Halbuki, mövzu üzərindən duyğu sümürüsü filmin məqsədlərinə daxil deyil.

“Axınla aşağı”nın güclə seziləcək bir sentimental sızması daha var: Atanı anlamaq, ağzı qana - moruq şirəsinə bulanmış, uşaqca günahsız atanı “bağışlatmaq”.

Yaşadığı ağır faciə ilə paralel həm də özü ilə toqquşub sonda barışan qəhrəman harmoniyaya qovuşur.

Bu harmoniya səhnəsi atanın həm də oğluna qovuşduğu məqamdır. Bundan sonra Əli arvadı ilə ilk dəfə gərginlikdən uzaq, normal dialoq quracaq.

Sosial və psixoloji müstəvidən başqa “Axınla aşağı” məsələyə həm də ekzistensial rakursdan yanaşır. “Axınla aşağı” filmində qəhrəmanın faciəsi ekzistensial faciədir. Və deyəsən filmin yazının əvvəlində xatırlatdığım sələflərindən fərqi elə budur. Filmin adının məhz belə seçilməsi də bu qənaəti gücləndirir.

“Axınla aşağı” Azərbaycan kinosunda daim diqqətdə olan, son illər xüsusilə çox işlənən (“Tabutçunun yelləncəyi”, “Düyün”, “İlahi məxluq”) ata-oğul mövzusuna tamamilə yeni bir rakurs gətirdi. Bu rakursla biz milli və ya ənənəvi ailə modelindən, atadan yox, ŞƏXSİYYƏT və AZADLIQDAN danışa bilərik.

news-inner-user
Aliyə

983 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Yaramaz qızın sərgüzəştləri – Seymur Baycan yazır...
17:37 18 Sentyabr 2019
Elçin Stalin haqda pyes yazıb
17:01 18 Sentyabr 2019
Üzeyir Musiqi Günü metroda qeyd edilib - FOTOSESSİYA
16:30 18 Sentyabr 2019
Üzeyir bəy... - Şərif Ağayar yazır...
16:10 18 Sentyabr 2019
“Güllələnmiş heykəllər” ziyarət edilib
15:30 18 Sentyabr 2019
Bu yazıçıların imza günü keçiriləcək
14:47 18 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinə əsərlərin qəbulu başladı – Mətnlər
14:01 18 Sentyabr 2019
Əlyazmalarını 15 qəpiyə satan azərbaycanlı dahi
13:15 18 Sentyabr 2019
Özbək ulduzlar Bakıda
12:42 18 Sentyabr 2019
Elçin: "Azərbaycan ədəbiyyatı bu gün parlaq dövrünü yaşamır" – Müsahibə
12:01 18 Sentyabr 2019
Yazıçıların seks travması – Müşfiq Şükürlü yazır...
11:40 18 Sentyabr 2019
Filmimiz festivalda Kim Ki Dukun filmi ilə yarışacaq
10:52 18 Sentyabr 2019
Boğazı kəsilən Əminə Bulutun adı Luvr muzeyində
10:20 18 Sentyabr 2019
Müşfiq Hətəmov “Azərbaycanfilm”dən getdi, yerinə təyinat oldu
09:53 18 Sentyabr 2019
Mirzə Cəlilin Şuşada dəfn olunmaq arzusu – Bilmədiyimiz gerçək
08:50 18 Sentyabr 2019
Atatürk dahi memarın qəbrini niyə açdırdı? - Araşdırma
21:00 17 Sentyabr 2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib - Sərəncam
18:25 17 Sentyabr 2019
Üzeyir Hacıbəylinin xatirəsi anılıb
18:11 17 Sentyabr 2019
Mən Vicdanam – Şamxal Həsənovdan hekayə
17:29 17 Sentyabr 2019
Gedənlər və yol gedənlər... - Esse
16:40 17 Sentyabr 2019